Məhkəmə qərarları › İş №2-1(112)-4722/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4722/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4722/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı “yaşayış yeri qeydiyyata alınma və şəxsiyyət vəsiqəsi ilə təmin edilmə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu yaşayış yeri üzrə Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, ev 11 ünvanına qeydiyyata alınması və ona şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-ci ildə Bakı şəhərində doğulmuş, həmin vaxtdan indiyədək Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, ev 11 ünvanında yaşayır. xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edib, yaşadığı ünvana qeydiyyata alınmağını xahiş etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixdə cavab vermişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd təqdim edildikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. Qanunvericilikdə nəzərdə tutulan sənədlər təqdim edilə bilmədikdə isə məhkəməyə müraciət oluna bilər. xx.xx.2021-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə məlumat şöbəsinə müraciət etmiş, Azərbaycan Respublikasında qeydiyyatda olduğu ünvan barədə məlumat verilməsini xahiş etmişdir. Bu müraciətinə cavab olaraq xx.xx.2021-ci il tarixli arayş verilmişdir ki, qeydiyyatla bağlı məlumat yoxdur. Daha sonra xx.xx.2021-ci il tarixdə ərizə ilə Xətai RPİ-nə müraciət edib, Xətai rayonunda qeydiyyatda olduğu müddət barəsində məlumat verilməsini xahiş etmiş, Xətai RPİ bu müraciətə xx.xx.2021-ci il tarixdə cavab vermişdir ki, o, ünvan 1 ünvanına xx.xx.1984-cü il tarixdə verilən köhnə sovet nümunəli SSRİ pasportu ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli Qəsəbə inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş qeydiyyat kartından (forma A) müəyyən olunur ki, iddiaçıya xx.xx.1984-cü ildə XVİİ-JQ seriyalı 686023 №-li pasport verilmiş və yaşayış yeri Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, ev 11 ünvanı olmaqla xx.xx.1984-cü il tarixdə həmin ünvana qeydiyyata alınmışdır. Ancaq bütün bunlara baxmayaraq, Xətai RPİ əsassız olaraq onun doğulandan indiyədək yaşadığı Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, ev 11 ünvanına qeydiyyata alınmağını və ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini təmin etmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Lakin, cavabdehin etiraz ( mülahizəsi ) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən məhkəmənin dəftərxanası vasitəsi ilə iş üzrə keçiriləcək xx.xx.2022-ci il tarixli məhkəmə iclasının cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsi barədə xx.xx.2022-ci il tarixli, 101- 11120 nömrəli məktub daxil olmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçı Fərdi uçot kartoçkasına əsasən o, 18 avqust 1968-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin ******* nömrəli 24 sentyabr 2021-ci il tarixli Şəxsin Azərbaucan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında Qərarı ilə 18 avqust 1968-ci il təvəllüdlü İddiaçı Yuryevnanın Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması qərara alınmışdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2274/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Qərarı ilə 18 avqust 1968-ci ildə Bakı şəhərində doğulmuş, doğumu doğum akt qeydləri kitabında 18 oktyabr 1968-ci ildə 2260 nömrə ilə qeydə alınmış X2 şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 101-34449M-3221 nömrəli məktubu ilə bildirilmişdir ki, müraciəti tərəflərindən araşdırılmış və cavab olaraq bildirilmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, ev 11 ünvanına xx.xx.1984-cü il tarixdə köhnə sovet nümunəli SSRİ pasportu ilə qeydiyyata alınmışdır. - Məhkəmə sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən cavab olaraq göndərilən xx.xx.2022-ci il tarixli, **********21 saylı məktubuna əsasən bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, ev 11 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Məhkəmə sorğusuna Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən cavab olaraq göndərilən xx.xx.2022-ci il tarixli, 338 saylı məktubuna əlavə edilmiş Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Əhmədli Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Xətai Rayon İcra Hakimiyyətinin Hüquqi şöbəsinə ünvanladığı 13 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 5ci Əhmədli küçəsi, ev 11 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətdə deyil. Hazırda həmin ünvanda 17 nəfər qeydiyyatdadır. İddiaçı xx.xx.1984-cü ildə (16 yaşda ilkin pasportun verilməsi) 5-ci Əhmədli küçəsi, ev 11 ünvanında qeydiyyata alınmışdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1968-ci ildə ünvan 7 ünvanında yaşamış və hal-hazırda da yaşayır. İddiaçı həmin ünvan üzrə xx.xx.1984-cü ildə köhnə sovet nümunəli SSRİ pasportu əsasında qeydiyyata alınmışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2274/2020 nömrəli, xx.xx.2020-ci il tarixli Qərarı ilə İddiaçı 18 avqust 1968-ci ildə Bakı şəhərində doğulması barədə ona şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsinə həvalə edilmişdir. Müvafiq səlahiyyətli orqanın qərarı ilə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. - 28-ci maddəsinə görə qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. - 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onun siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikası vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması; onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. - 8-ci maddəsinin tələblərinə görə müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda imtina edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşlara və 1992-ci iİ yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına (bundan sonra - “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs”) ilk dəfə müvafiq şəxsiyyət vəsiqəsi verilərkən onlar yaşayış yeri üzrə qeydiyyata alınırlar. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı vətəndaşdan və vətəndaşlığı olmayan şəxsdən “Azərbaycan Respublikası “vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə və “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında" Əsasnamənin 10-cu bəndində göstərilən sənədlərdən əlavə, yaşayış sahəsinə köçmək üçün əsas verən aşağıdakı sənədlərdən birini tələb etməlidir: a) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; b) icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi; v) yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd; q) vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. - 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”-də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Hazırki işin hallarından göründüyü kimi İddiaçı şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün tələb olunan əsasların siyahısında müəyyən edilmiş sənədlərə malik olmasa da Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, ev 11 ünvanı üzrə xx.xx.1984cü ildə köhnə sovet nümunəli SSRİ pasportu əsasında həmin dövrdə səlahiyyətli olan orqan tərəfindən qeydiyyata alınmışdır. xx.xx.1984-cü il tarixdə köhnə sovet nümunəli SSRİ pasportu ilə təmin edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının həmin ünvan üzrə təkrarən qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin: -52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşayış yeri üzrə Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, ev 11 ünvanına qeydiyyata alınması və ona şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı yaşayış yeri üzrə Bakı şəhəri, Xətai rayonu, 5-ci Əhmədli küçəsi, ev 11 ünvanına qeydiyyata alınması və ona şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 9 HAKİM Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar