Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4729/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı məhdudiyyətin ləğv edilməsi tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək onun barəsində ölkədən və ölkəyə giriş çıxışının qadağan edilməsinə dair qoyulmuş məhdudiyyətlərin ləğv edilməklə onun üzərindən götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun barəsində açılmış cinayət işinə məhkəmədə baxılan müddət ərzində cavabdeh tərəfindən ölkədən çıxmaq hüququna qadağa qoyulmuşdur. Daha sonra məhkəmənin hökmü ilə bəraətverici əsaslarla cinayət işinə xitam verilsə də ölkdən çıxmaq hüququna qoyulan məhdudiyyət qalmaqda davam etmişdir. Cavabdeh inzibati orqana bu məhdudiyyətin götürülməsi ilə bağlı müraciət etsə də onun bu müraciətinə münasibət bildirilməmişdir. Bu səbəbdən də mübahisənin həll olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh inzibati orqan iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı qaldırdığı iddia ərizəsi və Baş Prokurorluğun İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 221.2.2 və 228.1-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi materialları nəzərdən keçirilməklə müəyyən edilmişdir ki, iddiaçının iddiası əsassızdır. Belə ki, cinayət işi materiallarından görünür ki, şikayətçi İddiaçı sərbəst hərəkət etmək hüququ tam məhdudlaşdırılmamış, Azərbaycan Respublikası hüdudları daxilində sərbəst hərəkət etmək hüququ üzərinə hər hansı bir məhdudiyyət qoyulmadan yalnız Azərbaycan Respublikasının ərazisindən kənara çıxmaq hüququna müvəqqəti məhdudiyyət qoyulmuşdur. Bu tədbir də ictimai maraqlar naminə və digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı olmaqla cinayət işi üzrə obyektiv, hərtərəfli və tam istintaq aparılmaqla həqiqətin müəyyən edilməsinə və xüsusilə ağır cinayətin açılmasına xidmət edir. Xüsusi olaraq həm də qeyd olunmalıdır ki, İddiaçı Azərbaycan Respublikası ərazisini tərk etməsinə dair qoyulmuş məhdudiyyətlərin götürülməsi ilə bağlı daha əvvəl də məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 6(006)-61/2020 saylı qərarı ilə sonuncunun məhkəmə qaydasında verdiyi şikayəti təmin edilməmişdir. Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 6(006)-61/2020 saylı qərarından narazı qalan İddiaçı həmin qərardan Bakı Apelyasiya Məhkəməsinə şikayət vermiş və Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 6(103)-170/2020 nömrəli qərarı ilə İddiaçı şikayəti əsassız hesab edilmiş və təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinin tələblərinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, İddiaçı eyni xarakterli müraciəti üzrə qanuni qüvvəyə minmiş Bakı Apelyasiya Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 6(103)-170/2020 nömrəli qərarının olmasını nəzərə alaraq sonuncunun ölkədən çıxışına qoyulmuş məhdudiyyətin ləğv edilməsi və həmin vəzifənin Azərbaycan Respublikası Baş Prokurorluğunun üzərinə qoyulmasına dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflər lazımi qaydada xəbərdarlıq edilsələr də hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbindən göründüyü kimi iddiaçı tələbində barəsində cinayət təqibini həyata keçirən orqan tərəfindən tətbiq edilmiş məhdudiyyətləri mübahisələndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2.1-ci maddəsinə əsasən qanunun tətbiq dairəsi cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 15.3-cü bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. - 122.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından — ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından — yuxarı prokurora; bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından — yuxarı məhkəməyə. - 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. - 442.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq , mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara; cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi cinayət məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisəyə aid olduğundan, inzibati icraat qaydasında baxılmalı olan işlərin tətbiq dairəsi cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmadığından mövcud iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün hesab edilə bilməz. Ona görə də iddia tələbi mümkünsüz hesab edilməklə iddiaçıya ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-4729/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4729/2021
17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver