Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4736/2020 24.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, tərcüməçi X6, iddiaçı-İddiaçı iştirakları ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialına qarşı “müavinətin yenidən hesablanması və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Hərbi Qulluqçular və X5 İş üzrə İdarəsinə qarşı “müavinətin yenidən hesablanması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin kommunal, ictimai nəqliyyat və digər xidmətlər üçün xx.xx.2002-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək olan müddətdə olan ləğv edilmiş imtiyazlar üçün kompensassiyanın pensiya ödənişinə təkrar hesablanması imtinasının qanunsuz hesab edilməsi, qeyd olunan ödənişin təkrar hesablanaraq, 14.214 manat məbləğində pul vəsaitinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü madəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində qeyd etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Hərbi Qulluqçular və X5 İş üzrə İdarənin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsi (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı) kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, hərbi təqaüdçüdür. xx.xx.1992-ci il tarixli 109 nömrəli "Azərbaycan Respublikası hərbi qulluqçularının təqaüd təminatı haqqında" Qanununun 1-ci maddəsinin tələblərinə əsaslanaraq (bundan sonra 109 №li Qanun) xx.xx.1997-ci ildə güzəştli şərtlərlə ömürlük təqaüdə çıxmışdır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağ müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı rütbələrinin verilməsi qaydası və şərtləri haqqında Əsasnamə" nin təsdiq olunması haqqında 22.09.95-ci il tarixli 216 №li qərarına əsasən ona 21.02.97-ci li tarixli 002394 "müharibə veteranı" vəsiqəsi verilmişdir. Onun pensiya təminatını əvvəlcə Daxili İşlər Nazirliyinin pensiya şöbəsi (109 №li qanun və ƏPQ uyğun olaraq ) həyata keçirmiş, Azərbaycan Respublikası Prezidentinin 06.03.06 tarixli, 377 №li və 22.12.06-cı il tarixli 499 №-li Fərmanlarının tələblərinə əsasən ölkənin pensiya şöbələrində islahatlar baş vermiş və bundan sonra 2007-ci il yanvarın 1-dən pensiya təminatı ilə cavabdeh məşğul olmağa başlamışdır. Hüquqi şəxsin hüquqi varisi olaraq, köçürmə aktına uyğun olaraq, əlaqəli hüquqi şəxsin hüquq və vəzifələri sonuncuya verilmişdir. SSRİ-nin xx.xx.1967-ci il tarixli 1950- Vİİ №li "Ümumittifaq hərbi mükəlləfiyyət haqqında" Qanununun 2, 3, 10.4, 12-ci bəndlərinə (4-cü bəndi) əsasən (xx.xx.1989-cu il tarixli düzəlişə əsasən), Azərbaycan Respublikasının xx.xx.1991-ci il tarixli, 36 №li "Hərbi qulluqçuların statusu haqqında" Qanununun 1-ci və 3-cü bəndlərinə əsasən və Azərbaycan Respublikası "Veteranlar haqqında" xx.xx.1994-cü il tarixli 841 № li Qanununa əsasən, Azərbaycan Respublikası Yaşayış Məcəlləsinin 58-ci maddəsinə, həmçinin Azərbaycan Respublikası NK-nin xx.xx.1995-ci il tarixli 216 №li qətnaməsinə əsasən hərbi xidmət keçdiyi müddətdə onun kommunal nəqliyyat və digər xidmətlər xərclərinin ödənilməsi üçün müvafiq miqdarda imtiyazları olmuşdur. Azərbaycan Republikası Prezidenti xx.xx.2001-ci il tarixli 613 №li "Kommunal, ictimai nəqliyyat və digər xidmətlərdə müvafiq güzəştlərlə əvəz edilməsini təmin etmək haqqında və xx.xx.2005 tarixli 257 №li" Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etdikləri üçün "Müharibə veteranı" adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi” haqqında Fərmanlarının tələblərinə əsasən ölkədə imtiyazların müvafiq müavinətlərlə əvəzlənməsinə yönələn bir islahat aparılmışdır. Bu islahat "İmtiyazların pul qarşılığı” adlandırılmışdır. Bu islahatın mahiyyəti ondan ibarətdir ki, əvvəllər bu imtiyazlardan istifadə etmək hüququ olan şəxslərə bu imtiyazların əvəzində xx.xx.2002-ci il tarixindən etibarən müvafiq müavinətlər ödənməyə başlanmışdır. xx.xx.2012 tarixindən əvvəl Qarabağ müharibəsində iştirak etdiyinə görə, cavabdeh ona hər ay 11 manat dəyərində müavinət ödəməyə başlamışdır. xx.xx.2012-ci il tarixindən etibarən cavabdeh bütün Qarabağ müharibəsi veteranlarına yuxarıda göstərilən müavinətləri ödəməyi dayandırmışdır. Təzminatı ödəməmək qərara alaraq, cavabdeh öz hüquq və səlahiyyətlərindən sui-istifadə emişdir. Bir neçə müharibə veteranına (həmçinin ona) məhkəmə qaydası ilə cavabdehdən qeyd edilən müavinətlərin alınmasını bərpa etmək mümkün olmuşdur. Onun təqaüdünün yenidən hesablaması hüququ Azərbaycan Respublikası qanunveriliyində dəyişikliklər səbəbindən yaranmışdır. Azərbaycan Respublikası qanunvericiliyində olan dəyişiklikdən sonra kommunal, ictimai nəqliyyat və digər xəidmətlər üçün xx.xx.2009-cu il tarixindən ona əvvəl aldığı məbləğdən 69 (altmış doqquz) manat çox məbləğ ödənilməyə başlanılmışdır. Mübahisəli müddət 26 ay davam etməsi ilə əlaqədar olaraq veriləcək kompensasiyanın məbləği 14.214 (on dörd min iki yüz on dörd) manat təşlik edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 2-1(112)-4736/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Hərbi Qulluqçular və X5 İş üzrə İdarəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsi (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı) ilə əvəz olunmuşdur. Cavabdehin iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X2 iddianı qəbul etməyərək, məhkəmədən iddianın əsassız olduğu üçün təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı 00****** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1942-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə Plan İdarəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 082370 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı 2-ci qrup ümumi əlildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2005-ci ildə verilmiş 001697 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən iddiaçının adına DİN seriyalı 24640 saylı məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-356/2013 saylı xx.xx.2013-cü il tarixli qərarından müəyyən edilir ki, İddiaçı cavabdeh AR DSMF-nin Hərbi Qulluqçular və Xüsusi X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh orqan tərəfindən müavinətin ödənilməsinin dayandırılmasının qanunsuz hesab edilməsi, iddiaçıya ödənilməli olan təqaüdün tam miqyasda ödənilməsi, ödənilməmiş təqaüdün ödənilməsi, ödəniləcək məbləğin infilyasiya nəzərə alınaraq hesablanıb ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə dəqiqləşdirmə edərək, cavabdeh AR DSMF Hərbi Qulluqçular və X8 iş Departamentin üzərinə iddiaçıya xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixədək kommunal, nəqliyyat və digər xərclərin əvəzi olaraq aylıq ödənilməmiş 15 manat məbləğin, habelə xx.xx.2012-ci il tarixdən ödənilməsi kəsilən həmin kompensasiyanın 26 manat ödənilməsi vəzifəsinin həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianın qismən təmin edilməsi, İddiaçı pensiyası üzrə xx.xx.2012-ci il tarixdən ödənilməsi dayandırılan 11 manat müavinətin həmin tarixdən ödənilməsinin davam etdirilməsi vəzifəsinin AR DSMF Hərbi Qulluqçular və X8 iş Departamentinə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə 2inz(81)-2401/2012 saylı xx xxxxxxx 2012-ci il tarixli qərar qəbul etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı və cavabdeh AR DSMF Hərbi Qulluqçular və X8 iş Departamentin apelyasiya şikayətlərinə baxaraq, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-2401/2012 saylı xx xxxxxxx 2012-ci il tarixli qərarının qərara aldı hissəsində qismən-“Q.Q.Qalaqanovun pensiyası üzrə xx.xx.2012-ci il tarixdən ödənilməsi dayandırılan 11 manat müavinətin həmin tarixdən ödənilməsinin davam etdirilməsi vəzifəsi AR DSMF Hərbi Qulluqçular və X8 iş Departamentinə həvalə edilməsi” hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qərarın çıxarılması, iddia tələbinin həmin hissədə də təmin edilməməsi, cavabdeh AR DSMF Hərbi Qulluqçular və X8 iş Departamentinin apellyasiya şikayətinin təmin edilməsi, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi barədə 2-1inz(103)-87/12 saylı xx xxxxxx 2013-cü il tarixli qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qeyd olunan qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1inz(103)-87/12 saylı xx xxxxxx 2013-cü il tarixli qərarı qismən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz (81)-2401/2012 saylı, xx xxxxxxx 2012-ci iltarixli qərarının “qərara aldı” hissəsində qismən-“İddiaçı pensiyası üzrə xx.xx.2012-ci il tarixdən ödənilməsi dayandırılan 11 manat müavinətin həmin tarixdən ödənilməsinin davam etdirilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X8 İş Departamentinə həvalə edilməsi” hissəsində ləğv edilməsi hissəsində ləğv edilmiş, İddiaçı iddiası xx.xx.2012-ci il tarixdən ödənilməsi dayandırılan 11 manat müavinətin həmin tarixdən ödənilməsinin davam etdirilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X8 İş Departamentinə həvalə edilməsi hissədə təmin edilmiş; İddiaçı kassasiya şikayəti qalan hissədə təmin edilməmiş; Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 inz(103)-87/12 saylı xx xxxxxx 2013-cü il tarixli qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 İdarəsi tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli **********3 saylı məktubdan görünür ki, iddiaçıya Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli 2- 2(102)-356/13 saylı qərarına uyğun olaraq kommunal, nəqliyyat və digər xidmətlərə görə 11 manat məbləğində müavinət əmək pensiyasının üzərinə əlavə olunmaqla iddiaçının müvafiq kart hesabına köçürüldüyü bildirilmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X7 üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli **********1 saylı “müvafiq məhkəmə qərarlarının icra edilməsi və pensiya məbləğinin hesablanması haqqında” arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1997-ci il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən yaşa görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq x xxxxxx 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən adıçəkilən şəxsin əmək pensiyası həmin tarixdən etibarən Fondun X7 üzrə Mərkəzi Filialı (keçmiş adı Hərbi Qulluqçular və X8 İş İdarəsi) tərəfindən ödənilir. İddiaçı əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla x xxxx 2018-ci il tarixinədək sonuncu vəzifəsinə uyğun olaraq 36 il 24 gün xidmət müddətinə görə təminat xərcliyinin (1423,15 manat) 100 faizi miqdarında pensiya qanunvericiliyə uyğun qaydada hesablanmaqla ona ödənilmişdir. x xxxx 2018-ci il tarixindən İddiaçı vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən adıçəkilən şəxsin əmək pensiyası 1523,64 manata artırılaraq ona ödənilmişdir. x xxxx 2019-cu il tarixindən İddiaçı vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən adıçəkilən şəxsin əmək pensiyası 1638,48 manata artırılaraq ona ödənilmişdir. x xxxxxxxx 2019-cu il tarixindən İddiaçı vaxtilə sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 1079,00 manat, rütbə maaşı 159,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavəsi-371,40 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavəsi-377,65 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla, cəmi təminat xərcliyi 2051,05 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən İddiaçı əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1 -ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; -20 ildən artıq xidmət müddətinin (16 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (16x2) təminat xərcliyinin 32 faizi; İddiaçı əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 87 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı x xxxx 2018-ci il tarixinədək olan təminat xərcliyi (1423,15 manat) ilə x xxxxxxxx 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (2051,05 manat) arasındakı fərq məbləğinin (627,90 manat) 87 faizi-546,28 manat x xxxx 2018-ci il tarixinədək olan pensiyasının (1423,15 manat) üzərinə əlavə olunmaqla 1969,43 manat məbləğində əmək pensiyası müəyyən edilməklə adıçəkilən şəxsə ödənilir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2013-cü il tarixli 2- 2(102)-356/13 nömrəli və xx xxxxxx 2015-ci il tarixli 2-1(102)-1271/15 nömrəli Qərarlarına uyğun olaraq kommunal, nəqliyyat və digər xidmətlərə görə 11,00 manat məbləğində müavinət və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.7.2ci maddəsinə əsasən isə 77,00 manat məbləğində pul vəsaiti İddiaçı əmək pensiyasının üzərinə əlavə olunmaqla onun müvafiq kart hesabına köçürülür. Aşağıda qeyd olunan əsaslara görə məhkəmə iddianın əsaslı olmadığı nəticəsinə gəlmişdir. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü’’nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. Yenə həmin Fərman qəbul edilənədək bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin, Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki, Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir - yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Lakin, yuxarıda da qeyd edildiyi kimi “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1 -ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1- dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə "Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Məhkəmə hesab edir ki, hakimiyyətlər bölgüsünə dair konstitusiya prinsipinə görə məhkəmə orqanları hakimiyyətin digər qolunun səlahiyyətinə aid bu məsələnin tənzimlənmə qaydasına müdaxilə etmək hüququna malik deyildirlər. Məhkəmələrin belə mübahisələrə baxarkən rolları ondan ibarətdir ki, qanunvericilikdə baş vermiş bu dəyişikliklərin şəxslərin qazanılmış hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmasına yol verməsinlər. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bunun əksi ümumi qəbul edilmiş “qanuni gözlənti”, “qazanılmış hüquq"və "hüquqi müəyyənlik” prinsiplərinə zidd olardı. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə minənədək şəxslərin artıq qazanılmış hüquqlarını əvəzsiz ləğv edə bilməz. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2019-cu il tarixinədək iddiaçıya qanunvericiliklə müəyyən olunmuş qaydada sosial müavinətlər ödənilmiş, həmin tarixdən sonra isə qanunvericiliyin tələblərinə uyğun olaraq 80 (səksən) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsinə başlanılmışdır. Məhkəmə qeyd edir ki, müharibə veteranı statusu almış şəxslərə xx.xx.2019-cu il tarixindən sonra yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir və təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində məhkəmə vasitəsi ilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4736/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4736/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver