Məhkəmə qərarları › İş №2-1(112)-4752/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4752/2021

17.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4752/2021 17.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosu cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən yaradılaraq 21.10.2020-ci il tarixində dövlət qeydiyyatına alınmış və bu barədə dövlət reyestrdən çıxarış əldə etmişdir. Cavabdeh tərəfindən keçirilmiş vergi uçot məlumatlarının araşdırılması nəticələri haqqında akt tərtib edilmiş, həmin akt əsasında VM-nin 33.4-cü maddəsində nəzərdə tutulan müddət ərzində vergi orqanına vergi uçota alınmaq üçün ərizə verilmədiyinə görə 40 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı vergi məsuliyyətinə cəlb olunma barədə qərar qəbul edilmişdir. İddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində vergi orqanına müraciət edə bilməmisini onunla əsaslandırmışdır ki, qurumun dövlət qeydiyyatı ilə əlaqədar sənədlər Ədliyyə Nazirliyindən tərəfindən 25.01.2021-ci il tarixində təqdim olunmuşdur. Bundan sonra, iddiaçı aidiyyəti üzrə ərizə ilə vergi orqanına müraciət etmiş və 05.02.2021-ci il tarixində vergi orqanında qeydiyyata alınmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh hesab edir ki, vergi məsuliyyətinə cəlb olunma haqqında qərar qəbul olunarkən hər hansı bir hüquq normalarının pozuntusuna yol verilməmişdir. Belə ki, “Kamandar Nəsibov və partnyorları” vəkil bürosu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən 21.10.2020-ci il tarixdə qeydiyyatdan keçməsinə baxmayaraq, vergi orqanına 02.02.2021-ci il tarixdə ərizə ilə müraciət etmiş və bununla da Vergi Məcəlləsinin 33.4-cü maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, vergi ödəyicisinə tətbiq edilmiş 40 manat məbləğində maliyyə sanksiyası 12.03.2021-ci il tarixdə dövlət büdcəsinə ödənilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar ilə nəzərdə tutulmuş vergi borcunun ödənilməsi, iddia üzrə mübahisənin mövcud olmaması kimi qiymətləndirilmir. Belə ki, vergi borcunun ödənilməsinin əsas məqsədi o idi ki, gələcəkdə cavabdeh tərəfindən iddiaçının fəaliyyətinə təsir edə biləcək hərəkətlər (banklardaki hesablaşma hesablarına sərəncamların qoyulması, müəssisənin əmlakının siyahıya alınması və əlavə hesablanmış vergi borclarının tutulmasına yönəlmiş digər hərəkətlərin) görülməsin. Məhkəmə qeyd edir ki, tətbiq olunmuş maliyyə sanksiyası iddiaçı tərəfindən ödənilsə belə, o, vergi məsuliyyətinə cəlb olunması barədə qərarını və onun nəticəsini mübahisələndirir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışdan və №1120-Q74-3859 saylı şəhadətnamənin surətindən görünür ki, “Kamandar Nəsibov və partnyorları” vəkil bürosu 21 oktyabr 2020-ci il tarixində dövlət qeydiyyatına alınmışdır. - “Vergi Məcəlləsinin 33.4-cü və 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinə görə maliyyə sanksiyasının tətbiq olunması məsələsinə baxılması barədə” 08.02.2021-ci il tarixli bildirişi ilə, “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun VM-nin 58.2-ci maddəsinə uyğun olaraq maliyyə sanksiyasının tətbiq edilməsi məsələsinə baxılması nəzərdə tutulmuşdur. -Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 24.02.2021-ci il tarixli qərarın surətindən görünür ki, iddiaçı “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosu Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün ərizə verilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb olunmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçı “Kamandar Nəsibov və partnyorları” vəkil bürosu 21.10.2020-ci il tarixində dövlət qeydiyyatına alınmış, qeydiyyatı ilə əlaqədar sənədləri 25.01.2021-ci il tarixdə aldıqdan sonra, vergi orqanında uçota alınmaq üçün 02.02.2021-ci il tarixdə vergi orqanına müraciət etmişdir. Cavabdeh VM-nin 33.4-cü maddəsində nəzərdə tutulan müddət ərzində iddiaçı tərəfindən vergi orqanında vergi uçota alınmaq üçün ərizə verilmədiyinə görə 40 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı qərar qəbul etmişdir. İddiaçı sözügedən qərarı mübahisələndirir. Məhkəmə mübahisələndirilən qərarın əsaslı olub-olmamasına qiymət vermək üçün Vergi Məcəlləsinin normalarına istinad edir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) tərəfindən ərizə verilir. Vergi ödəyicisi olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) uçota alınmaq üçün ərizə ilə birgə vergi orqanına müraciət etdikdə, müəyyən edilmiş qaydada təsdiq edilmiş onların dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, nizamnaməsinin (və ya əsasnaməsinin), rəhbərin təyin olunmasını və hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin, habelə rəhbərin şəxsiyyətini təsdiq edən sənədin bir nüsxədə surətlərini və olduğu yer (ünvanı) haqqında məlumat vergi orqanına təqdim etməlidirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə görə, bu Məcəllənin 33.4-cü maddəsində göstərilən müddətdə vergi orqanında uçota alınmaq üçün və ya 34.3-cü maddəsində göstərilən müddətdə olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə, habelə bu Məcəllənin 221.4.7-ci maddəsində nəzərdə tutulmuş "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Şərh olunan qanunvericiliyin müddəalarına görə, vergi ödəyicisinin uçotu dedikdə, vergi orqanları tərəfindən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslərin olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlərin Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə, fərdi sahibkarların və VM-nin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslərin yaşadıqları yer üzrə müəyyən olunmuş qaydada qeydiyyatın aparılması nəzərdə tutulur. Kommersiya hüquq şəxslərinə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman VÖEN verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə VM-nin məqsədləri üçün vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edlir. Vergi orqanında uçota alınmaq üçün vergi ödəyicisi tərəfindən qanunvericilikdə nəzərədə tutulmuş qaydada aidiyyəti üzrə müraciət edilən zaman iki şərtə riayət olunmalıdır:

1. VM-nin 34.1- ci maddəsində nəzərdə tutulmuş sənədlər ərizəyə əlavə edilməli,

2. Hüquqi şəxsin dövlət qeydiyyatına alındığından sonra 30 gün müddətində ərizə ilə müraciət olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin Məcəllənin 54.0.2-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmadığı halda, o, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz Beləliklə, qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq məhkəmə qeyd edir ki, şübhə yoxdur ki, vergi orqanları tərəfindən tətbiq edilən maliyyə sanksiyası vergi ödəyiciləri barəsində tətbiq edilən məsuliyyət tədbirlərindən biri kimi çıxış edir. Vergi hüquq pozuntusuna yol verildiyi müəyyən edildikdə tətbiq edilən bu tədbir öz mahiyyətinə görə vergi qanunvericiliyinin pozulması zamanı tətbiq edilən digər məsuliyyət tədbirləri ilə eyni hüquqi təbiətə malikdir. Vergi Məcəlləsində qəbul edilmiş hüquqi dövlət prinsipinin tələblərindən irəli gələn əsas yanaşma isə ondan ibarətdir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Göründüyü kimi vergi qanunvericiliyinin pozuntusunda şəxsin təqsirli hesab edə bilmək üçün iki haldan biri mövcud olmalıdır – 1) şəxs və ya Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilmiş olmalıdır və ya 2) şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə vergi pozuntusu törətməkdə təqsirli bilinməlidir.Bu hallardan hər hansı birinin olmaması isə vergi ödəyiciyisinin təqsirziliyi prezumpsiyası üçün əsas verir. Qeyd edilənlərin hazırki işin hallarına tətbiqi zamanı belə nəticə hasil olur ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsində təsbit edilmiş 30 günlük müddət ərzində iddiaçının vergi uçotuna alınması ilə bağlı müraciət edilməməsi, hazırki mübahisə üzrə hüququ pozuntusu kimi qiymətləndirilmir. Nəzərə almaq lazımdır ki, konkret halda söhbət vergi hüquq pozuntusundan getdiyindən əməlin törədilməsi özü-özlüyündə vergi hüquq pozuntusunun baş verdiyi anlamına gəlmir. İlk növbədə ona görə ki, Vergi Məcəlləsinin tələbinə görə vergi hüququ pozuntusundan söz edə bilmək üçün bu barədə çıxarılmış müvafiq məsuliyyət qərarının və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarının olması tələb olunur. Bundan başqa, Vergi Məcəlləsinin 54.0.2-ci maddəsində vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hal kimi, şəxsin hüquq pozuntusunda təqsirinin olmamasıdır. Bu hal bir daha təsdiq edir ki, şəxs əməl törədilmiş olsa belə, qanunda nəzərdə tutulmuş hallar varsa, vergi pozuntusuna görə məsuliyyətə cəlb edilmə istisna edilir. Bu mövqeyinə uyğun olaraq məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə hüquq pozuntusunda vergi ödəyicisinin təqsirinin olub-olmamasını müyyən etmək məqsədi ilə, VM-nin 34.1-ci maddəsində nəzərdə tutulmuş qeydiyyat sənədlərinin (təsis sənədləri) iddiaçı tərəfindən hansı tarixdə alınmasına aydınlıq gətirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 10.03.2021ci il tarixli, 05/1812-14 nömrəli məktubundan bir mənalı olaraq görünür ki, “Kamandar Nəsibov və partnyorları” vəkil bürosu 21.10.2020-ci il tarixində dövlət qeydiyyatına alınmış, qeydiyyatı ilə əlaqədar sənədləri isə 25.01.2021-ci il tarixdə təhvil almışdır. Göründüyü kimi, iddiaçı ən geci 21.11.2020-ci il tarixdə vergi orqanına vergi uçotuna alınması ilə bağlı ərizə ilə müraicət etməli olduğu halda, o, qeydiyyata alınması ilə bağlı qeydiyat sənədlərini əldə etdikdən sonra, 02.02.2021-ci il tarixdə müraciət etmişdir. Təkzib olunmaz hal odur ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə vergi orqanına müraciət etməmişdir. Lakin, burada əhəmiyyət kəsb edən fakt odur ki, müraciətin vaxtında edilməməsi iddiaçının iradə ifadəsindən asılı olmayaraq baş vermişdir. Başqa sözlə desək, iddiaçı “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun vergi uçotuna alınması ilə bağlı vergi orqanına 02.02.2021-ci il tarixdə müraciət etməsi hüquqpozuntusuna səbəb olsa belə, VM-nin 34.1-ci maddəsi ilə nəzərdə tutulmuş sənədlərin (dövlət qeydiyyatı ilə əlaqədar) 25.01.2021-ci il tarixdə təqdim edilməsi, həmin hüquqpozuntusunda iddiaçının təqsirinin olmaması kimi qiymətləndirilməsi üçün əsas verir. Belə olan halda, məhkəmənin qənaətinə görə, dövlət qeydiyyat ilə əlaqədar sənədlərin iddiaçıya gec təqdim olunması ona əsas verir ki, vergi uçotuna alınmasına dair müraciətin müddəti ilə bağlı yaranmış hüquqpozuntusunda iddiaçı“Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun təqsirli hərəkəti olmamış və bunun əksini təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən təqdim olunmamışdır. Məhkəmə iddiaçı “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosu tərəfindən 40 manat məbləğində maliyyə sansksiyasının ödənilməsi ilə bağlı bildirir ki, iddiaçı həmin məbləğin qaytarılması və ya digər vergi borcları ilə əvəzləşdirilməsini tələb etmək hüququna malikdir. İddiaçının bu hüququ Vergi Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının normaları əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1.-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin qanunun 67.2.-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3.-ci maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır Göründüyü kimi, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24.02.2021-ci il tarixli, **********28060 №-li saylı qərarı üzrə maddi hüquq normaları cavabdeh tərəfindən düzgün tətbiq edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. Cаvаbdеh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 24.02.2021-ci il tarixli, **********28060 №-li saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar