Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4749/2023 24.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Pirşağı Bağlar sahəsində 218 saylı BTK nəznində sahəsi 0,12 ha olan 1133 v saylı bağ sahəsi üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınaraq iddiaçıya müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1496 saylı sərəncamı ilə Pirşağı Bağlar sahəsində 218 saylı BTK nəznində olan 1133 v saylı bağ sahəsi iddiaçıya ayrılmış, bununla bağlı müvafiq order verilmişdir. İddiaçı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtinanı əsassız sayır və onun hüquqlarının pozulmasına səbəb olduğunu bildirir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi inzibati orqanın imtinasının əsaslı olduğunu bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, cavabdeh inzibati orqanın imtinasından görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün bir əsas gətirir:
1. Bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsidir (sxematik xəritədə göstərilməməsi); İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halın əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Fiziki şəxsin bağ sahəsi üzrə mülkiyyət hüququnun yaranması hallarından biri, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən verilmiş orderin mövcud olmasıdır. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Məhkəmə tərəfindən cavabdehin imtinasının qanuni olub-olmamasının müəyyən edilməsi məqsədi ilə aidiyyəti üzrə müvafiq orqanlara sorğular verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının arxivində saxlanılan və məhkəmə icraatı zamanı təqdim olunan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 1496 №-li sərəncamından görünür ki, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən Pirşağı BTK 218 nəznində olan bağ sahəsi İddiaçı Fayya oğluna ayrılmış, 1133 “в” saylı bağ sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən order verilmişdir. Göründüyü kimi iddiaçının iddia etdiyi bağ sahəsinə münasibətdə hüquqları yaranmışdır ki, bu hüquqlarının yaranmasına əsas onun “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Qanunun 8.0.7-ci maddəsində sadalanmış sənədlərə malik olmasıdır. Doğrudur ki, cavabdeh inzibati orqan iddiaçının bağ sahəsinə münasibətdə hüquqlarının yaranmasını təkzib etmir, o cümlədən bu hüquqlarının yaranmasında əsas duran sərəncamın və orderin mötəbərliyini şübhə altına almır. Cavabdeh, iddia olunan bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsini mübahisələndirir. Məhkəmə cavabdehin imtina əsası kimi göstərdiyi hala (sxematik xəritə ilə uyğunsuzluğun mövcud olması) münasibət bildirir. Bununla bağlı Məhkəmə qeyd edir ki, inzibati məhkəmə təcrübəsində bağ sahəsi üzərində vətəndaşın mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı mübahisələr üzrə “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi” əsası cavabdeh inzibati orqanın tez-tez rastlanan imtina əsaslardan biridir. Əlbəttə mövcud məhkəmə təcrübəsi bu qəbildə olan mübahisələrdə bağ sahələrinin “sxematik xəritə ilə uyğunsuzluq təşkil etmə” əsasının vətəndaşların ziyanına şərh edilməməsi kimi qiymətləndirir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Bəhs edilən maddələrin normalarından aydın olur ki, hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Məhkəmə araşdırılması zamanı təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh imtina əsası kimi bağ sahəsinin sxematik xəritədə əks olunmadığını bildirir. Buna baxmayaraq Məhkəmə hesab edir ki, bu halın mövcudlluğu hazırki iddia ilə iddiaçının reallaşdırmaq istədiyi mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönələ bilməz. Belə ki, bir daha qeyd olunur ki, torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçilərin mülkiyyətlərinə verilməsi DƏDKR-in vəzifələrindən biridir. Məhkəmə hesab edir ki, bağ sahəsinin digər fiziki şəxsin adına qeydiyyata alınmış bağ sahəsi ilə üstüstə düşməsi və ya iddiaçının bağ sahəsinə münasibətdə hüquqmüəyyənedici sənədlərə malik olmaması müəyyən olunmadığından (hər iki hal cavabdeh tərəfindən mübahisələndirilməmişdir), həmçinin hüquqmüəyyənedici sənəd qismində çıxış edən sərəncam, həmçinin order ləğv olunmadığından və hazırda qüvvədə olduğundan, o cümlədən də torpaq sahəsinin mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla torpaq istifadəçinin mülkiyyətinə verilməsi cavabdehin vəzifəsinə aid olduğundan, cavabdehin sxematik xəritə ilə uyğunsuzluğun olmasına dair əsası imtina əsası kimi qiymətləndirilə bilməz. Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, Pirşağı Bağlar sahəsində 218 saylı BTK nəznində sahəsi 0,12 ha olan 1133 v saylı bağ sahəsinin X1 ayrılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin 13 aprel 1992-ci il tarixli 544 saylı qərarının mövcudluğu vəziyyəti iddiaçının ziyanına dəyişmir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-13857/2022 saylı qərarı ilə S.İsmayılovanın qanuni istifadəsində olan bağ sahəsinə mülkiyyət hüququ tanınmış və bu hüququn qeydə alınması cavabdehin üzərinə qoyulmuşdur. Həmin iş üzrə S.İsmayılovanın qanuni istifadəsində olan bağ sahəsinin digər şəxs, yəni İddiaçı tərəfindən istifadə edilməsi, yaxud İddiaçı həmin torpaq sahəsinə haqq iddia etməsi müəyyən olunmamış, bu hallar ümumiyyətlə, həmin araşdırma predmeti olmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, hazırki iş üzrə iddiaçı qismində çıxış edən İddiaçı Feyyaz oğlu Bakı şəhər İcra Hakimiyyətinin 13 aprel 1992-ci il tarixli 544 saylı qərarının qanunsuz hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etsə də, məhkəmənin qərardadı ilə onun iddiası mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hər iki şəxsin (X2 və İddiaçı Feyyaz oğlu) hazırda faktiki olaraq istifadə etdikləri torpaq sahələri fərqlidir. Göründüyü kimi mövcud olan məhkəmə mübahisələri ilə bağlı qərarlarının surətindən görünür ki, İddiaçı Feyyaz oğlunun gözlənilən mülkiyyət hüquqları yarandığı 1133 v saylı bağ sahəsi ilə X1 ayrılan 1133 v saylı bağ sahəsinin eyni ünvan göstəricilərinə malik olsalar da, həmin torpaq sahələri faktiki olaraq fərqli dislokasiyada yerləşir. Belə olan halda Məhkəmə hesab edir ki, Bakı şəhər İcra Hakimiyyətinin 13 aprel 1992-ci il tarixli 544 saylı qərarının mövcudluğu hazırki işin mahiyyəti üzrə həllində əhəmiyyət kəsb etmir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1415/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.” Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2826/2019 saylı iş üzrə qəbul etdiyi xx.xx.2019 -cu il tarixli qərarında da nümayiş olunmuşdur. Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyi” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Eyni zamanda Məhkəmə vurğulamağı zəruri hesab edir ki, hazırki mübahisə də olduğu kimi bir çox digər inzibati mübahisələrdə cavabdeh inzibati orqan imtina əsası kimi sxematik xəritə ilə uyğunsuzluq ifadəsi altında iddia olunan bağ nömrəsinin sxematik xəritədə göstərilməməsini nəzərdə tutur. Bununla bağlı qeyd olunmalıdır ki, kassasiya instansiya məhkəməsinin bu növ imtina əsaslarında da formalaşdırdığı mövqeyi məhz vətəndaşın xeyrinə olmuşdur. (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 447/2022 saylı, xx.xx.2022-ci il tarixli; 2-1(102)-611/2020 saylı, xx.xx.2020-ci il tarixli). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinə əsasən ünvan reyestrinin aparılmasını həyata keçirmək, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin etmək istiqamətində fəaliyyət göstərir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Pirşağı Bağlar sahəsində 218 saylı BTK nəznində sahəsi 0,12 ha olan 1133 v saylı bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və cıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov