Məhkəmə qərarları › İş №2-1(112)-4760/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4760/2021

30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4760/2021 30.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xəzər Rayon İdarəsinə qarşı “müharibə veteranı və vəsiqəsinin verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı hesab edir ki, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində dövlətimizin müdafiəsi və ərazi bütövlüyü uğrunda erməni silahlı qüvvələrinə qarşı aparılan döyüş əməliyyatlarınd iştirak etmişdir. O, könüllü özünümüdafiə dəstəsinin tərkibində döyüşmüşdür. Onun döyüşlərdə iştirakını şahid döyüş yoldaşları da təsdiq edə bilər. İddiaçı hesab edir ki, cavabdehin müharibə veteranı və vəsiqəsinin verilməsindən imtinası qanunsuz və əsassızdır. Sonradan iddia tələbinə dəqiqləşmə verərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə qərardadı ilə cavabdehin əvəz edilməsi barədə ərizə təmin edilmiş, cavabdeh əvəz edilmişdir. Cavabdeh iddiaya etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər də təqdim edilməlidir. Döyüşlərdə iştirak edən sənədlər dedikdə isə, silahların təhkim olunması barədəəmrlər, çıxarışlar, orden, medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət alma haqqında arayışlar, əmrlərdən çıxarışlar və başqa sənədlər başa düşülür. Eyni zamanda, könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etmiş olmalıdır. Halbuki, iddiaçı sübut qismində kənd icra nümayəndəliyinin arayışı göstərmişdir ki, qeyd olunan arayış sübut hesab edilə bilməz. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının 05 iyun 1993cü il tarixdən, 19 yanvar 1994-cü il tarixədək xidməti barədə hər hansı bir sübut mövcud deyil. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş şahid X3 şahid ifadəsi verərək iddiaçının könüllü özünümüdafiə dəstələri tərkibində “Əjdəkan” postunun müdafiəsi də daxil olmaqla ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşdüyünü bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X5 oxşar məzmunda şahid ifadəsi verərək iddiaçının könüllü özünümüdafiə dəstələri tərkibində “Əjdəkan” postunun müdafiəsi də daxil olmaqla ərazi bütövlüyünün müdafiəsi uğrunda 1993-cü ilin axırlarına qədər döyüşdüyünü bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X2 oxşar məzmunda şahid ifadəsi verərək iddiaçının könüllü özünümüdafiə dəstələri tərkibində “Əjdəkan” postunun müdafiəsi də daxil olmaqla ərazi bütövlüyünün müdafiəsi uğrunda 1993-cü ilin axırlarına qədər döyüşdüyünü bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən müharibə veteranı dedikdə İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular, İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər başa düşülür. İddia tələbindən də göründüyü kimi iddiaçı Qanunun adıçəkilən maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs kateqoriyasına aid olduğunu qeyd edərək onun müharibə veteranı hesab edilməli olmasını bildirmişdir. Adıçəkilən Qanunun 7-ci maddəsi ilə müəyyən edilir ki, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı vəsiqəsinin verilməsi üçün müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsas hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları ilə də müəyyən edilir ki, iddiaçının tələbi ona müharibə veteranı və vəsiqəsi verilməsi barədə olmaqla məcburetmə haqqında iddiadır. Belə ki, iddiaçı irəli sürdüyü iddia vasitəsi ilə AR İPM-nin 33.1-ci maddəsinə əsasən iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə edir. Qeyd olunan iddia növü ilə bağlı isə inzibati prosessual qanunvericilik sübutetmə vəzifəsinin yerinə yetirilməsi baxımından digər iddia növlərinə münasibətdə fərqli qayda müəyyən etmişdir. AR İPM-nin 14.3-cü maddəsindən də göründüyü kimi inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olarq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdehin etirazından müəyyən edilir ki, müharibə veteranı və vəsiqəsi verilməsi barədə cavabdeh inzibati aktın qəbulunu onunla istisna etmişdir ki, şahid ifadələri və icra nümayəndəliyinin arayışı şəxsin döyüş əməliyyatlarında iştirak etməsi və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi əsası qismində çıxış etmir. Beləliklə, inzibati aktın qəbulunu istisna edən faktiki şərtin mövcudluğunu cavabdeh sübut etməlidir ki, məhkəmə hesab edir ki, məhkəmə araşdırmasına əsasən təqdim edilmiş sənədlər müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə inzibati aktın qəbulunu istisna etmək üçün yetərli sübut hesab edilir. Məhkəmə işin faktiki halları ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı ona müharibə veteranı adı və vəsiqəsini verilməsi ilə bağlı əsaslı sübut qismində Sədərək rayon Qarağac kənd icra nümayəndəliyinin arayışını təqdim etmişdir ki, həmin arayışın mötəbərliyi, eyni zamanda iddiaçının döyüşlərdə iştirakı ilə bağlı aidiyyəti sorğular verilmişdir. Sorğulara cavab məktublarından göründüyü kimi Sədərək Rayon İcra Hakimiyyəti iddiaçının Sədərək rayon ərazi istiqamətində gedən döyüşlərdə iştirak etməsi haqqında məlumatının olmadığını qeyd etmişdir. Sədərək Rayon Dövlət Arxivi isə iddiaçının özünümüdafiə dəstələrinin tərkibində iştirak edib-etməməsi barədə və arayış barədə Dövlət Arxivində heç bir məlumatın olmadığı qeyd etmişdir. Müvafiq kənd icra nümayəndəliyi də arayışın verilməsinə səbəb olmuş sənədlər barədə məlumatlarının olmadığını qeyd etmişdir. Eyni zamanda, cavabdeh müvafiq sorğulara əsasən cavablar təqdim edərək bildirmişdir ki, iddiaçının xidmət keçməsi barədə məlumat mövcud deyil. Göründüyü kimi cavabdeh inzibati aktın qəbulunu istisna edən faktiki şərtin mövcudluğu sübut edilmiş, iddiaçı isə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə, onun da qeyd edilməsini zəruri hesab edir ki, yuxarıda sadalanan normativ-hüquqi aktların müddəalarının təhlil də göstərir ki, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. İddiaçı isə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə, o cümlədən yerli icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıda adının olmasına dair rəsmi məlumata (o da döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda mötəbər sayıla bilərdi),yəni qanunvericiliklə imperativ qaydada tələb olunan sənədlərə malik deyil. İddiaçı tərəfindən təqdim edilən, arxiv materiallarında mövcud olmayan arayış isə arxiv sənədlərində aşkar edilməmiş, arayışı təqdim edən icra nümayəndəliyi özü belə arayışın verilməsinə əsas olan sənədlər barədə məlumatsız olduğunu qeyd etmişdir. Bu səbəbdəndir ki, yalnız şəhid ifadələrinin sübut qismində qəbul edilərək iddianın təmin edilməsi üçün mümkün deyil. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar