Məhkəmə qərarları › İş №2-1(112)-4723/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4723/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4723/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 05 oktyabr 2020-ci ildən 10 noyabr 2020ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmişdir. 14 oktyabr 2020-ci ildə döyüş tapşırığı yerinə yetirərkən düşmən tərəfindən atılan mərminin partlaması nəticəsidə yaralanmış, ona keçirmiş olduğu qapalı kəllə beyin travması baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı diaqnozu qoyulmuşdur. O uzun müddətdir mütəmadi ambulator və stasionar müalicələr alır. Daha sonra ona üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, yaddaşın enməsi ilə anamnezində intihar cəhdləri (F07.0, 07.8), diskogen mənşəli xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində L5-S1 fəqərələrarasın diskin yırtığı (M50- M51) diaqnozu qoyulmuşdur. Əvvəllər o əlilliyinin qiymətləndirilməsi üçün iki dəfə müraciət etsə də, ona 6 oktyabr 2022 və 12 iyul 2023-cü ildə əlillik təyin edilməsindən imtina edilmişdir. 20 oktyabr 2023-cü ildə iddiaçının əlilliyinin qiymətləndirilməsi üçün onun Bakı 2 nömrəli X3 tərəfindən onun barəsində məlumatları əks etdirən forma 088 doldurularaq cavabdeh orqanın Tibbi-Sosial Ekspert Komissiyasına təqdim edilmişdir. 30 oktyabr 2023-cü ildə cavabdeh orqan iddiaçıya bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”-na əsasən əlillik təyin edilmir. Başqa əsaslandırma gətirilməmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, cavabdeh orqan iddiaçıya əlilik təyin etməkdən imtinasını kifayət qədər əsaslandırmamışdır. Bu səbəbdən də iddiaçıya ona əlillik təyin edilməsinə mane olan hallar barədə yetərincə məlumat ala bilməmişdir. Bu səbəbdən də iddiasını uyğun şəkildə əsaslandırmaqda çətinlik çəkir. Göründüyü kimi cavabdeh iddiaçının əliliyini qiymətləndirərkən nə iddiaçıya qoyulmuş diaqnozların meyarlarda əksini tapmasını nəzərə alıb, nə də həmin xəstəliklərdən irəli gələn davamlı pozuntuların, funksiyaların təzahür dərəcələrinin kəmiyyətcə qiymətləndirilməsini aparıb. Bundan əlavə iddiaçı ömrünün çox hissəsini xəstəxanalarda keçirir bu səbəbdən demək olar ki, həyat funksiyalarının müəyyən hissəsindən məhrum olmuşdur. Digər tərəfdən iddiaçı hesab edir ki, ona əlillik təyin edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” na deyil, ona qədər qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə” uyğun istinad edilməli idi. Belə ki, iddiaçı bu əlilliyi köhnə əsasnamə qüvvədə olduğu dövrdə döyüş əməliyyatlarında iştirak edərkən almışdır. Cavabdehin etirazı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, yaddaşın enməsi ilə. anemnezində intihar cəhdləri ilə/ diskogen mənşəli xroniki bel-oma radukiliti, natamam remissya mərhələsində L5-S1 fəqərələrarası diskin yırtığı . Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1993-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2023-cü il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 10806 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, kəkələmə, depressiv daxilolmalar, özünü kəsmələrlə və intihar cəhdi ilə. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli nevrosensor ağıreşitmə. Pıçıltı nitqinin sağ qulaqda 2 (iki) metr sol qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə. Keçirilmiş kəlləbeyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sağ körpücük sümüyünün orta 1/3-nin kafi bitişmiş sınığı" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Hər iki gözün mürəkkəb miopik astiqmatizmi sağda M 1.25D və M 1,0D, solda M 2,0D və M 0.75D nəticəsində görmə itiliyinin 0,5-ə qədər azalması, korreksiva ilə 0,3 (könüllü) olmaqla. Hər iki gözün allergik konyunktviti, remissiva mərhələsində. Diskogen mənşəli xroniki bel-oma radikuliti, natamam remissiya mərhələsində. L5-S1 fəcərələrarası diskin yırtığı. 36, 46-cı dişlərin adentiyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 1637 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar intihar cəhdləri, kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kəkələmədən, əsəbilikdən, yuxusunun pozulmasından şikayətlənmiş, sol saiddə edilmiş yeni cızıq izlərini nümayişkarcasına göstərmişdir. Zahirən adekvat, verilən suallara qıcıqlanaraq cavablandırmaqdan yayınmış, nümayişkar davranışlar sərgiləmiş və komissiya üzvlərini təhqir edərək özünü psixi xəstə kimi göstərməyə çalışmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi isterik tip şəxsiyyət pozuntusu. Simulyativ davranış” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez- tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarından müəyyən olunur ki, iddiaçı barəsində verilən xx.xx.2023-cü il tarixli, G00140259TAV nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşması: “ F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi şəxsiyyət pozuntusu depressiv daxilolmalar, yaddaşın enməsi ilə (anamnezində intihar cəhdləri ilə). F06.3- Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi şəxsiyyət pozuntusu depressiv daxilolmalar, yaddaşın enməsi ilə (anamnezində intihar cəhdləri ilə). F06.7- Yüngül Koqnitiv pozuntu. Üzvi şəxsiyyət pozuntusu depressiv daxilolmalar, yaddaşın enməsi ilə (anamnezində intihar cəhdləri ilə). T90.5- Kəllədaxili travmaların nəticələri. Üzvi şəxsiyyət pozuntusu depressiv daxilolmalar, yaddaşın enməsi ilə (anamnezində intihar cəhdləri ilə).”qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublıikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qərarda “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, kəkələmə, depressiv daxilolmalar, özünükəsmələrlə və intihar cəhdi ilə. Orta (mülayim) dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. İkitərəfli xroniki koxlear nevrit ikitərəfli neyrosensor ağıreşitmə. Pıçıltı nitqinin sağ qulaqda 2 (iki) metr, sol qulaqda 3 (üç) metr məsafədən eşitməsi ilə. Keçirilmiş kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Sağ körpücük sümüyünün orta 1/3-nin kafi bitişmiş köhnə sınığı” Diaqnozunun səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 286/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Respublika Psixiatriya Xəstəxanasında komissiya tərəfindən müayinə olmuş və “F07.0- Üzvi (Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri, tez-tez baş verən dekompensasiyalarla.” diaqnozu müəyyən edilmişdir. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan redaksiya): 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 7.6.Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular Qeyd. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. 7.6.2. baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular F06 üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0 postensefalit sindromu F07.1 postkontuzion sindrom F07.2 baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları F07.8 Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (35-60 faiz, 2 il); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (65-80 faiz, 2 il); Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, iddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2023-cü il tarixli, G00140259TAV nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu. Üzvi şəxsiyyət pozuntusu depressiv daxilolmalar, yaddaşın enməsi ilə (anamnezində intihar cəhdləri ilə). F06.3- Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu. Üzvi şəxsiyyət pozuntusu depressiv daxilolmalar, yaddaşın enməsi ilə (anamnezində intihar cəhdləri ilə). F06.7- Yüngül Koqnitiv pozuntu. Üzvi şəxsiyyət pozuntusu depressiv daxilolmalar, yaddaşın enməsi ilə (anamnezində intihar cəhdləri ilə). T90.5- Kəllədaxili travmaların nəticələri. Üzvi şəxsiyyət pozuntusu depressiv daxilolmalar, yaddaşın enməsi ilə (anamnezində intihar cəhdləri ilə).”) iş materiallarına əsasən müəyyən olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 286/2024 saylı ekspert rəyində yuxarıda qeyd edilən diaqnozu təkzib edən məlumat yer almamış, əksinə “F07.0- Üzvi (Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri, tez-tez baş verən dekompensasiyalarla.” diaqnozu müəyyən edilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2023-cü il tarixli, G00140259TAV nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz və onun ağırlaşmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin yuxarıda qeyd eilən 7.6-cı bəndi üzrə orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun gəlir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2023-cü il tarixli, G00140259TAV nömrəli tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixli, G00140259TAV nömrəli tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar