Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4733/2025 10.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanuni sənədlərlə ona verilmiş Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 600 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “qanuni sənədlərlə iddiaçıya verilmiş Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 584 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, “Patriot” kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı ilə Həmkarlar Təşkilatının xx.xx.1992-ci il tarixdə keçirdiyi birgə iclasının 14 saylı protokolunun qərarına əsasən, o, “Patriot” kollektiv bağçılıq təsərrüfatının üzvlüyünə qəbul olunmuşdur və həmin qərarla onun Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında, 46A saylı qeyd olunmuş, 600 kvadrat metr torpaq sahəsi ayrılmışdır. Kollektiv Bağçılıq-yoldaşlıq təsərrüfatı və Həmkarlar Təşkilatının birgə qərarına əsasən ona xx.xx.1992-ci iİ tarixdə üzvlüyə qəbul edilməsinə dair 73 saylı üzvlük vəsiqəsi verilmişdir. Həmçinin xx.xx.1992-ci il tarixdə Dübəndi qəsəbəsi 12,13,14,15-ci cənub küçəsində yerləşən “Patriot” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı tərtib olunmuş, o, həmin siyahıda 68-ci sırada göstərilmiş, 46A saylı torpaq sahəsinin də ona verildiyi qeyd olunmuşdur. “Patriot” Bağçılıq-yoldaşlıq təsərrüfatı tərəfindən ona ayrılmış 600 kv.m sahənin sxemi və hansı sahələrlə qonşu olmağına dair çıxarış verilmiş, 46A saylı sahənin sağdan 46, soldan 47, aşağıdan 33A saylı sahələr, baş hissədən isə 14-cü cənub küçəsi ilə sərhəd olduğu qeyd olunmuşdur. Ayrılmış torpaq sahəsi həmin müddətdən də onun istifadəsindədir. Ölkədə həyata keçirilən torpaq islahatları ilə bağlı olaraq Bağçılıqyoldaşlıq təsərrüfatları tərəfindən verilmiş torpaq sahələri üzrə də hüquqların dövlət qeydiyyatına alınması həyata keçirilməyə başlanmışdır. Bu məqsədlə o, müvafiq sənədləri toplayaraq Bakı şəhəri 1 saylı “Asan Xidmət mərkəzinə müraciət etmişdir. Müraciətinə cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixdə 3- 21-3-30/2-42741/2023, **********41 saylı məktubla cavab verərək bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. İmtina tam qanunsuz və əsasız olmaqla, 15-ci maddənin tələblərinə zidd olsa da göstərilmişdir ki, guya idarənin arxivində saxlanılan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmiş və ya üzvlərin iclasının protokulundan çıxarış təqdim edilməmiş, torpaq sahəsi sənəddə 600 kv.m qeyd edilsə də, faktiki 584 kv.m təşkil edir. 1 saylı Bakı Ərazi İdarəsi imtina məktubunda həmçinin qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il may ayının 22-dək icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfat idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən İcarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin İclasının protokolundan çıxarış təqdim edilməlidir. Həmçinin Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli fərmanının 2.3.2-ci bəndinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquqmüəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsi mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında həyata keçirilir. İmtina məktubundan göründüyü kimi 1 saylı Bakı Ərazi İdarəsi ziddiyyətli cavab verməklə, özüözünün qanunsuz imtina etdiyini təsdiqləmiş, imtina etməkdə məqsəd vətəndaşları incitmək, dövlətdən narazı salmaq olmuşdur. Məktubda ilk olaraq sənədlərin yerində olmadığı qeyd edilsə də, sonra torpaq sahəsinin ölçüsünün 16 kv.m uyğun gəlməməsi bəhanə edilmiş, həm də qeyd olunmuşdur ki, bu halda vətəndaşın yazılı razılığı ilə həyata keçirilə bilərdi. Tərəfindən ona ayrılmış torpaq sahəsi ilə bağlı olaraq “Patriot” Bağçılıqyoldaşlıq təsərrüfatı tərəfindən verilmiş sənədlərin notarial təsdiq olunmuş sürətlən “Asan Xidmət” mərkəzinə təqdim olunmuşdur. Göstərilən sənədlərin arxivdən tapılmaması, guya siyahıda onun adının olmamasına dair fikirlərdə tamamilə yalan və bəhanədən başqa bir şey deyil. Ona görə ki, əgər arxivdə həmin sənədlər yoxdursa, onda haradan bilinib ki, siyahıda onun adı yoxdur. Bundan başqa həmin siyahıda 68 nəfərə torpaq sahəsi ayrılmışdır ki, onlardan çoxları öz torpaqlarını qeydiyyatdan keçirmişlər. Bundan başqa sənədlərin arxivdə saxlanıb-saxlanmaması onun vəzifənə daxil deyil. İddiaçıya rəsmi, möhürlə təsdiq olunmuş sənədlər təqdim olunmuş, torpaq sahəsi yerində ölçülərək verilmiş, torpaq sahəsindən faktiki istifadə etməklə, həmin sahəyə dair sənədləri “Asan Xidmət” mərkəzinə təqdim etmişdir. “Patriot” Kollektiv bağçılıq təsərrüfatının sədri Qənizadə də şahid olaraq məhkəməyə gəlib göstərdiklərimi təsdiq edə bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına dair qanuni və hüquqi sənədlər təqdim olunsa da bəhanə ilə qeydiyyatdan imtina olunması həmin Qanunun 15-ci maddəsinə tamamilə ziddir.
4. İddiaçının hüquqlarının qeydə alınmasından imtina onunla əsaslandırılmışdır ki, idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında adınız aşkar edilməmişdir. Bundan başqa, İdarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemində “46A” bağ nömrəsi aşkar olunmamışdır və göstərilin sahə digər torpaq sahəsinin ərazisinin bir hissəsinə uyğun gəlir. Qeyd olunanlarla yanaşı, torpaq sahəsi sənəd üzrə 600 kv.m qeyd edilsə də, faktiki sahə 584 kv.m təşkil edir.
5. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bundan başqa idarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemində “46A” bağ nömrəsi aşkar olunmamış və göstərilən sahə digər torpaq sahəsinin (“46”) ərazisinin bir hissəsinə uyğun gəlir. Qeyd olunanlarla yanaşı torpaq sahəsi sənəd üzrə 600 kv.m qeyd edilsə də, faktiki sahə 584 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə aktında qeyd edilmişdir ki, Dübəndi bağ massivi 46 a saylı bağ (Patriot) b/y yerləşən torpaq sahəsinin faktiki sahəsi 584 kv.metr təşkil edir. Göstərilən bağ sahəsi hasar daxilindədir. Darvazası yoxdur. Sahədə tikili yoxdur.
7. Həmkarlar ittifaqının və administrasiyasının “Patriot” kollektiv bağçılıq cəmiyyətinin xx.xx.1992-ci il tarixli 14 nömrəli protokoldan çıxarışda qeyd edilmişdir ki, İddiaçı “Patriot” bağçılıq kollektivində üzv qəbul edilməsi və ona sahəsi 600 kv.metr olan 46 A nömrəli bağ sahəsinin ayrılması qərara alınmışdır.
8. Azərbaycan SSR DOSAAF MK bağçılıq yoldaşlığı 73 nömrəli üzvlük kitabçasında qeyd edilmişdir ki, İddiaçı “Patriot” bağçılıq kollektivində 600 kv.metr olan Dübəndi qəsəbəsi Cənub küçəsi 14, 46 A nömrəli bağ sahəsi ayrılmışdır. “Patriot” kollektiv bağçılıq cəmiyyətinin sxemində qeyd edilmişdir ki, 12-ci cənub küçəsində yerləşən bağ sahələrin sxemi tərtib edilmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək edən iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünküyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
17. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
18. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
19. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
20. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
23. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmiş, İdarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemində “46A” bağ nömrəsi aşkar olunmamış, faktiki sahə 584 kv.m təşkil edir.
24. Məhkəmə bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar edilməməsi dəlili ilə bağlı qeyd edir ki, bağçılıq yoldaşlığı təsərrüfatının üzvlərinin arxivə təqdim olunmuş siyahısında iddiaçının adının aşkar olunmaması iddiaçının məsuliyyət dairəsi ilə əhatə olunmur və bu hal bağ sahəsinə hüquqların qeydiyyata alınmamasına əsas vermir.
25. Belə ki, iş materiallarından görünür ki, “Patriot” kollektiv bağçılıq cəmiyyətinin üzvlərinin siyahısı yenilənmiş və təsdiq edilmiş, iddiaçının adı qeyd edilmişdir. Adıçəkilən sənədlərin mötəbərsizliyi cavabdeh tərəfindən sübut olunmamış, həmin halı təsdiq edən hər hansı bir sənədlər məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının istifadəsinə verilmiş bağ sahəsinə dair üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış qüvvədədir və üzvlərin siyahısında adı mövcuddur.
26. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.
27. Məhkəmə cavabdehin dəlili - İdarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatının bölgü sxemində “46A” saylı bağ nömrəsinin aşkar etməməsinə münasibətdə qeyd edir ki, bağ sahəsinin nömrəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərindədir.
28. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və qonşuluqda yerləşən bağ sahələrinin ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “46 A” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.
29. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.
30. Cavabdehin imtina və etirazında göstərdiyi digər dəlili ondan ibarət olmuşdur ki, torpaq sahəsi sənəd üzrə 600 kv.m qeyd edilsə də, faktiki sahə 584 kv.m təşkil edir.
31. İddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi haqqında ərizədə Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 584 kv.m torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
32. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək;
33. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia təmin edilməlidir.
34. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi ünvanında yerləşən 584 kv.m. olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva