Məhkəmə qərarları › İş №2-1(112)-4741/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4741/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4741/2022 26.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbinin dəyişdirilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbinin dəyişdirilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Reabilatisiya Agentliyinin iddiaçıya üçüncü dərəcəli əlillik təyin olunması barədə xx.xx.2021-ci il raixli məlumatı əsassız hesab edilməsi və ona təyin olunmuş ikinci qpur əllilik dərəcəsinin bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci ildə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı— xəsarətin hərbi travma olması və həmin xəsarətin hərbi xidmət vəzifələrini yerinə yetirərkən alması qeyd olunub. Hərbi xidmətdə olarkən aldığı digər xəsarətə dair şəhadətnamədə isə "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" yazılıb. Alınmış xəsarətlər nəticəsində ona 2007-ci ildə 2-ci qrup əlilik dərəcəsi təyin olunub. 2021-ci ildə növbəti əlillik müayinədən sonra heç bir səbəb olmadan əlilliyə səbəb kimi diaqnozlar eyni ilə saxlanılsada xəsarətə səbəb dəyişdirilərək "Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır" sözləri hərbi xidmət dövrü ilə əlaqədar olması sözləri ilə əvəz olunmuşdur. 26 ildən sonra hansı haqla əliliyin səbəbinin dəyişdirilməsi anlaşılan deyil. Əlillik dərəcəsinin dəyişdirilməsi HMK-sı tərəfindən iddiaçıya verilmiş 88 saylı göndərişdə qeyd olunmuş məlumatlarla uyğunsuzluq təşkil edir. Nəticədə ikinci əlillik dərəcəsini üçüncü əlillik dərəcəsi ilə əvəz edilib. Təkrar müayinə nəticəsində hüquqlarını qəsdən pozulub və əlillik dərəcəsi azaldılıb. xx.xx.2021-ci ildə Nərimanov rayonu 8 saylı poliklinikasının HMK-nın 88 saylı göndərişi Sizə göndərildiyi halda xx.xx.2021-ci ildə Hərbi Həkim Komissiyasında müayinədən keçmişdir. Lakin MTSEK-da müayinə olunduqdan sonra ona xx.xx.2021-ci ildə 3-cü qrup əlillik dərəcəsi təyin olunub. May ayı daxil olmaqla 5 ay pensiyası əsassız olaraq dayandırılıb. Əlillik dərəcənin azaldılması nəticəsində pensiyanın məbləği 905 manat azaldılıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2008-ci il tarixli 826 saylı qərarında aldığı xəsarət "hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır" göstərilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nairliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonunsu müayinəyə dair xx.xx.2021-ci il tarixli məlumatda heç bir səbəb olmadan göstərilməyib. Hansı ki, 14 ildən sonra əlilliyə səbəb olmuş məlumatın dəyişdirilməsi yolverilməzdir. Nəzərə almaq lazımdır ki, 10 il ərzində əlillik dərəcəsi dəyişdirilməyən şəxslərə əlillik ömürlük təyin olunur. xx.xx.2021-ci ildə verilən 88 saylı forma arayışda da TSEK-ə göndərilməsi üçün əsas kimi " hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır" göstərilib. Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır sözləri ilə "xəstəlikdir, hərbi xidmət dövründə almışdır sözləri arasında fərq ondan ibarətdir ki, xəstəlikdir, hərxbi xidmət dövründə almışdır sözləri əhəmiyyətli dərəcədə fərqlidir. 14 ildən sonra əlilliyə səbəbin dəyişdirilməsi prezident təqaüdünün kəsilməsi və əlillik dərəcəsinin aşağı salınması ilə nəticələnmişdirki, nəticədə pensiya məbləği 905 manat azalmışdır. xx.xx.2021-ci ildə Tibbi-Sosial Ekspert Reabilatisiya Agentliyinə yol verilən qanunsuzluqların yaranma səbəbləri barədə və həmin qanunsuzluqların aradan qaldırması barədə məlumat verilməsini xahiş etsə də müraciətinə cavab verilməyib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçı tərəfin “İddiaçı xx.xx.2021-ci il tarixli qərarla təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” kimi qeyd olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh inzibati orqana qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmiş və iştirak etməməsinin səbələri barədə məhkəməyə məlumat verilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etiraz məhkəməyə təqdim etməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - iddiaçının cavabdeh inzibati orqana müraciəti və müraciətin göndərilməsinə dair poçt qəbzləri. - xx.xx.2007-ci il tarixli 762 nömrəli Xəstəlik haqqında şəhadətnamə. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 826 nömrəli xx.xx.2008-ci il tarixli Qərarı. - xx.xx.2021-ci il tarixli 8 nömrəli Şəhər Poliklinikasının 2709003AACRR saylı göndərişinin (forma 088) surəti. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatları. - X1 PHŞ-in 1 nömrəli poliklinika şöbəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 197 nömrəli xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İddia tələbindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli qərarla təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” kimi qeyd olunmasını tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: xx.xx.2007-ci il tarixli 762 nömrəli Xəstəlik haqqında şəhadətnaməyə əsasən Hərbi Həkim Komissiyasının qərarı ilə iddiaçının xəstəliyinin səbəbi “Xəstəlik hərbi xidmət dövründə alınmışdır” kimi təsdiq olunmuşdur. Həmin Qərarın əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 8 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya “Hərbi xidmət dövrü ilə əlaqədar” 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 826 nömrəli xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir: “Bakı ş. Xətai RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən, xidməti ezamiyyətdən qayıdan zaman xx.xx.1995-ci ildə aldığı və xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilə kimi Naxçıvan Muxtar Respublikası xəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz: «Kəllə-beyin travması. Təpə nahiyyəsinin əzilmiş yaraları. Beyin silkələnməsi» (Naxçıvan Muxtar Respublikası xəstəxanasından verilmiş xx.xx.1995-ci il tarixli çıxarış epikrizi və xx.xx.2008-ci il tarixli 222 nömrəli tibbi arayış ilə təsdiq edilir), və xx.xx.2007-.ci ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Klinik Hospitalın terapiya profilli HHK-sı tərəfindən təyin edilmiş xəstəlik - diaqnoz: «Xroniki ab- sesləşən piodermiya. Seboreya formalı psoriaz, stasionar mərhələdə. Düz bağırsaq fıstulasının kəsilməsi əməliyyatından sonrakı (1999) anusun çapıq mənşəli destruksiyası və anus sfınktorunun İİ (ikinci) dərəcəli çatışmazlığı» (xx.xx.2007-ci il tarixli 762 nömrəli xəstəlik haqqında şəhadətnamənin surəti ilə təsdiq edilir), «XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR». ƏSAS: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.2. maddəsinin c), ç) bəndləri.” Bundan sonra müvafiq Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixli qərarları ilə iddiaçıya “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin, xx.xx.2021-ci il tarixdə İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 2709003AACRR nömrəli göndərişi əsasında qiymətləndirilmiş və ona “Hərbi xidmət dövrü ilə əlaqədar” 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmin 2.2.5 bəndinə müvafiq olaraq “Hərbi xidmət dövrü ilə əlaqədar” 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Beləliklə, İddiaçı aldığı travmanın «HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR» kimi Mərkəzi Hərbi Həkim Komissiyasının 826 nömrəli xx.xx.2008-ci il tarixli Qərarı ilə təsdiq olunması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 826 nömrəli xx.xx.2008-ci il tarixli Qərarına əsasən Tibbi-Sosial Ekspert Komissiyasının müvafiq qərarları ilə iddiaçıya “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” ikinci dərəcə əlillik təyin edilsə də, xx.xx.2021-ci il tarixdə hansı əsasla ona “Hərbi xidmət dövrü ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilməsi cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamış və bununla bağlı heç bir inzibati icraat aparılmamış, həmçinin cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İPM-in 67-ci maddəsi rəhbər tutularaq İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 (bir) ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsə də, müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülməmişdir. İPM-in 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 1.1-ci bəndinə əsaəsn bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci yarımbəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 3.1.1-ci bəndinə əsasən əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda əlillik səbəbi Xidmət tərəfindən dəyişdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”nin 3.1.2-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmuş qaydada inzibati icaatın tam və hərtərəfli olaraq aparılmadığı müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, İddiaçı aldığı travmanın «HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR» kimi Mərkəzi Hərbi Həkim Komissiyasının 826 nömrəli xx.xx.2008-ci il tarixli Qərarı ilə təsdiq olunması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmçinin əvvəllər təyin edilmiş əlilliyin səbəb-əlaqəsinin dəyişdirilməsinə heç bir əsas olmadığından hazırkı iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərardad məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixli qərarla təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” kimi qeyd olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixli qərarla təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” kimi qeyd olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar