Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4737/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxs: İsmayıl-zadə Nuriyə Eyubovna) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küçəsi, ev 7A ünvanında yerləşən 25 nömrəli mənzil İddiaçı (bundan sonra – iddiaçı) mülkiyyətindədir.
2. Cavabdeh BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən xx.xx.1952-ci il təvəllüdlü İsmayıl-zadə Nuriyə Eyubovna Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küçəsi, ev 7A ünvanında yerləşən 25 nömrəli mənzildə qeydiyyatdadır.
3. İddiaçı xx.xx.2021-ci il tarixdə ərizə ilə Bakı şəhər Xətai Rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan İsmayıl-zadə Nuriyə Eyubovnanın qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh 101-34451İ-3221 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində göstərilən sənədlərdən hər hansı biri təqdim edildiyi halda müraciətin müsbət həll olunacağı bildirilmişdir.
5. Bundan sonra İddiaçı 17 dekabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıl-zadə Nuriyə Eyubovnanın Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küçəsi, ev 7A ünvanında yerləşən 25 nömrəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmənin 20 dekabr 2021-ci il tarixli qərardadı ilə İsmayıl-zadə Nuriyə Eyubovna üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması:
7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Sergey Senyuşkin küçəsi, ev 7A, 25 saylı mənzil Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş və bu barədə ona 13 noyabr 2003-cü il tarixli ÖM seriyalı, 174778 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Üçüncü şəxs İsmayıl-zadə Nuriyə Eyubovna onun mənzilində qeydiyyatda olmasına baxmayaraq faktiki olaraq orada yaşamır və yaşayış sahəsindən istifadə etmir. Onun mənzildə qeydiyyatda olmasına görə mənzil və kommunal xidmət haqlarını da iddiaçı ödəməli olur. Həmçinin iddiaçı həmin mənzillə bağlı hər hansı əqdləri, müəyyən hərəkətləri sərbəst həyata keçirə bilmir və bununla da iddiaçının mülkiyyət hüquqları pozulur. O, dəfələrlə üçüncü şəxsdən mənzildən qeydiyyatdan çıxmasını tələb etsə də, üçüncü şəxs müxtəlif bəhanələrlə boyun qaçırmışdır.
8. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
10. Cavabdeh məhkəməyə göndərdiyi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. 11.Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, ona məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
12. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
13. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
14. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
16. Hazırkı iddia üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
17. İddia həm də əsaslıdır. Çünki işdə olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 135833 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən 25 nömrəli mənzil xx.xx.1998-ci il tarixdə İsmayıl-zadə Tamara Miriyevnanın xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir.
18. İş materiallarında olan xx.xx.1951-ci il tarixli 563043 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1950-ci il təvəllüdlü iddiaçı İsmayıl-zadə Tamara Miriyevnanın qızıdır.
19. 08.04.2003-cü il tarixli Bakı şəhəri Xətai rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 032433 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İsmayıl-zadə Tamara Miriyevna xx.xx.2003-cü il tarixdə ölmüşdür.
20. İş materiallarında olan 2-V-98 nömrəli vərəsəlik üzrə notariat işindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixli ərizəsi və ona əlavə edilmiş sənədlər əsasında İsmayıl-zadə Tamara Miriyevnanın vərəsəsi kimi ünvan 3 ünvanında yerləşən 3 otaqlı 25 nömrəli mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin notariat işində olan ərizədən görünür ki, üçüncü şəxs İsmayıl-zadə Nuriyə Eyubovna ünvan 3 ünvanında yerləşən 25 nömrəli mənzilin payına düşən hissəsindən bacısı İddiaçı xeyrinə imtina etmişdir və gələcəkdə heç bir məhkəmə orqanlarına müraciət etməyəcəyi barədə öhdəlik götürmüşdür. Noratiat işinə əlavə edilmiş ərizələrdən görünür ki, T.İsmayıl-zadənin digər ailə üzvləri də mübahisəli mənzil üzrə onların payına düşən hissədən iddiaçının xeyrinə imtina etmişlər.
21. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 174778 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən 25 nömrəli mənzil xx.xx.2003-cü il tarixdə İddiaçı (bundan sonra – İddiaçı) xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmiş, xx.xx.2018-ci il tarixdə həmin mənzilə dair iddiaçıya ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
22. Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2022-ci il tarixli 111/d nömrəli məktubundan görünür ki, S.Senyuşkin küçəsinin əvvəlki adı Nikişin küçəsi olmuşdur.
23. Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti MKTB-nin 66 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 1107 nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küçəsi, ev 7A ünvanında yerləşən 25 nömrəli mənzildə İddiaçı qeydiyyatsız yaşayır. Bacısı İsmayıl-zadə Nuriyə Eyubovna həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq, heç vaxt orada yaşamamışdır və hazırda da yaşamır.
24. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İsmayıl-zadə Nuriyə Eyubovna xx.xx.2007-ci il tarixdən hazıra kimi yaşayış yeri üzrə ünvan 4 ünvanında qeydiyyatdadır.
25. Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilərək ünvan 4 ünvanında yerləşən yaşayış evinə dair mülkiyyət, istifadə və digər əşya hüququ olan şəxslər barədə məlumatın təqdim edilməsi tələb olunmuş, İdarə xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küçəsi, ev 7A ünvanında yerləşən 25 nömrəli mənzil X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
26. Beləliklə, Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küçəsi, ev 7A ünvanında yerləşən 25 nömrəli mənzilin iddiaçının mülkiyyətində olması, üçüncü şəxs İsmayıl-zadə Nuriyə Eyubovnanın onun bacısı olması, 2007-ci ildə həmin mənzilə qeydiyyata alınması, onun hazırda həmin mənzildə yaşamaması, 2003-cü ildə mənzillə bağlı hüququndan iddiaçının xeyrinə imtina etməsi məhkəmə iclasında tədqiq olunan sübutlarla təsdiq olunur.
27. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
28. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
29. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, yaxud həmin yaşayış sahəsində yaşamırsa, aydındır ki, çıxarılma və ya istifadə hüququna xitam verilmə barədə qətnamə də mövcud olmayacaqdır.
30. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
31. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən 17-26-cı bəndlərində sadalanan sübutlara əsasən müəyyən olunur ki, üçüncü şəxs mübahisəli mənzillə bağlı hüquqlarından həmin mənzilə dair T.İsmayılzadənin ölümü ilə bağlı açılmış vərəsəlik işi üzrə imtina etmiş, mənzil iddiaçının adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Hazırda üçüncü şəxsin həmin mənzilə hər hansı bir hüququ mövcud deyil və mübahisəli mənzildə yaşamır. Buna görə də onun mübahisəli mənzildən qeydiyyatdan çıxarılması üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcud olduğundan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxs xx.xx.1952-ci il təvəllüdlü İsmayıl-zadə Nuriyə Eyubovnanın Bakı şəhəri, Xətai rayonu, S.Senyuşkin küçəsi, ev 7A ünvanında yerləşən 25 nömrəli mənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova