Məhkəmə qərarları › İş №2-1(112)-4748/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4748/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4748/2023 26.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin olunması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu (09 iyun 2022-ci il) tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1979-cu ildə X1 qəbul olmuşdur. 1984cü ilin 20 avqustunda həmin texnikumun vaqon təsərrüfatı şöbəsini tam kurs şəklində bitirmişdir. Vəzifəsi texnik-mexanikdir. Texnikumu bitirdikdən sonra 1982-1984-cü illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra xx.xx.1984-cü il tarixində Ağstafa stansiyasında vaqon baxıcısı vəzifəsində çalışmağa başlamışdır. xx.xx.1985-ci il tarixində həmin işdən dördüncü dərəcəli vaqon baxıcısı vəzifəsinə keçirilmişdir. xx.xx.1988-ci il tarixində öz xahişi ilə Ağstafa stansiyasından işdən çıxmışdır. xx.xx.1988-ci il tarixindən Qazax rayonu X6 İdarəsinə təmir yoluna yoldəyişən vəzifəsinə işə girmişdir. xx.xx.1994-cü il tarixində birinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixindək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.2001-ci il tarixindən "xxxx" MMC-də qatar tərtibatçısı vəzifəsinə təyin olunmuşdur. xx.xx.2005-ci il tarixində "xxxx" MMC-nin Sanqaçal terminalında qatar tərtibatçısı vəzifəsinə keçirilmişdir. xx.xx.2016-ci ildə Sanqaçal terminalından Bakı terminalına keçirilərək, qatar tərtibatçısıı vəzifəsində işləməyə başlamışdır. Hal-hazırki dövrə qədər də "xxxx" MMC-in Bakı Terminalında qatar tərtibatçısı vəzifəsində işləyir. Onun qanunvericiliklə nəzərdə tutulmuş tələblərə uyğun olaraq müvafiq yaşı tamam olduğundan və ümumi iş stajı və güzəştli şərtlərlə iş staj qanunvericilikdə nəzərdə tutulmuş qaydada kifayət etdiyindən güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin olunması üçün 22 iyun 2022-ci il tarixində əmək kitabçasını, arxiv arayışını və zəruri digər sənədləri təqdim etməklə müvafiq olaraq ərizə ilə cavabdeh orqan- DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Sözügedən orqan bunun müqabilində 21 iyul 2022-ci il tarixində **********7 nömrəli cavab məktubu ilə müraciətindən imtina etmişdir. Müvafiq qurum imtina məktubunda onu əsas gətirmişdir ki, iddiaçının "xxxx" MMC-də işlədiyi “qatar tərtibatçısı” peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş siyahı üzrə dəmiryol nəqliyyat sahəsinə aid deyildir. İddiaçının sözügedən iş üzrə güzəştli iş stajı yoxdur. İmtina məktubu əsassızdır. Belə ki, onun işlədiyi “qatar tərtibatçısı” peşəsi Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarına əsasən təsdiq edilmiş “Güzəştli Şərlərlə yaşa gprə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin dəmriyolu nəqliyyatı, dəmiryol lokomotiv briqadaların fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində qatar tərtibçiləri peşəsi ilə tam eynidir və həmin peşənin xüsusiyyətlərinə tam uyğundur. Qatar tərtibatçısı tərtibçisi peşələri arasında hər hansı fərqlilik yoxdur. Bu səbəbdən onun peşəsindəki hərfi fərqlilik ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə imtina üçün əsas ola bilməz. Digər tərəfdən onun iş stajı qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilməli olan güzəştli şərtlərlə pensiyaya görə 25 il stajından daha çoxdur. Bu fakt təkzibolunmazdır və onun güzəştli iş stajı vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş etirazda göstərilmişdir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət edilmişdir. Müraciətə aidiyyəti üzrə Mərkəzi filial tərəfindən baxılaraq, xx.xx.2022-ci il tarixli **********7 nömrəli, xx.xx.2022-ci il tarixli **********2 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17- 1/2-P-5859/2023 nömrəli məktublarla ərizəçiyə imtina cavabı verilmişdir. Həmin məktublara əsasən ərizəçinin qanunvericiliklə tələb olunan güzəştli iş stajının mövcud olmaması səbəbindən əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarım, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində qatar tərtibçiləri peşəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi filiala "xxxx" MMC-nin 1 avqust 2022-ci il tarixli AZT-X0\175 nömrəli arayışı təqdim edilmişdir. Həmin arayışa əsasən onun xx.xx.2001-ci il tarixdən bugünədək müvafiq müəssisədə qatar tərtibçisi peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi "xxxx" MMC şirkəti yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud deyil. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi xahiş olunmuşdur. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdilər. Cavabdeh AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından iştirak edən Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bu Qanunla nəzərdə tutulmuş şərtlərlə Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər əsaslarla əmək pensiyası təminatı hüququ vardır. xx.xx.1962-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları İş materiallarında olan: iddiaçıya məxsus AA ******* №-li şəxsiyyət vəsiqəsi və şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1962-ci ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.1982-ci il tarixdə verlmiş DT-İ seriyalı, 772247 №-li diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1979-cu ildə SSRİ Yollar Nazirliyinin Bakı Dəmiryol nəqliyyatı texnikomuna daxil olmuş və 1982-ci ildə həmin texnikomun “Vaqon təsərrüfatı” ixtisası üzrə tam kürsu bitirmişdir. НЗ seriyalı ******* №-li hərbi biletin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək və xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci ilədək hərbi xidmətdə olmuşdur. xx.xx.1984-cü ildə tərtib olunmuş ИT-İ ******* №-li əmək kitabçasının notarial qaydada tərcümə təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1984-cü ildə Ağstafa stansiyasında vaqonlara texniki xidmət məntəqəsinə çilingər vəzifəsinə qəbul edilmişdir (Əmr № 408-k, xx.xx.1984-cü il); xx.xx.1985-ci ildə həmin yerdə 4-cü dərəcəli vaqonlara baxıcı keçirilmişdir (Əmr № 54-k, xx.xx.1985-ci il); xx.xx.1987-ci ildə Qazax stansiyasında 3-cü dərəcəli vaqonlara baxıcı keçirilmişdir (Əmr № 183-k, xx.xx.1987-ci il); xx.xx.1987-ci ildə - 3-cü dərəcə müəyyən edilmişdir (Əmr № 187, xx.xx.1987-ci il); xx.xx.1988-ci ildə işdən azad olunmuşdur (Əmr № 342-k, xx.xx.1988-ci il); xx.xx.1988-ci ildə Qazax rayonu X6 İdarəsinə təmir yoluna 3-cü dərəcəli keçidçi (стрелочник) vəzifəsinə qəbul edilmişdir (Əmr № 19/k, xx.xx.1988-ci il); xx.xx.1989-cu ildə DYY sahəsinə 3 (üçüncü) dərəcəli qatar tərtibatçısı keçirilmişdir (Əmr № 21/k, xx.xx.1989-cu il); SSRİ Metallurgiya Nazirliyi Sənaye Konsernin 03 №-li xx.xx.1991-ci il tarixli əmrinə əsasən idarənin adı xx.xx.1991-ci ildən Daşsalahlı Filiz İdarəsi adlandırılmışdır; xx.xx.1994-cü ildə Hərbi xidmətə çağırılması ilə əlaqədar Azərbaycan Respublikası ƏQM 36-cı maddəsinin 3cü bəndinə əsasən işdən azad edilmişdir (Əmr № 14/k, xx.xx.1994-cü il); xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək hərbi xidmətdə olmuşdur (hərbi bilet НЗ №4660759, səh 5); xx.xx.2001-ci ildə "xxxx" MMC-yə Qatar tərtibatçisi vəzifəsinə təyin edilmişdir (Əmr № 002, xx.xx.2001-ci il); xx.xx.2005-ci il tarixdə Səngəçal Terminalına qatar tərtibatçisi vəzifəsinə keçirilmişdir (Əmr 45/k/a, xx.xx.2005-ci il); xx.xx.2016-cı ildə Bakı terminalının qatar tərtibçisi vəzifəsinə keçirilmişdir və hal-hazıradək həmin peşə üzrə işləyir (Əmr № 023/k, xx.xx.2016-cı il). “Azertrans” tərəfindən verilmiş AZT-XO/147 №-li xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.1962-cı il tarixində doğulmuş İddiaçı xx.xx.1984-cü il tarixində Azərbaycan Dəmir Yolunun Kirovabad Vaqon deposuna çilingər qəbul edilmiş (xx.xx.1984cü il tarixli 408-k №-li əmr), xx.xx.1985-ci il tarixində vaqon baxıcısı keçirilmiş (xx.xx.1985ci il tarixli 554-k №-li əmr) və xx.xx.1988-ci il tarixində Azərb.SSR ƏQM-nin 37-ci maddəsinə əsasən (öz arzusu ilə) işdən azad edilmişdir (xx.xx.1988-ci il tarixli 342-k №-li əmr). xx.xx.1988-ci il tarixində Daşsalahlı Filiz İdarəsinə keçidçi (стрелочник) qəbul edilmiş (xx.xx.1988-ci il tarixli 19/k №-li əmr), xx.xx.1989-cu il tarixində qatar tərtibçisi keçirilmiş (xx.xx.1989-cu il tarixli 21 /k №-li əmr) və xx.xx.1994-cü il tarixində Azərb.SSR ƏQM-nin 36-cı maddəsinin 3-cü bəndinə əsasən (hərbi xidmətə çağırılması) işdən azad edilmişdir (xx.xx.1994-cü il tarixli 14/k №-li əmr). xx.xx.1994-cü il tarixindən xx.xx.1997-ci il tarixinədək hərbi xidmətdə olmuşdur (Hərbi bilet H3 № 4660759). xx.xx.2001-ci il tarixində "xxxx" MMC-yə qatar tərtibçisi qəbul edilmiş (xx.xx.2001-ci il tarixli 002 №-li əmr), 01,05.2005-ci il tarixində Səngəçal terminalına qatar tərtibçisi keçirilmiş (xx.xx.2005-ci il tarixli 45/k/a №-li əmr), xx.xx.2016-cı il tarixində Bakı terminalına qatar tərtibçisi keçirilmiş (xx.xx.2016-cı il tarixli 023/k №-li əmr) və hal-hazıradək həmin vəzifədə işləyir. İddiaçı işlədiyi qatar tərtibçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğundur. “Azertrans” tərəfindən verilmiş AZT-XO/175 №-li xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, xx.xx.1962-ci il tarixində doğulmuş İddiaçı xx.xx.2001-ci il tarixində "xxxx" MMC-yə qatar tərtibçisi qəbul edilmiş (xx.xx.2001-ci il tarixli 002 №-li əmr), xx.xx.2005-ci il tarixində Səngəçal terminalına qatar tərtibçisi keçirilmiş (xx.xx.2005-ci il tarixli 45/k/a №-li əmr), xx.xx.2016-cı il tarixində Bakı terminalına qatar tərtibçisi keçirilmiş (xx.xx.2016-cı il tarixli 023/k №-li əmr) və hal-hazıradək həmin vəzifədə işləyir. İddiaçı bu müddət ərzində əsas fəaliyyət sahəsi nəqliyyat xidməti olan "xxxx" MMC-nin Səngəçal və Bakı terminallarının ərazisindəki dalan dəmir yollarında vaqonların qatarlara qoşulması və açılması, yükləmə, boşaldılma və digər yollara verilməsi, bu yollardan götürülməsi, stansiyaya və ya parka ötürülməsi üzrə nəqliyyat xidməti göstərmişdir. Onun qatar tərtibçisi peşəsi üzrə iş stajı 21 (iyirmi bir) il təşkil edir.İddiaçı işlədiyi qatar tərtibçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğundur. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 21 iyul 2022-ci il tarixli **********7 №li və xx.xx.2022-ci il tarixli **********2 №-li eyni məzmunlu imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “"Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində qatar tərtibçiləri peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim olunmuş "xxxx" MMC-nin müraciətçiyə dair 20 iyun 2022-ci il tarixli AZT-X0\147 nömrəli arayışında xx.xx.1989-xx.xx.1994-cü il və xx.xx.2001-ci il tarixindən bugünədək qatar tərtibçisi peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi "xxxx" MMC şirkəti yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş dəmiryol nəqliyyatı sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq müraciətçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1962-cı il təvəllüdlüdür. İddiaçının 60 yaşına çatması (xx.xx.2022) və 25 il ümumi iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması onun əmək kitabçası, hərbi bileti və diplomu ilə təsdiq olunur və iddiaçının qanunla tələb olunan ümumi iş stajını tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun müəyyən dövrdə işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olmadığı və bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyi qeyd edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”) da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli 12 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında da nəzərdə tutulmuşdur: 21-ci bənd –Nəqliyyat-21.4 Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: vaqonların baxıcıları, vaqonların baxıcı-təmirçiləri, qatar tərtibçiləri. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2022-ci il tarixədək, qanunla müəyyən olunmuş 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı oğlu xx.xx.2022-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 60 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar