Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4725/2022 21.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı “avtomobilin texniki pasportunda dəyişiklik edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericiliyə uyğun olaraq “JEEP WRANGLER” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan qanuni quraşdırılmış avadanlıqların texniki pasportda yazılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “JEEP WRANGLER” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan qanuni quraşdırılmış zavod istehsalı “lebyotka” (özü-özünü dartan), altında ağ işıq və 305/70/R16 ölçülü avtoşinlərin texniki pasportda yazılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, onun şəxsi əmlakı olan “JEEP WRANGLER” markalı minik avtomobilini xx.xx.2021-ci il tarixdə adına sənədləşdirərək **-SF-*** nömrəli dövlət qeydiyyat nişanı almışdır. Sənədləşmə cavabeh tərəfindən rəsmiləşdirilmiş, avtomobilə texniki baxış keçirilmiş və bu il də yenidən texniki baxışdan keçirilmiş, heç bir irad olmamışdır. Məlum olduğu kimi, sənədləşmə zamanı avtomobillər cavabehin videokameralarla təchiz olunan xüsusi keçidinə daxil olur və müvafiq baxış keçirildikdən sonra rəsmiləşdirilir. Avtomobili alan zaman onda professional, orijinal qaydada, rəsmi zavod istehsalı olan “lebyotka”, alnında ağ işıq və 305/70/R16 ölçülü avtoşinlər olmuşdur. Rəsmiləşdirmədən sonra da onun tərəfindən avtomobildə heç bir dəyişiklik edilməmişdir. Məlumdur ki, “lebyotka” və 305/70/R16 ölçülü avtoşinlər əlavə avadanlıq hesab edilə bilməz. Eyni zamanda əgər onlar yaşayış məntəqələrində yanılı vəziyyətdə olmursa, ağ və ya sarı rəngli əlavə faraların olması hər hansı inzibati xəta tərkibi və ya digər qayda pozuntusu yaratmır. Onun avtomobilində hər hansı qadağan olunmuş əlavə avadanlıqların olmamasına, qayda pozmamasına baxmayaraq, şəhərdə tez-tez X4 əməkdaşları əsassız olaraq onun avtomobilini saxlayırlar. Polis əməkdaşları ona avtomobilində “lebyotka”, alnında ağ işıq və 305/70/R16 ölçülü avtoşinlərin olmasının texniki pasporta qeyd edilməli olduğu barədə irad bildirirlər. Bu da əlavə vaxt itkisinə və əsəb gərginliyinə səbəb olur. xx.xx.2021-ci il tarixdə avtomobili rəsmiləşdirdiyi andakı videogörüntülərə, avtomobilin hazırkı heç bir dəyişiklik olunmamış vəziyyətinə mütəxəssislərin və onun iştirakı ilə baxış keçirilməsi mütləq olduğundan o, cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli məktubla müraciətin mahiyyətindən kənara çıxaraq məhkəməyə müraciət edilməsi tövsüf olunmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: “Jeep Wrangler” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə xüsusi işıq və səs siqnallarının quraşdırılmasına icazə verilməsi haqda Baş DYP İdarəsinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı “Əlavə” ilə müəyyən olunmuş tələblərə cavab verməli, eləcə də nəqliyyat vasitələrinin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi təhlükəsizlik baxımından istehsalçı zavod tərəfindən aparılmaqla beynəlxalq normativlərə və standartlara uyğun olmalıdır. İş materiallarında olan AE seriyalı 095140 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “JEEP WRANGLER minik” markalı, **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobil: Tip Universal, Buraxılış ili 2012, Mühərrik CL225577, Ban 1C4HJWCG7CL225577, Şassi B/Z, rəngi qara qeyd olunmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 4-cü maddəsinin 18-ci bəndinə əsasən nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək yol hərəkəti sahəsində dövlətin vəzifələrinə daxildir. 30-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından bu Qanuna 1 saylı Əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan bu Qanunun 30-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri yol hərəkətinə buraxılmamalıdırlar. 30-cu maddəsinin İİ hissəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər: nəqliyyat vasitələrinin istismarı zamanı onların texniki vəziyyətinə dair müəyyən edilmiş tələblərə riayət etməlidirlər; nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün onlara vaxtlıvaxtında texniki xidmət göstərməlidirlər; texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. 30-cu maddəsinin V hissəsinə əsasən istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavədə Nəqliyyat vasitələrinin nasazlıqlarının Siyahısının: 3-cü bəndinə əsasən xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda; faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda; xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda; işıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə; sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda; geriyə hərəkət fənərləri və dövlət qeydiyyat nişanının, işıqqaytarıcı qeydiyyat, fərqləndirici və tanınma nişanlarının işıqlandırılması istisna edilməklə, nəqliyyat vasitəsinin qabağında qırmızı rəngli, arxasında isə ağ rəngli işıq cihazları və ya işıqqaytarıcılar qurulduqda nasazlıq aradan qaldırılır. 5-ci bəndinə əsasən minik avtomobilləri şinlərinin protektorundakı naxışların qalmış hündürlüyü 1,6 mm-dən, yük avtomobillərində — 1 mm-dən, avtobuslarda — 2 mm-dən, motosiklet və mopedlərdə — 0,8 mm-dən az olduqda; şinlərdə kordun çılpaqlaşması, habelə karkasın təbəqələrə ayrılması, protektorun və şinin yan rejiminin qopması kimi yerli zədələr (yarıq, kəsik, qırıq) olduqda; bərkitmə boltu olmadıqda və ya təkərlərin diskində və çənbərlərində çatlar olduqda; şinlər ölçüsünə və ya yükgötürmə qabiliyyətinə görə nəqliyyat vasitəsinin modelinə uyğun gəlmədikdə; avtobusun, minik avtomobilinin və ya onun qoşqusunun bir oxuna radial şinlə birlikdə diaqonal şin və ya protektoru müxtəlif naxışlı şinlər geydirildikdə; yük daşıyan avtomobilinin və ya onun qoşqusunun bir oxuna radial şinlə birlikdə diaqonal şin və ya protektoru müxtəlif naxışlı şinlər geydirildikdə nasazlıq aradan qaldırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli, 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin: 4.1-ci bəndinə görə nəqliyyat vasitələri avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişdirildikdə təkrar qeydiyyata alınır. 4.5-ci bəndinə əsasən avadanlıqla təchiz edilmiş və yenidən yığılmış, yaxud aqreqatları dəyişdirilmiş nəqliyyat vasitələrinin təkrar qeydiyyata alınması aşağıdakı əsaslarla aparılır: avadanlıqla təchiz edilməsi və yenidən yığılması haqqında nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan müvafiq orqanın verdiyi icazə; avtotəmir zavodunda (müəssisədə) avadanlıqla təchiz edilməsi və yenidən yığılması barədə müvafiq qeyd aparılmış texniki pasport, qeydiyyat şəhadətnaməsi (yenidən quraşdırmanın tarixi, qoyulmuş banın, şassinin, mühərrikin nömrələri göstərilir); nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilib yenidən yığılması və qəbulu haqqında təhvil-təslim aktı; avadanlıqla təchiz edilməsi və yenidən yığılmasının yerinə yetirilməsini təsdiq edən sənəd və görülmüş işin ödənilmə qaiməsi; həmçinin 2.8. bəndində göstərilmiş digər müvafiq sənədlər. 4.7-ci bəndinə əsasən nəqliyyat vasitəsi avadanlıqla təchiz edilib yenidən yığıldıqda yeni model, şassi, çərçivə, ban və mühərrikin nömrəsi göstərilməklə onun mülkiyyətçisinə yeni qeydiyyat şəhadətnaməsi verilir. “Qeydiyyat üçün əsas” bölməsində əvvəlki modeldən (köhnənin adı yazılır) avadanlıqla təchiz edilib yenidən yığılması, həmçinin əvvəlki qeydiyyat sənədinin nömrəsi və seriyası göstərilir. Qeydiyyat şəhadətnaməsinin “Buraxılış ili” bölməsində nəqliyyat vasitəsinin avadanlıqla təchiz edilib yenidən yığılması ili yazılır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1999-cu il 14 iyun tarixli, 190 nömrəli əmri ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə Təlimat”ın: 2.15-ci bəndinə əsasən xarici ölkələrdən Azərbaycan Respublikasına gətirilən nəqliyyat vasitələri gömrük nəzarətində olduqda, nəqliyyat vasitəsi sosial-təminat orqanları vasitəsilə alındıqda, dövlət standartlarına müvafiq olaraq xüsusi işıq və səs siqnalları quraşdırılmış və ya xüsusi rəng qrafikasına malik olan, yaxud reklam şəraitini məhdudlaşdıran şərtlər olduqda və qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda qeydiyyat şəhadətnaməsinin “Xüsusi qeydlər” qrafasında və nəqliyyat vasitəsinin uçot kartoçkasında müvafiq yazılar aparılır. 3.1-ci bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin rekvizitləri çap üsulu ilə, yaxud xüsusi mürəkkəblə, aydın oxunan şəkildə çap hərfləri ilə doldurulur. Blankın rekvizitlərində yazı üçün ayrılmış yer azlıq etdikdə, ümumqəbul olunmuş ixtisarlardan istifadə edilə bilər. hər hansı bir rekvizit barədə məlumat olmadıqda, müvafiq qrafada “yoxdur” yazısı qeyd olunur. 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin mətni aydın və dürüst yazılmalıdır. Hüquqi şəxslərin adı ünvanları göstərilməklə ixtisar edilmədən yazılmalı, fiziki şəxslərin isə adı, soyadı və atasının adı, yaşayış yeri və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi göstərilməklə yazılmalıdır. Sözlərin və rəqəmlərin üstündən xətt çəkilərək pozulması, silinməsi və əlavə yazılar aparılması yolverilməzdir. 3.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin “A”, “D” və “S” rekvizitləri baş hərflərlə, qalan rekvizitlər isə kiçik hərflərlə doldurulur. hərflərin şriftlərin sıxlaşdırılmasına yol verilməməlidir. “Qeydiyyat üçün əsas” qrafasında şəhadətnamənin verilməsi üçün əsas olan sənəd (əvvəlki qeydiyyat şəhadətnaməsinin seriyası və nömrəsi, onu vermiş qeydiyyat məntəqəsinin adı, gönə dövlət qeydiyyat nişanları, ticarət təşkilatının arayış-hesabı, gömrük sənədləri, bağışlama müqaviləsi, məhkəmənin qərarı və nəqliyyat vasitəsinə sahibliyi təsdiq edən digər sənədlər, onların seriyası, nömrəsi, verilmə tarixi və verən orqanın adı) göstərilir. “Xüsusi qeydlər” qrafasında nəqliyyat vasitəsi haqqında bəzi məlumatlar, onun müvəqqəti uçota alınması, həmçinin “Əsasnamə” ilə tutulmuş digər müvafiq qeydiyyatı aparan şəxsin vəzifəsi, soyadı, aparılma tarixi göstərilir. Aparılmış qeydiyyat vəzifəli şəxsin imzası və möhürlə təsdiqlənir. 3.4-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində onu verən qeydiyyat məntəqəsinin tam adı və sənədin verilmə tarixi göstərilir. Şəhadətnamə, onun verilməsi haqqında qərar qəbul etmiş vəzifəli şəxs tərəfindən imzalanır və qeydiyyat məntəqəsinin möhürü ilə təsdiq olunur. 4.1-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyat göstəriciləri dəyişdirildikdə “Əsasnamə”nin tələblərinə müvafiq olan və bu Təlimatın 2.1-2.10, 2.13 və 2.18-ci bəndlərində göstərilən hərəkətlər həyata keçirilir. “Əsasnamə”nin 4.5-ci bəndində nəzərdə tutulmuş halda, nəqliyyat vasitələrinin avadanlıqla təchiz edilməsinə və yenidən yığışmasına müvafiq icazə Azərbaycan Respublikası DİN DŞ İdarəsi tərəfindən verilir. Fiziki şəxslərə məxsus olan yüngül minik avtomobillərinin eyni marka daxilində yenidən yığılmasına müvafiq icazə, onların uçotda olduqları qeydiyyat məntəqələrində bu Təlimata 9 nömrəli əlavədə göstərilən formada verilə bilər. 4.2-ci bəninə əsasən qeydiyyat göstəricilərinin dəyişdirilməsi rəsmiləşdirildikdən sonra bu Təlimatın 3-cü bəndində göstərilən qaydada nəqliyyat vasitəsinə yeni qeydiyyat şəhadətnaməsi verilir. 4.4-cü bəndinə əsasən nəqliyyat vasitəsinin xüsusi işıq və səs quraşdırılması və digər hallarla bağlı olaraq qeydiyyat göstəriciləri dəyişdikdə, bu Təlimatın 2.15-ci bəndində nəzərdə tutulmuş analoji hərəkətlər həyata keçirilir. Nəqliyyat vasitəsinə xüsusi işıq və səs siqnalları və digər avadanlığın quraşdırılmasına, onun xüsusi rəng qrafikasına malik olmasına xitam verilməsi ilə əlaqədar olaraq qeydiyyat göstəricilərinin dəyişdirilməsi, göstərilən avadanlıqlar söküldükdən və xüsusi rəng qrafikası silindikdən sonra həyata keçirilir. 4.5-ci bəndinə əsasən qeydiyyat göstəricilirinin dəyişdirilməsi ilə əlaqədar olaraq bütün hallarda nəqliyyat vasitəsinin uçot kartoçkasında və kompüter bazasında müvafiq dəyişikliklər aparılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı “JEEP WRANGLER” markalı, **-SF- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan “lebyotka” (özü-özünü dartan), altında ağ işıq və 305/70/R16 ölçülü avtoşinlərin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində yazılması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən göründüyü kimi nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Lakin iddiaçı tərəfindən avtomobilinə quraşdırılmış və həmin model avtomobilin zavod istehsalçısı tərəfindən nəzərdə tutulmamış əlavə avadanlıqların dövlət standartlarına uyğun olubolmaması ilə bağlı məhkəməyə və cavabdeh orqana hər hansı sübut təqdim edilməmişdir. Bu səbəbdən qeydiyyat göstəriciləri dəyişdirilməsinə dair avtomobilin qeydiyyat şəhadətnaməsinin “Xüsusi qeydlər” qrafasında müvafiq yazıların aparılması ilə bağlı hər hansı qeydiyyat hərəkətlərinin həyata keçirilməsinin tələb edilməsi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-4725/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4725/2022
21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver