Məhkəmə qərarları › İş №2-1(112)-4736/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4736/2021

23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4736/2021 23.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı və vəsiqəsinin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. O, 01 avqust 1992-ci il tarixdə hərbi xidmətə çağrılmış, 30.09.1996-cı il tarixdə ordu sıralarından tərxis olunmuşdur. Döyüş əməliyyatlarında yaralanmışdır ki, bunu təsdiq edən sübutlar da mövcuddur. Cavabdeh heç bir əsaslı səbəb gətirmədən əsassız olaraq ərizəmi təmin etmir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının 05 iyun 1993cü il tarixdən, 19 yanvar 1994-cü il tarixədək xidməti barədə hər hansı bir sübut mövcud deyil. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən müharibə veteranı dedikdə İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular, İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər başa düşülür. İddia tələbindən də göründüyü kimi iddiaçı Qanunun adıçəkilən maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs kateqoriyasına aid olduğunu qeyd edərək onun müharibə veteranı hesab edilməli olmasını bildirmişdir. Adıçəkilən Qanunun 7-ci maddəsi ilə müəyyən edilir ki, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı vəsiqəsinin verilməsi üçün müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsas hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə də müəyyən edilir ki, iddiaçının tələbi ona müharibə veteranı və vəsiqəsi verilməsi barədə olmaqla məcburetmə haqqında iddiadır. Belə ki, iddiaçı irəli sürdüyü iddia vasitəsi ilə AR İPM-nin 33.1-ci maddəsinə əsasən iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə edir. Qeyd olunan iddia növü ilə bağlı isə inzibati prosessual qanunvericilik sübutetmə vəzifəsinin yerinə yetirilməsi baxımından digər iddia növlərinə münasibətdə fərqli qayda müəyyən etmişdir. AR İPM-nin 14.3-cü maddəsindən də göründüyü kimi inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olarq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdehin etirazından müəyyən edilir ki, müharibə veteranı və vəsiqəsi verilməsi barədə cavabdeh inzibati aktın qəbulunu onunla istisna etmişdir ki, iddiaçının 05 iyun 1993-cü il tarixdən 19 yanvar 1994-cü il tarixədək xidməti barədə məlumat aşkar edilməmişdir. Beləliklə, inzibati aktın qəbulunu istisna edən faktiki şərtin mövcudluğunu cavabdeh sübut etməlidir ki, məhkəmə hesab edir ki, məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş əmrdən çıxarışlar da müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə inzibati aktın qəbulunu istisna etmək üçün yetərli sübut hesab edilir. Məhkəmə işin göstərilən faktiki halları ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan məhkəmə sorğusuna əsasən təqdim edilmiş 1 avqust 1992ci il tarixli əmrdən çıxarışdan göründüyü kimi iddiaçı hərbi xidmətə qəbul edilmiş, ona sıravi hərbi rütbəsi verilmişdir. İş materiallarında olan 05 iyun 1993-cü il tarixli əmrdən çıxarışdan göründüyü kimi iddiaçı bütün növ təminatlardan çıxarılıb qulluğunu davam etdirmək üçün “987” saylı hərbi hissənin sərəncamına göndərilmişdir. İş materiallarında olan 19 iyul 1993-cü il tarixli əmrdən çıxarışdan göründüyü kimi iddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün bütün növ təminatlardan çıxarılmışdır. İş materiallarında olan 19 yanvar 1994-cü il tarixli əmrdən çıxarışdan göründüyü kimi iddiaçı şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin olunaraq çilingər vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 06 sentyabr 1995-ci il tarixli əmrdən çıxarışdan göründüyü kimi iddiaçı sürücü vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 29.10.1996-cı il tarixli əmrdən çıxarışdan göründüyü kimi iddiaçı şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün çağrıldığı RHK-na göndərilmişdir. İşin faktiki halları ilə də müəyyən edildiyi kimi, iddiaçının 05 iyun 1993-cü il tarixdən 19 yanvar 1994-cü il tarixədək xidməti, eləcə də 19 yanvar 1994-cü il tarixdən atəşkəs elan edilənədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat müəyyən edilməmişdir. Göründüyü kimi cavabdeh inzibati aktın qəbulunu istisna edən faktiki şərtin mövcudluğunu sübut etmiş, iddiaçı isə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Eyni zamanda, məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubu ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, adıçəkilən inzibati orqanın iddiaçının 1992-ci il iyul ayından 1996-cı il noyabr ayının 1-nə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməsi barədə məktubda göstərmiş olduğu məlumat ümumi xarakter daşımaqla, 05 iyun 1993-cü il tarixdən 19 yanvar 1994-cü il tarixədək xidmət etməsi anlamına gəlmir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 08.08.2017-ci il tarixli Xidmətə ünvanlanmış müraciətindən də göründüyü kimi iddiaçının həmin dövrlərdə xidməti barədə məlumat aşkar edilməmişdir. Məktuba əlavə edilmiş “308” saylı hərbi hissə tərəfindən verilmiş arayışda da həmin dövrdə xidmət keçməsi barədə qeyd aparılmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar