Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4751/2022 22.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 10-cu cənub küçəsi 136 saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş protokoldan çıxarış onun mübahisə predmetini təşkil edən əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün kifayət qədər mötəbər sənəddir. İddiaçı müvafiq olaraq bağ sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu müraciətin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz sayır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq üzvlərinin siyahısında idiaçının adı aşkar olunmamışdır. Həmçinin iddiaçının adına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin əsilləri (icarə müqaviləsi, order, üzvlük kitabçası və ya protokoldan çıxarış və icarədar dünyasını dəyişdiyi təqdirdə vərəsəlik işinin açılması ilə əlaqədar notariusdan məktub) təqdim olunmamışdır. Bundan əlavə, göstərilən sahənin çox hissəsi elektron kadastr baza məlumatlarına əsasən qaz xəttinin mühafizə zonasında yerləşir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən bağ sahəsi üzərində isə həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Əvvəla, məhkəmə qeyd edir ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün 2 əsas gətirir:
1. Torpaq sahəsinin bir hissəsinin qaz xəttinin mühafizə zolağında yerləşməsi;
2. Torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmaması. Eyni zamanda iddiaçının adının idarənin arxiv siyahısında aşkar olunmamasıdır. İlk öncə məhkəmə cavabdehin gətirdiyi birinci əsasa münasibət bildirir. Belə ki, məhkəmə araşdırılması zamanı mübahisə predmetini təşkil edən bağ sahəsinin qaz xəttinin mühafizə zolağında yerləşib-yerləşməməsi, qaz xəttinin mühafizə zolağında yerləşdiyi təqdirdə göstərilən qaz xəttinin hansı tarixdə quraşdırılması barədə məlumatın təqdim olunması üçün aidiyyəti inzibati orqanlara sorğu verilmişdir. Həmin sorğuya cavab məktublarından məlum olmuşdur ki, UTM WGS 84 koordinat sistemində olan 464 m2 torpaq sahəsi (iddia olunan) neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları, eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Göründüyü kimi, cavabdehin gətirdiyi birinci əsas məhkəmə araşdırılması zamanı ünvanlanmış sorğuya cavab məktubu ilə aradan qalxmışdır ki, həmin sorğuya cavab məktubunda mübahisə predmetini təşkil edən bağ sahəsinin hər hansı bir qaz xəttinin mühafizə zolağında yerləşmədiyi təsdiq olunmuşdur. Nəzərə alınmalıdır ki, cavabdehin irəli sürdüyü birinci əsas aradan qalxsa da, iddiaçının müraciətinin təmin olunması mümkün deyildir. Belə ki,müraciətin təmin olunmamasının ikinci əsası hüquqmüəyyənedici sənədlərin olmamasıdır. Qeyd olunmalıdır ki, qanunvericilik imperativ qaydada bağ sahəsi üzərində mülkiyyət hüquqlarının əldə edilməsi üçün aşağıda səciyyələnmiş sənədlərdən birinin olmasını şərtləndirmişdir: İcarə müqavilələri Sərəncamlar Orderlər Kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsi ilə qanunverici həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Yəni, bu sənədlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin dövlət mülkiyyətində olan torpağın həmin dövrdə idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanına (Bakı ŞİH-ə) təqdim olunan siyahısına uyğun olaraq verildikdə mötəbərlik əhəmiyyəti qazanır. Bunun üçün də bağ sahəsi ayrılan şəxsin adının siyahıda olması, yaxud da sonradan siyahıya müvafiq icra hakimiyyəti orqanının məlumatı (razılığı) ilə dəyişiklik edilməsi şərtdir. Çünki, məhz qeyd olunan siyahı vasitəsilə əvvəl dövlət mülkiyyətində olan torpağın idarəetməsini həyata keçirən icra hakimiyyəti orqanı bu torpaqların istifadəyə verildiyi bağçılıq üzvlərinin kimliyi barədə məlumatlı olur və onlar tərəfindən torpaq sahəsindən istifadə qaydalarına əməl olunub-olunmamasına nəzarət edə bilirdi. Bu mənada, adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin ilkin siyahısında olmayan şəxslərə həmin bağçılıq-yoldaşlıqlarının sədrləri tərəfindən sonrakı dövrlərdə, buna dair heç bir səlahiyyətı olmadan, özbaşına qaydada torpaq sahələrinin ayrılması həmin şəxslərin torpaq üzərində hüquqlarının yaranmasına səbəb ola bilməz. Təkzib olunmaz haldır iddiaçı məhkəmə icraatı zamanı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının olmasını təsdiq edən protokoldan çıxarış təqdim etmişdir ki, həmin sənədin mötəbərliyi məhkəmə üçün şübhə doğurmuşdur. Bunun müqabilində məhkəmə tərəfindən aidiyyəti inzibati orqanlara sorğular verilmiş, 26 Bakı Komissarı adına mətbəənin nəznində olan “Çapçı” Bağçılıq yoldaşlıq iclasında İddiaçı Bakı şəhəri, Dübəndi bağ massivində yerləşən 10-cu cənub küçəsində 16 saylı bağlı sahəsinin ayrılmasına dair protokoldan çıxarışın, qərarın və digər aidiyyəti sənədlərin, həmçinin adıçəkilən bağçılıq yoldaşlığın üzvlərinin siyahısının təsdiq edilmiş surətini, o cümlədən Bakı şəhər XDS İKnın xx.xx.1987-ci il tarixli, 20/396 №-li qərarın surətinin təqdim olunması tələb olunmuşdur. Düzdür, təkzib olunmaz haldır ki, Bakı şəhər X3 İcraiyyə Komitəsi tərəfindən 26 Bakı Komissarlar rayonu nəznində olan müəssisələrinin 95 üzvünə torpaq sahəsinin ayrılması ilə bağlı qərar qəbul edilmişdir. Lakin, qərar ilə ayrılmış bağ sahələrindən birinin İddiaçı ayrılması hər hansı sənəd əsasında öz təsdiqi tapmamışdır. Belə ki, ümumiyyətlə bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçaları və Dübəndi bağ massivi 10-ci Cənub küçəsi, 16 saylı bağ sahəsinə dair sənədlər (üzvlük kitabası, protokoldan çıxarış və s.) arxiv sənədləri Arxiv İdarəsində aşkar olunmamışır. Buna baxmayaraq, bağ sahələlərinin 26 Bakı Komissarı adına mətbəənin nəznində olan “Çapçı” bağçılıq-yoldaşlıq birliyinin üzvlərinə ayrılmasını təsdiq edən Siyahı təqdim olunmuşdur. Həmin siyahıda isə İddiaçı adı göstərilməmişdir. Bundan başqa, Məhkəmə İdarə tərəfindən təqdim olunmuş Siyahını iddiaçı tərəfindən təqdim olunmuş protokoldan çıxarış ilə birgə təhlil etdikdə müəyyən etdi ki, iddiaçı tərəfindən təqdim olunmuş protokoldan çıxarışda İddiaçı adı ilə yanaşı, həmçinin digər şəxslərin adları göstərilmiş, adların bəziləri İdarənin arxivində saxlanılan siyahıda öz əksini tapsa da, digər adlar Siyahıda (X1, X2 və s.) əks olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsində sənədlərin həmin dövrdə uyğun əlifba ilə yazılmasına xüsusi önəm verilir. Buna nümunə olaraq Məhkəmə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş qərarda göstərilmiş əsaslandırmanı qeyd etmək istəyir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-2282/2021 №-li, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İddiaçının adı kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin işdə olan ilkin siyahısında yoxdur (iş vərəqi 102-104), onun təqdim etdiyi bağçılıq-yoldaşlıq birliyinin üzvlük kitabçası, “Azərpambıq” təmizləmə sənayesi Müdiriyyət və Həmkarlar Təşkilatının birgə qərarından çıxarış və sair sənədlərdə tarix 1988-ci il göstərilsə də, həmin sənədlər latın qrafikası isə tərtib olunmuş, qeyd olunan illərə dair sənədlər isə təqdim edilməmişdir.” Göründüyü kimi, kassasiya instansiya məhkəməsi 1988-ci il tarixə aid sənədin latın qrafikası ilə tərtib olunduğundan həmin sənədin mötəbərliyi şübhə altına almışdır. Hazırki iddia üzrə də iddiaçının məhkəmə icraatı zamanı təqdim etdiyi protokolda çıxarışın həmin dövrdə, yəni 1988-ci ilə uyğun olaraq kiril əlifbası ilə tərtib olunsa da, protokoldan çıxarışda “Чапчы багчылыг йолдашлыгынын сэдри” ifadəsinin qarşısında latın əlifbası ilə olan möhürlə təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi protokolda şübhə doğuran halların mövcudluğuna rast gəlinir. Beləliklə, təkcə iddiaçının təqdim etdiyi sənədlərin (protokoldan çıxarış) bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda və ya arxivdə aşkar edilməməsi, həmin sənədlərin təsdiqi ilə bağlı heç bir məlumatın müəyyən edilməməsi, eyni zamanda məhkəmə sorğusuna əsasən təqdim edilən bağ sahələrinin ayrılmasına aid digər sənədlər də iddiaçının bağ sahəsinə dair məhkəməyə təqdim etdiyi sənədlərin mötəbərliyinə şübhə yaradır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 110/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İşin materiallarında olan, «H.Z.Tağıyev adına NQÇİ bağçılıq birliyinin Üzvlük Bileti»nin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verildiyi müəyyən edilmədiyindən, həmin üzvlük bileti 2\67a saylı bağ sahəsinin qanuni əsaslarla iddiaçıya ayrılmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz” Göründüyü kimi oxşar mübahisələr üzrə formalaşmış məhkəmə təcrübəsi onu göstərir ki, vətəndaşa bağ sahəsinin ayrılması ilə bağlı üzvlük kitabçası və ya protokoldan çıxarış bağçılıq-yoldaşlıq təsərüfatının üzvlərinin siyahısına uyğun olaraq verilməlidir. Beləliklə, işin faktiki hallarından məlum olduğu kimi, məhkəmə tərəfindən kifayət qədər aidiyyəti qurumlara sorğular verildiyi halda, mübahisə predmetini təşkil edən bağ sahəsinin iddiaçıya ayrılması ilə bağlı hər hansı bir sənəd aşkar olunmamış, bununla da, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici sənədin olmaması qənaətinə gəlmək üçün əsas yaranmışdır. Məhkəmə hesab edir ki, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından yuxarıda adıçəkilən Qanunun 15.1.1-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyatından əsaslı olaraq imtina etmişdir. Beləliklə, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin müdaxiləsini, yəni sonuncunun bağ sahəsinin iddiaçının adına ilkin hüquqi qeydiyyata alınmasından imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov