Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4746/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin tərtib olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin tərtib olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 xx.xx.2000-ci il tarixli 04 №-li protokolu əsasında Bilgəh Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 14 №-li qərarı ilə onun fərdi yaşayış evi tikməsi üçün ayrılmış ünvan 1 ünvanındakı 0.46 ha torpaq sahəsinin yerləşmə sxeminin (torpağın coğrafi mövqeyini müəyyən edən yerləşmə cizgisinin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları” haqqında xx.xx.1999-cu il tarixli fərmanı və 29 12.2000-ci il tarixli “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanununa dəyişiklik edilməsi haqqında qanun, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 31 avqust 2000-ci il tarixli 817 №-li sərəncamı ilə əlaqədar olaraq onun mənzil tələbatını nəzərə alıb X1 iclasında müzakirəyə qoyularaq, xx.xx.2000-ci il tarixli 04 №-li protokoluna əsasən ona fərdi yaşayış evi tikmək üçün Bilgəh qəsəbə ərazisində 0,46 ha torpaq sahəsi ayrılması barədə Bilgəh Bələdiyyəsində xx.xx.2002-ci il tarixli 14 №li qərar çıxarılmışdır. Göründüyü kimi, Bilgəh Bələdiyyəsi ona verilmiş səlahiyyətdən istifadə edərək onun fərdi mənzil tikməsi üçün xx.xx.2000-ci il tarixli 04 №-li protokoluna əsasən xx.xx.2002-ci il tarixli 14 №-li qərar çıxarılmışdır. Həmin qərardan sonra 2002-ci ildə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, S.Vurğun küçəsi, döngə 4., ev 8 ünvanında onun üçün Bilgəh Bələdiyyəsi tərəfindən ayrılmış 0.46 ha torpaq sahəsi üzərində ev tikdirmişdir. ünvan 2 ünvanındakı mənzilə dair evin texniki posportunu və Qeydiyyat Vəsiqəsi alaraq 24740 №-li reyestr kitabına salınmışdır. Yaşayış evinə verilən texniki posportda torpağın sxem planı və ölçüləri qeyd olunmuşdur. O, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək xx.xx.2000-ci il tarixli 04 №-li protokoluna əsasən onun fərdi yaşayış evi tikməsi üçün Bilgəh Bələdiyyəsinin xx.xx.2002ci il tarixli 14 №-li qərarı əsasında Bilgəh qəsəbə ərazisində ayrılmış 0,46 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edilməsi üçün müraciət etmişdir. Lakin, xx.xx.2023cü il tarixli məktubu ilə onun müraciətinə imtina cavabı vermişdir. Həmin imtina cavabında Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən təsdiq edilmiş alqı-satqı aktının, torpağın coğrafi mövqeyini müəyyən edən yerləşmə cizgisinin təqdim edilməməsini və ayrılmış torpaq sahəsinin normadan artıq olduğunu əsas gətirərək ona fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsindən imtina edilmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan iddia tələbinə dair yazılı münasibətləri (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın mümkün sayılması və təmin olunmasını xahiş etdi. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bakı şəhəri X1 02 yanvar 2002-ci il tarixli 14 №li qərarından “Çıxarış” dan müəyyən olunur ki, “Vətəndaşların fərdi mənzil tikilməsi üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.2002-ci il tarixli, 14 №-li qərarla X1 iclasının 05 dekabr 2000-ci il tarixli, 04 №-li protokoluna əsasən vətəndaş İddiaçı fərdi yaşayış evi inşa etmək üçün Bilgəh qəsəbə ərazisində 0,46 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq verilmiş Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, № 5-18/2-Q-322-091/2024 saylı məktubunda qeyd olunmuşdur ki, yerləşməsinin cizgisinin verilməsi xahiş edilmiş torpaq sahəsi Cavabdeh tərəfindən ayrılmadığından qaldırılmış məsələ Sabunçu Rayon İcra Hakimiyətinin səlahiyyətinə aid deyildir. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu; … 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İnzibati Prosessual Məcəllə. ... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...
12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın.
... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. İddianın növü və mümkünlüyü və buna dair məhkəmənin mövqeyi.
İlk olaraq, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə (müraciətlərə) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün prosessual məcəllələrdə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, məhkəmə icraatında prosessual qaydaları tənzim edir. Prosessual məcəllələr məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, məhkəmələr tərəfindən icraatın aparılması, işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını tənzimləyir. Prosessual qanunun normaları məhkəmə icraatının gedişatını, həmçinin prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarı) Məhkəmə qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyrimüəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. İPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran amillər nəzərdə tutulmuşdur. Bu qəbil məhdudlaşdırıcı tədbirlərdən biri də iddianın məhkəmə tərəfindən mümkün sayılmasıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulan digər şərtlər mütləq ödənilmiş olmalıdır. Beləliklə, inzibati prosessual qanunvericilik məhkəmələrdən tələb edir ki, onlar ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlasınlar. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Bunun əksinə olaraq, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Məhz bu kontekstdə iddia ərizəsinə münasibətdə qeyd edilməlidir ki, iddia ərizəsinin dəlilləri əsassızdır. Belə ki, məhkəmə qaydasında baxılan iddia tələbi hüquq və ya qanunla qorunan mənafeyin müdafiəsi və yaxud təsdiq edilməsi məqsədi ilə irəli sürülməli, iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsi ilə pozulmuş hüququn bərpası təmin edilməlidir. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan onun hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız o hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun. Göründüyü kimi hazırkı iddia növ etibarı ilə AR İPM-nin 2.2.3-cü maddəsində göstərilən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) tələbinə dair hesab edilir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını müəyyən etməlidir. Hazırkı iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırkı iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən iddianın mümkün sayılmaması nəticəsinə gəlinmişdir. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı məqsədi X1 xx.xx.2000-ci il tarixli 04 №-li protokolu əsasında Bilgəh Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 14 №-li qərarı ilə onun fərdi yaşayış evi tikməsi üçün ayrılmış ünvan 1 ünvanındakı 0.46 ha torpaq sahəsinin yerləşmə sxeminin tərtib olunmasına nail olmaqdan ibarətdir. Lakin iddiaçı torpaq sahəsinin yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanına müraciət etmiş və mübahisə predmeti olan torpaq sahəsinin yerləşmə cizgisinin tərtib olunmasına cəhd etmişdir ki, cavabdeh inzibati orqan düzgün inzibati icraatı aparmaq, inzibati icraat üzrə daxil olmuş materialları aidiyyəti üzrə inzibati orqana göndərmək əvəzinə səlahiyyətin olmaması əsası ilə imtina vermişdir ki, nəticədə hazırkı halda olduğu kimi mümkünsüz iddianın verilməsinə səbəb olmuşdur. Belə ki, inzibati məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi iddiaçının mülkiyyətinə Bakı şəhəri Bilgəh Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli qərarı ilə ayrılmışdır. Belə olduğu halda, hazırki iş üzrə cavabdeh olan Bakı şəhəri Cavabdeh iddiaçının yerləşməsinin cizgisinin tərtib edilməsi iddiasında olduğu torpaq sahəsinin sərəncamı (qərarı) əsasında ayrılmadığından heç bir səlahiyyəti olmayan qurum qismində çıxış edir. Beləliklə, cavabdeh torpaq sahəsi ayıran orqan olmadığından bunun davamı kimi də iddiaçının torpağa dair müraciəti üzrə hər hansı inzibati aktın qəbul edilməsi də onun səlahiyyətindən kənardır. Beləliklə, cavabdeh yerli icra hakimiyyəti orqanı torpaq sahəsini ayıran səlahiyyətli qurum olmadığından həmin torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi hər hansı səlahiyyətinə malik deyildir ki, həmin hal iddianın cavabdehin düzgün cavavbbdeh olmaması səbəbindən mümkünsüz hesab edilməsi üçün əsas yaradır. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iddia üzrə inzibati orqana müraciətin düzgün əsl cavabdehə ünvanlanması ilə bağlı şərt məhkəmə qaydasında inzibati məhkəmə icraatının aparılmasından əvvəl inzibati orqanda inzibati icraatın aparılmasının zəruriliyi ilə bağlıdır. İnzibati icraat haqqında Qanunun: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati məhkəmə icraatı üzrə məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı əhəmiyyət daşıyan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 703/2020 saylı İcmal məktubu da məhkəmə araşdırması və inzibati orqan tərəfindən həyata keçirilən araşdırmanın əhatəsi baxımından fərqləndirilməsinin zəruriliyini qeyd etmişdir. İcmal məktubunun məzmunundan aydın olur ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Ona görə də inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatın “İnzibati icraat haqqında” Qanunun və əlaqəli digər sahəvi qanunvericilik aktlarının tələblərinə uyğun aparılması təcrübəsinin yerləşməsinə və məhkəmə yanaşmaları ilə həmin icraatın keyfiyyətinin artırılmasına töhfə verməyə yönəlməlidir. Bu mənada “İnzibati məhkəmə icraatı haqqında” Qanunun 10-19-cu maddələrində inzibati orqanlar tərəfindən müraciətlərə baxılmasının ümumi prinsipləri təsbit olunmuş, 24-cü maddəsində isə işin bütün hallarının obyektiv araşdırılması, təqdim olunmuş sübutları toplamaq vəzifəsi nəzərdə tutulmuşdur. Burada digər mühüm prinsiplərə riayət etməklə bərabər, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmaq, habelə təqdim edilmiş sübutlarla bağlı olmadan öz təşəbbüsü ilə əlavə sübutlar toplamaq borcu da daxildir. Qeyd edilən normalara uyğun olaraq inzibati orqanın şəxslərin müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Bu həm də ona görə əhəmiyyət kəsb edir ki, maraqlı şəxs imtinanın faktiki və hüquqi əsaslarını, habelə onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavabda aydın görmək, bununla da cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olmalıdır. Odur ki, işə məhkəmədə baxılarkən inzibati orqanlarda mübahisənin düzgün həlli üçün lazımı araşdırmanın aparılıb-aparılmadığını və aidiyyəti sübutların toplanılıb-toplanılmadığını, eləcə də inzibati orqanın mübahisə üzrə bütün zəruri faktiki və hüquqi hallara münasibətini aydın şəkildə bildirib-bildirmədiyini müəyyən etmək üçün İPM-in 49,51-ci və 60-cı maddələrində təsbit olunmuş imkanlardan fəal istifadə edilməlidir. Buraya cavabdehdən faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi, eləcə də dəqiqləşdirmə tələb olunan müəyyən halların izah olunmasını tələb etmək və bu məqsədlərlə müvfiq müddətlər üçün təyin etmək də daxildir. Bununla da, öz vəzifələrini tam həcmdə yerinə yetirmək üçün məhkəmələrə maraqlı şəxsin müraciəti ilə bağlı həmin inzibati orqanda aparılmış araşdırmanın bütün materiallarının (məhkəməyədək inzibati icraat materiallarının) cavabdehdən tələb edilməsi tövsiyə edilir. İnzibati orqanın imtinasının qanuniliyinə qiymət verilməsi üçün məhkəməyədək aparılmış inzibati araşdırma materialları təqdim edilmədikdə, yaxud təqdim edilmiş materiallardan şəxsin müraciəti üzrə “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmaqla zəruri araşdırmanın aparılmadığı, formal əsaslarla imtina olunduğu müəyyən edildikdə, bu hallar inzibati orqanın hərəkətsizliyi kimi qiymətləndirilə və hər bir konkret işin hallarından asılı olaraq həm İPM-nin 33.3, 33.4-cü maddələrində, həm də Məcəllənin 73.2 və 73.3-cü maddələrində müəyyən edilmiş hüquqi vasitələrdən istifadə edilə bilər. Göründüyü kimi inzibati məhkəmə icraatının aparılmasından əvvəl hazırkı növ iddialar üzrə inzibati icraatın aparılmasının zəruriliyi qanunvericiliyin konkret tələbidir ki, müraciətin səhv inzibati orqana ünvanlanması inzibati icraatın əsl cavabdeh tərəfindən aparılmasını mümkün etməmişdir. Belə olan halda həmin müraciətin mövcudluğu hazırki iddia tələbinin mümkünlük şərtlərini istisna edən haldır. İddiaçıya isə izah edilir ki, hazırkı növ tələblə ilkin olaraq Bakı şəhəri Bilgəh Bələdiyyəsinə müraciət etmək, əgər həmin qurum tərəfindən müraciəti təmin edilmədiyi təqdirdə isə analoji iddia ərizəsi ilə düzgün cavabdeh Bakı şəhəri Bilgəh Bələdiyyəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququna malikdir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin tərtib olunması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardaddan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev