Məhkəmə qərarları › İş №2-1(112)-4751/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4751/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4751/2025 30.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 2/261 saylı sahədə 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

2. Məhkəmənin qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayon XDSİK-nin xx.xx.1989-cu il tarixli qərarı ilə fərdi yaşayış evi tikilməsi üçün Binə qəsəbəsində 2/261 saylı sahədə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sənədin arxiv arayışı və torpaq sahəsinin yerləşmə sxemi ərizəyə əlavə edilmişdir. İddiaçı həmin torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sonuncu ona imtina məktubu verərək bildirmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yaxınlığında ləğv edilmiş neft quyusunun məlumatı mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həxata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd bağlamaq imkanı verir. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir.

4. Cavabdehin imtinasında qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yaxınlığında ləğv edilmiş neft quyusunun məlumatı mövcuddur. Odur ki, yaranmış zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə xx.xx.2024-cü il tarixli sorğu ünvanlanmış, sorğuya cavab İdarəyə daxil olmamışdır.

5. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yaxınlığında ləğv edilmiş neft quyusunun məlumatı mövcuddur. Odur ki, ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizənizin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) göndərilmiş sorğuya 14-2/2-4979/2024 saylı xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, müvafiq torpaq sahəsinin hüdudları daxilində 176 saylı, ləğv olunmuş neft-qaz quyusu mövcuddur. Qeyd olunanlara əsasən təhlükəsizliyin təmin olunması məqsədilə quyuların mühafizə zonası göstərilməli və həmin torpaq sahəsi ilə bağlı aparılacaq bütün əməliyyatlar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3cü bəndi ilə quyulardan şəxsi tikililərə 75 metrlik mühafizə zonası müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edir.

6. Bakı Şəhər İcra Hakimiyyətinin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-52/2- 4419/2024 nömrəli məktuba əlavə edilmiş keçmiş Əzizbəyov rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli 9/945 nömrəli qərarında qeyd edilmişdir ki, İddiaçı fərdi yaşayış evi tikilməsi üçün Binə qəsəbəsində 2/261 nömrəli sahədə 600 kv.m torpaq sahəsi ayrılmasına dair qərar verilmişdir.

7. Xəzər Rayonu İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş keçmiş Əzizbəyov rayon XDS İKnin xx.xx.1989-cu il tarixli 9/945 nömrəli qərarı əsasında Binə qəsəbəsində İddiaçı ayrılmış 2/261 nömrəli torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, keçmiş Əzizbəyov rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli 9/945 nömrəli qərarı əsasında İddiaçı ayrılmış torpaq sahəsinin ölçüləri 600 kv.m təşkil etməklə, yerləşdiyi yer müəyyən edilmişdir.

8. Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahə 2/261 nömrəli ünvanda torpaq sahəsinin qonşuluğunda yerləşən əmlaklara dair çıxarışlar təqdim edilmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

14. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

15. Məhkəmə tərəfindən müəyyən edildi ki, keçmiş Əzizbəyov rayon XDS İK-nin xx.xx.1989cu il tarixli 9/945 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikilməsi üçün Binə qəsəbəsində 2/261 nömrəli sahədə 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqan müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müvafiq torpaq sahəsinin hüdudları daxilində 176 saylı, ləğv olunmuş neft-qaz quyusu mövcuddur. İddiaçı hazırda cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir və mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb edir.

16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

20. Göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

21. Surəti iş materiallarında olan keçmiş Əzizbəyov rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli 9/945 nömrəli qərarı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə olan torpaq sahəsinin hazırkı İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin sərəncam ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətə uyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir.

22. Nəzərə alınmalıdır ki, cavabdeh orqanın özü də həmin sənədlərin həqiqiliyini şübhə altına almamış, sənədlərin mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin imtinasının əsası kimi istinad etdiyi dəlillər odur ki, müvafiq torpaq sahəsinin hüdudları daxilində 176 saylı, ləğv olunmuş neft-qaz quyusu mövcuddur.

23. Qeyd edilməlidir ki, torpaq sahəsi müvafiq torpaq sahəsinin hüdudları daxilində 176 saylı, ləğv olunmuş neft-qaz quyusu mövcud olsa da, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iş materiallarına əlavə edilmiş üçüncü şəxsin iddiaçıya ünvanlandığı xx.xx.2024-cü il tarixli 14-2/2-M-37xx-xx/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, həmin torpaq sahəsində hər hansı bir tikintiquraşdırma işlərinin aparılmasının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirli ilə razılaşdırılmalı olduğu qeyd edilmişdir.

24. Göründüyü kimi, torpaq sahəsinin hüdudları daxilində 176 saylı, ləğv olunmuş neft-qaz quyusu mövcud olması halı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasının qarşısını alan hal deyil, həmin torpaq sahəsində hər hansı bir tikinti quraşdırma işlərinin aparılmasının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirli ilə razılaşdırılmalı olması ilə bağlıdır.

25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlət daxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir.

26. Həmçinin qeyd edilməlidir ki, iddiaçının mübahisəli torpaq sahəsinə hüquqları 1984-cü ildən etibarən yarandığından və həmin dövrdə torpaq sahəsinin neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilməsi sübuta yetirilmədiyindən iddiaçının daşınmaz əmlak üzərində hüquqlarının yaranması təkzib olunmaz haldır.

27. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, torpaq sahəsinin təqdim olunmuş cizgisindən və torpaq sahəsinin yerləşdiyi yerin qonşuluğunda yerləşən torpaq sahəsinə dair cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən məlum olur ki, qonşuluqda yerləşən torpaq sahəsi yaşayış məntəqə torpaqlarına aid edilmiş və həmin şəxsə ayrılmış torpaq sahələrinə dair çıxarışlar verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyini nümayiş etdirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir.

28. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsə də, Fərmanın 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

29. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

30. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 2/261 saylı sahədə yerləşən 600 kv.metr torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar