Məhkəmə qərarları › İş №2-1(112)-4759/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4759/2021

25.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4759/2021 25.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, İddiaçı oğlunun, cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə 29.07.1981-ci il tarixdən hərbi xidmətdən tərxis olunandan sonra başlamışdır. 29.07.1981-ci ildən 01.01.1999-ci ilə qədər "xxxx" ASC-də işləmişdir. 08.01.2001-ci ildən 17.10.2008-ci ilə kimi "xxxx" ASC-də, 15.12.2008-ci ildən 01.11.2019-cu ilə kimi "xxxx" MMC-də işləmişdir. Bundan başqa 26.11.1993-cü ildən 23.09.1994-cü ilə kimi birinci Qarabağ Müharibəsində iştirak etmişdir. Beləliklə ümumilikdə 40 ilə kimi əmək stajı var. Bunun da 17 il 6 ayını "xxxx" ASC-də işləmişdir. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli müvafiq qərarına əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Bu hüquqdan istifadə edərək 05.10.2020-ci ildə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 12.03.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Daha sonra, 25 iyun 2021-ci il tarixli məhkəmə iclasında iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu 14.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qaydasında qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixinədək olan ümumi stajı 25 ildən az təşkil edir. Eyni zamanda, İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (24.916,66 manat) qanunvericilikdə nəzərdə tutulmuş minimum əmək pensiyasının ümumi məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Güzəştli şərtlərlə əmək pensiyası almaq üçün 3 sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı. İddiaçıya münasibətdə, pensiya kapitalına dair şərt reallaşmamışdır. Dolayısı ilə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qeyd edilməlidir ki, artıq uzun müddət ərzində formalaşmış təcrübəyə əsasən, əmək pensiyalarının təyin olunması barədə işlərə məhz öhdəlik xarakterli iddialar çərçivəsində baxılır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Əhmədğaşa oğlu xx.xx.1960-ci il tarixdə Qəbələ rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır; "xxxx" ASC-nin 10 nömrəli 17.06.2020-ci il tarixli arayışına əsasən, İddiaçı 29.07.1981-ci ildən (əmr 263, 29.07.1981) 23.01.2003-cü ilədək (əmr 05, 23.01.2003) "xxxx" ASC-də işləyib. 29.07.1981-02.03.1987-ci il tarixədək 5 saylı yonma təmizləmə sexində metal tökmələrin nəqledicisi peşəsində çalışıb. 02.03.1987-.02.03.1992-ci il tarixədək Texniki nəzarət şöbəsində 2 saylı tökmə sexinə xidmət göstərən nəzarətçi usta vəzifəsində çalışıb. 02.03.1992-23.01.2003-cü ilədək 2 saylı tökmə sexində usta vəzifəsində çalışıb. 01.01.1999-cu ildən 23.01.2003-cü ilədək müəssisənin maliyyə vəziyyəti ilə əlaqədar öz hesabına haqqı ödənilməyən məzuniyyətdə olub. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən, 11-ci bənd “Metal emalı” “Tökmə istehsalı” üzrə təqaüdə çıxmaq hüququ qazanır. 29.10.2001-ci ildən İqtisadi İnkişaf Nazirliyinin 166 saylı sərəncamına əsasən “Mərkəzielektriktökmə” zavodunun bazasında "xxxx" ASC yaranmışdır; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsinin 02.02.2021-ci il tarixli 280 nömrəli arayışa əsasən, 1960-cı il təvəllüdlü ehtiyatda olan əsgər İddiaçı 26.11.1993-cü il tarixdən 25.09.1994-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 20 noyabr 2020-ci il tarixli, **********8 saylı imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (19 il 6 ay) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 41.200 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 24.916,66 manat təşkil edir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21 aprel 2021-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20194,70 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 9195,02 manat olmaqla cəmi pensiya kapitalı 29389,72 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 26 il 6 ay iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 20194,70 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 9195,02 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40000,00 manat məbləğində hesablanmışdır; "xxxx" ASC-nin 20 nömrəli, 03.06.2021-ci il tarixli məktubuna əsasən, xx.xx.1960-ci il təvəllüdlü İddiaçı 29.07.1981-ci il tarixindən (əmr № 263, 20.07.1981), 23.01.2003-ci il tarixinədək (əmr № 05, 23.01.2003) "xxxx" ASC-də işləyib. 29.07.1981-dən 02.03.1987dək 5 saylı Yonma Təmizləmə sexində zərərli əmək şəraitində, tam iş günü rejimində tökmə istehsalatındaki nəqledici peşəsində çalışıb ( əmr № 263, 29.07.1981). 02.03.1987- 02.03.1992-dək Texniki Nəzarət şöbəsində 2 saylı Metaltökmə sahəsi üzrə nəzarətçi usta vəzifəsində, zərərli əmək şəraitində tam iş günü rejimində çalışıb. 02.03.1992-23.01.2003dək 2 saylı Metaltökmə sexində metal tökmələri üzrə usta vəzifəsində zərərli əmək şəraitində, tam iş günü rejmində çalışıb. 01.01.1999-cu il tarixindən 23.01.2003-dək müəssisənin maliyyə vəziyyəti ilə əlaqədar öz hesabına haqqı ödənilməyən məzuniyyətdə olub. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin göstəricilərin siyahısı” üzrə XİV bölüm “Metal emalı üzrə” “Tökmə istehsalında” 2-ci siyahı üzrə (2150100a-19219; 2150100a-23428 kodu ilə) güzəştli şərtlə təqaüdə çıxmaq hüququ qazanır. 29.10.2001-ci il tarixindən İqtisadi İnkişaf Nazirliyinin 166 saylı sərəncamına əsasən “Mərkəzielektrotökmə” zavodunun bazasında "xxxx" ASC yaradılmışdır. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, 57 yaşı tamam olduğuna görə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. “Qaydalar”ın 4.1.10-cu bəndinə əsasən, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması. Belə ki, məhkəmə iş materiarında olan sənədləri, o cümlədən əmək kitabçasının təsdiq edilmiş surətini tədqiq edərək iddiaçının iş stajını aşağıdakı kimi müəyyən etmişdir: 20.04.1979-18.05.1981-ci illərdə hərbi xidmətdə 29.07.1981-01.03.1987-ci illərdə “Mərkəzielektrotökmə” zavodunda metal tökmələrin nəqledicisi, (2150100a – 19219); 02.03.1987-01.03.1992-ci illərdə “Mərkəzielektrotökmə” zavodunda 2 saylı tökmə sexinə xidmət göstərən nəzarətçi usta (2150100b - 23428); 02.03.1992-01.01.1999-cu illərdə “Mərkəzielektrotökmə” zavodunda tökmə sexində usta (2150100b - 23428); 08.01.2001-31.12.2005-ci illərdə "xxxx" QSC-də operator; İşin hallarına əsasən qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 57 yaşı tamamdır, hərbi xidmət keçdiyi dövrlər daxil olmaqla 25 ildən çox əmək stajı vardır (nəzərə alınmalıdır ki, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 21 aprel 2021-ci il tarixli, **********3 nömrəli məktubunda da, iddiaçının 01.01.2006-dək 26 il 6 ay iş stajı olması göstərilmişdir), qanunla müəyyən edilmiş müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir (cavabdeh tərəfindən mübahisələndirilməmişdir). Göründüyü kimi, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri nəzərə alınmaqla əvvəllər qüvvədə olmuş qanunvericiliklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün lazım olan yaş həddi, ümumi iş stajı və güzəştli peşədə iş stajı mövcuddur, cavabdeh inzibati orqanın fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının az olması ilə bağlı imtina dəlili əsaslı deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu 14.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 14.12.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar