Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4752/2023 13.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı «kooperativ üzvlərinin ümumi yığıncağının protokolunun müvafiq hissədə ləğv edilərək qüvvədən düşmüş hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC cavabdeh "xxxx" MTK-ya qarşı «kooperativ üzvlərinin ümumi yığıncağının protokolunun müvafiq hissədə ləğv edilərək qüvvədən düşmüş hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" MTK 02 dekabr 2011-ci il tarixdə 02 saylı müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC "xxxx" MTK-nın təqdim etdiyi layihə smeta sənədləri əsasında Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov və Sadıqcan küçələrinin kəsişməsində 2942A saylı məhəllədə yerləşəcək 17 mərtəbəli, 3 girişli yaşayış binasının əsaslı tikinti işlərini yerinə yetirərək sifarişçiyə 2 il müddətində təhvil verməli idi. Yaşayış kompleksi 47 avtomaşınlıq 1 mərtəbəli yeraltı qaraja zirzəmi və 1-ci mərtəbədə yerləşən 2.690 kv.m yaşayış sahəsinə malik olmalıdır. Yeraltı qaraj və qeyri-yaşayış sahəsinin 2.500 kv.m İddiaçı MMC-yə aid edilmişdir. Həmin sahələrdə gündəlik tələbat malları satışı mağazası, idman sağlamlıq kompleksi və başqa xidmət sahələri nəzərdə tutulmuşdur. Müqavilə əsasında yuxarıda göstərilən ünvanda yerləşən 17 mərtəbəli 3 girişli yaşayış binasının tikinti işlərinin dəyəri layihə sənədlərinə əsasən mənzilin ümumi sahəsinin 1 kv.m-nin dəyəri 450 manat məbləğində müəyyən edilmişdir. Mal-materialların alınması, tikinti texnikasının cəlb edilməsi və digər hazırlıq işlərinin aparılması məqsədi ilə sifarişçi müqavilə imzalandıqdan 3 ay müddətinə icraçıya avans qaydasında ümumi məbləğin 30%-i həcmində pul vəsaiti ödəməli idi. İddiaçı MMC tikinti işlərinə başladıqdan sonra sifarişçi tərəfindən ona ödəniləcək məbləğ fasilələrlə gecikdirildiyindən, tikinti işlərini sürətləndirmək məqsədi ilə yuxarıdakı ünvanda göstərilən 3 bloklu 17 mərtəbəli yaşayış binasından 50 ədəd (19 ədəd 2 otaqlı, 27 ədəd 3 otaqlı, 4 ədəd 4 otaqlı) olmaqla 6.659.73 kv.m sahəsi olan mənzillər İddiaçı MMC-yə 2 dekabr 2011-ci il tarixli 02 nömrəli müqaviləyə əlavə 03 may 2013-cü il tarixli protokolla verilmişdir. Sonradan 30 aprel 2014-cü il tarixli protokolla 03 may 2013-cü il tarixli əlavəyə edilmiş dəyişikliklə mənzillər dəyişdirilərək 17 ədəd 2 otaqlı, 29 ədəd 3 otaqlı, 4 ədəd 4 otaqlı olmaqla 6.700.16 kv.m sahəsi olan 50 ədəd mənzillə əvəzləşdirilmişdir. Mənzillərin iddiaçıya verilməsi barədə son qərar əvvəldə göstərilmiş protokollara 9 iyul 2014-cü il tarixdə edilmiş dəyişiklik protokolunda göstərilməklə 17 ədəd 2 otaqlı, 30 ədəd 3 otaqlı, 3 ədəd 4 otaqlı olmaqla 6.666.27 kv.m olmaqla 50 mənzil təsdiqlənmişdir. İddiaçı MMC tikinti işlərini dayandırmadan və tam sürətlə aparmaqla yuxarıda göstərilən ünvandakı 17 mərtəbli 3 girişli binanı cavabdeh "xxxx" MTK-ya təhvil vermişdir. Ona verilən yuxarıda göstərilən 50 mənzili İddiaçı MMC müxtəlif fiziki və hüquqi şəxslərlə dəyişmə yolu ilə binanın tikintisi üçün tikinti materialların alınmasına və binada tikinti işlərinin aparılması üçün istifadə etmişdir. Həmin mənzilləri İddiaçı MMC heç kimə nağd pula satmamışdır. "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının 06 aprel 2013-cü il tarixli iclası olmuş və iclasda müxtəlif məsələlərə baxılmışdır. Həmin məsələlərdən biri də 06 aprel 2013-cü il tarixli "xxxx" MTK üzvlərinin ümumi yığıncağının protokolunun 6-cı bəndində göstərilir ki, İddiaçı MMC-yə veriləcək 50 ədəd mənzilin eyni zamanda 02 dekabr 2011-ci il tarixli 02 saylı müqaviləyə əsasən ona veriləcək yeraltı qaraj və digər qeyri-yaşayış sahələrinin alqısatqı müqavilələri yalnız "xxxx" MTK ilə bağlanmaqla satışı həyata keçirilsin. Bu da onu göstərir ki, həmin mənzillər və qeyri-yaşayış sahələləri satılarkən onların pulu cavabdeh "xxxx" MTK-nın hesabına ödənməli idi. Yuxarıda göstərildiyi kimi, İddiaçı MMC həmin mənzilləri və qeyri-yaşayış sahəsinin müəyyən hissəsini nağd pula satmamışdır. Həmin göstərilən mənzilləri iddiaçı dəyişdirmə yolu ilə tikinti materialları ilə əvəzləşdirmiş və həmin materialları yuxarıda göstərilən ünvandakı 17 mərtəbəli 3 girişli binanın tikintisinə sərf etmişdir. İddiaçı hal-hazırda həmin binanın tikintisini başa çatdırıb sifarişçiyə (cavabdehə) təhvil vermişdir. Yuxarıda göstərilən mənzillərin və qeyri-yaşayış sahəsinin dəyişdirilən tikinti materiallarının İddiaçı MMC-yə verən sahibkarların adlarına sənədləşdirilməsi hal-hazırda onun üçün yuxarıda göstərilən 06 aprel 2013-cü il tarixli "xxxx" MTK üzvlərinin ümumi yığıncağının protokolunun 5-ci bəndinə əsasən böyük çətinliklər yaradır. 02 dekabr 2011-ci il tarixli 02 saylı müqaviləyə əlavə edilmiş yuxarıda göstərilən protokollara əsasən həmin mənzillər tikinti işlərinin sürətləndirilməsi üçün "xxxx" MTK-da maliyyə problemləri olduğuna görə İddiaçı MMC-yə verilmişdir. Göstərilənlərə əsaslanaraq, "xxxx" MTK üzvlərinin ümumi yığıncağının 06 aprel 2013- cü il tarixli protokolunun 6-cı bəndinin ləğv edilərək qüvvədən düşməsi vəzifəsinin "xxxx" MTK-nın üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və işin hallarının və mübahisənin vəziyyətinin müzakirə (izah) edilməsi məqsədilə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflərin iştirakı ilə keçirilən iclasda məhkəmə iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın mümkün sayılaraq işə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 işə baxılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - (2.2.2) inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə «İnzibati orqanların Təsnifatı» təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı MMCnin cavabdeh "xxxx" MMC-yə qarşı hazırkı iddiası mülki məhkəmə icraatının predmeti olan bilər. Məhkəmənin qənaətinə görə hazırkı halda tərəflər arasında yaranmış mübahisə inzibati xarakterli deyil. Nəzrə alınmalıdır ki, iddiaçının mübahisələndirdiyi “ümumi yığıncağın protokolu” inzibati akt sayıla bilməz. Odur ki, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4752/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4752/2023
13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver