Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4744/2021 18.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və "xxxx" ASC) “kompensasiyanın hesablanması və ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) kompensasiya ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra – Cavabdeh) müraciət etmiş, cavabdeh 26-04313-2020 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. İddiaçının kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar olaraq, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yarandığından, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir.
2. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanının 1-ci hissəsinin icra edilməsi, kompensasiyanın hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən ona kompensasiya hesablanaraq adının ödəniş ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi, ona ödəniləcək vəsaitin məbləğinin müəyyən edilməsi və ödəniləcək məbləğ barədə məlumatın Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4744/2021 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi qəbul edilmişdir.
4. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4744/2021 saylı qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması:
5. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ilə "xxxx" ASC-dən 36 ay müddətinə 16284 ABŞ dolları məbləğində kredit almışdır. xx.xx.2015-ci il tarixində dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi kəskin dəyişmiş, buna baxmayaraq xx.xx.2016-cı ildə kredit borcunu tam şəkildə ödəmişdir. "xxxx" ASC ilə xx.xx.2013-cü ildə bağlamış olduğu müqavilə əsasında ABŞ dolları ilə verilmiş olan kredit haqqında məlumat Fərman əsasında Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılmış vahid portalda (pk.fimsa.az/az/kompensasiya) yerləşdirilməmişdir. Kompensasiya məbləğini sorğulayarkən “Axtarışınız üzrə heç bir məlumat tapılmadı” bildiriş pəncərəsi açılmışdır. Bununla bağlı Palatanın apellyasiya komissiyasına müraciət etmiş və cavabında məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur.
6. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli iddiaya münasibətində bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə kredit müqaviləsinin bağlanılması barədə hər hansı qeyd daxil edilməmişdir. Eyni zamanda, məhkəmə mübahisələrinin daha çevik və hərtərəfli araşdırılması, habelə iddiaçının tələbi üzrə yekun mövqeyin bildirilməsi məqsədilə "xxxx" ASC-dən həqiqətən də iddia ərizəsində qeyd olunan kredit müqaviləsinin mövcudluğu, mövcud olduğu təqdirdə müqavilənin təsdiq olunmuş surəti təqdim olunmaqla bu müqavilə üzrə əsas kredit borclarını əks etdirən ssuda hesabından çıxarışın, baş vermiş devalvasiya günlərinə (xx.xx.2015-ci və xx.xx.2015-ci il tarixlərinə günün əvvəlinə) və hazırkı günə əsas kredit borcunun qalıq məbləği barədə müvafiq arayışın təqdim edilməsinə dair həmin kredit təşkilatına məhkəmə sorğusunun göndərilməsi zərurəti vardır. Qeyd edilən məlumatlar məhkəməyə təqdim edildikdən və iddiaçının kredit tarixçəsi kompleks şəkildə yenidən yoxlanıldıqdan sonra iddiaya yekun münasibət bildirilməsi mümükündür.
7. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
8. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
9. Belə ki, üçüncü şəxs "xxxx" ASC tərəfindən təqdim edilmiş və iş materiallarında olan "xxxx" ASC-nin Neftçilər filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçıya 36 ay müddətinə illik 14 faiz dərəcəsi ilə 16284 ABŞ dolları məbləğində kredit verilmişdir.
10. İş materiallarında olan üçüncü şəxs "xxxx" ASC tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş 0396 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, iddiaçının xx.xx.2013-cü il tarixli müqaviləsi mövcuddur. Müştərinin baş vermiş devalvasiya tarixlərinə qalıq borcu, xx.xx.2015-ci il tarixinə kreditin qalıq məbləği 6198.63 (altı min bir yüz doxsan səkkiz tam altmış üç dollar) USD, xx.xx.2015-ci il tarixinə isə 1093.91 (bir min doxsan üç tam doxsan bir dollar) USD təşkil edir. Müştəri krediti xx.xx.2016-cı il tarixində tam şəkildə bağlamışdır. Hal-hazırda xx.xx.2021-ci il tarixinə olan məlumata əsasən İddiaçı "xxxx" ASC-nin Neftçilər filialı qarşısında heç bir kredit üzrə öhdəliyi yoxdur.
11. Məhkəmə qeyd edir ki, dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixdə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli Fərman (bundan sonra – Fərman) qəbul edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Fərmanın 2-ci hissəsi ilə həmin Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməsi müəyyən edilmişdir. Fərmanın 8-ci hissəsinə görə, fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; - 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; - vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Fərmanın 3-cü hissəsi ilə: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməsi; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı) tapşırılmışdır.
12. Tapşırığın icrası məqsədilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** nömrəli 27 mart 2019-cu il qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın kompensasiya tətbiq ediləcək kredit öhdəlikləri və kompensasiya məbləğinin hesablanması qaydasını tənzimləyən 3-cü hissəsinə əsasən: -3.1. Fərmana uyğun olaraq, fiziki şəxslərin kompensasiya ödəniləcək kreditləri aşağıdakı şərtlərdən ən azı birinə cavab verməlidir: 3.1.1. 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Azərbaycan Respublikasının Mərkəzi Bankının (bundan sonra – Mərkəzi Bank) elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır; 3.1.2. 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və (və ya) ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcunun qalıq məbləğinin cəmi 10 000 ABŞ dollarından və ya həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq 10 000 ABŞ dolları ekvivalentindən çox olmamalıdır. - 3.2. Kompensasiya məbləği aşağıdakı qaydada hesablanır: 3.2.1. bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə:
1. fiziki şəxsin 2015-ci il fevralın 21-nə bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada olan əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır;
2. bu Qaydanın 3.2.1-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,25 manat kimi qiymətləndilir. 3.2.2. bu Qaydanın 3.1.2-ci yarımbəndində nəzərdə tutulan əsas kredit borclarına münasibətdə:
1. fiziki şəxsin 2015-ci il dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır;
2. bu Qaydanın 3.2.2-ci yarımbəndinin 1-ci abzasına uyğun olaraq hesablanmış məbləğ 1 ABŞ dollarına 0,60 manat kimi qiymətləndirilir. 3.2.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə xarici valyutada mövcud olan əsas kredit borclarına münasibətdə bu Qaydanın 3.2.1-ci və 3.2.2-ci yarımbəndlərində qeyd olunan hər iki qaydada hesablanmış kompensasiya məbləğləri cəmlənir. Qaydaların 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Qaydaların 4.2-ci hissəsinə əsasən isə Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür.
13. İşdən görünür ki, iddiaçının bağladığı kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan məbləğ, həm də digər əsaslara görə Fərmanın təsir dairəsinə düşmüşdür. Belə ki, müqavilə 2013-ci il yanvarın 23-dən Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqaviləsi olmuş, kredit borcunun cəmi məbləği istər xx.xx.2015-ci ilə, istərsə də xx.xx.2015-ci il tarixə 10 000 ABŞ dollarından az olmuşdur. Belə olan halda müəyyən olunur ki, iddiaçının ona kompensasiya hesablanması barədə hazırkı tələbi əsaslıdır.
14. Məhkəmə onu da qeyd edir ki, üçüncü şəxs "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilən onunla iddiaçı arasında bağlanmış qeyd edilən müqavilə və onlara əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli, 16- 04493-2021 nömrəli məktubu ilə iddiaya dair yekun münasibət bildirərək qeyd etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Hazırda "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir k, tərəflər arasında həqiqətən də xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin məlumatlara görə kredit müqaviləsi üzrə birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixə) 6.198,63 ABŞ dolları, ikinci devalvasiya gününə isə (xx.xx.2015-ci il tarixə) 1.093,91 ABŞ dolları məbləğində əsas kredit borcu mövcud olmuşdur. Sözügedən kredit müqaviləsinin həqiqətən də "xxxx" ASC ilə İddiaçı arasında bağlanılması məhkəmə tərəfindən təsdiq olunarsa, Fərmanın 1.1-ci və 1.2-ci bəndləri nəzərə alınmaqla sonuncunun adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 2.206,00 manat kompensasiyanın hesablanmasına etiraz edilmir.
15. Göründüyü kimi, cavabdeh iddiaçıya kompensasiya hesablanmasına etiraz etməmiş, bu halı "xxxx" ASC ilə İddiaçı arasında həqiqətən kredit müqaviləsinin bağlanılmasının təsdiq olunmasından asılı etmişdir. İşdə həmin müqavilə mövcud olduğundan və müqavilə tərəflərinin hər biri bu müqavilənin mövcudluğunu qəbul etdiyindən, həmin müqavilənin etibarsız hesab olunması ilə bağlı heç bir sübut işdə mövcud olmadığından məhkəmə hesab edir ki, həmin müqavilənin şübhə altına alınması üçün əsas yoxdur.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının tələblərinə əsasən İddiaçı onunla "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında xx.xx.2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən kompensasiya hesablanması, İddiaçı adının kompensasiya ödənişi ediləcək fiziki şəxslərin siyahısına daxil edilməsi və bu barədə bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova