Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-475/2023 02.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X4, digər Cavabdeh2 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Cavabdeh2nə qarşı “diplomun verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Cavabdeh2nə qarşı məhkəməyə müraciət edərək ona 2010-2016-cı il tarixdə Cavabdeh2ndə təhsil almağını və bu təhsili başa çatdırmağını təsdiq edən diplomun verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 sentyabr 2010-cu il tarixdə Cavabdeh2 rektorunun 315/t nömrəli əmri ilə həmin universitetin müalicəprofilaktika fakültəsinin İ kursuna ödənişli əsaslarla qəbul olunmuşdur. 2010-2016-cı illərdə iddiaçı Cavabdeh2ndə təhsil almış, hər tədris ili üçün nəzərdə tutulmuş təhsil ödənişlərini etmiş, imtahan və məqbulları vermiş, təhsilini başa çatdırmışdır. Buna baxmayaraq iddiaçıya təhsilini başa çatdırmağını təsdiq edən diplom verilməmişdir. Bu səbəbdən də Cavabdeh2ndə təhsil aldıqdan sonra ona diplomun verilməməsinin səbəbinin aydınlaşdırılması üçün iddiaçı həmin quruma müraciət etmiş, 16 fevral 2021-ci il tarixli məktubla iddiaçının Cavabdeh2nə Rusiya Federasiyası vətəndaşı kimi qəbul olunduğu üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin X1 qeydiyyata alınmalı olduğu və bu qeydiyyat zamanı əcnəbi vətəndaşa Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşama haqqında vəsiqəni təqdim etməli olduğu bildirilmişdir. İddiaçı qısa bir müddət həm Rusiya Federasiyası, həm də Azərbaycan Respublikası vətəndaşı olmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə əcnəbi vətəndaşa müvəqqəti yaşama haqqında vəsiqənin verilməsi ilə əlaqədar müraciət etməmişdir. Hazırda iddiaçı yalnız Azərbaycan Respublikası vətəndaşıdır. Buna görə də cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Cavabdeh2 tərəfindən bu universitetdə təhsil almağını təsdiq edən diplomun ona verilməsindən imtina edilməsi qanuni hesab edilə bilməz. Bu səbəbdən də, iddiaçı hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddia tələbinin hüquqi əsası olmadığından və iddiaçı əcnəbi hesab edilmədiyindən ərizə təmin edilə bilməz. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.
4. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan hallar istisna olmaqla, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaq hüququ yoxdur.
5. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında” Əsasnaməyə görə, Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Respublikanın təhsil müəssisələrində təhsil almaları işində vahid dövlət qaydasının yaradılması və Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə aldıqları təhsilin səviyyəsinə vahid dövlət tələblərinin təmin edilməsi, xarici ölkə vətəndaşlarının respublikanın təhsil müəssisələrində təhsili ilə bağlı kompleks məsələlərin həlli məqsədi ilə qəbul edilir. Əsasnamənin 1.1-ci bəndinə görə, Azərbaycan Respublikasının təhsil və elmi tədqiqat müəssisələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu aşağıdakı əsaslarla həyata keçirilir: Azərbaycan Respublikası və xarici ölkələr arasında təhsil, elm, mədəniyyət sahərində əməkdaşlıq haqqında hökumətlərarası sazişlər əsasında; təhsil müəssisələri arasında bağlanmış birbaşa müqavilələr əsasında; qeyri-hökumət və xeyriyyə cəmiyyətlərinin təsis etdiyi təqaüdlər hesabına; təhsil müəssisələrinin xarici ölkələrin təşkilatları, şirkətləri, assosiasiyaları, digər müəssisələri, vətəndaşları və s. ilə bağladıqları müqavilələr əsasında təhsil müəssisəsinə qəbul oluna bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qəbul zamanı təhsil müəssisəsinə aşağıdakı sənədləri təqdim etməlidirlər: təhsil müəssisəsi rəhbərinin adına ərizə; keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında sənədin (sənədlərin) notarius tərəfindən təsdiq olunmuş surəti (surətləri); sağlamlıq və QİÇS haqqında arayışlar; milli pasportun surəti, pasport yaşına çatmamış şəxslər üçün isə doğum haqqında şəhadətnamə;
6. Qeyd edilən Əsasnamənin tələbinə görə, Azərbaycan Respublikasına təhsil almağa gələn əcnəbilər-onun mənsubiyyətini müəyyən edən milli pasport təqdim etməklə təhsil müəssisəsi ilə müqavilənin bağlanmasını mümkün hesab edirdi.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 may 2016-cı il tarixli, 5(001)- 200/2016 saylı “Məlumatların götürülməsi haqqında” qərarından görünür ki, 1991-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmasına baxmayaraq, Rusiya Federasiyasının vətəndaşlıq pasportu və orta təhsili həmin ölkədə alması barədə attestatdan istifadə etməklə əcnəbi vətəndaş kimi Cavabdeh2nə müalicəprofilaktika fakültəsinə qəbul olunmuşdur.
8. Məhkəmə qərarının məzmunundan göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olmasına baxmayaraq, qanunvericiliyə zidd olaraq, xarici ölkə vətəndaşı (əcnəbi) kimi Universitetə müqavilə əsasında qəbul olunmuşdur. Bildiririk ki, ali təhsil müəssisəsinə qəbul qaydalarına zidd olaraq, ATU-ya qəbul olan və təhsilini başa vuran iddiaçıya nazirlik tərəfindən təhsil haqqında sənəd verilməmişdir. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçının saxta sənədlərlə ATU-ya qəbulu qanunsuz olduğundan onun iddia tələbi rədd edilməlidir.
9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 13 yanvar 2022-ci il tarixli, 02/1-43çıx-22 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı diplom (təhsil sənədləri) işi ilə əlaqədar Baş İdarədə cinayət işinin istintaqı aparılmamış, bununla əlaqədar icraatda hər hansı bir cinayət xarakterli material mövcud deyildir.
10. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh2 47/2010-2011 nömrəli hər iki tərəfin imzaladığı sazişində qeyd edilmişdir ki, Russiya Federasiya vətəndaşı İddiaçı Cavabdeh2nə qəbul edilmiş və onun hüquq və vəzifələri müəyyən edilmişdir.
11. İş materiallarında olan Cavabdeh2 0254/10 nömrəli xx.xx.2010-cu il tarixli tələbə bilətindən görünür ki, İddiaçı 2010-cu ildən 2016-cı ilədək Cavabdeh2 müalicəprofilaktika fakültəsinin tələbəsi olub.
12. İş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı 2010-2015-ci illərdə Cavabdeh2 X2 hər il 17001, 70 manat təhsil ödənişləri edib.
13. İş materiallarında olan Cavabdeh2 01-06/302 nömrəli, xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı İddiaçı Cavabdeh2 rektorunun 315/T nömrəli xx.xx.2010-cu il tarixli əmri ilə müalicəprofilaktika fakültəsinin İ kursuna ödənişli əsaslarla qəbul olunmuş və 2016-cı ildə həmin fakültəni bitirmişdir. İddiaçı diplomunun alınması məqsədilə onun sənədləri Təhsil Nazirliyinin Təhsilin X1 (TİMS) qeydiyyata alınmalıdır. Bu sənədlərdən biri də əcnəbi vətəndaşlara Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşama haqqında vəsiqədir. Həmin vəsiqənin gətirilməsi üçün İddiaçı şifahi və yazılı (01- 03/2648 nömrəli xx.xx.2018-ci il tarixli məktub) müraciət olunmasına baxmayaraq bu günə kimi gətirmədiyinə görə TİMS-də onun qeydiyyatını aparmaq mümkün olmamışdır.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
15. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən Cavabdeh2 nümayəndəsi iddianın rədd edilməsini xahiş etdi.
16. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı zamanı) izahat verən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi.
İddianın növü və mümkünlüyü
17. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
18. Mübahisələndirmə və məcburetmə haqqında iddialar arasındakı münasibət müvafiq hüquqi müdafiə marağı və hüquqi müdafiə tələbindən asılı olaraq müəyyənləşdirilə bilər. Əgər şəxs hər hansı bir inzibati aktdan qorunmaq istəyirsə, nəzəri cəhətdən belə bir əlverişsiz inzibati aktın ləğv edilməsinə dair məcburetmə haqqında iddia da qaldıra bilər. Lakin bu, mübahisələndirmə haqqında iddiadan fərqli olaraq, inzibati aktın birbaşa ləğv edilməsi ilə deyil, yalnız aralıq addım kimi inzibati orqanın öz hərəkətini yenidən gözdən keçirməsi zərurətinin yaranması ilə nəticələnəcəkdir. Əgər inzibati orqan şəxs üçün əlverişli inzibati aktın qəbul edilməsinə dair ərizəni rədd edərsə, bu zaman inzibati akt olan bu qərara qarşı mübahisələndirmə haqqında iddianın qaldırılması barədə düşünmək mümkündür. Lakin qeyd olunan halda, şəxs bu iddia növü ilə məqsədinə çata bilməyəcək. Belə ki, o, mübahisələndirmə haqqında iddia ilə yalnız ərizəsinin rədd edilməsi barədə inzibati aktın ləğvinə nail ola bilər. İnzibati orqanın müəyyən hərəkətləri etməsi üçün isə, şəxs yalnız məcburetmə haqqında iddia qaldırmalıdır. Həmin iddia vasitəsilə şəxs həm ərizəni rədd edən qərarın ləğv edilməsini, həm də özünün xeyrinə inzibati aktın qəbul edilməsini tələb edə bilər.
19. Odur ki, hazırkı iddia məcburetməyə dair iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb tələb edir.
20. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
21. İddia mümkündür.
Məhkəmənin mövqeyi
22. Məhkəmə iddia tələbinə qiymət verməzdən öncə, iddiaçıya diplomun verilməsi üçün hansı əsasların olmasına münasibət bildirir. Təhsil hüququnun və həmin hüququn həyata keçirilməsi aşağıdakı qanunvericilik normaları ilə tənzimlənir.
23. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən abituriyent – ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxsdir. -22.3-cü maddəsinə əsasən bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 44.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsilin hər hansı pilləsində təhsil alması və ya ixtisas artırması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, dövlət tərəfindən müəyyən edilmiş kvota, təhsil qrantı proqramı və təhsil müəssisəsinin, hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.
24. “Miqrasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1. əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs; 3.0.2. vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında” Qaydalarının 3.1. Əcnəbilərin təhsil müəssisələrində əvvəlki təhsilinə uyğun gələn təhsil səviyyəsinə və ya əlavə təhsilin hər hansı istiqamətinə qəbulu aşağıdakı əsaslarla həyata keçirilir: 3.1.1. təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota əsasında; 3.1.2. təhsil müəssisələrinin iştirak etdiyi beynəlxalq proqramlar əsasında; 3.1.2-1. dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı əsasında; [4] 3.1.3. təhsil müəssisələri ilə xarici ölkələrin təhsil müəssisələri arasında bağlanılmış müqavilələr əsasında; 3.1.4. təhsil müəssisəsinin hüquqi şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında; 3.1.5. təhsil müəssisəsinin fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr əsasında; 3.1-1. Əcnəbilərin hazırlıq sinif və kurslarına qəbulu bu Qaydaların 3.1.1-3.1.5-ci yarımbəndlərində göstərilmiş əsaslarla həyata keçirilir.
26. Yuxarıda sadalanan qanunvericiliyin normalarından görünür ki, iddiaçının Cavabdeh2nə müqavilə əsasında daxil olması üçün yeganə şərt onun xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs olmasıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının vəkili Nümayəndə izahatında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində qısa müddət həm Azərbaycan Respublikası, həm də Rusiya Federasiyasının vətəndaşı olduğunu qeyd etsə də, əslində iddiaçı heç bir zaman Rusiya Federasiyasının vətəndaşı olmamışdır.
27. İddiaçının diplomunun verilməsi üçün onun sənədləri Təhsil Nazirliyinin Təhsilin X1 (TİMS) qeydiyyata alınmalıdır. Sənədlərdən biri də əcnəbi vətəndaşlara Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşama haqqında vəsiqədir. İddiaçıda həmin vəsiqənin olmadığından Cavabdeh2 tərəfindən diplomun verilməsi mümkün olmamışdır.
28. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası vətəndaşı olduğu təqdirdə xarici vətəndaş kimi Cavabdeh2nə müqavilə əsasında daxil olub təhsil almışdır. Təhsilin bitirdikdə isə Dövlət Miqrasiya Xidməti tərəfindən verilən müvəqqəti yaşama haqqında vəsiqəsi olmadığından diplom ala bilməmişdir.
29. Odur ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Cavabdeh2nə qarşı “ona 2010-2016-cı il tarixdə Cavabdeh2ndə təhsil almağını və bu təhsili başa çatdırmağını təsdiq edən diplomun verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir.
30. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva