Məhkəmə qərarları › İş №2-1(112)-4745/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4745/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4745/2025 16.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7, üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X9 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 15 saylı evin, 704 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla həmin reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1038 saylı xx.xx.1990-cı il tarixli Azərbaycan Respublikası Bakı İcra Hakimiyyətinin qəbul etdiyi arayış ilə və 500 saylı xx.xx.1990-cı il tarixli Azərbaycan SSR Bakı şəhər X8 İcraiyyə Komitəsinin orderi əsasında həmin yaşayış sahəsinin İddiaçı mülkiyyətinə verilməsi qeyd edilmişdir. Hal-hazırda həmin sənədlər əsasında qeyd edilmiş yaşayış sahəsi iddiaçının adına özəlləşdirilməlidir. Qeyd edilmiş epoçt ünvanına xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-H-0208-8/2024 saylı məktub göndərilmişdir. Həmin məktubda göstərilmişdir ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənədici sənədlər təqdim edilməmişdir. Həmçinin, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, 15 saylı evin, 704 sayli mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınmadığı müəyyən olunmuşdur. Baki şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, 15 saylı evin, 1-ci koıpus, 2 (iki) otaqlı 704 və 1 (bir) otaqlı 704 saylı mənzillərin digər şəxsin adına qeydiyyata alındığı müəyyən edilmiş və hər iki mənzil vətəndaşlar tərəfindən özgəninkiləşdirilmişdir. Bu göstərilənlərlə daşınmaz əmlakı qeydiyyata alınmasından imtina edilməsi tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş və əsl olmayan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Bundan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh etirazında göstərmişdir ki, mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İdarənin arxiv məlumatlarına əsasən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, 15 saylı evin, 1-ci korpus, 2 (iki) otaqlı 704 və 1 (bir) otaqlı 704 saylı mənzillər X2 və X6 adına qeydiyyata alınmış və hər iki mənzil özgəninkiləşdirilmişdir. Həmçinin, iddiaçının Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, 15 saylı evin, 704 saylı mənzilinə yaşayış yeri üzrə qeydiyyata alınmadığı müəyyən olunmuşdur. Bundan başqa, texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, X9 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı işdə iştirak edən şəxslərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddianın mümkün hesab edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş sənədlər: - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin xx.xx.2002-ci il tarixli, 101 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 15 saylı evin, 704 nömrəli mənzilinə X4 ilə icarə müqaviləsi bağlanılması qərara alınmışdır; - ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı X1 mülkiyyət hüququ qeydə alınmışdır; - Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin xx.xx.2003-cü il tarixli, 30/1 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsində yerləşən 15 saylı evin, 2-ci korpus, 704 nömrəli mənzilinə X9 ilə icarə müqaviləsi bağlanılması qərara alınmışdır; - ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı X5 mülkiyyət hüququ qeydə alınmışdır. İşin faktiki halları və iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, iddiaçının mülkiyyət hüququnun tanınması ilə bağlı tələb irəli sürdüyü ünvan 3 ünvanı ilə bağlı 1-ci korpus və 2-ci korpus olmaqla iki mənzil mövcuddur. Hər iki mənzillə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin ayrı-ayrı sərəncamlarına əsasən X4 və X9 ilə icarə müqaviləsi bağlanılmış və bunun əsasında onların mülkiyyət hüquqları tanınmış və daha sonra alqı-satqı müqavilələri əsasında başqalarının adlarına qeydiyyat aparılmışdır. Yəni hazırda həm 1-ci korpus, həm də 2-ci korpus olmaqla ünvan 3 ünvanında yerləşən yaşayış sahələri başqa şəxslərin xüsusi mülkiyyətindədir. İddiaçı iddia irəli sürdüyü mənzilin hansı korpusda yerləşdiyini konkret olaraq bildirə bilməmişdir, belə ki, mənzil onun istifadəsində deyil, lakin hüquqmüəyyənedici sənəd kimi istinad etdiyi Azərbaycan Respublikası Bakı İcra Hakimiyyətinin qəbul etdiyi arayışda mənzilin birotaqlı və yaşayış sahəsinin 16,6 kv.m olduğu qeyd edilmişdir. Bu da 2-ci korpus üzrə X6 adına qeydiyyata alınmış mənzilin xüsusiyyətləri ilə eynilik təşkil edir. Göründüyü kimi, mübahisə predmeti mənzil müvafiq hüquqmüəyyənedici sənədlər əsasında X6 adına özəlləşdirilmiş və sonradan başqa şəxslərin adına təkrar qeydiyyata alınaraq hazırda xüsusi mülkiyyət hüququ əsasında digər şəxsə məxsusdur. Belə olan halda, yəni mənzilin başqasının adına qeydiyyata alındığını və buna əsas olan hüquqmüəyyənedici sənədin qüvvədə olduğunu nəzərə alaraq eyni mənzilə hazırkı iddiaçının hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı tələbinə mahiyyəti üzrə baxıla bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X9 üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalaro

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar