Məhkəmə qərarları › İş №2-1(112)-474/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-474/2025

17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-474/2025 17.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, Vəliyeva Şəms Aslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 17 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə Bakı şəhəri, Türkan bağlar sahəsində 234 saylı BTK-nın nəzdində yerləşən, 0,12 hektar sahəsi olan 883/13 saylı bağ sahəsinin xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, 3-21/3-1-F- 110/2025 nömrəli əmri ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin fəaliyyətinə xitam verilməsini və funksiyalarının onun hüquq varisi Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə verilməsi nəzərə alınaraq məhkəmə iclasının qərardadı ilə iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin 16 oktyabr 1991-ci il tarixli, 14/625 saylı qərarına əsasən Bakı şəhəri Türkan bağlar sahəsində 234 saylı BTK-nın nəzdində 0,12 hektar sahəsi olan 883/13 saylı bağ sahəsi iddiaçıya ayrılmış və faktın təsdiqi kimi adına 16 saylı order verilmişdir. İddiaçı ona ayrılmış bağ sahəsini hasarlamışdır və həmin ərazidən istifadə edir. İddiaçı torpaq (bağ) sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə cavbadehə müraciət etmiş, lakin cavbadeh imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddiaçı cavabdehin istinad etdiyi “torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi” dəlilinə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli, 103 nömrəli qərarına əsasən, mühafizə zolağı deyildikdə elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəklində minimal məsafələr başa düşülür. Həmin qərarda gərginliyi 1000 volta qədər və 1000 voltdan yuxarı yüksək gərginlikli elektrik xətlərin mühafizə zolaqları haqqında qaydalar müəyyən edilmişdir. Həmin qaydalara əsasən yüksək gərginlikli elektrik xətlərin altında bostan bitkilərin becərilməsi qadağan edilməmişdir. Digər tərəfdən yüksək gərginlikli elektrik xətlərin mühafizə zonasına düşən ərazilərdə tikinti-inşaat işləri özbaşına deyil, müvafiq qurumlarla razılaşma əldə edildikdən sonra aparılır. İddiaçı qeyd edir ki, hazıradək həmin ərazidə bostan bitkilərinin əkilməsi ilə məşğul olmuşdur. Həqiqətdə qeyd edilən torpaq sahəsi yüksək gərginlikli elektrik xətlərin altında deyildir. Yüksək gərginlikli elektrik xətti torpaq sahəsinin sağ tərəf istiqamətində olan çəpərə təxminən 2 metr məsafədə olmaqla başqa istiqamətə yönləndirilmişdir. Belə halda, cavabdehin dəlili hüqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas ola bilməz. İddiaçı cavabdehin “torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir”, “qeyd olunan sahə digər bağların ərazisinə uyğun gəlir” kimi dəlillərinə münasibətdə bildirir ki, bu dəlillər də hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, qeyd edilən dəlillər texniki xarakterli dəlillərdir, texniki xarakterli bu dəlillər aradan qaldırılması mümkün olan hallardır ki, belə texniki xarakterli hallar məhz cavabdeh tərəfindən aradan qaldırıla bilən hallardır. Beləliklə hesab edir ki, Bakı şəhəri, Türkan bağlar sahəsində 234 saylı BTK-nın nəzdində yerləşən 0,12 hektardan ibarət 883/13 saylı bağ sahəsi üzrə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsi barədə cavabdehin mövqeyi əsassızdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2018ci il və xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və müvafiq məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, “883/13” saylı bağ sahəsinin göstərilən əraziyə aidiyyətı yoxdur. Qeyd olunan sahə sxematik xəritəyə əsasən 1030 və 1040 ilə başlayan bağların əraziləridir. Elektron kadastr baza məlumatlarına əsasən sözügedən bağ sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşür. Məlumat üçün bildirilir ki, İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin darvazası yoxdur və giriş sərbəstdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. İddianın əsaslılığı: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Türkan bağlar sahəsindəki 234 №-li kooperativi tərəfindən verilmiş 16 №-li Orderin təsdiq edilmiş surətindən görünür ki, Türkan qəsəbəsində yerləşən sahəsi 0.12 ha olan 883/13 nömrəli torpaq sahəsi İddiaçı ayrılmışdır. Orderin verilməsinə əsas: Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/625 №-li qərardır. -Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış məktubla Bakı şəhər XDS İK-nin (indiki Bakı Şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 14/265 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, torpaq sahəsi faktiki olaraq 1202.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sözügedən sahə 1030, 1040-la başlayan bağların əraziləridir. Bundan başqa bağ sahəsinin bir hissəsi (6 kVt) yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşür. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem məhkəməyə təqdim edilmişdir. -"xxxx" ASC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, qeyd olunan torpaq sahəsi "xxxx" ASC-nin balansında olan 6 kv-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. -"xxxx" ASC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 883/13 saylı bağ sahəsini elektrik enerjisi ilə təmin edən və 35/6 kV-luq y/st 406-dan qidalanan 6 kV-luq elektrik xətti xx.xx.2017-ci il tarixində istismara verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məhkəmənin sorğusuna verilmiş cavab məktubdan görünür ki, İdarənin mütəxəssisi tərəfindən ünvana texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, faktiki torpaq (bağ) sahəsi 0.1202 ha təşkil edir. Torpaq sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır. Darvaza yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinə digər fiziki şəxslərin müraciəti qeydə alınmamışdır. Həmçinin qeyd edilir ki, sahənin dövlət qeydiyyatı barədə elektron bazada məlumat aşkar edilməmişdir. X1 ayrıcı olmadığından ətraflı araşdırma aparmaq mümkün olmamışdır. Sahənin bir hissəsi yüksək gərginli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bundan əlavə 883/13 saylı bağ sahəsinə dair verilmiş 16 saylı orderin təsdiq edilmiş surəti, ortofoto görüntüsü və bağların bölgüsünə dair sxematik xəritədən çıxarış məhkəməyə təqdim edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məhkəmənin sorğusuna verilmiş cavab məktubdan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən BTK-ların ayrıc aktı olmur, hansı BTK-ya uyğun olmasının bazaya əsasən müəyyən etmək mümkün olmamışdır. Həmin məktuba əlavə edilmiş Türkan bağ massivində yerləşən 234 №-li Bağçılıq təsərrüfatı üzvlərin siyahısının 16-cı sırasında İddiaçı adı qeyd olunmuşdur. -Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktından görünür ki, bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanıb. Darvaza yoxdur, giriş sərbəstdir. Tikili yoxdur. Baş sahəsinin hasarının bir qisminin üstündən və yol tərəfdən yüksək gərginlikli elektrik xətti keçir – 6 kV-luq. Bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Beləliklə, işin faktiki hallarından görünən odur ki, iddiaçının hazırkı məqsədi Bakı şəhər XDS İK-nın xx.xx.1991-ci il tarixli, 14/625 nömrəli qərarı və həmin qərar əsasında 234 №-li BTK tərəfindən verilmiş 16 nömrəli order əsasında Türkan bağ massivində yerləşən, ümumi sahəsi 0.12 ha olan 883/13 saylı torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsindən ibarətdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Cavabdehin imtina dəlilləri belə olmuşdur ki, bağ sahəsinin yerləşməsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, həmçinin sözügedən bağ sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına düşür. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Torpaq islahatı haqqında” AR Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Həmin Qanunun 25-ci maddəsinin 4-cü bəndində göstərilir ki, bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun bağların əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsini nəzərdə tutan 9-cu maddəsinin tələblərinin icrasında ləngimələrə yol verildiyini nəzərə alaraq, bağ sahələri ilə bağlı münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılmasının təmin edilməsi məqsədilə qəbul edilmiş “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının istinad etdiyi Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/625 saylı qərarı əsasında 234 №li BTK-dan 0,12 ha sahəsi olan 883/13 saylı bağ sahəsinin İddiaçı adına ayrılmasına dair 16 nömrəli order yuxarıda göstərilən Qanunun 8.0.7-ci maddəsində göstərilən aktlara uyğun gəlir. Belə ki, həm orderin həm də verilməsi üçün əsas olmuş Bakı şəhər X2 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/625 saylı qərarının arxiv əsasları mövcuddur, iddiaçının adı 234 nömrəli BTK üzvlərinin siyahısında nəzərdə tutulmuşdur. Həmin qərarın və ya orderin ləğv edilməsi, etibarsız hesab edilməsi, yaxud qüvvəsini itirməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmişdir. Məhkəmə cavabdehin imtina dəlillərini hüquqların qeydiyyatından imtina edilməsi üçün əsaslı saymayaraq bildirir ki, iddia olunan torpaq sahəsinin 234 nömrəli BTK-nın bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil etməsi və digər bağ sahələrinin ərazisinə uyğun gəldiyini bildirsə də, məhkəməyə bu halı təsdiq edən hər hansı tutarlı sübut təqdim etməmişdir. Digər tərəfdən, məhkəmə hesab edir ki, torpaq sahəsinin yerləşməsinin sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi iddiaçının məsuliyyəti ilə bağlı olmayıb və qanunvericiliklə daşınmaz əmlak üzərində hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina üçün əsas kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən, sözügedən çatışmazlıqlar iddiaçının ziyanına şərh edilə bilməz və onun hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bağ sahəsi iddiaçının mübahisəsiz istifadəsindədir, həmin sahəyə digər şəxslərin müraciətinin qeydə alınması, yaxud üst-üstə düşməsi barədə hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna verilmiş cavab məktubundan da görünür ki, torpaq sahəsinə dair digər fiziki şəxsin müraciəti yoxdur. Qeyd olunan bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluğu mövcud olsa belə, bu uyğunsuzluğun aradan qaldırılması müvafiq şərtlər daxilində birbaşa cavabdeh inzibati orqanın səlahiyyətlərinə aiddir. Yuxarıda istinad olunan normativ müddəalardan da göründüyü kimi, müvafiq torpaq sahəsinin plan və ölçülərinin tərtib edilməsi Xidmətin vəzifələri sırasına daxildir. Belə olan halda, məhkəmə cavabdehin bu mövqeyini əsaslandırılmamış, formal mülahizələrə əsaslanan imtina kimi qiymətləndirir. Məhkəmə cavabdehin digər dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli, 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair" Qaydaların 1.4-cü bəndinə əsasən, bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Türkan bağlar sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan 883/13 nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə dövlət reyestrindən müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar