Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4741/2021 11.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşdan, yəni 01.07.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. 31.08.1977-ci il tarixdən 10.08.1979-cu il tarixədək orta texniki peşə məktəbində təhsil almışdır. 11.05.1980-cı il tarixdən 11.05.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 03.09.1979-cu il tarixdən 15.09.1984-cü il tarixədək kolxozda çalışmışdır. 04.10.1984-cü il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur. Əmək fəaliyyəti dövründə ancaq elektrik qaz və elektrik qaynaqçısı peşələrində işləmişdir. Həmin vəzifə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həm də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində öz əksini tapmışdır. 01.01.2006-cı il tarixədək 25 ildən çox ümumi və 20 ildən çox xüsusi stajı vardır. Cavabdehə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin, cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin qeyd olunan əsaslarla müraciətindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət (etiraz) bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddiaçının dəlillərinin yetərsiz olduğunu göstərmişdir. Birincisi “Vətəndaşların pensiya təminatı haqqında” Qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunveriliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güəzştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-cı il tarixinədək (yəni ƏPQ-nun qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2-ci şərtə əməl edilməmişdir. İddiaçının 06.12.1979-cu il tarixli, АЗЕ seriyalı, ******* nömrəli əmək kitabçasında və "xxxx" MMC-nin iddiaçıya dair 3 iyul 2017-ci il tarixli, 24 nömrəli arayışda 04.10.1984-20.12.2000-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının Tikinti İdarəsində elektrik qaz qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı 01.01.1990-20.12.2000-ci il tarixləri arasındakı dövr üzrə əmək haqqı cədvəllərində iddiaçının adının qeyd olunmadığı və 20.12.2000-ci il tarixdə işdən azad edildiyi barədə müvafiq əmrin olmadığı müəyyən edilmişdir. Qeyd olunan faktlar "xxxx" MMC tərəfindən 10.02.2021-ci il tarixli akt ilə təsdiq edilmişdir. Odur ki, həmin dövrü (01.01.1990-20.12.2000) iddiaçının əmək stajına daxil etmək mümkün deyildir. Belə olan halda, iddiaçı 01.01.2006-cı il tarixədək “ƏPQ” ilə tələb edilən 25 il ümumi iş stajı müddətini tamamlamamışdır. İkincisi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış peniya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, “ƏPQ”-nun 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 60 yaşı tamam olduğu tarixədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 4 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarında göstərilməsi; 4) yetərli pensiya kapitalı. Hazırki iş üzrə 2-ci və 4-cü şərtlərə əmək edilməmişdir. İddiaçının 06.12.1979-cu il tarixli, АЗЕ ******* nömrəli əmək kitabçasında və "xxxx" MMC-nin iddiaçıya dair 3 iyul 2017-ci il tarixli, 24 nömrəli arayışda 04.10.1984-20.12.2000-ci il tarixləri arasındakı dövr ərzində ididaçının Tikinti İdarəsində elektrik qaz qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan məlumatların yerində dəqiqləşdirilmə zamanı 01.01.1990-20.12.2000-ci il tarixləri arasındakı dövr üzrə əmək haqqı cədvəllərində iddiaçının adının qeyd olunmadığı və 20.12.2000-ci il tarixində işdən azad edildiyi barədə müvafiq əmrin olmadığı müəyyən edilmişdir. Qeyd olunan faktlar "xxxx" MMC tərəfindən 10.02.2021-ci il tarixli akt ilə təsdiq edilmişdir. Odur ki, həmin dövrü (01.01.1990-20.12.2000) iddiaçının əmək stajına daxil etmək mümkün deyildir. Belə olan halda, iddiaçı 01.01.2006-cı il tarixdək “ƏPQ” ilə tələb edilən 25 il ümumi iş stajı müddətini tamamlamamışdır. ƏPQ-nin 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitinin qeydə alındığı subhesabdır. ƏPQ-nin 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. ƏPQ-nin 6.2-ci maddəsinə görə, əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. ƏPQ-nin 6.3-cü maddəsinə görə, əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanların fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. ƏPQ-nin 45-ci maddəsinə görə, bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Göründüyü kimi, iddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 60 yaşdır. Ümumi əsaslarla, yəni ƏPQ-nin 7-ci maddəsində kişilər üzrə nəzərdə tutulmuş pensiya yaşı, iddiaçının 60 yaşının tamam olduğu 01.07.2020-ci ildə 65 yaş tamam olmuşdur. Deməli, ƏPQ-nin 45-ci maddəsinə əsasən, iddiaçıya aid fərdi hesabda toplanmış pensiya kapitalı 144 ay deyil, 204 aya (144 ay + 60 ay) bölünməlidir. 60 ay iddiaçının pensiyaya çıxmaq hüqüqunun yarandığını iddia etdiyi 60 yaşla ƏPQ-nin 7-ci maddəsində həmin tarixdə nəzərdə tutulmuş pensiya yaşı 65 yaş arasındakı fərqqdir (65 il – 60 il = 5 il). 204 ay × 200.00 manat (minimal pensiya məbləği) = 40800.00 manat. İddiaçının cəmi pensiya kapitalı 39331.00 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Həmçinin, nəzərə çatdırırlar ki, “ƏPQ”-nin 1.0.18-ci maddəsinə əsasən sığortaolunanların əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli, 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasınn minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona 60 yaşının tamam olduğu, 01.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin mülahizələrinə və dəlillərinə qiymət verərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 17 fevral 2021-ci il tarixli, **********6 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyi АЗЕ seriyalı, ******* nömrəli əmək kitabçasında və "xxxx" MMC-nin ona dair 3 iyul 2017-ci il tarixli, 24 nömrəli arayışında 04.10.1984-20.12.2000-ci il tarixləri arasındakı dövr ərzində Tikinti İdarəsində elektrik qaz qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı 01.01.1990-20.12.2000-ci il tarixləri arasındakı dövr üzrə əmək haqqı cədvəllərində adı qeyd olunmadığı və 20.12.2000-ci il tarixində işdən azad edilməsi barədə müvafiq əmrin olmadığı müəyyən edilmişdir. Qeyd olunan faktlar "xxxx" MMC tərəfindən 10.02.2021-ci il tarixli akt ilə tədiq edilmişdir. Buna görə də, 01.01.1990-20.12.2000-ci il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (23 il 3 ay 12 gün) təşkil edir. Bundan başqa, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hisəsidnə qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hisəssində qeydə alınan pensiya kapitalı cəmi 39331.0 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüddür. İşdə olan iddiaçıya məxsus АЗЕ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 03.09.1979-cu ildə “Azərbaycan” Kolxozunun üzvlüyünə qəbul edilərək, İV dərəcəli elektrik qaynaqçısı təyin edilmiş, 15.09.1984-cü ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. 04.10.1984-cü il tarixdə 302 saylı Tikinti İdarəsində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı kimi qəbul edilmiş, 10.12.1984-cü ildən 01.06.1989-cu ilə qədər 4-cü dərəcəli elektrik qaz qaynaqçısı işləmiş, 01.06.1989cu ildə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı keçirilmiş, 20.12.2000-ci ildə öz xahişinə əsasən işdən azad edilmişdir. 25.12.2000-ci il tarixdə “AzNKZT” Tr, 2 №-li T.Q.İ.-də tikinti sahsinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı işinə qəbul edilmiş, 28.06.2002-ci il tarixdə işdən azad edilmişdir. 02.01.2003cü ildə "xxxx" Təmir Tikinti Quraşdırma Müəssisəsinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsi üzrə işə qəbul edilmişdir. 30.12.2004-cü ildə işdən azad edilmişdir. 18.05.2005-ci ildə “X3” LTD-də qaynaqçı peşəsinə qəbul edillmiş, 19.10.2006-cı il tarixdə işdən azad edilmişdir. 12.02.2008-ci il tarixdə “X3” LTD-də qaynaqçı peşəsinə qəbul edilmiş, 13.07.2009-cu il tarixdə işdən azad edilmiş, 14.03.2011-ci il tarixdə "xxxx" QSC-də əl ilə qaynaqda elektrikqaynaqçısı peşəsinə qəbul edilmiş, hal-hazıradək işləməkdə davam edir. İşdə olan “X4” LLC tərəfindən verilmiş 4022 nömrəli, 10.07.2017-ci il tarixli arayışdan görünür ki, iddiaçı həqiqətən 2005-ci ilin may ayının 18-dən 2006-cı ilin oktyabr ayının 19-na kimi, 2008-ci ilin fevral ayının 12-dən 2009-cu ilin iyul ayının 13-nə kimi “X4” MMC birgə müəssisəsində qaynaqçı peşəsində işləmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 24 nömrəli, 03 iyul 2017-ci il tarixli arayışdan görünür ki, o, həqiqətən 04.10.1984-cü il tarixində 100 c nömrəli əmrlə 302 saylı Tikinti İdarəsində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı kimi qəbul edilib. 10.12.1984-cü ildən 01.06.1989-cu ilə qədər 120 c nömrəli əmrlə əmək kitabçasına əsasən 4-cü dərəcəli elektrik qaz qaynaqçısı işləyib. 01.06.1989-cu ildə 65 c nömrəli əmrlə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı keçirilib. 20.12.2000-ci il tarixində 36 c nömrəli əmrlə işdən azad edilmişdir. İşdə olan "xxxx" QSC tərəfindən verilmiş 06.08.2020-ci il tarixli, arayışdan görünür ki, o, 14.03.2011-ci il tarixindən hal-hazırki vaxta qədər "xxxx" QSC-nin Tullantılar emalı Departamentinin 4cü sahəsində (H.Əliyev adına X7) əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsində işləyir. İşdə olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X5 və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş 23 sentyabr 2020-ci il tarixli, 19 nömrəli arayışdan görünür ki, o, həqiqətən 31.08.1977-ci il tarixində 22 nömrəli orta texniki peşə məktəbinə “Elektrik qaz qaynaqçısı” ixtisası (əyani şöbəyə) qəbul olmuş, 10.08.1979-cu il tarixində 22 nömrəli orta texniki peşə məktəbini “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə bitirmişdir. Arxiv sənədlərinə əsasən ona 5034 nömrəli diplom verilmişdir. İşdə olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş 5034 nömrəli attestatın surətindən görünür ki, İddiaçı 31.08.1977-ci il tarixdən 10.08.1979-cu il tarixinədək “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə peşə təhsili almışdır. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 11 may 1980-cı ildən 11.05.1982-ci il tarixədək Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 04 nömrəli, 28 aprel 2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı həqiqətən 1990-1991-ci illərdə 302 saylı Tikinti idarəsində 5-ci dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. Əmək haqqı 1990-1991-ci illər üzrə cəmi 10037.96 manat təşkil etmişdir. 10.02.2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Sığorta Kapitalı əsasında hesablanan pensiya təyinatı şöbənin mütəxəssisləri təərfindən tərtib olunan aktda 1990 – 1991-ci illər nəzərə alınmamışdır. İşdə olan "xxxx" MMC 302 saylı tikinti idarəsi tərəfindən verilmiş 11 yanvar 1999-cu il tarixli, 3/c nömrəli əmrdən görünür ki, 5-ci dərəcəli elektrik qaynaqçısı İddiaçı 11.01.1999-cu ildən öz hesabına məzuniyyətdən geri çağırılmış və yeni açılan Azneft Tikinti sahəsinə göndərilmişdir. İşdə olan cavabdeh tərəfindən pensiya alt sistemindən çıxarılmış iddiaçının pensiya kapitalı haqqında məlumatdan görünür ki, onun hazıradək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 41799.59 manat təşkil edir. Məhkəmə iddianı aşağıdakılara görə əsaslı hessab edir. - İddiaçı xx.xx.1960-cı il təvəllüddür. İddiaçının 01.07.2020-ci il il tarixdə 60 yaşı olmuş, iddiaçının 01.07.2020-ci il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuş, bundan əlavə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasına və iş materiallarına əlavə edilmiş, hərbi bilet, orta texniki peşə haqqında attestat, işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlara əsasən onun ümumi iş stajı 25 ildən artıqdır. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtinanın və iddiaya qarşı təqdim edilmiş etirazın əsasında iddiaçının 01.01.1990-20.12.2000-ci illərdə "xxxx" MMC-də işlədiyi dövr üzrə əmək haqqı cədvəllərində iddiaçının adının qeyd olunmaması, 20.12.2000-ci il tarixdə isə işdən azad edilməsi barədə müvafiq əmrin olmaması əsas gətirilərək, həmin illərin iddiaçının sığorta stajına daxil edilməməsi səbəbindən ümumi iş stajının 25 ildən az təşkil etməsi göstərilsə də, məhkəmə cavabdehin həmin mövqeyini əsassız hesab edir. Belə ki, işdə olan "xxxx" MMC tərəfindən verilmiş 04 nömrəli, 28 aprel 2021-ci il tarixli arayış və ona əlavə olunmuş 11 yanvar 1999-cu il tarixli əmrdən müəyyən edilmişdir ki, iddiaçı 1990-1991-ci illərdə 302 saylı Tikinti İdarəsində 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsində işləmiş, həmin illər üzrə ümumilikdə əmək haqqısı 10037.96 manat təşkil etmiş, 11.01.1999-cu ildə isə öz hesabına məzuniyyətdən geri çağırılmışdır. Göstərilən sübutlar isə ona dəlalət edir ki, iddiaçı 1984-1991-ci illərdə "xxxx" MMC-də 302 saylı Tikinti İdarəsində işləmiş, 1991-1999-cu il tarixləri arasındakı dövrlərdə isə öz hesabına məzuniyyətdə olmuşdur. İddiaçının öz hesabına məzuniyyətdə olduğu dövrün isə onun ümumi iş stajına daxil edilməməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Güzəştli iş stajına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan iddiaçı barəsində işlədiyi müəssələr tərəfindən verilmiş arayışlardan görünür ki, iddiaçı elektrik qaz qaynaqçısı və əl ilə qaynaqda elektrik qaynaqçısı peşələrini icra etmişdir. Həmin peşələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-da nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən halları ilə iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıq olması öz təsdiqini tapmışdır. Məhkəmə eləcə də, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı qeyd edir ki, sözügedən hal da, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş pensiya alt sistemindən çıxarışda öz təsdiqini tapır. Belə ki, iddiaçıya münasibətdə qanunvericiliyə uyğun olaraq aşağı həddə 40.800.00 manat məbləğində pensiya kapitalı tələb olunur, sözügedən çıxarışda isə qeyd edilmişdir ki, iddiaçının cəmi pensiya kapitalı hazırda 41799.59 manat təşkil edir. Göstərilən hal isə, iddiaçının qanunveriliklər tələb olunan pensiya kapitalına malik olmasını təsdiq edir. Həmçinin məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 01.07.2021-ci il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olunduğundan, eləcə də, bundan əlavə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyindən, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı omayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı trəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərrtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşdan, yəni hüququnun yarandığı 01.07.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibat Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4741/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4741/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver