Məhkəmə qərarları › İş №2-1(112)-4727/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4727/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4727/2022 22.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi , İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı nikah akt qeydinin bərpa edilməsi və nikah akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ər-arvad olaraq barələrində xx.xx.1980-ci ildə Ermənistan Respublikası, Amasiya rayonu, Orxroğlu kənd icra nümayəndəliyində tərtib edilmiş 6 saylı nikah akt qeydinin bərpa edilməsi və nikah akt qeydində ər kimi İddiaçı2, doğum tarixi xx.xx.1958-ci il, arvad kimi nikahdan sonra X9, doğum tarixi xx.xx.1959-cu il yazılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onlar xx.xx.1980-ci ildə Ermənistan Respublikası Amasiya rayonu, Oxroğlu kənd icra nümayəndəliyində 6 saylı aktla qeydə alınmış nikah qeyd etdirməklə ailə qurmuşlar. Nikah qeyd edilərkən ərinin soyadını qəbul etmişdir. Aldıqları nikah şəhadətnaməsində soyad və ata adı düzgün yazılmamışdır. Belə ki, birinci iddiaçı olaraq soyadı Alıyev, ata adı isə Abdulali oğlu yazılmışdır. Eyni zamanda ikinci iddiaçı olaraq ata adı Qeydar qeyd edilmişdir. Halbuki, müvafiq olaraq soyadı Əliyev, ata adı Əbdüləli, ikinci halda isə ata adı Heydər olmuşdur. Nikah akt qeydi tərtib edilərkən səhvlərə yol verilmişdir. Ermənistan Respublikasından deportasiya olunmaları ilə əlaqədar olaraq nikah akt qeydini əldə etmək mümkün olmamışdır. Düzəliş məqsədilə müraciət etdikləri Cavabdehndən imintna verilmişdir. Qüvvədə olan qanunvericiliyə görə nikah akt qeydinin bərpası və ona düzəliş edilməsi zərurəti yaranmışdır. Nikah şəhadətnaməsində şəxsiyyətləri haqqında məlumatların onlara məxsus olan sənədlərdə fərqli olması hüquqlarının həyata keçirilməsinə maneələr yaradır. Adlarına olan doğum şəhadətnamələri və şəxsiyyət vərəqələri də, təsdiq edir ki, birinci iddiaçı olaraq İddiaçı2 və X9 düzgün yazılmaqla nikah akt qeydindən və onun əsasında verilmiş nikah şəhadətnamənsindən fərqlənir. Birinci iddiaçı olaraq atası X10 və anası X1 ölüm şəhadətnamələri, habelə ikinci iddiaçı olaraq ona məxsus şəxsiyyət vəsiqəsi və doğum şəhadətnaməsi nikah akt qeydinə düzəliş etməyə əsas verir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edilərək bildirilmişdir ki, iddiaya qarşı heç bir etirazları yoxdur. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişdir. Gəlməməsinin səbəbi barəsində isə hər-hansı bir məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü Alıyeva X5 Muxtar Respublikası, Naxçıvan rayonunda anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X3 Ermənistan, Amasiya rayonunda anadan olmuşdur. İşdə olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş A 314542 nömrəli diplomun surətindən görünür ki, X6 1974-cü ildə Naxçıvan 32 nömrəli texniki peşə məktəbinə daxil olmuş və 1977-ci ildə bu məktəbin tam kursunu bitirərək ilkin şərab emalı və şirə istehsalı peşəsi və ümmi orta təhsil almışdır. İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1880/2021 saylı, 24.0.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi İddiaçı2 maraqlı şəxs Cavabdehnə qarşı doğum akt qeydinin bərpa olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum haqqında akt qeydi bərpa edilməklə xx xxxxxxxx 1958-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmasına dair hüquqi faktın müəyyən edilməsi, doğum şəhadətnaməsi verilərkən ata qrafasında “X10”, ana qrafasında “X7” qeyd olunmaqla ona yeni doğum haqqında şəhadətnamənin verilməsinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sözügedən qətnaməyə əsasən ərizə təmin edilərək, İddiaçı2 xx xxxxxxxx 1958-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olması faktı müəyyən edilmiş, xx xxxxxxxx 1958-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş İddiaçı2 ata qrafasında “X10”, ana qrafasında “X12” qeyd olunmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi Cavabdehnə həvalə edilmişdir. İşdə olan Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 647290 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı2 xx.xx.1958-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuş, ata qrafasında X10, ana qrafasında X7 göstərilmişdir. İşdə olan Naxçıvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 631329 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1959-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonun Xincab kəndində anadan olmuş, ata qrafasında X13, ana qrafasında X8 göstərilmişdir. İşdə olan Ermənistan SSR Amasiya rayonu Oxroğlu kənd İcra Nümayəndəliyi tərəfindən 09 aprel 1980-ci il tarixli, 6 saylı aktla qeydə alınmış nikah akt qeydi əsasında tərtib edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, xx xxxxxxxx 1958-ci il təvəllüdlü İddiaçı2 ilə xx xxxxxx 1959-cu il təvəllüdlü X6 arasında nikah bağlanmış, nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İşdə olan cavabdeh tərəfindən İddiaçı2 müraciətinə cavab olaraq verilmiş 05/Q- 1795/15 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, nikah akt qeydlərinin bərpa edilməsi və nikah haqqında akt qeydində “Alıyev” soyadını “Əliyev” soyadına, “Abdulali” ata adını “Əbdüləli” ata adına düzəliş edilməsi barədə ərizəsinə baxılaraq bildirilmişdir ki, Azəbraycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalara müvafiq olaraq VVA qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. Lakin, araşdırma nəticəsində təqdim etdiyi nikah haqqında şəhadətnamədə və ona aid olan digər sənədlərdə ziddiyyət olduğundan, nikah haqqında akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpa edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalara müvafiq olaraq, vətəndaşlıq vəziyyətləri aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda VVADQ orqanları tərəfindən həyata keçirilir. Nikah akt qeydinin Ermənistan Respublikasında aparıldığına görə, həmçinin nikah akt qeydində yuxarıda göstərilən dəyişikliyin edilməsi üçün əsas olmadığına görə, ərizəni təmin etmək mümkün deyil. Nikah haqqında akt qeydinin bərpa edilməsi və nikah haqqında akt qeydində yuxarıda qeyd edilən düzəliş edilməsi üçün məhkəməyə müraciət edə bilər. İşdə olan cavabdeh tərəfindən İddiaçı1 müraciətinə cavab olaraq verilmiş 05/Q- 1796/15 nömrəli, xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, nikah akt qeydinin bərpa edilməsi və onun nikahdan sonrakı soyadının “Alıyeva”-dan “Əliyeva” soyadına düzəliş edilməsi barədə ərizəsinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalara müvafiq olaraq VVA qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. Lakin, araşdırma nəticəsində təqdim etdiyi nikah haqqında şəhadətnamədə və ona aid olan digər sənədlərdə ziddiyyət olduğundan, nikah haqında akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpa edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəalara müvafiq olaraq, vətəndaşlıq vəziyyətləri aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda VVADQ orqanları tərəfindən həyata keçirilir. Nikah akt qeydinin Ermənistan Respublikasında aparıldığına görə, həmçinin nikah akt qeydində yuxarıda göstərilən dəyişikliyin edilməsi üçün əsas olmadığına görə, ərizəni təmin etmək mümkün deyil. Nikah haqqında akt qeydinin bərpa edilməsi və yuxarıda qeyd edilən düzəlişin edilməsi üçün məhkəməyə müraciət edə bilər. İşdə olan məhkəmənin sorğusuna əsasən Naxçıvan şəhər 2 saylı Nikah evi tərəfindən xx.xx.2022-ci il tarixdə, 021194 nömrəli məktubla təqdim edilmiş X2 doğum haqqında akt qeydinin surətindən görünür ki, X6 xx.xx.1959-cu il tarixdə Naxçıvan rayonu, Xincab kəndində anadan olmuşdur. Ata qrafasında X13, ana qrafasında X8 göstərilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçılar məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətindən 09 dekabr 2021-ci il tarixli, 05/Q- 1795/15 nömrəli və 09 dekabr 2021-ci il tarixli, 05/Q-1795/15 nömrəli imtina məktubları almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Həmin Məcəllənin 159.2-ci maddəsinin tələbinə görə, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas müddəaların 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Əsas müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Əsas müddəaların 18-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçılar müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. İş materiallarından da, göründüyü kimi, iddaçıların bərpa olunmasını tələb etdiyi müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənəd-onlara məxsus nikah haqqında şəhadətnamənin mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən sonuncunun müraciətinin təmin olunmasından imtina olunmuşdur. Həmçinin işdə olan digər sənədlərlə müəyyən edilir ki, İddiaçı2 doğum akt qeydi Bakı şəhər Cavabdeh xx.xx.2021-ci il tarixli, 2(002)-1880/2021 saylı qətnaməsinə əsasən bərpa edilmiş və həmin qətnamə əsasında tərtib edilmiş doğum akt qeydinə əsasən verilmiş doğum haqqında şəhadətnamədə onun adı, ata adı və soyadı müvafiq olaraq Nurəddin, Əbdüləli oğlu Əliyev göstərilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, bərpa ediləcək nikah akt qeydində iddiaçının soyadı Əliyev, adı Nurəddin, ata adı Əbdüləli göstərilməli, nikahdan sonra X4 ərin soyadı verildiyindən, müvafiq olaraq onun da, soyadı “Əliyeva” şəklində göstərilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Ermənistan SSR-nin Amasiya rayonu Oxroğlu kənd soveti tərəfindən xx.xx.1980-ci ildə, 6 saylı akt qeydi ilə qeydə alınmış, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı2 ilə xx.xx.1959cu il təvəllüdlü X6 arasında bağlanmış nikah akt qeydinin bərpa edilməsi və nikah akt qeydində ər kimi İddiaçı2, nikahdan sonra arvada verilmiş soyad qrafasında isə “Əliyeva” göstərilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar