Məhkəmə qərarları › İş №2-1(112)-4758/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4758/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4758/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqəsinin verilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalı (bundan sonra mətndə XŞT üzrə MF) üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi işinin 9-cu səhifəsində aparılan qeydlərə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə xidmətdə olarkən xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinə qədər Beyləqan-Fizuli bölgəsində döyüş əməliyyatları aparan N saylı hərbi hissənin tabeliyində olan 702, 706, N və N saylı hərbi hissələrin təmas xəttlərində və neytral zonada qalan hərbi texnikanı çıxartmaq məqsədilə 8 ay 25 gün müddətində olduğu ezamiyyət müddətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarının 2-ci hissəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1993-cü il tarixli 191 saylı əmrinə əsasən güzəştli 1 ayın 3 ay hesablanması barəsində “Məlumat Vərəqəsi”nin tərtib olunub XŞT üzrə MF-yə göndərilməsi vəzifəsinin Cavabdeh Maliyyə və Büdcə İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildə o, ehtiyata buraxılanda, pensiya ilə bağlı XŞT üzrə MF-yə məlumat vərəqəsinin göndərilməsi zamanı mübahisəli məqamlar olmuşdur. Belə ki, Cavabdeh Maliyyə və Büdcə İdarəsi tərəfindən həmin məlumat vərəqəsi göndəriləndə, o, Müdafiə Nazirliyinin bu sahəyə cavabdeh olan vəzifəli şəxslərinə iradını bildirmişdir ki, onun şəxsi işinin 8-ci səhifəsində xidmət illərinin güzəştli şərtlərlə hesablanması barəsində göstərilən 2 haldan biri nəzərə alınmamışdır. Qəribəsi odur ki, Müdafiə Nazirliyinin aidiyyəti vəzifəli şəxslə ona iradının haqlı olduğunu və nəzərə alınmasını bildirmişdirlər. Lakin sonradan məlum olmuşdur ki, onun iradı nəzərə alnmamış və şəxsi işində güzəştli şərtlər daxilində olan 2 illik xidməti pensiyası hesablanarkən nəzərə alınmamışdır. O, pensiyanı alanda vəziyyəti bilən kimi, Müdafiə Nazirliyinə müraciət etsə də, ona bildirilmişdir ki, sonradan da buna düzəliş vermək olar. Lakin onun dəfələrlə etdiyi şifahi müraciətlərə baxmayaraq bu barədə heç bir tədbir görülməmiş və hər ay təqaüdünün müəyyən hissəsi ona ödənilmir. Ərizəsindən də göründüyü kimi o, şəxsi işində qeyd olunan iki hal üzrə, yəni həm Beyləqan-Füzuli döyüş böləgəsində, həm də Murov döyüş bölgəsində xidməti ezamiyyət dövrünün qanunda nəzərdə tutulan qaydada 1 qat hesablanmasını xahiş etmişdir. Cavabdeh Maliyyə və Büdcə İdarəsi tərəfindən ona göndərilən imtina cavabında göstərilmişdir ki, 2-ci hal üzrə mübahisələndirdiyi Murov döyüş bölgəsində xidməti ezamiyyətdə olduğu N ay 03 gün müddəti pensiya stajına 3 qat daxil edilmişdir. Ona görə də 1-ci hal üzrə Beyləqan-Füzuli döyüş bölgəsində olan xidmətinin 3 qat hesablanması mübahisəli qalmışdır. Həmin halı ərizədə şəxsi işinin 9-cu səhifəsində aparılan qeydlərlə əsaslandıraraq aşağıdakı formada göstərmişdir: xx.xx.1997-xx.xx.1998-ci illərdə Beyləqan-Füzuli bölgəsində döyüş əməliyyatları aparan N saylı hərbi hissənin tabeliyində olan 702, 706, N və N saylı hərbi hissələrin apardığı müdafiə xarakterli döyüş əməliyyatları ilə əlaqədar xüsusi döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezam olunmuşdur. Ərizədə göstərmişdir ki, xx.xx.1997xx.xx.1998-ci il tarixlərində Beyləqan-Füzuli bölgəsində döyüş əməliyyatları aparan N saylı hərbi hissənin tabeliyində olan 702, 706, N və N saylı hərbi hissələrin apardığı müdafiə xarakterli döyüş əməliyyatları ilə əlaqədar xüsusi döyüş tapşırıqlarını yerinə yetirmək üçün ezamiyyətdə olduğu 9 aya yaxın müddətini, 8 ay 25 gününü Azərbaycan Respublikasnın Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 631 saylı Qərarına əsasən AR MN-nin xx.xx.1993-cü il tarixli 191 saylı əmrinə əsasən güzəştli 1 (bir) il 3 (üç) hesablanmalıdır. Belə olan halda, yəni 8 ay 25 günü 3-ə vuranda 26 ay 15 gün edir. 26 ay 15 günün də il ilə hesablanması 2 il 15 gün edir. Belə olan halda həmin 8 ay 25 gün onun üçün pensiya hesablananda 3 qat kimi 2 il 15 gün hsablanmalı olduğu halda, 1 qat kimi cəmi 8 ay 25 gün hesablanmışdır. Nəticədə onun hərbi pensiyasının hesablanması üçün nəzərdə tutulan xidmət illərinin 1 il 3 ay 20 günü nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadları ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi əsl cavabdeh AR MN ilə əvəz edilmiş və XŞT üzrə MF üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilərək, cavabdehdən və üçüncü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Daha sonra məhkəmənin 2-1(112)-4758/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati mübahisə üzrə üçüncü şəxs qismində cəlb edilmiş XŞT üzrə MF-nın hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmədiyinə görə iş üzrə icraatda iştirakına xitam verilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh inzibati orqan AR MN-nin xx.xx.2023-cü il tarixli, 3-25/2-8/651-2023 saylı iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə dair yazılı münasibətində (etiraz) göstərmişdir ki, “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinitinin 631 nömrəli 23 noyabr 1993-cü il tarixli Qərarının (Azərbaycan Respublikası Prezidentinin 122 nömrəli 13 sentyabr 2004-cü il tarixli Fərmanı qüvvəyə minənədək) qüvvədə olmuş 2-ci hissəsinin “a” bəndinin birinci və ikinci abzaslarının müddəalarına, habelə “Azərbaycan Ordusunun döyüş şəraitində olan hərbi hissə və bölmələrinin tərkibinin müəyyənləşdirilməsi haqqında" Azərbaycan Respublikası Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən 01 yanvar 1992-ci il tarixdən 13 sentyabr 2004-cü il tarixədək olan müddət ərzində Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrlərində Azərbaycan Ordusunun döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi hissə və bölmələrində xidmət müddətinin bir ayı üç ay kimi, 13 sentyabr 2004-cü il tarixdən 01 dekabr 2020-ci il tarixədək olan dövrdə isə xidmət müddətinin bir ayı iki ay kimi sayılır. Ehtiyatda olan mayor İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində kursant kimi, xx.xx.1997-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Ordusunda 322, 172, 041, 324, N nömrəli hərbi hissələrdə, Təlim və tədris mərkəzində, Cəmşid Naxçıvanski adına Hərbi liseydə və N nömrəli hərbi hissədə zabit kimi, ümumilikdə təqvim hesabı ilə 22 il 10 ay 08 gün həqiqi hərbi xidmətdə olmuşdur. Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşmiş N nömrəli hərbi hissədə İddiaçı N sentyabr 1997-ci il tarixdən 04 sentyabr 1998ci il tarixədək xidmət etdiyi dövrdə hərbi hissə komandirinin müvafiq əmrlərilə 21 oktyabr 1997-ci il tarixdən 16 iyul 1998-ci il tarixədək olan N ay 25 gün müddət ərzində Beyləqan rayonunun Daşburun yaşayış məntəqəsində yerləşmiş 2 nömrəli Zirehli maşınların təmiri məntəqəsində ezamiyyətdə olmuşdur (Bu fakt A.R. Müdafiə Nazirliyinin Mərkəzi arxivindən İddiaçı ünvanlanmış 16 fevral 2015-ci il tarixli 9/2-957 nömrəli məktubla təstiqlənir). Ezamiyyətdə olduğu müddət İddiaçı ümumi xidmət illərinə güzəştli qaydada hesablanmır. Belə ki, N nömrəli hərbi hissə, habelə onun tabeliyində olan 2 nömrəli Zirehli maşınların təmiri məntəqəsi Müdafiə Nazirliyi tərəfindən “döyüş şəraitində olan, döyüş əməliyyatlarında iştirak edən” hərbi hissə kimi müəyyən edilməmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1993-cü il tarixli Qərarının 2-ci hissəsinin müddəaları onun həmin hərbi hissə və məntəqədə olduğu müddətə şamil edilmir, yəni bu müddətin bir ayı üç ay kimi sayılmır. Azərbaycan Respublikası Müdafiə nazirinin 041 nömrəli 03 fevral 1994-cü il tarixli əmrilə Azərbaycan Ordusunun N nömrəli hərbi hissəsi N yanvar 1994-cü il tarixdən etibarən “döyüş şəraitində olan, döyüş əməliyyatlarında iştirak edən” hərbi hissə hesab edildiyindən, İddiaçı 09 sentyabr 1998-ci il tarixdən 12 may 1999-cu il tarixədək həmin hərbi hissədə xidmətdə olduğu N ay 03 gün müddətin bir ayı üç ay kimi hesablanaraq (bir qatı təqvimi hesablamada nəzərə alındığından digər iki qatı, yəni 01 il 04 ay 06 gün) onun ümumi xidmət illərinə daxil edilmişdir. Nəticədə, İddiaçı xidmət illəri: təqvimlə-22 il 10 ay 08 gün, xidmət illərinə güzətli qaydada əlavə olan müddət - 01 il 04 il 06 gün, ümumi xidmət illəri isə 24 il 02 ay 06 gün təşkil edir. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh AR MN-nin nümayəndəsi X3 verdiyi izahatında məhkəməyə təqdim olunmuş iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı konstitsion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları. İş materiallarında olan: xx.xx.2023-cü il tarixli, 3-25/2-8/651-2023 saylı iddia tələbinə dair yazılı münasibətlə (etiraz) məhkəməyə təqdim olunmuş: - Maliyyə və Büdcə İdarəsi tərəfindən verilmiş xx.xx.1966-cı il təvəllüdlü İddiaçı aid “Hərbi Qulluqçuların Xidmət İllərinin Hesablanması” barədə 12/100 saylı xx.xx.2015-ci il tarixli məlumat vərəqindən müəyyən olunur ki, təqvim üzrə hərbi xidmət dövrü 22 il 10 ay 08 gün (1992-2015); Xidmət illərinin güzəştli hesablanması şərtlərlə hesablanması (bir ay xidmət üç ay hesabı ilə) 01 il 04 ay 06 gün; ümumi ximət illəri 24 il 02 ay 14 gün; bütöv xidmət illəri 24 il təşkil etdiyi qeyd olunmuşdur. İddiaçı aid 15/535-019555 №-li pensiyaçının uçot vərəqindən müəyyən olunur ki, sonuncuya xx.xx.2015-ci il tarixdən yaşa görə pensiya təyin olunmuşdur. AR MN tərəfindən verilmiş 02507 saylı xx.xx.2015-ci il tarixli məlumat vərəqinin surətindən müəyyən olunur ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı güzəştli xidmət illəri 01 il 04 ay 06 gün, təqvim xidmət illəri 22 il 10 ay 08 gün, cəmi iş stajı və xidmət illəri 24 il 02 ay 14 gün təşkil edir. Pul təminatı: vəzifə maaşı 418,00 manat, rütbə maaşı 130,00 manat, xidmət illərinə görə əlavə 25 faiz -137 manat, ərzaq payı əvəzinə kompensasiya 64,00 manat, 2-ci məharət dərəcəsinə görə 15 faiz, 62,70 manat, cəmi manatla 811,70 manat təşkil edir. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş AR MN-nin 4/2-1997 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 297 №-li əmrində (əsas paraqraf 3, səhifə 56, əmrdə atasının adı “Qarac”, hərbi rütbəsi “leytenant” yazılmışdır) xx.xx.1997-ci il tarixdən 1-ci ZTT təmir bölüyünün tağım komandiri, leytenant İddiaçı Qarac oğlunun xidməti işi ilə əlaqədar olaraq göstərilmiş müddəti qədər 2 №-li ZMTM-ə Daşburun yaşayış məntəqəsinə ezamiyyətə göndərilərək ərzaq təminatından çıxarılması qeyd edilmişdr. N №-li hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 31 №-li əmrində (paraqraf 4, səhifə 35, sıra 5, əmrdə adı tam, atasının adı yazılmamışdır, hərbi rütbəsi “leytenant” yazılmışdır) Tərtər döyüş bölgəsində, 1 №-li ZMTM-də yerləşən, 1998-ci ilin yanvar ayı üçün üçqat əmək haqqı alan hərbi qulluqçuların siyahısında, leytenant İddiaçı (01.01.98-31.01.98) adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 51 №-li əmrində (paraqraf 5, səhifə 57, sıra 5, əmrdə adı tam, atasının adı yazılmamışdır, hərbi rütbəsi “leyteneat yazılmışdır) Tərtər döyüş bölgəsində, 1№-li ZMTM-də yerləşən, 1998-ci ilin fevral ayı üçün üçqat əmək haqqı alan hərbi qulluqçuların siyahısında, leytenant İddiaçı (01.02.98-28.02.98) adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 103 №-li əmrində (əsas paraqraf 6, səhifə 117, sıra 6, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi “leytenant” yazılmışdır) Tərtər döyüş bölgəsində, 1№-li ZMTM-də yerləşən, 1998-ci ilin mart ayı üçün üçqat əmək haqqı alan hərbi qulluqçuların siyahısında Leytenant İddiaçı (01.03.98-31.03.98) adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 160 №-li əmrində (əsas: paraqraf 3, səhifə 178, sıra 6, əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi “leytenant” yazılmışdır) Tərtər döyüş bölgəsində, 1 №-li ZMTM-də yerləşən, 1998-ci ilin may ayı üçün üçqat əmək haqqı alan hərbi qulluqçuların siyahısında, leytenant İddiaçı (01.05.98-31.05.98) adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1998-ci il tarixli 197 №-li (əsas paraqraf 1, səhifə 226, sıra 1) leytenant Malıyev X6 döyüş əməliyyatları bölgəsində hərbi hissəyə qayıtmış hesab edilərək xx.xx.1998-ci il tarixdən ərzaq təminatına qoyulmuşdur. Azərbaycan Respublikasının Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli 053 №-li əmrində 1997-ci il üçün və xx.xx.1998-ci il tarixli 05 nömrəli əmrində 1998-ci il üçün N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmiş hesab edilməsi barədə məlumat vardır. N №li hərbi hissə komandirinin xx.xx.1997-xx.xx.1998-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyətdə olması və qazan təminatına qoyulması barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissənin oktyabr-dekabr 1997-ci il, yanvar-iyul 1998-ci il tarixli zabit heyətinə “pul təminatının ödənilməsi” cədvəllərində İddiaçı əmək haqqı alması barədə məlumat aşkar edilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********6 saylı xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Cavabdeh tərəfindən təqdim olunmuş 4 fevral 2015-ci il tarixli 02507 nömrəli məlumat vərəqində xidmət müddəti 24 il 2 ay 14 gün (22 il 10 ay 8 gün təqvimi, 1il 4 ay 6 gün güzəştli) göstərilib. Həmin məlumat vərəqinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən ona 3 fevral 2015-ci il tarixindən Mərkəzi Filial tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 sentyabr 2019-cu il tarixdən xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaaşı 635,00 manat, rütbə maaşı 150,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faiz miqdarında əlavəsi 196,25 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 95,25 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1140,50 manat göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 24 il 2 ay 14 gün xidmət müddətinə uyğun olaraq; -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -20 ildən artıq xidmət müddətinin (4 il) hər ili üçün 3 faiz tətbiq edilməklə (4 x 3) təminat xərcliyinin 12 faizi olmaqla ümumilikdə təminat xərcliyinin (1140,50 manat) 62 faizi- 707,11 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq kart hesabına köçürülür. 01 yanvar 2022-ci il tarixindən hesablanmaqla ona “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi 70,71 manat maddi yardım ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyasının yenidən hesablanması məqsədilə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı baş verən artımlar barədə məlumatlar da həmin orqan tərəfindən Fonda göndərilməlidir. Əmək pensiyasının məbləğinə təsir göstərən hər hansı yenidən hesablamanın aparılması məsələsinə xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşıdırılması ilə bağlı dəyişikliklər barədə müvafiq məlumat sonuncu xidmət keçdiyi orqandan XŞT üzrə MF-yə daxil olduqdan sonra baxılacaqdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan AR MN tərəfindən 8/4724 saylı xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, o, N sentyabr 1997-ci il tarixdən 04 sentyabr 1998-ci il tarixədək Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən N nömrəli hərb hissədə xidmət etdiyi dövrdə hərbi hissə komandirinin müvafiq əmri ilə 21 oktyabr 1997-ci il tarixdən 16 iyul 1998-ci il tarixədək Daşburun yaşayış məntəqəsində yerləşən 2 nömrəli zirehli maşınların təmiri məntəqəsində ezamiyətdə olmuşdur. Bu dövrlər xidmət illərinə güzəştli qaydada hesablanmır. N nömrəli hərbi hissə, habelə onun tabeliyində olan 2 nömrəli zirehli maşınların təmiri məntəqəsi Müdafiə Nazirliyi tərəfindən döyüş şəraitində olan döyüş əməliyyatlarında iştirak edən hərbi hissə kikimi müəyyən edilməmişdir. Bu səbəbdən də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 saylı 23 noyabr 1992-ci il tarixli Qərarının 2-ci hissəsinin müdəaları onun həmin hərbi hissədə xidmətdə və ezamiyyətdə olduğu müddətə şamil edilmir, yəni bu müddətin bir ayı üç ay kimi sayılmır. Onun 09 sentyabr 1998-ci il tarixdən 12 may 19998-ci il tarixədək N ay 03 gün xidmət müddətinin bir ayı üç ay kimi sayılmır. Onun 09 sentyabr 1998-ci il tarixdən 12 may 1999-cu il tarixədək N ay 03 gün xidmət müddətinin bir ayı üç ay kimi hesablanaraq ümumi xidmət illərinə əlavə edilmişdir. Xidmət illərinin güzəştli qaydada sayılan müddəti hesablanarkən, bu müddətin bir qatı təqvimi hesablamada artıq nəzərə alındığından yalnız digər iki qatı təqvimi xidmət illərinə əlavə edilməklə tətbiq edilmişdir.Onun xidmət illəri təqvimlə 22 il 10 ay 08 gün xidmət illərinə güzəştli qaydada əlavə olunan müddəti 01 il 04 ay 06 gün, ümumi xidmət illəri isə 24 il 02 ay 14 gün təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının: - 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. - 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.1-ci maddəsinə əsasən hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. - 2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslərdir. - 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. 24-cü maddəsinə əsasən hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. - 25-ci maddəsinə əssən hərbi xidmətin üstünlüyü hərbi qulluqçulara və onların ailə üzvlərinə dövlət qayğısının göstərilməsi, bu şəxslərə layiqli həyat şəraitinin yaradılması məqsədilə müvafiq hüquqi aktların qəbul edilməsi və bununla bağlı zəruri tədbirlərin görülməsi, eləcə də təşkilatların üzərinə qanunvericiliklə müəyyən edilmiş öhdəliklərin qoyulmasından ibarətdir. - 27.1.1-ci maddəsinə əsasən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər döyüş əməliyyatlarında iştirak edərkən hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. - 37.1.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün həqiqi hərbi xidmətin başlanğıcı sayılır. - 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Azərbaycan Respublikasının 1997-ci il tarixli 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 155-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. - 161-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: - 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Cavabdehndə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X4 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. - 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. - 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Bu Qaydalara əlavədə təminat xərcliyinə dair sənədin forma və məzmunu müəyyən olunmuşdur və həmin sənəd “məlumat vərəqi” adlandırılmışdır. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinitinin 631 nömrəli 23 noyabr 1993-cü il tarixli Qərarının 2-ci hissəsində göstərilmişdir ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı üç ay sayılmaqla (01 iyul 2005-ci il tarixədək qüvvədə olmuş redaksiada). Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavadehin imtinası qanuni və əsaslıdır. Belə ki, məhkəmə araşdrıması zamanı iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1992-ci il tarixli Qərarının 2-ci hissəsinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1993-cü il tarixli 191 saylı əmrinə əsasən Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissədə xidmətdə olduğu xx.xx.1997-ci il tarixindən xx.xx.1998-ci il tarixinə qədər olan, 1 ayın 3 ay hesablanmasını tələb etdiyi 8 ay 25 gün xidmət dövrü ilə bağlı məhkəmənin müvafiq sorğusuna cavab olaraq verilmiş məlumatda N №-li hərbi hissə komandirinin xx.xx.1997-xx.xx.1998-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı ezamiyyətdə olması və qazan təminatına qoyulması barədə məlumatın aşkar edilmədiyi, N №-li hərbi hissənin oktyabr-dekabr 1997-ci il, yanvar-iyul 1998-ci il tarixli zabit heyətinə “pul təminatının ödənilməsi” cədvəllərində İddiaçı əmək haqqı alması barədə məlumatın aşkar edilmədiyi bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar