Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-474/2021 26.01.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, M.X.Şərifli küçəsi ev 160E, mənzil 23), cavabdehin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi 8, ev 59; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, Hüquq şöbəsi, baş mütəxəssis) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə 3-cü şəxs - “Azərbaycan X2” QSC qarşı “cavabdehin hərəkətlərinin qanunsuz sayılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı (3-cü şəxs “Azərbaycan X2” QSC) xx.xx.2018-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas xx.xx.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərinin qanunsuz sayılması barədə qərar qəbul edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir və hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx.xx.1964-cü ildə Şamaxı rayonunda doğulmuşdur. xx.xx.2018-ci il tarixdə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti 5 il olaraq qeyd olunmuşdur. Yəni, iddiaçı xx.xx.2023-cü ildə yenidən qiymətləndirmədən keçməli idi. Əlillik təyinatı zamanı diaqnoz bölməsində “ÜİX Gərginlik stabil stenokardiyası f/s İİİ, tez-tez baş verən stenokardiya tutmaları ilə. İnfarktdan sonrakı kardioskleroz. Mədəcik ekstrasistoliyası. Aortanın anevrizması. Hipertoniya xəstəliyi İİ mərhələ, risk faktoru. Ürək çatmamazlığı İİİ dərəcə. QDÇ İİ dərəcə. Skolioz İ dərəcə” qeyd olunmuşdur. Daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmişdir və əlilik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan ona məlum olmuşdur ki, ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «Əlillik» altsistemində etibarsız hesab edilmişdir. İddiaçı əlilliyinin bərpası üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, «Azərbaycan X2» QSC-nin xx.xx.2019-cu il tarixli M C 02/02-45 N-li məktubu ilə qiymətləndirməyə əsas verən 4405003AABPV göndəriş əsassız hesab edilmişdir. Bununla əlaqədar əlillik müayinəsi Nazirliyin «Əlillik» alt sistemində etibarsız hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş 3cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İş materiallarından görünür ki, “Azərbaycan X2” QSC-nin xx.xx.2017-ci il tarixli 4405003AABPV nömrəli Göndərişinə (Forma 88) əsasən İddiaçı 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh orqan **********3 nömrəli xx.xx.2019-cu il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Müəyyən olunmuşdur ki, əlillik vəziyyətiniz “X2” QSC Sosial İnkişaf İdarəsinin MDX Əhmədli Tibbi sanitar hissəsinin 4405003AABPV saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. “X2” QSC tərəfindən 4405003AABPV saylı göndəriş etibarsız edildiyindən Əlillik altsistemində əlillik müayinəniz ləğv edilmişdir.” Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə ki, iş materiallarından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir: ““Azərbaycan X2” QSC-nin xx.xx.2019-cu il tarixli MC 02/02-45 nömrəli məktubu ilə qiymətləndirilməyə əsas verən 4405003AAB5B saylı göndərişin əsassız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti “X2” QSC-nin Sosial İnkişaf İdarəsinin MDX Əhmədli tibbi-sanitar hissəsi 4405003AABPV saylı göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən “Azərbaycan X2” QSC-nin tərəfindən əlilliyin təyininə əsas olan 44005003AABPV saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. İddiaçı qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müayinə və müalicə olunduqdan sonra, göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir.” İş materiallarından görünür ki, “Azərbaycan X2” QSC məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, “Azərbaycan X2” QSC (ASCO) əlilliyin təyin və ya etibarsız edilməsi barədə qərar verən müvafiq icra hakimiyyəti orqanı deyildir və onun belə bir səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında ASCO tərəfindən verilmiş cavabda həmin qurumun apardığı araşdırmanın nəticəsinə əsasən, risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi uyğun görülmüşdür. Belə ki, ASCO əvvəllər tabeliyində olmuş hər hansı bir tibbi xidmət göstərən təşkilat tərəfindən verilmiş göndərişin ləğv edilməsi barədə sərəncam verməmiş, təyin edilmiş əlillik dərəcəsinin etibarsız olub-olmamasını araşdırmamışdır. Eyni zamanda qeyd etmək lazımdır ki, ASCO belə araşdırmanı aparmaq üçün müvafiq imkanlara malik deyildir. İş materiallarından görünür ki, “Azərbaycan X2” QSC məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında ASCO tərəfindən aidiyyəti üzrə göndərilmiş xx.xx.2019-cu il tarixli MC 02/02-45 nömrəli məktubun surətini məhkəməyə təqdim etmişdir. İş materiallarından görünür ki, “Azərbaycan X2” QSC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanlanan xx.xx.2019-cu il tarixli MC 02/02- 45 nömrəli məktubunda göstərilmişdir: “Sizin 2019-cu il 4 yanvar tarixli **********1 nömrəli və 18 yanvar tarixli **********4 nörməli məktublarınıza "Azərbaycan X2" Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) aidiyyəti struktur bölmələri tərəfindən baxılmışdır. Bildiririk ki, təqdim etdiyiniz siyahılarda adları göstərilən şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərin əsaslılığına şübhələr olduğu üçün, sözügedən məktublarınıza əsasən risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi tərəfimizdən uyğun hesab olunur. Xahiş edirik nəzərə alasınız.” Göründüyü kimi, cavabdeh inzibati orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi İnformasiya Sisteminin Əlillik altsistemində İddiaçı əlillik dərəcəsinin etibarsız edilməsini “Azərbaycan X2” QSC-nin xx.xx.2019-cu il tarixli MC 02/02-45 nömrəli məktubu ilə əsaslandırsa da, həmin məktub “Azərbaycan X2” QSC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq məktubuna cavab olaraq verilmişdir. Həmçinin, həmin məktubun məzmunundan görünür ki, “Azərbaycan X2” QSC tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məktublarına əsasən risk qrupuna daxil olan əlillik təyinatlarının ləğv edilməsi uyğun hesab edilmişdir. Yəni müvafiq göndərişi həyata keçirən tibbi müəssisəsi tərəfindən hər hansı bir sənəd etibarsız (və ya ləğv) hesab edilməmiş, yalnız əlilliyin cavabdeh tərəfindən ləğv edilməsini məqsədəuyğun bilmişdir. Həmçinin cavabdeh tərəfindən əlillik təyinatının ləğvi əsası isə müvafiq göndərişlərin etibarsız sayılması Beləliklə, “Azərbaycan X2” QSC-nin xx.xx.2019-cu il tarixli MC 02/02-45 nömrəli məktubunda iddiaçıya əlillik dərəcəsinin təyin edilməsinə əsas olmuş göndərişin (Forma 88) etibarsız hesab edilməsi göstərilməmişdir. Həmçinin, “Azərbaycan X2” QSC tərəfindən əvvəllər tabeliyində olmuş hər hansı bir tibbi xidmət göstərən təşkilat tərəfindən verilmiş göndərişin ləğv edilməsi barədə sərəncam verməsi, təyin edilmiş əlillik dərəcəsinin etibarsız olub-olmamasını araşdırması məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci yarımbəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Cavabdehin nümayəndəsinin izahatından da müəyyən edilir ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvi ilə bağlı hər hansı qərar qəbul edilməmiş və müvafiq elektron sistemdə düzəliş edilməklə iddiaçının əlilliyi ləğv edilmişdir. Həmçinin, tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdeh iddiaçıya əlilliyin təyin edilməsinə dair əsaslı şübhələr olduğunu qeyd etsə də bununla bağlı iddiaçını şəxsi əyani müayinəyə cəlb etməmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçıya təyin edilmiş əlillik ləğv edilərkən müvafiq qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olması və bununla əlaqədar olaraq iddiaçının əyani müayinəyə cəlb edilməsi, müayinənin nəticələrinə əsasən əlilliyin ləğvi barədə qərar qəbul edilməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Beləliklə də, cavabdeh inzibati orqan tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmuş qaydada inzibati icaatın tam və hərtərəfli olaraq aparılmadığı müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, “Azərbaycan X2” QSC tərəfindən İddiaçıya əlillik dərəcəsinin təyin edilməsinə əsas olmuş göndərişin (Forma 88) ləğv edilməsi (etibarsız hesab edilməsi), iddiaçıya təyin edilmiş əlillik ləğv edilərkən müvafiq qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olması və bununla əlaqədar olaraq iddiaçının əyani müayinəyə cəlb edilməsi, müayinənin nəticələrinə əsasən əlilliyin ləğvi barədə qərar qəbul edilməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmadığından, həmçinin qanuvericiliyin tələblərinə uyğun olaraq cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılmadığından İddiaçı əlillik dərəcəsinin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkəti qanunsuz sayılmalıdır. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz sayılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. İddiaçı təyin edilmiş əlilliyin ləğv edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətləri qanunsuz sayılır. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-474/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-474/2021
26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver