Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4758/2021 26.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “imtinanın qanunsuz hesab edilməsi, şəxsin cəza çəkmək üçün verilməsi ilə nəticələnəsi hüquqi addımların atılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Rusiya Federasiyasında cəza çəkən Azərbaycan Respublikasının vətəndaşı X4 müvafiq dövlətlərarası müqaviləyə əsasən cəza çəkmək üçün Azərbaycan Respublikasına verilməsi üçün təxirəsalınmaz qaydada bütün zəruri hüquqi hərəkətlərin edilməsi, o cümlədən onun barəsində hökmün müvafiq dövlətlərarası razılığa əsasən tanınması və Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənməsi barədə təqdimatla məhkəməyə müraciət edilməsi vəzifəsinin (öhdəliyin) qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 1978-ci il təvəllüdlü oğlu X1 Federasiyasında məhkum olunaraq Tula vilayəti, Donskoy şəhərinin 1 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir. İddiaçı oğlunun cəzasını Azərbaycan Respublikasında çəkməsi üçün cavabdeh Penitensiar Xidmətə müraciət etmişdir. Lakin cavabdeh buna heç bir əsas gətirmədən imtina etmişdir. İmtina məktubunda göstərilmişdir ki, iddiaçının oğlunun ekstradisiyası məqsədəmüvafiq hesab edilmir. X2 Federasiyasının X6iy şəhər məhkəməsinin 23 mart 2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə (qəsdən adam öldürmə) məhkum edilərək 13 il müddətinə azadlıqdan məhrum edilmişdir. Tula vilayət məhkəməsinin cinayət kollegiyasının 03 iyun 2015-ci il tarixli apellyasiya qərarı ilə hökm dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Tula vilayət məhkəməsinin hakimi Y.A.Saxarovanın 17 avqust 2015-ci il tarixli qərarı ilə kassasiya şikayətinin kassasiya instansiyası məhkəməsinin baxışına verilməsindən imtina edilmişdir. Rusiya Federasiyasının Ali Məhkəməsinin hakimi N.Q.Lavrovanın 14 oktyabr 2015-ci il tarixli qərarı ilə də kassasiya şikayətinin kassasiya instansiyası məhkəməsinin baxışına verilməsindən imtina edilmişdir. Hazırda Rusiya Federasiyasının Ali Məhkəməsinin sədrinə kassasiya şikayəti verilmişdir və baxılmanın nəticəsi gözlənilir. Tamerlanın belə ağır maddə ilə məhkum edilməsi başqa işə görə cəza çəkdiyi müəssisənin rejim işçiləri və digər milliyətçi dustaqların ona və digər əsasən azərbaycanlı olan (T.M.Nuriyev, O.M.Abbasov, P.M.İbrahimli, O.Q.Mehrəliyev və s.) dustaqlara qarşı hiyləsi nəticəsində baş vermişdir. Tamerlan haqsız olaraq 13 il azadlıqdan məhrum edilmişdir. Onun hüquqları uğrunda mübarizə aparılır. Rusiyaya gedib-gəlmək çox çətin və xərc tələb edən işdir. Telefon əlaqəsi məhduddur. Tamerlanı bir növ hədəfə çeviriblər. Hər zaman yeni hiylə gözlənilir. Milli zəmində onu təqib edirlər. Pandemiya da bir tərəfdən onu görməyi mümkünsüz edib. Tamerlanın Azərbaycana ekstradisiya olunmasına heç bir obyektiv səbəb və ya hüquqi əngəl yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı vəkili və nümayəndəsi 25.05.2021-ci il tarixdə təqdim etdiyi iddia ərizəsinə əlavədə iddia tələbini dəqiqləşdirərək X5 ekstradisiyası ilə bağlı etdiyi müraciətə cavabdehin imtinasının qanunsuz, Konstitusiyaya zidd və etibarsız hesab edilməsi və Rusiya Federasiyasında cəza çəkən Azərbaycan Respublikasının vətəndaşı X5 müvafiq dövlətlərarası müqaviləyə əsasən cəza çəkmək üçün Azərbaycan Respublikasına verilməsi ilə nəticələnəsi hüquqi addımların atılmasının cavabdehdən tələb edilməsini xahiş etmişdir. Məhkəmənin 26.05.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinə əlavədə qeyd edilmişdir ki, qanunvericilikdə inzibati orqanın mümkün qanunauyğun qərarlardan birini seçmək imkanı (diskresion səlahiyyətlər) verilsə də bu səlahiyyətlərin həyata keçirilməsində ona tam sərbəstlik verilməmişdir. Belə ki, inzibati orqan özbaşına fəaliyyət göstərə bilməz və o, diskresion səlahiyyətləri həyata keçirən zaman bu səlahiyyətlərin hədlərini, onun məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyini və vətəndaşların hüquq və azadlıqlarına əsassız şəkildə müdaxilənin yolverilməzliyini nəzərə almalıdır. Ekstradisiya ilə bağlı məsələlərin əksəriyyəti şəxsin verilib-verilməməsi ilə bağlıdır. Şəxsin istənilməsi isə qısa şəkildə, texniki prosedur şəklində göstərilir. Yəni istəyən tərəf hansı qaydada, hansı orqan vasitələri ilə müraciət etməlidir. “Ekstradisiya haqqında” AR Qanununda da məhdudiyyətlər yalnız şəxsin verilibverilməməsinə dair məsələlərlə bağlıdır. Heç bir normativ hüquqi sənəddə, nə beynəlxalq, nə də ki, milli sənəddə şəxsin istənilməsinə dair hər hansı bir məhdudiyyət mövcud deyil. Şəxsin istənilməsi proseduru, o cümlədən başqa ölkədən istənilməsi üçün müraciət etmək hüququ olan şəxslərin dairəsi müəyyən edilir. Bu prosedur qeyd edilən Ədliyyə Nazirliyinin təsdiq etdiyi Qaydalardır. Həmin Qaydalarla heç bir üstün normativ sənəddə müəyyən olunmayan qayda müəyyən edilib, belə ki, Ədliyyə Nazirliyinin qaydaları ilə nazirliyin tabe olan qurumuna (Penitensiar Xidmət) şəxsin istənilib-istənilməməsinə dair müsbət və ya mənfi rəy vermək səlahiyyəti verilib. Və bu rəy həlledici olaraq şəxsin müqəddaratını həll edir. Halbuki, proseduru həyata keçirmək bu işi həyata keçirmək deməkdir, buna “hə” və ya “yox” qərarı vermək demək deyil. Bu cür rəy isə inzibati akta bərabər tutulur. Ekstradisiya ilə bağlı məsələlərin təhlili göstərir ki, yalnız təhvil verən Dövlət (dövlətin orqanı) diskresion səlahiyyətə malikdir. Şəxsin istənilib-istənilməməsi, daha dəqiq, şəxsin vətəndaşı olduğu dövlətə getməsi onun konstitusion və ümumbəşəri hüququdur. Və heç bir şəkildə məhdudlaşdırıla bilməz (şəxsin verilməsi üçün müraciət edilən dövlətdən başqa). Cavabdehin hərəkətləri Konstitusiyaya ziddir, barəsində müraciət edilən şəxsə qeyri-bərabər və faktiki ayrı-seçkilik mövqeyindən yanaşmadır. T.Qasımzadənin Azərbaycandakı məhkumluğunu çəkdiyi zaman onun rejim işçiləri ilə bağlı problemləri, onun cərimə kamerasına salınmasına rast gəlinmir. Xüsusən də nəzərə alınsa ki, onun səhhətində psixi problem olub və ona psixiatrik stasionar müalicə təyin edilmişdir (Azərbaycanda). Amma Rusiya cəzaçəkmə müəssisəsində psixi problemləri olan şəxs 30 dəfə intizam məsuliyyətinə cəlb olunub - 8 töhmət verilib, 15 dəfə cərimə təcridxanasına salınıb, 7 dəfə kamera tipli otağa keçirilib. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqan iddiaya yazılı etiraz təqdim etmiş və etirazda bildirilmişdir ki, 22.01.1978-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş, subay, ali təhsilli məhkum X7 əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilərək məhkum edilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17.11.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 181.3.2, 228.4, 234.1-ci maddələri ilə (quldurluq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) məhkum olunmuş, xəstəliyi ilə əlaqədar ümumi tipli psixiatrik stasionar məcburi müalicə təyin edilmişdir. Moskva şəhəri Tver rayon Məhkəməsinin 18.05.2012-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 158-ci maddəsinə əsasən (oğurluq) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasını Tula vilayətində 6 saylı islah müəssisəsində çəkib. Cəza çəkərkən digər cinayət işi üzrə Moskva şəhəri Zyuzin rayon Məhkəməsinin 24.12.2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 161-ci maddəsinə əsasən (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş cəzasını Tula vilayətində 6 saylı islah müəssisəsində çəkib. Məhkum T.Qasımzadə 6 saylı islah müəssisəsində cəza çəkdiyi zaman 27.08.2014-cü il tarixdə onunla eyni dəstədə cəza çəkən məhkum S.Açadovskiy ilə baş vermiş gərginlik nəticəsində ucu itilənmiş xörək qaşığı ilə sonuncunun döş qəfəsinə iki zərbə vuraraq qətlə yetirmişdir. Bu cinayət əməlinə görə X6 şəhər Məhkəməsinin 23.03.2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 105-ci maddəsinə əsasən 13 il müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli 2014cü ildən hesablanmışdır. Cəzasını çəkmək üçün X15 şəhərində yerləşən 1 saylı ciddi rejimli islah müəssisəsin göndərilmişdir. Don şəhərində yerləşən 1 saylı ciddi rejimli islah müəssisəsində cəza çəkdiyi zaman vəzifə borclarını yerinə yetirən müəssisə əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, onları ələ salaraq təhqir etdiyinə görə X15 şəhər Məhkəməsinin 22.06.2016-cı il tarixli hökmü ilə RF-nın Cinayət Məcəlləsinin 319-cu maddəsin əsasən (Dövlət hakimiyyət nümayəndəsini təhqir etmə) əvvəlki hökm üzrə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi ilə birləşdirilərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli: 22.06.2016, sonu: 21.09.2027. Məhkum T.Qasımzadə barəsində tərtib olunmuş xasiyyətnamədə onu müəssisənin daxili rejim qaydalarını qərəzli pozduğuna görə 30 dəfə intizam məsuliyyətinə (8 dəfə töhmət verilmiş, 15 dəfə cərimə təcridxanasına və 7 dəfə kamera tipli otağa keçirilmişdir) cəlb edilməsi, yol verdiyi pozuntulara görə müəssisə əməkdaşları tərəfindən onunla 468 dəfə tərbiyəvi söhbətlər aparılması, hətta ciddi saxlanma şəraitinə keçirilməsi göstərilmişdir. Məhkum özünü cəzanın çəkilmə qaydalarını qərəzli pozan, islah yoluna qədəm qoymayan şəxs kimi tanıtmışdır. Rusiya Federasiyasında azadlıqdan məhrum etmə növündə cəza çəkən X5 cəzasının qalan hissəsinin çəkilməsi üçün ölkəyə gətirilməsi barədə müraciəti əsasında beynəlxalq müqavilələrə və “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”na uyğun olaraq icraat başlanılmışdır: beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlər toplanılmış, müvafiq sorğular göndərilmiş, Qaydalarda qeyd olunmuş qurumların X5 Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirilməsi üçün müraciətlər edilmişdir. X5 cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Penitensiar Xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi (müsbət və ya mənfi rəyin verilməsi) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin diskresion səlahiyyətlərinə aiddir. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddiasınının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi 21.05.2021-ci il tarixli məhkəmə iclasında etiraza əlavə təqdim etmiş və əlavəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 15.02.2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın 3.1-ci bəndinə uyğun olaraq məhkum T.Qasımzadənin Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı müraciət daxil olarkən Penitensiar Xidmət Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum T.Qasımzadə barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərilmişdir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar Xidmətə təqdim olunmuşdur. Qaydaların 3.3-cü bəndinə əsasən Penitensiar Xidmət hökmü çıxaran dövlətdən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum T.Qasımzadənin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara sorğular göndərilmişdir: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. Qaydaların 3.5-ci bəndinə uyğun olaraq müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar Xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş T.Qasımzadənin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanmışdır. Belə ki, məhkum X5 cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Qaydaların 3.7-ci bəndinə əsasən məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə yalnız müsbət rəy olduqda zəmanət məktubu hazırlanır. Göründüyü kimi beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlər toplanılmış, müvafiq sorğular göndərilmiş, Qaydalarda qeyd olunmuş qurumların X5 Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirilməsi üçün müraciətlər edilmişdir. Penitensiar Xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi (müsbət və ya mənfi rəyin verilməsi) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin diskresion səlahiyyətlərinə aiddir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.7-ci maddəsinə uyğun olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikasının İnzibati Prossesual Məcəlləsinin 73.3.1-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İşin hallarından müəyyən olunur ki, 22.01.1978-ci il tarixdə Şamaxı rayonunda anadan olmuş X3 Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 17.11.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5, 181.3.2, 228.4, 234.1-ci maddələri ilə məhkum olunmuş, xəstəliyi ilə əlaqədar ümumi tipli psixiatrik stasionar məcburi müalicə təyin edilmişdir. Moskva şəhəri Tver rayon Məhkəməsinin 18.05.2012-ci il tarixli hökmü ilə X1 Federasiyasının Cinayət Məcəlləsinin 158-ci maddəsinə əsasən (oğurluq) 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Moskva şəhəri Zyuzin rayon Məhkəməsinin 24.12.2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 161-ci maddəsinə əsasən (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Rusiya Federasiyasının X6 şəhər Məhkəməsinin 23 mart 2015-ci il tarixli hökmü ilə X1 Federasiyasının Cinayət Nəcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş cinayətin törədilməsində görə təqsirli bilinərək 13 (on üç) il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli 2014-cü ildən hesablanmışdır. X15 şəhər Məhkəməsinin 22.06.2016-cı il tarixli hökmü ilə Rusiya Fedrasiyasının Cinayət Məcəlləsinin 319-cu maddəsinə əsasən (Dövlət hakimiyyət nümayəndəsini təhqir etmə) əvvəlki hökm üzrə təyin edilmiş cəzasının çəkilməmiş hissəsi ilə birləşdirilərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasının əvvəli: 22.06.2016, sonu: 21.09.2027. Azərbaycan Respublikası Cavabdeh 17/4-2048 nömrəli, 06.02.2021-ci il tarixli məktubunda bildirmişdir ki, İddiaçı Rusiya Federasiyasında azadlıqdan məhrum etmə növündə cəza çəkən oğlu X5 cəzasının qalan hissəsini çəkmək üçün ölkəyə gətirilməsi barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə ünvanladığı müraciətə baxılmışdır. Bildirilir ki, məhkum T.Qasımzadənin cəzasının qalan hissəsini çəkmək üçün Azərbaycan Respublikasına qəbul edilməsi məqsədəmüvafiq hesab edilmir. Beləliklə, işdən müəyyən olunur ki, hazırki iş üzrə X7 iddiaçının oğlu olmaqla sonuncu dəfə Rusiya Federasiyasının X15 şəhər Məhkəməsinin 22.06.2016-cı il tarixli hökmü ilə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Hazırda Rusiya Federasiyasında cəza çəkir. İddiaçı məhkum T.Y.Qasımzadənin cəzasının qalan hissəsini çəkməsi üçün Azərbaycan Respublikasına gətirilməsi ilə bağlı cavabdeh Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət etmiş, cavabdeh məhkumun ölkə ərazisinə qəbul edilməsini məqsədəmüvafiq hesab etməyərək müraciətin təminindən imtina etmişdir. Hazırki tələb üzrə iddiaçı cavabdehin imtinasının qanunsuzluğunu mübahisələndirməklə X5 cəzasının qalan hissəsinin ölkə ərazisində çəkməsi üçün verilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsini tələb edir. İddia tələbi ilə bağlı cavabdehin mövqeyi isə ondan ibarətdir ki, məhkum T.Y.Qasımzadənin cəzasını çəkmək üçün ölkə ərazisinə gətirilməsi ilə bağlı Penitensiar Xidmət qanunla üzərinə düşən öhdəlikləri icra etmiş, nəticə olaraq sonuncunun Respublika ərazisinə qəbul edilməsini məqsədəuyğun hesab etməmişdir. Pensitensiar Xidmətin müraciətə baxılması ilə əlaqədar müsbət və ya mənfi rəyin verilməsi onun diskresion səlahiyyətidir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı hüquqi dəyərləndirmədə aşağıdakı normaları rəhbər tutur. “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasının (“Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə 2000-ci il 12 dekabr tarixli Qanun) 2-ci maddəsinə əsasən bir Tərəfin ərazisində cəza çəkən şəxs, ona verilmiş cəzanı çəkmək üçün bu Konvensiyanın müddəalarına uyğun olaraq başqa bir Tərəfin ərazisinə köçürülə bilər. Bu məqsədlə, o, hökm çıxaran dövlətə və ya idarə edən dövlətə bu Konvensiyaya əsasən köçürülməsində maraqlı olduğunu bildirə bilər. Konvensiyanın 3-cü maddəsinə əsasən məhkum edilmiş şəxs bu Konvensiyaya əsasən yalnız aşağıdakılara əsasən köçürülə bilər: “f” bəndi - hökm çıxaran və icra edən Dövlətlər köçürməyə razı olduqda. Konvensiyanın 5-ci maddəsinə əsasən köçürmə tələbləri və cavablar yazılı şəkildə həyata keçirilir. Tələblər sorğu edən Dövlətin Ədliyyə Nazirliyi tərəfindən X13 Nazirliyinə göndərilir. Cavablar eyni kanallar vasitəsilə çatdırılır. Hər hansı bir Tərəf, Avropa Şurasının Baş Katibinə ünvanlanan bəyannamə ilə, digər rabitə kanallarından istifadə edəcəyini göstərir. Sorğu alan Dövlət dərhal tələb olunan köçürməni qəbul edib-etməməsi barədə sorğu edən Dövlətə məlumat verəcəkdir. “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 06 mart tarixli Moskva Konvensiyasının 4-cü maddəsinə görə bir məhkumun köçürülməsi üçün tələb həm hökm çıxaran dövlətdən, həm də idarə edən Dövlətdən gələ bilər. Məhkumun özü, yaxın qohumları, qanuni nümayəndəsi və vəkili məhkumun köçürülməsi tələbi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarına müraciət edə bilər. Konvensiyanın 5-ci maddəsinə görə məhkumun köçürülməsi aşağıdakı şərtlər daxilində həyata keçirilə bilər: -şəxsin həbs cəzasına məhkum edilməsi barədə məhkəmə hökmü qanuni qüvvəyə minmiş olduqda; -bu Konvensiyanın 4-cü maddəsinin 2-ci hissəsində göstərilən şəxslər tərəfindən köçürmə müraciəti olduqda; -məhkumun yazılı razılığı varsa və ya məhkum yaşına, fiziki və ya mənəvi vəziyyətinə görə iradəsini sərbəst ifadə edə bilmirsə, bu halda qanuni nümayəndəsinin razılığı varsa; -şəxs qəbul və ötürülməni həyata keçirən Razılığa gələn tərəflərin qanunlarına görə azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətlərə görə məhkum edilmişdirsə; -köçürmə tələbinin qəbulu zamanı çəkilməmiş həbs müddəti ən azı altı aydırsa; -hökm çıxaran dövlətlə idarə edən dövlət arasında məhkumun köçürülməsi və qəbulu barədə razılaşma mövcuddursa. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın: -1.1-ci bəndinə görə bu Qaydalar azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi barədə müraciətlərin qəbulunu və bununla bağlı həyata keçirilən sənədləşmə prosedurlarını müəyyən edir. -1.2-ci bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” 1983-cü il 21 mart tarixli Avropa Konvensiyasına, “Azadlıqdan məhrum etməyə məhkum olunmuşların cəzanın qalan hissəsini çəkmək üçün təhvil verilməsi haqqında” 1998-ci il 6 mart tarixli Moskva Konvensiyasına və bir sıra dövlətlərlə bağlanmış ikitərəfli müqavilələrə (bundan sonra – beynəlxalq müqavilələr) əsasən həyata keçirilir. -2.1-ci bəndinə əsasən beynəlxalq müqavilələrə uyğun olaraq, məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat məhkumun özünün, yaxın qohumunun, qanuni nümayəndəsinin və ya vəkilinin, habelə hökmü çıxaran dövlətin müraciəti əsasında başlanır. -2.5-ci bəndinə görə məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı müraciət Azərbaycan Respublikası ərazisində məhkumun yaxın qohumu, qanuni nümayəndəsi və ya vəkili tərəfindən edildikdə Penitensiar xidmətə, hökmü çıxaran dövlət tərəfindən edildikdə isə Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinə (bundan sonra – İdarə) ünvanlanır. -3.1-ci bəndinə əsasən müraciət bu Qaydaların 2.2 və 2.3-cü bəndlərinə uyğun təqdim edildikdən sonra Penitensiar xidmət İdarə vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərir. Sorğu nəticəsində əldə olunmuş sənədlər İdarə tərəfindən dərhal Penitensiar xidmətə təqdim olunur. -3.3-cü bəndinə görə penitensiar xidmət hökmü çıxaran dövlətdən daxil olmuş müraciəti və ya sorğu əsasında əldə edilən sənədləri aldığı gündən 3 iş günü müddətində məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün aşağıdakı qurumlara göndərir: 3.3.1. məhkumluğu barədə məlumatın alınması, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi (yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına münasibətdə), habelə məhkumun gətirilməsinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə; 3.3.2. şəxsin Azərbaycan Respublikasına qəbul edilməsinin Azərbaycan Respublikasının suverenliyinə, təhlükəsizliyinə və ya başqa mühüm maraqlarına ziyan vurub-vurmayacağı məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə; 3.3.3. məhkumun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olması faktının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə. -3.4-cü bəndinə görə İdarə Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin təkliflərini nəzərə alaraq sənədlərin müvafiq konvensiyaların tələblərinə uyğunluğuna dair rəyini Penitensiar Xidmətə göndərir. -3.5-ci bəndinə görə müraciət edilmiş orqanların məsələyə dair müvafiq cavab məktubları daxil olduqdan sonra Penitensiar xidmət tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy hazırlanır. -3.6-cı bəndinə əsasən rəy Penitensiar xidmətin əməliyyat-rejim üzrə rəis müavini tərəfindən imzalanır və Nazir müavini - Penitensiar xidmətin rəisi tərəfindən təsdiq edilir. -3.7-ci bəndinə görə məhkum olunmuş şəxslərin Azərbaycan Respublikasına qəbul edilməsi barədə müsbət rəy olduqda zəmanət məktubu hazırlanaraq İdarə tərəfindən viza verilir və Nazir müavini - Penitensiar Xidmətin rəisi tərəfindən imzalanır. -3.9-cu bəndinə əsasən İdarə Penitensiar Xidmət tərəfindən imzalanmış Zəmanət məktubunu aidiyyəti üzrə hökmü çıxaran dövlətin səlahiyyətli orqanlarına göndərir. -3.10-cu bəndinə əsasən hökmü çıxaran dövlətin məhkumun verilməsi barədə qərarı müsbət olduqda Penitensiar xidmətin razılığına əsasən İdarə məhkumun qəbul edilməsini təsdiq edən məlumatı hökmü çıxaran dövlətin səlahiyyətli orqanına göndərir. -4.1-ci bəndinə əsasən məhkum olunmuş şəxslər cəzanın qalan hissəsinin çəkilməsi üçün qəbul edildikdən sonra Penitensiar xidmət hökmün icrası haqqında qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının müvafiq məhkəməsinə müraciət edir. Məhkəmə çıxarılmış hökmdən çıxış edərək onun icrası haqqında qərar qəbul edir. Göstərilən normalardan görünür ki, xarici ölkədə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin vətəndaşı olduğu ölkəyə gətirilməsi ilə bağlı edilmiş müraciət əsasında Pensitensiar Xidmətdə inzibati icraat başlanır. Xidmət Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsi vasitəsilə məhkumun cəza çəkdiyi ölkənin müvafiq qurumuna müraciət edərək məhkumun istənilməsi zamanı zəruri olan beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədləri sorğu ilə əldə edir. Bundan sonra Xidmət məhkumun ölkə ərazisinə gətirilməsi ilə bağlı məsələyə münasibət bildirilməsi üçün müvafiq dövlət qurumlarına sorğu göndərir, cavab məktubları daxil olduqdan sonra Xidmət şəxsin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəy tərtib edir. Rəy müsbət olduğu təqdirdə İdarə tərəfindən tərtib olunmuş və Xidmət tərəfindən imzalanmış zəmanət məktubu hökmü çıxaran dövlətin səlahiyyətli orqanına təqdim edilir. Yalnız məhkum olunmuş şəxs sorğu edilən xarici ölkə tərəfindən cəzanı çəkmək üçün təqdim edildikdən sonra Xidmət hökmün icrası ilə bağlı müvafiq tədbirləri görür. Beləliklə, müəyyən olunur ki, məhkumun cəza çəkməsi üçün ölkə ərazisinə gətirilməsi ilə bağlı inzibati icraatın ilkin və həlledici mərhələsi Pensitensiar Xidmət tərəfindən şəxsin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəylə yekunlaşır. Məhkəmə hesab edir ki, qeyd edilən bu rəy hərfi mənada “rəy” və ya “mülahizə” kimi deyil, hakimiyyət tədbiri olan inzibati akt kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı çəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”. Məhkəmə qeyd edilən normalara və Plenum Qərarındakı mövqeyə əsasən hesab edir ki, Penitensiar Xidmətin şəxsin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəuyğunluğu barədə rəyi - qeyd edilən akt nə cür adlandırılmasından asılı olmayaraq inzibati akt üçün tələb olunan meyarlara, o cümlədən “hüquqi nəticə” yaratmaq xüsusiyyətinə malikdir. Belə ki, cavabdeh inzibati orqanın məhkumun gətirilməsi ilə bağlı müraciətin nəticəsi barədə qəbul etdiyi rəy müsbət olduğu təqdirdə sorğu verən dövlət məhkumun ölkə ərazisinə gətirilməsi ilə bağlı ilkin mərhələdə üzərinə düşən öhdəliyi bilavasitə yekunlaşdırmış olur, yəni məhz həmin rəydən sonra zəmanət məktubu tərtib edilərək hökmü çıxaran ölkəyə göndərilir, yalnız bundan sonrakı mərhələdə sorğu edilən ölkə məhkumun verilməsi ilə bağlı müvafiq tədbirlər görərək müvafiq nəticəyə gəlməlidir. Xidmətin rəyi mənfi olduğu təqdirdə isə şəxsin ölkə ərazisinə gətirilməsi üçün tələb olunan sonrakı zəruri hərəkətlərin edilməsinə yol verilmir. Başqa sözlə, müvafiq rəy hakimiyyət tədbiri olmaqla şəxs haqqında hüquqi nəticə yaradan inzibati akt statusundadır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə görə diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14-cü maddəsinə görə inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Məhkəmə qeyd edir ki, inzibati orqanın diskresion səlahiyyəti inzibati akt formasında həyata keçirdiyi bütün hərəkətlərinə münasibətdə tətbiq olunur. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Başqa sözlə, inzibati orqan bu hərəkəti edə də bilər, etməyə də. İnzibati orqanın səlahiyyətinin diskresion səlahiyyət olub-olmaması çox zaman təfsir məsələsindən asılı olur. Qanunun və Konstitusiyanın məqsədləri inzibati orqana hansı sahələrdə və hansı məqsədlə diskresion səlahiyyət verildiyini müəyyən etməyə imkan verir. Dolayısı ilə, inzibati orqan qanunvericiliklə müəyyən olunmuş məqsədlə bağlı olur və diskresion səlahiyyəti həyata keçirərkən ona uyğun hərəkət edir. Eyni zamanda qeyd edilməlidir ki, əgər qanun ümumi şəkildə hər hansı bir sahənin tənzimləməsini inzibati orqana həvalə edirsə onda bunu da diskresion səlahiyyətlərin mövcud olma əsası kimi qəbul etmək mümkündür. İnzibati orqanın öz qiymətləndirməsinə əsasən hərəkət etdiyi hallar da diskresion səlahiyyətlərlə oxşar olmaqla işin hallarının inzibati orqanın mülahizəsinə əsasən müəyyənləşdirilməsidir. Bununla qanunverici inzibati orqana səlahiyyət verir ki, inzibati orqan özü müəyyən etsin ki, onun qərar qəbul etməsi üçün işin hansı halları müəyyənləşdirilməlidir və sonradan bu hallar məhkəmə tərəfindən hansı hədlərdə yoxlanıla bilər. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunverici inzibati orqana bəzən həm işin hallarının araşdırılmasında öz mülahizəsinə uyğun hərəkət etmək hüququ verir, həm də işin həll edilməsi zamanı bir neçə qərardan hər hansı bir uyğun variantı seçmək hüququ verir. Yəni inzibati orqan işin hallarını qiymətləndirmək, eyni vaxtda diskresion səlahiyyətlərdən istifadə etmək imkanından istifadə edir. Bu cür hallarda söhbət qarışıq tərkiblərdən gedir. Lakin hər bir halda məhkəmə inzibati orqanı öz qiymətləndirməsinə əsasən həyata keçirdiyi hərəkətləri diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı rəhbər tutmalı olduğu prinsiplər əsasında yoxlayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli “21-N” nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti haqqında Əsasnamənin 2.1-ci bəndinə görə Penitensiar Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: -2.1.1. müəyyən müddətə və ömürlük azadlıqdan məhrumetmə cəzalarının icrasını həyata keçirir; -2.1.2. müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumların (bundan sonra - məhkumlar) islahı işini həyata keçirir; -2.1.3. həbs edilmiş şəxslərin və məhkumların mühafizəsini, onların müşayiətini həyata keçirir; -2.1.4. barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin saxlanılmasını təmin edir; -2.1.5. əməliyyat-axtarış fəaliyyətini həyata keçirir; -2.1.6. penitensiar müəssisələrdə cəza çəkən şəxslərin reabilitasiyasına və sosial adaptasiyasına köməklik göstərir; -2.1.7. Penitensiar xidmətdə səlahiyyətləri daxilində mülki müdafiə, yanğın təhlükəsizliyi və səfərbərlik işini təşkil edir; -2.1.8. hüquqi maarifləndirmə işində iştirak edir; -2.1.9. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Həmin Əsasnamənin 3.1.10-cu bəndinə əsasən bu Əsasnamə və digər hüquqi aktlar ilə müəyyən edilmiş səlahiyyətlər daxilində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi, Azərbaycan Respublikasında cəza çəkən əcnəbi vətəndaşların mənsub olduqları ölkələrə verilməsi ilə bağlı tədbirlər görmək Xidmətin vəzifələrindəndir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 15 fevral 2017-ci il tarixli 3-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsi ilə bağlı icraat Qaydaları”nın 1.4-cü bəndinə əsasən məhkum olunmuş şəxslərin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinə dair işlər ilə əlaqədar vətəndaşların qəbulu nazirlik üzrə müəyyən olunmuş qaydaya uyğun olaraq Nazirliyin Penitensiar xidməti tərəfindən həyata keçirilir. Məhkəmə hesab edir ki, nə qədər ki qanunverici cəza icra sahəsində dövlət idarəetməsini, tənzimləməsini və eyni zamanda xarici ölkədə cəza çəkən şəxsin verilməsi ilə bağlı müraciətlərə baxılması ilə əlaqədar icraatı Penitensiar Xidmətə həvalə etmişdir, bu nəticəyə gəlmək mümkündür ki, şəxsin cəzasının qalan hissəsinin çəkilməsi üçün qəbul edilməsi ilə bağlı müvafiq rəyin verilməsi inzibati orqanın diskresion səlahiyyəti kimi qəbul edilə bilər. Başqa sözlə, qanunverici Pensitensiar Xidmətə şəxsin cəzasının qalan hissəsinin çəkilməsi üçün qəbul edilməsi ilə bağlı müvafiq zəruri hərəkətlər etmək səlahiyyəti vermiş, eyni zamanda yekunda ona “məqsədəuyğunluq” barədə rəyə gəlmək kimi - rəy müsbət və ya mənfi ola bilər - seçim verməklə bilavasitə hərəkət növü seçmək imkanı tanımışdır. Eyni zamanda qanunvericilik Xidmətin müvafiq dövlətin səlahiyyətli qurumundan şəxsin istənilməsi ilə bağlı sənədləri, o cümlədən onu xarakterizə edən materialları, şəxsi işini əldə etmək, müvafiq qurumların münasibətlərini öyrənmək kimi işin hallarının araşdırılması azadlığını da tanımışdır. Qeyd edilən araşdırmanın yekununda Penitensiar Xidmət “məqsədəuyğunluq” barədə rəyi digər sorğu verdiyi qurumlarla komissiya halında imzalanmış “vahid” rəy şəklində deyil, işin hallarının bilavasitə özünün araşdırması və qiymətləndirməsi nəticəsi olaraq “müstəqil” rəy şəklində qəbul edir. Başqa sözlə, şəxsin cəza çəkməsi üçün verilməsi ilə bağlı müraciətə baxılmasında inzibati orqan işin hallarını qiymətləndirmək (qiymətləndirmə azadlığı), eyni zamanda diskresion səlahiyyətlərdən istifadə etmək imkanına sahibdir. Aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. “İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsinə əsasən hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətini düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati Prosesual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Beləliklə, müəyyən olunur ki, hazırki iş üzrə inzibati orqanın diskresion və işin hallarını qiymətləndirmə azadlığını nəzərdə tutan qarışıq tərkibdə səlahiyyəti vardır. Aydınlaşdırılmalı olan məsələ ondan ibarətdir ki, cavabdeh inzibati orqan şəxsin cəzasını çəkməsi üçün respublikaya qəbul edilməsi ilə bağlı özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi? İşin hallarından müəyyən olunur ki, Penitensiar Xidmət iddiaçının müraciətinə baxılması ilə bağlı icraatın gedişində Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsi vasitəsi ilə hökmün çıxarıldığı dövlətə məhkum T.Qasımzadə barədə beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş sənədlərin istənilməsi ilə bağlı sorğu göndərmiş, məhkumu xarakterizə edən şəxsi iş materiallarını əldə etmiş, onun Azərbaycan Respublikasına qəbul edilməsi məsələsinə münasibət bildirməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğularla müraciət etmiş, yekunda Penitensiar Xidmət azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş T.Qasımzadənin cəzanın qalan hissəsinin çəkilməsi üçün Azərbaycan Respublikasına qəbul edilməsinin məqsədəmüvafiq hesab edilməməsi barədə rəy vermişdir. Yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, işin faktiki halları nəzərə alındıqda hazırkı iş üzrə diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdir. İnzibati orqanın diskresion səlahiyyətini aşması, diskresion səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət edilməsi halları inzibati məhkəmə icraatında müəyyən edilməmişdir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı X5 ekstradisiyası ilə bağlı etdiyi müraciətə cavabdehin imtinasının qanunsuz, Konstitusiyaya zidd və etibarsız hesab edilməsi və Rusiya Federasiyasında cəza çəkən Azərbaycan Respublikasının vətəndaşı X4 müvafiq dövlətlərarası müqaviləyə əsasən cəza çəkmək üçün Azərbaycan Respublikasına verilməsi ilə nəticələnəsi hüquqi addımların atılmasının cavabdehdən tələb edilməsi barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4758/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4758/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver