Məhkəmə qərarları › İş №2-1(112)-4743/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4743/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4743/2021 14.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İş № 2-1(112)-4743/2021 QƏRARDAD Bakı şəhəri “14” aprel 2020-ci il Bakı İnzibati Məhkəməsi X1 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra və Probasiya şöbəsinə qarşı icra şöbəsinin hərəkətsizliyindən müdafiə və icra şöbəsinin üzərinə öhdəlik qoyulması tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra və Probasiya şöbəsinə qarşı icra şöbəsinin hərəkətsizliyindən müdafiə və icra şöbəsinin üzərinə öhdəlik qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon İcra və Probasiya şöbəsinin hərəkətsizliyindən verdiyi şikayətin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhməsinin İnzibati Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(105)-56/2019 saylı qərarının icra edilməsi məqsədi ilə cavabdeh Binəqədi rayon İcra və Probasiya şöbəsinin üzərinə borclu “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin əmlakının və bank hesablarının üzərinə həbs qoyulması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə qarşı kompensasiya tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Tələbinin mahiyyəti ondan ibarət olmuşdur ki, "Bilgəh- Sumqayıt Avtomobil Yolunun Tikintisi’’ Layihəsi çərçivəsində tikinti altına düşən Masazır duz gölünün şimali-qərb hissəsindən yolun mühafizə zonası saxlanılmaq şərti ilə yol kənarında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, tibbi müəssisə tikmək məqsədi ilə mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə torpaq sahəsinin hər sotu üçün 12.000 manat olmaqla 108.000 manat, əmlakının bazar dəyərinin 20%-i miqdarında əlavə 21.600 manat, torpağın satın alınması ilə əlaqədar müəyyən edilmiş kompensasiya ilə yanaşı torpağın könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətin 10 %-i məbləğində 10.800 manat əlavə hesablanmaqla 140.400 manat məbləğində kompensasiyanın, manatın devalivasiyası və əmlakından istifadədən 3 ildir məhrum olduğu üçün dəymiş zərərə görə 100.000 manat maddi zərər olmaqla cəmi 240.400 manat (iki yüz qırx min dörd yüz) manat kompensasiya məbləğinin ona ödənilməsinin cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (keçmiş "xxxx" ASC) və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-32/2018 №li xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(85)-32/2018 saylı qərarından verdiyi apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(85)-32/2018 saylı qərarı ləğv edilmiş, onun cavabdeh "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə qarşı "Bilgəh-Sumqayıt Avtomobil Yolunun Tikintisi” Layihəsi çərçivəsində tikinti altına düşmüş, hüquqların dövlət qeydiyyatı haqqında seriya RX ******* saylı və ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən dövlət qeydiyyatına alınmış və mülkiyyətində olan hər birinin sahəsi 0,0505 ha və 0,0395 ha torpaq sahələrimin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 108.000 manat, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə uyğun olaraq isə 21.600 manat əlavə haqq olmaqla cəmi 129.600 manat pul kompensasiyasının dövlət bücəsi hesabından ona ödənilməsi öhdəliyinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulması barədə xx xxxx 2019-cu il tarixli, 2-1(105)-56/2019 saylı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qərar qəbul etmişdir. Qərarın icrası üçün müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə həvalə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2- l(105)-56/2019 saylı qərarı icra edilməsi üçün Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən həmin qərar üzrə verilən icra vərəqəsinin icrasının təmin edilməsi üçün icra vərəqəsini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi isə həmin iş üzrə 3-cü şəxs qismində iştirak etdiyi üçün Dövlət Büdcəsindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılan puldan icra vərəqəsində qeyd edilmiş pul məbləğinin ona ödəməkdən boyun qaçırır. O, iddia ərizəsində də xahiş etmişdir ki, cavabdeh "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə pul dövlət büdcəsindən ayrılır və həmin pulun təyinatı üzrə xərclənməsinə Maliyyə Nazirliyi nəzarət edir. Ona görə də ona ödənilməli olan pul məbləği Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi köçürülməlidir. Binəqədi rayon İcra şöbəsinin icra məmuru icraatında olan həmin icra sənədini icra etməyərək, Maliyyə Nazirliyinin həmin qərarı icra etmədiyini bildirdikdən sonra o, məcbur qalaraq Sumqayıt İnzibati Məhkəməsinə qərara şərh verilməsinə dair ərizə ilə müraciət etmiş, həmin ərizəsi təmin edilməyərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8-1(118)-6/2020 saylı qərardadı ilə rədd edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 8-1(118)-6/2020 saylı qərardadından apellyasiya şikayəti versə də, şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh iddiaya dair yazılı münasibət bildirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb olunmaqla kompensasiya və s. tələbinə dair iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-56/2016 saylı iş üzrə çıxartdığı xx.xx.2019-cu il tarixli qərarının icrası ilə bağlı Sumqayıt İnzibati Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Hazırda iddiaçı qeyd olunan icra sənədi üzrə icra məmurlarının hərəkətsizliyi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” x xxxxx 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati- Prosessual Məcəllənin 2.1-cı maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibatıiqtisadı məhkəmələr tərəfindən baxılır. Sonradan “İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 16 oktyabr tarixli Qanunu ilə 87.1ci maddəyə dəyişiklik edilmiş, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclunun icra məmurunun olduğu yer üzrə inzibati-iqtisadi məhkəməyə şikayət verə bilməsi müəyyən edilmişdir. Bundan əlavə Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx xxxxxxxx 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Adı çəkilən qərarında Konstitusiya Məhkəməsi Plenumu bu nəticəyə gəlmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası inzibati Prossesual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxılır. Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” qərarında isə göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Həmin Qərarda qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Bundan əlavə məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). Beləliklə, yuxarıda adı çəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun hərəkətləri həmin inzibati işin bilavasitə davamıdır və icra məmurunun həmin hərəkətlərindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-56/2016 saylı iş üzrə çıxartdığı xx.xx.2019-cu il tarixli qərarının icrası ilə bağlı Sumqayıt İnzibati Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş icra vərəqəsinin icrası ilə bağlı icra məmurlarının hərəkətsizliyindən verilmiş hazırki iddiaya aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. İddiaçı işin aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon İcra və Probasiya şöbəsinə qarşı icra şöbəsinin hərəkətsizliyindən müdafiə və icra şöbəsinin üzərinə öhdəlik qoyulması tələbinə dair 2-1(112)-4743/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar