Məhkəmə qərarları › İş №2-1(112)-4751/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4751/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4751/2021 03.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin verilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddiaçının keçmiş AR Milli Təhlükəsizlik Nazirliyindən vəzifədən azad edilməsi barədə əmrin, iddiaçının hərbi rütbədən məhrum edilməsini təsdiq edən qərarın sürətlərinin iddiaçıya təqdim edilməsi və Əmrin verildiyi gün hansı səbəbdən axır haqq-hesab aparılmadığı və tibb fondu vəsaiti verilmədiyi haqqında məlumat verilməsi barədə hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmışdır. İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya 30.09.2021-ci il tarixli hüquqi yardım haqqında məktub göndərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmiş və iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş üzrə növbəti məhkəmə iclası 03.11.2021-ci il tarixə təyin olunmuşdur. Həmin tarixli məhkəmə iclasında “Əmrin verildiyi gün hansı səbəbdən axır haqq-hesab aparılmadığı və tibb fondu vəsaiti verilmədiyi haqqında məlumat verilməsi barədə hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində iddia tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin, məhkəmə iddia tələbinin “iddiaçının keçmiş AR Milli Təhlükəsizlik Nazirliyindən vəzifədən azad edilməsi barədə əmrin, iddiaçının hərbi rütbədən məhrum edilməsini təsdiq edən qərarın sürətlərinin iddiaçıya təqdim edilməsi” hissəsində iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə 03.11.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsinə (vəkilinə) bir daha İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərərək iddia tələbinin dəqiqləşdirilməsini təklif etsə də, iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsində göstərilənləri müdafiə edərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi üç hissədən ibarətdir: - AR Milli Təhlükəsizlik Nazirliyindən vəzifədən azad edilməsi barədə əmrin surətinin təqdim edilməsi; - iddiaçının hərbi rütbədən məhrum edilməsini təsdiq edən qərarın sürətinin təqdim edilməsi; - Əmrin verildiyi gün hansı səbəbdən axır haqq-hesab aparılmadığı və tibb fondu vəsaiti verilmədiyi haqqında məlumat verilməsi. İlk öncə məhkəmə qeyd edir ki, “Əmrin verildiyi gün hansı səbəbdən axır haqqhesab aparılmadığı və tibb fondu vəsaiti verilmədiyi haqqında məlumat verilməsi barədə hərəkətlərin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində iddia tələbi üzrə icraata xitam verilmişdir. Məhkəmə iddia tələbinin “AR Milli Təhlükəsizlik Nazirliyindən vəzifədən azad edilməsi barədə əmrin surətinin təqdim edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin iddiaçıya ünvanlanan 26.03.2021-ci il tarixli 12/Q-1229 nömrəli məktubunda göstərilmişdir: “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə ünvanladığınız ərizəyə tərəfimizdən baxılmışdır. Nəzərinizə çatdırırıq ki, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa və “Dövlət sirrinə aid edilən məlumatların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2005-ci il tarixli 248 nömrəli Fərmanına uyğun olaraq, hərbi xidmətdən tərxis olunma və general-mayor hərbi rütbəsindən məhrum edilmə barədə əmrlər dövlət sirrinə aid edildiyindən onların surətlərinin Sizə təqdim olunması mümkün hesab edilməmişdir. Bununla yanaşı, maliyyə ödənişləri barədə arayış ilə əlaqədar cari ilin yanvar ayında DTX-nin Maliyyə idarəsi tərəfindən Sizə müvafiq cavab verilmişdir (12.01.2021-ci il tarixli 12/Q-151 məktub).” Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti məhkəmənin sorğusuna cavab olaraq 25.06.2021-ci il tarixli məktubla Milli Təhlükəsizlik Nazirliyinin müvafiq əmrindən çıxarışı “məxfi” qrifi ilə məhkəməyə göndərilmişdir. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən dövlət sirri - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatları, dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirmək öhdəliyi götürmüş və ya statusuna görə buna borclu olan Azərbaycan Respublikasının vəzifəli şəxsləri və vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən hökmən icra edilməlidir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, iddiaçının ona təqdim edilməsini tələb etdiyi Milli Təhlükəsizlik Nazirliyinin müvafiq əmri barədə məlumat öz əksini tapmışdır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 165-ci bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının verilməsini tələb etdiyi Milli Təhlükəsizlik Nazirliyinin müvafiq əmri mövcud qanunvericiliyə əsasən dövlət sirrinə aid edildiyindən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunduğundan, həmçinin həmin əmr barədə məlumat iddiaçının Əmək kitabçasında öz əksini tapdığından iddia tələbi “AR Milli Təhlükəsizlik Nazirliyindən vəzifədən azad edilməsi barədə əmrin surətinin təqdim edilməsi” hissəsində mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə, surəti iddiaçıya ünvanlanmış Arayışından görünür ki, Azərbaycan Respublikası Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli 1(093)-7/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir sıra maddələri ilə təqsirli bilinib əsas cəza kimi 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə, həmçinin həmin Məcəllənin 48-ci maddəsini tətbiq etməklə əlavə cəza kimi ali hərbi rütbədən məhrumolma cəzasına məhkum edilmişdir. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsin məhkum olunması zamanı məhkəmə cinayətin ictimai təhlükəliliyinin xarakterini və dərəcəsini, təqsirkarın şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsinin zəruriliyi nəticəsinə gəldikdə aşağıdakı qərarlardan birini qəbul edir: 48.0.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilməsi məsələsinə baxılması üçün bu barədə həmin orqana təqdimat göndərilməsi haqqında qərar; 48.0.2. digər dövlət orqanı tərəfindən verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi haqqında qərar. Məhkəmə iddia tələbinin “iddiaçının hərbi rütbədən məhrum edilməsini təsdiq edən qərarın sürətinin təqdim edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, həmin iddia tələbi iddiaya cavab verməli olmayan inzibati orqana qarşı yönəldiyindən, iddia tələbi həmin hissədə də mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar