Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4728/2021 27.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə qarşı pul vəsaitinin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yas mərasiminin təşkili üçün 3000 manat vəsaitin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşının vəfatı ilə əlaqədar olaraq yas mərasiminin təşkili üçün cavabdehə rəsmi müraciət etmişdir. Cavabdeh 02.09.2020-ci il tarixində 1213 saylı imtina cavabı ilə ona yas mərasiminin təşkili üçün ona verilməli 3000 manat vəsaitin ona verilməsindən imtina etdi. Hesab etmişdir ki, bu ona münüsibətdə qanunsuz və əsasızdır, belə ki onun həyat yolsdaşı zabit olub, təqaudçü olub və ona verilməli pul yas mərasiminin təşkilinə aid pul olduğu üçün həyat yoldaşı vəfat etdiyində bu vəsait ona verilməli idi. Bu mübahisəni cavabdehlə məhkəməyəqədərki mərhələdə həll edə bilmədiyinə görə məhkəmədən başqa qanuni yolu qalmadı. Hesab etmişdir ki, sözügedən vəsaitin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərarı qanuni və əsası olar. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Vətəndaşının AZE ******** №-li nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Şamaxı rayonu, Çobani kəndində doğulmuşdur. - V-ЖГ 288049 №-li, 04.08.1989-cu il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X4 arasında 04.08.1989-cu ildə nikah bağlamışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova familiyası verilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş 09.12.1999-cu il tarixli, 017096 nömrəli vəsiqənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 müharibə veteranıdır. - ZE ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 “HX” haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən Azərbaycan Respublikası MN-nın 0614 saylı, 01.12.2007-ci il tarixli əmri ilə ehtiyata təxris olunmuşdur. - 2 saylı Bakı “Asan Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 089326 №-li, 20.07.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 16.07.2020-ci il tarixində bronxların və ya ağciyər yuxarı payının xərçəngindən ölmüşdür. - Bakı şəhəri, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 27 saylı Mənzil Kommunal İstismar Sahəsinin 695 №-li, 24.07.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. O, əri X2 16.07.2020-ci il tarixdə vəfatı ilə əlaqədar dəfn xərcini özü qarşılamışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 1213 №-li, 02.09.2020-ci il tarixli məktubdan görünür ki, yas mərasiminin təşkili üçün 3000 (üç min) manat məbləğində maliyyə yardımı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.7-ci maddəsinə uyğun olaraq dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilən şəxslərin valideyinlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) ödənilir. X1 "Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxıldığı üçün “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 333-cü maddəsində qeyd olunan hərbi ehtiram göstərilən şəxslər kateqoriyasına aid edilə bilməz. Qeyd olunanları nəzərə alaraq, X1nun vərəsələrinə dəfn xərci üçün maliyyə yardımının ödənilməsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətləri xaricindədir. Məhkəmə iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının əri X6 hərbi qulluqçu olmuş və “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. X6 16.07.2020-ci ildə ölmüş və iddiaçı ərinin dəfn mərasiminin təşkili və keçirilməsi üçün ona cavabdeh tərəfindən pul ödənilməsini xahiş etmiş, cavabdeh X3 hərbi ehtiram göstərilən şəxslər kateqoriyasına aid edilə bilməməsini əsas göstərərək müraciəti təmin etməmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin: - 333-ci maddəsinə əsasən aşağıdakı şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş (həlak olmuş) hərbi qulluqçuların və toplanışa çağırılmış hərbi vəzifəlilərin; ehtiyatda olmağın son yaş həddinə çatmayan, lakin yaşına, xəstəliyinə və ya ştatların ixtisarına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 (iyirmi) təqvim ili və daha çox xidmət etmiş ali və baş zabitlərin; Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə uyğun olaraq, hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış ali və baş zabitlərin; “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş, Azərbaycan Respublikasının “Şöhrət” ordeni və “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin; Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş digər şəxslərin. - 334-cü maddəsinə əsasən bu Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi qaydaları bu Nizamnamənin 16 saylı əlavəsi ilə müəyyən edilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin: - 1.1-ci bəndinə əsasən bu Qaydalar “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”nin (bundan sonra - Nizamnamə) 333-cü maddəsində göstərilən şəxslərin dəfn mərasimlərinin təşkili və keçirilməsi qaydalarını müəyyən edir. - 1.6-cı bəndinə əsasən Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin bu Qaydalara uyğun dəfn mərasiminin təşkili və keçirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən müvafiq icra hakimiyyəti orqanının saxlanılması üçün ayrılmış vəsait hesabına ödənilir. - 1.7-ci bəndinin tələbinə görə Nizamnamənin 333-cü maddəsində göstərilən şəxslərin valideynlərinə (yaxın qohumlarına və ya qanuni nümayəndələrinə) yas mərasimlərinin təşkili üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən maliyyə yardımı göstərilir. Məhkəmə hesab edir ki, iddiaçının mərhum əri X6 "Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxıldığı üçün “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 333-cü maddəsində qeyd olunan hərbi ehtiram göstərilən şəxslər kateqoriyasına aid deyildir. Ona görə də onun dəfn mərasiminin təşkili və keçirilməsi ilə bağlı xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilə bilməz. Bu səbəbdən də cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-4728/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4728/2021
27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver