Məhkəmə qərarları › İş №2-1(112)-4750/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4750/2022

25.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4750/2022 25.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “yeni məlumat vərəqəsinin göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiyanın yenidən hesablanması üçün pul təminatının tərkibi kimi fasiləsiz xidmət illərinə görə faiz əlavəsinin 40 % hesablanmaqla yeni məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı təqvim ili 22 il 4 ay, güzəştli (imtiyazlı) şərtlərlə ümumilikdə 29 il 11 ay 15 gün olmaqla hərbi xidmət dövrü keçmiş və 04 dekabr 2017-ci ildə Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Silahh Qüvvələrin ehtiyatına buraxılarkən pensiya təminatının hesablanması üçün Dövlət Sərhəd Xidməti tərəfindən vəzifə maaşı - 420 manat, rütbə maaşı - 130 manat, xidmət illərinə görə (yalnız zabit qismində təqvim xidmət ili nəzərə alınaraq) 25% - 137 manat 50 qəpik, Sərhəd Qoşunlarında xidmətə görə 10% - 42 manat, 1-ci məharət dərəcəsinə görə - 105 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64 manat olmaqla məlumat vərəqi tərtib olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilmişdir. Əslində, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilmiş məlumat vərəqində pul təminatının tərkibinə daxil olan xidmət illərinə görə faiz əlavəsi zabit qismində xidmətimi əhatə edən təqvim ilinə görə 25% deyil, zabit qismində xidmətimi əhatə edən güzəştli xidmət illəri də nəzərə alınmaqla 40% hesablanmaqla göstərilməli idi. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən xidmət illərinə görə əlavənin 50 % faiz məbləğində müəyyən edilməklə məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq məhkəmə diqqətə çatdırır ki, iddiaçı tərəfindən ərizələr ilə cavabdeh inzibati orqana müraciət olunmuş, lakin sonuncu onun müraicəti üzrə xidmət illərinin yenidən hesablanması üçün Kadrlar Baş İdarəsinə müraciət etməsinə istiqamət vermişdir. Məhkəmə qeyd edir ki, iddiaçının müraciətlərindən də göründüyü kimi iddiaçı xidmət illərinin yenidən hesablanmasını deyil, xidmət illərinə görə faiz əlavələrinin artırılmasını xahiş edir. Cavabdeh isə formal əsas ilə iddiaçıya xidmət illərinin yenidən hesablanmasını təklif edir ki, bu da dolayısı yol ilə iddiaçının müraciətinin imtina edilməsinə yönələn tədbirdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, hazırki iddia mümkün iddiadır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1.Əmək pensiyası dedikdə bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişi başa düşülür. 1.0.3. Hərbi qulluqçular dedikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər başa düşülür. 1.0.5 Təminat xərcliyi (pul təminatı) dedikdə hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür. 9.5.1.Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə əmək pensiyası hüququ vardır. 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın: 1.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. 2.«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.

3. Hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır. Göründüyü kimi, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılan hərbi qulluqçuların, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilməklə, xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə məlumat vərəqəsi qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib edilir. Xidmət illəri hesablandıqdan sonra hərbi qulluqçuya bu barədə elan edilir. Hərbi qulluqçunun etirazı olduğu halda hərbi qulluqçunun etirazına baxılır və nəticədə hərbi qulluqçusunun ehtiyata buraxılması barədə qərar qəbul edilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Hazırki işin faktiki hallarından görünür ki, sabiq hərbi qulluqçu İddiaçı 1999-cu il tarixdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirməklə MTN X1 xx.xx.1999-cu il tarixli 777 ş/h nömrəli və xx.xx.2000-ci il tarixli 757 ş/h əmrləri ilə Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsində, Dövlət Sərhəd Xidmətinin rəisi - X1 xx.xx.2003-cü il tarixli 132 ş/h nömrəli, xx.xx.2004-cü il tarixli 757 ş/h nömrəli, xx.xx.2007-ci il tarixli 122 ş/h nömrəli və xx.xx.2008-ci il tarixli 1521 ş/h əmrləri ilə Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsində, xx.xx.2009-cu il tarixli 1323 ş/h nömrəli, xx.xx.2011-ci il tarixli 2023 ş/h nömrəli, xx.xx.2014-cü il tarixli 2490 ş/h nömrəli əmrləri ilə Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsində müxtəlif vəzifələrdə xidmət etmiş və Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2017ci il tarixli 813 ş/h nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında’’ Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) əsasən Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsində dövlət sərhədinin mühafizəsi bölməsinin baş zabiti vəzifəsindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı ehtiyata buraxıldıqdan sonra onun xidməti ilə bağlı məlumat vərəqəsi tərtib edilmiş, ilkin məlumat vərəqəsində cəmi iş stajının və xidmət illərinin 29 il 11 ay 15 gün olduğu göstərilmiş və məlumat vərəqəsi aidiyyəti üzrə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Təminat xərcliyinə əsasən iddiaçıya xx.xx.2017-ci il tarixdə 699,30 manat, xx.xx.2018-ci il tarixdə 743,99 manat, xx.xx.2019-cu il tarixdən sonra isə 889,93 manat pensiya təyin edilmişdir. Bundan sonra cavabdeh inzibati orqan tərəfindən yenilənmiş məlumat vərəqəsi tərtib olunmuş, iddiaçının təqvim illərinin 22 il 05 ay 20 gün, güzəştli xidmət illərinin 7 il 07 ay 10 gün, cəmi iş stajının və xidmət illərinin 30 il 01 ay olması göstərilmişdir. İddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi təminat xərcliyində göstərilən xidmət illərinə görə əlavənin 25 % deyil, 50 % kimi göstərilməsi və yenilənmiş məlumat vərəqəsinin aidiyyəti quruma göndərilməsidir. Nəzərə alınmalıdır ki, bu hissədə qiymətləndirilmənin aparılması, xidmət illərinə görə əlavələrin ödənilməsi, həmin əlavələrin faiz dərəcəsinin xidməti illərdən asılı olub-olmaması, xidməti illərə görə ödənilən əlavələrin nə qədər təşkil etməsinin müəyyən edilməsi zərurət təşkil edir. Bu istiqamətdə araşdırmanın aparılması isə aşağıdaki səciyyələnmiş qanunvericilik və normativ hüquqi aktların tələbləri ilə tənzimlənir. Belə ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarına əsasən:

1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən: - zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi; (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 17 fevral tarixli 67 saylı qərarına 2 saylı əlavəsinə əsasən: İş stajına görə Vəzifə və rütbə maaşlarına görə faizlə 1 ildən 2 ilə qədər 5% 2 ildən 5 ilə qədər 10% 5 ildən 10 ilə qədər 15% 10 ildən 15 ilə qədər 20% 15 ildən 20 ilə qədər 25% 20 ildən 25 ilə qədər 30% 25 ildən 30 ilə qədər 40% 30 ildən yuxarı 50%

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnaməsinə əsasən: 4.1. Zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına xidmət illərinə görə faiz əlavəsi hərbi rütbə, əsas və ya müvəqqəti icra edilən vəzifə maaşlarından hesablanmaqla, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli 67 nömrəli “Azərbaycan Respublikası hərbi qulluqçuların və hərbi vəzifələrinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Qərarına uyğun olaraq aşağıdaki miqdarda ödənilir: 1 ildən 2 ilədək xidmət müddətinə görə - 5% 2 ildən 5 ilədək xidmət müddətinə görə - 10% 5 ildən 10 ilədək xidmət müddətinə görə - 15% 10 ildən 15 ilədək xidmət müddətinə görə - 20% 15 ildən 20 ilədək xidmət müddətinə görə - 25% 20 ildən 25 ilədək xidmət müddətinə görə - 30% 25 ildən 30 ilədək xidmət müddətinə görə - 40% 30 ildən yuxarı - 50% 4.3 Faiz əlavəsinin ödənilməsi üçün xidmət illərinin hesablanması, hərbi qulluqçuların xidmət illərini təsdiq edən şəxsi işləri və başqa sənədlər əsasında, kadrlar aparatı tərəfindən həyata keçirilir və təsdiq edilmiş arayış şəklində maliyyə idarəsinə təqdim edilir. Xidmət illərinə görə faiz əlavəsi aylıq pul təminatı ilə birlikdə hər ayın 1-i üçün hesablanır. Təqvim ayı ərzində qulluq illərinə görə əlavə haqqının məbləği artdığı təqdirdə, həmin ay üçün əlavə haqqın məbləği ayın təqvim günlərinə mütənasib şəkildə hesablanaraq növbəti ayda ödənilir. Faiz əlavəsinin ödənilməsi üçün xidmət müddəti güzəştli qaydada hesablanan vəzifələri tutan zabitlərə, gizirlərə, miçmanlara və müddətdə artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçularına il ərzində həmin vəzifələrdə xidmət dövrü, təqvim hesabı ilə hesablanır. Həmin təqvim ili başa çatdıqda, ötən dövrdəki güzəştlər yenidən hesablanır və hərbi hissə komandirinin əmri ilə elan edilir. İlin sonunadək hərbi qulluqçular xidmət müddətinin güzəştli hesablanması müəyyən edilməmiş vəzifələrə təyin olunduqda, yaxud güzəştli hesablanması müəyyən edilmiş vəzifələrdən azad olduqları hallarda ötən dövr üzrə güzəştlər yenidən hesablanır və hərbi hissə komandirinin əmri ilə elan edilir. Əmrə əsasən xidmətin güzəştli hesablanması nəzərə alınır və hərbi qulluqçulara ilin ayrı ayrı ayları üçün faiz əlavəsinin faktiki ödənişlərin daha böyük həcmdə ödənilməsi məlum olduğu halda, onlara müvafiq fərq verilir. Sadalanmış qanunvericilik və normativ hüquqi aktın müddəalarının qarşılıqlı təhlilindən də göründüyü kimi, zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına xidmət illərinə görə faiz əlavəsinin ödənilməsi (faizlə) hərbi qulluqçunun xidməti müddətindən asılı olmuşdur. Başqa sözlə desək faiz əlavəsinin ödənilməsi xidməti müddətə görə fərqləndirilir. Misal olaraq, hazırda iddiaçı xidmət etdiyi 30 il 01 ay görə xidmət illərinə görə faiz əlavəsinin 50% götürülməsini arzulayır. Nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan hesab edir ki, əlavələrin müəyyən edilməsi hərbi qulluqçunun təqvim ilinə görə müəyyən edilir. Cavabdeh iddia edir ki, hazırda iddiaçının təqvim illəri 22 il 05 ay 20 gün təşkil etdiyindən, onun xidməti illərə görə 50% faiz əlavəsi almaq hüququ yaranmır. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd olunmuşdur ki: “Göstərilən qanunvericilik aktlarında nəzərdə tutulan xidmət illərinə görə pensiyanın mahiyyəti müəyyən əmək (fəaliyyət) sahələrinin spesifik xüsusiyyətləri ilə izah olunurdu. Bu, şəxsin uzun müddət gərgin və məsuliyyətli işi yerinə yetirdikdə, həmin fəaliyyəti müəyyən müddətdən sonra psixoloji və emosional ağırlığına görə davam etdirə bilməməsi ilə əlaqələndirilmişdi. Xidmət illərinə görə pensiyanın məqsədi belə şəxsləri əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar öz əvvəlki işini davam etdirmək zərurətindən azad etməkdir. Məhz bu baxımdan xidmət illərinə görə əmək pensiyasının təyin edilməsi üçün fərdin müəyyən yaş həddinə çatması faktı hüquqi əhəmiyyət kəsb etmirdi. Hərbi qulluqçulara xidmət illərinə görə pensiyaların təyin edilməsi şərtləri “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 12-ci maddəsində öz əksini tapmışdı. Həmin maddənin a) bəndinə əsasən xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, hərbi qulluqçuların xidmət illərinə görə pensiya hüququnun yaranması üçün başlıca hüquqi fakt kimi xüsusi əmək stajı çıxış edirdi. Əmək stajının bir növü olan xüsusi əmək stajı şəxsin müəyyən peşə və ya ixtisas üzrə əmək fəaliyyəti və ya əməyin xüsusi şəraitdə həyata keçirilməsi ilə müəyyən olunurdu. Xüsusi əmək stajı dedikdə, müəyyən əmək şəraitində və müəyyən vəzifələrdə həyata keçirilən işin müddəti başa düşülür. Həmin müddət xüsusi staja malik olan şəxslərə güzəştli şərtlərlə müəyyən sosial təminat növlərini, o cümlədən pensiya hüququnu əldə etmək imkanı verir.” Bundan başqa, həmin Qərarda qeyd olunmuşdur ki, “Yuxarıda qeyd olunan qanunvericilik aktlarına edilmiş bu dəyişikliklərlə hərbi qulluqçuların pensiya hüququnun əldə edilməsi ilə bağlı xidmət illərinin hesablanması qaydasının güzəştli şərtləri ləğv edilmişdir. Həmin dəyişiklikdən əvvəl xidmət illərinə görə pensiya hüququnun əldə edilməsi üçün ümumilikdə 20 il hərbi xidmət stajı (güzəştli hesablanma daxil olmaqla) tələb olunduğu halda, bu dəyişiklikdən sonra belə hüququn əldə edilməsi üçün 20 təqvim ili tələb olunurdu.” Konstitusiya Məhkəməsi Plenumun Qərarında xidməti illərə və təqdim illəri anlayışlarına aydınlıq gətirmiş, əvvəlki pensiya qanunvericiliyindən fərqli olaraq, “Əmək pensiyaları haqqında” Qanunda xidmət illərinə görə pensiya əmək pensiyasının növü kimi təsbit edilmədiyini, xidmət illərinə görə əmək pensiyası növü yaşa görə əmək pensiyası növünə oxşar olsa da, onun əsas fərqli cəhəti yaş həddi gözlənilmədən müvafiq xidmət illərinə əsasən pensiya hüququnun yaranmasına yönəldiyini vurğulamışdır. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnaməsində faiz əlavəsinin ödənilməsi təqvim ilinə görə deyil, ümumiyyətlə hərbi qulluqçunun xidməti dövrünü əhatə edir. İddiaçının təqvim illəri 22 il 05 ay 20 gün təşkil etsə də, onun iş stajı xidməti illər ilə birlkdə 30 ildən çox təşkil etdiyindən onun xidməti illərinə görə əlavənin məbləği faizlə -50 % faiz müəyyən edilməlidir. Beləliklə Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə xüsusi ilə bir məqama da toxunur ki, tərtib olunmuş məlumat vərəqəsindən də göründüyü kimi təqvim ili və xidmət illəri ayrı-ayrı olmaqla ayrı-ayrı bəndlərdə göstərilir. Cavabdeh özü də məlumat vərəqəsində xidmət illəri ilə təqvim illərini ayırmışdır. Hazırki halda 50% əlavənin ödənilməsi xidmət illəri ilə bağlı olduğundan, əlavənin təqdim ili əsasında hesablanması yolverilməzdir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı xidmət illərinə görə əlavənin 50 % faiz məbləğində müəyyən edilməklə məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar