Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4740/2021 02.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd olunur ki, iddiaçı (İddiaçı) 8 sentyabr 1960-cı ildə doğulmuşdur. 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. 2 sentybar 1977-ci il tarixsdən 2 oktyabr 1978-ci il tarixədək Şamaxı rayonunda sovxozda fəhlə işləmiş, 23 oktyabr 1978-ci il tarixdən 28 oktyabr 1980-ci il tarixədək hərbi xidmətdə olmuş, 28 may 1981-ci il tarixdən 13 dekabr 1983-cü il tarixədək dəmir emalı sahəsində işləmişdir. 30 noyabr 1983-cü il tarixdən 12 mart 1986-cı il tarixədək Mordoviya Dövlət Universitetində təhsil almış, 20 mart 1986-cı il tarixdən 29 iyun 1989-cu il tarixədək çilingər kimi çalışmış, 7 avqust 1989-cu il tarixdən 1 oktyabr 2007-ci il tarixədək X1 “Lyuminisent lampaları sexi”ndə fəhlə, mühəndis-texnoloq və usta olaraq işləmişdir. Onun son iş yerində işləmiş olduğu peşələr AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş və 1 yanvar 2006-cı il tarixədək qüvvədə olan «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»’nın “Xİİİ. Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı” bölməsində (kod 1130000b-17541) göstərilmişdir. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən 1 yanvar 2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının, o cümlədən 10 ildən artıq güzəştli şərtlərlə iş stajının mövcud olmasını və 8 sentyabr 2012-ci il tarixdə, yəni 52 yaşına çatdıqda pensiya hüququnun yaranmasını nəzərə alaraq, cavabdehə ona pensiya təyin olunması üçün müvafiq ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan 8 yanvar 2021-ci il tarixli məktubla ərizəni təmin etməkdən və ona pensiya təyinatından imtina etmişdir. O, hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə görə Qanun qüvvəyə mindiyi günədək (1 yanvar 2006-cı il tarixədək) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş və 1 yanvar 2006-cı ilədək qüvvədə olan 1 və 2 nömrəli siyahılar əsasında müəyyən edilir. 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cii maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, 52 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdirlər. Onun pensiya hüququ 8 sentyabr 2012-ci il tarixdə yaranmışdır və 30 il 4 gün ümumi iş stajı və 18 il 1 ay 24 gün zərərli işlərdə iş stajı var, iş stajı əmək kitabçasında öz əksini tapmışdır. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» AR Qanununun 3, 4, 31, 32, 37.7-ci maddələrinə əsaslanaraq, ona (iddiaçıya) əmək kitabçasında göstərilən iş stajı nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh tərəfin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddiası tam əsassız hesab edilir və rədd edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39.002,85 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 12.164,99 manat təşkil edir. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin vacibliyi Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5359/2020 saylı iş üzrə 2 dekabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur. Nəticə etibarilə 1 iyul 2017-ci il tarixdən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İddiaçının ümumi və xüsusi stajı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ əldə etməsinə imkan vermir. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək (dəqiqləşdirilərək) «iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30-cu maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan РВ seriyalı 386197 nömrəli diplomun surətndən görünür ki, İddiaçı 1984 – 1989-cu illərdə Mordoviya Dövlət Universitetində təhsil almışdır. İş materiallarında olan НЗ seroyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, 1960-cı il təvəllüdlü İddiaçı 1978 – 1980-ci illərdə həbi xidmətdə olmuşdur. İş materiallarında olan Ləğvetmə prosesində olan "xxxx" ASC-nin 27 noyabr 2020-ci il tarixli arayışında aşağıdakılar bildirilir: - 1960-cı il təvəllüdlü İddiaçı 11 aprel 1989-cu il tarixdən "xxxx" X2 lampaları sexində mühəndis-texnoloq kimi əmək fəaliyyətinə başlamış, 1 oktyabr 2007-ci il tarixədək həmin sexdə çalışmışdır (18 il 1 ay 24 gün). “Azərelektroişıq" İB-nin bazasında keçmiş İqtisadi İnkişaf Nazirliyinin 29 noyabr 2001-ci il tarixli 257 saylı sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Vətəndaşın əmək kitabçasında onun 1 oktyabr 2007-ci il tarixdə işdən azad olunması barədə qeyd vardır (əsas: AR Nazirlər Kabinetinin 418 saylı 19 fevral 2007-ci il tarixli sərəncamının icrası ilə bağlı). İddiaçı işi – usta, mühəndistexnoloq kimi köməkçi fəhlə olaraq tam iş günü civə tətbiq etməklə civəii cihazlar hazırlamaqdan ibarət olmuşdur. Onun işlədiyi sexdə ətraf mühitə civə buxarının buraxıla bilən normadan yüksək olduğundan həmin sex zərərli iş sahəsi hesab olunurdu. Bu səbəbdən, İddiaçı AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1-ci siyahının 1130000b-17541 (civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan işlərdə və sahələrdə məşğul olan rəhbərlər və mütəxəssislər) maddəsinə əsasən güzəştli pensiya hüququna malik hesab edilə bilər. İş materiallarında olan İddiaçı məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, həmin sənəddə İddiaçı 2 sentyabr 1977-ci ildən 7 oktyabr 1978-ci il tarixədək, 28 may 1981-ci il tarixdən 13 dekabr 1983-cü il tarixədək, 1 yanvar 1987-ci il tarixdən 20 avqust 1987-ci il tarixədək, 7 sentyabr 1987-ci il tarixdən 1 oktyabr 2007-ci il tarixədək müxtəlif təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: “v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 1 nömrəli Siyahının “Xİİİ. Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı” bölməsinin “b” bəndində civə tətbiq etməklə, cihaz və məmulatlar hazırlanan işlərdə və sahələrdə məşğul olan rəhbərlər və mütəxəssislər “1130000b – 17541” kodu ilə nəzərdə tutulmuşdur. Göründüyü kimi, işin hallarından 8 sentyabr 2012-ci il tarixdə 52 yaşı tamam olan hazırkı iddiaçının 1 yanvar 2006-cı il tarixədək 20 ildən artıq ümumi staja, o cümlədən AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 10 ildən artıq staja malik olması müəyyən edilir və bu xüsusat işin mübahisələndirilməyən hallarına aiddir. Beləliklə tərəflərin izahatı və işdə olan sübutlar əsasında aparılmış məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 8 sentyabr 1960-cı il tarixdə doğulmuşdur, 2006-cı ilin yanvar ayının 1-dək 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışmışdır və onun 10 ildən artıq işlədiyi vəzifə – “lyuminisent lampaları sexi”ndə mühəndis-texnoloq və usta peşələri AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının “Xİİİ. Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı” bölməsində 1130000b – 17541 kodu ilə nəzərdə tutulmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəsi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi imtinaya səbəb kimi, onun qanunla ələb olunan həcmdə sığorta kapitalı məbləğinin toplanmadığını əsas gətirmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Məhkəmə vurğulayır ki, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi iş stajına, o cümlədən 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 52 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Bu isə o deməkdir ki, güzəştli şərtlərlə yaşa əmək pensiyasının «Əmək pensiyaları haqqında» AR Qanununun tələbləri 1 yanvar 2006-cı il tarixədək yuxarıda göstərilən iş stajlarına malik şəxslərə başqa şərt, o cümlədən “müvafiq minimum məbləğdə sığorta kapitalını toplamaq” şərtini qoymur. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı X3 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “tələb olunan minimum məbləğdə sığorta kapitalının toplanmaması” səbəbi ilə imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 52 yaşdan (8 sentyabr 2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşdan (8 sentyabr 2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4740/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4740/2021
02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver