Məhkəmə qərarları › İş №2-1(112)-4761/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4761/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4761/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-18619/2024 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv olunması, pensiyadan artıq ödəmə kimi tutulmuş məbləğin qanunsuz hesab edilməsi və tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır. Əmək pensiyasının məbləği 510 manatdır. Öz hesablamalarına görə, ona əmək pensiyası aşağı təyin edilmişdir. Əmək pensiyasının yenidən hesablanması ilə bağlı etdiyi müraciətə belə cavab verilmişdir ki, onun əmək pensiyası səhv hesablanmışdır, əslində isə daha aşağı, yəni 474.10 manat olmalı imiş. Ona 1221.87 manat artıq əmək pensiyası ödənilmişdir. Cavabdeh inzibati orqan bildirmişdir ki, artıq hesablanmış həmin məbləğ hər ay iddiaçının pensiyasından tutulacaqdır. İnzibati orqanın mövqeyi əsassızdır, məhkəmə tərəfindən qanunsuz hesab edilməlidir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında göstərmişdir ki, iddiaçıya 1 iyul 2008-ci il tarixindən Fondun Nərimanov şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Araşdırma zamanı, vaxtilə iddiaçıya əmək pensiyası təyin edilərkən pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən olunub. Belə ki, Mərkəzi Filialda mövcud olan iddiaçıya dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 35 il təşkil edir. İddiaçının əmək pensiyası əmək haqqına əsasən hesablanarkən tələb olunan 25 ilə görə 65 faiz, 25 ildən artıq 10 il iş stajına görə isə hər il üçün 2 faiz olmaqla orta aylıq əmək haqqının 85 faizi (65 % + 20%) miqdarında müəyyən olunmuşdur. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixinə 97,86 manat (2348,64:24) orta aylıq əmək haqqına uyğun həmin tarixə iddiaçının pensiyasının sığorta hissəsi 58,19 manat ((97,86x 85%)- 25 manat (baza hissəsi)) hesablanaraq xx.xx.2008-ci il tarixinə indeksləşdirilib 73,53 manat müəyyən edilərək üzərinə, xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 349,92 manat sığorta kapitalına uyğun 2,43 manat (349,92:144) və 60,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2008-ci il tarixinə 135,96 manat məbləğində (73,53+2,43+60,00) (indeksləşdirilərək xx.xx.2010-cu il tarixinə 168,14 manat) əmək pensiyası təyin edilməli olduğu halda, 138,37 manat (indeksləşdirilərək xx.xx.2010cu il tarixinə 177,28 manat) əmək pensiyası təyin edilərək iddiaçıya ödənilmişdir. Eyni zamanda, xx.xx.2010-cu il tarixindən iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 141,25 manat sığorta kapitalına uyğun əmək pensiyasının həmin tarixdən də yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 141,25 manat sığorta kapitalının Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 125 aya (144-19 (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçənədək işlədiyi ayların sayı) bölünməklə 1,13 manat (141,25:125) qanuni əmək pensiyasının (168,14 manat) üzərinə əlavə edilərək 169,27 manat (168,14+1,13) (indeksləşdirilərək xx.xx.2022ci il tarixinə 353,77 manat) ona ödənilməli olduğu halda, düzgün olmayan pensiya məbləğinin səhvən 183,95 manata (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 383,82 manat)) artırılmaqla ona ödənilmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixindən iddiaçı yenidən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə əmək pensiyaçısı kimi işlədiyi dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 157,48 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 124 aya (144 ay-20 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı)) bölünməklə 1,27 manat qanuni əmək pensiyasının üzərinə əlavə edilərək pensiya məbləği həmin tarixdən 353,77 manatdan 355,04 manata (353,77+1,27) artırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etirazda göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2009-cu il tarixli, 136 nömrəli qərarından görünür ki, iddiaçıya xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/3-3-18619/2024 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2008-ci ildən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmış, pensiyanın məbləği 510.80 manatdan 474.10 manata azaldılmışdır. Qərara əsasən yenidən hesablamanın əsasını o təşkil etmişdir ki, işdən çıxma- 2008- 2010 arasındakı dövr kapital kimi hesablanmalı olduğu halda 2006-2010 hesablanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının əmək pensiyasının hesablanması barədə rəydə göstərilmişdir ki, “İddiaçı 1 iyul 2008-ci il tarixindən Fondun keçmiş Nərimanov şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (həmin Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Araşdırma zamanı, vaxtilə iddiaçıya əmək pensiyası təyin edilərkən pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən olunub. Belə ki, Mərkəzi Filialda mövcud olan iddiaçıya dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 35 il təşkil edir. Əmək pensiyası əmək haqqına əsasən hesablanarkən tələb olunan 25 ilə görə 65 faiz, 25 ildən artıq 10 il iş stajına görə isə hər il üçün 2 faiz olmaqla orta aylıq əmək haqqının 85 faizi (65 % + 20%) miqdarında müəyyən olunmuşdur. Bununla əlaqədar, xx.xx.2006-cı il tarixinə 97,86 manat (2348,64:24) orta aylıq əmək haqqına uyğun həmin tarixə pensiyanın sığorta hissəsi 58,19 manat ((97,86 x 85%) - 25 manat (baza hissəsi)) hesablanaraq xx.xx.2008-ci il tarixinə indeksləşdirilib 73,53 manat müəyyən edilərək üzərinə, xx.xx.2006-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 349,92 manat sığorta kapitalına uyğun 2,43 manat (349,92:144) və 60,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2008-ci il tarixinə 135,96 manat məbləğində (73,53+2,43+60,00) (indeksləşdirilərək xx.xx.2010-cu il tarixinə 168,14 manat) əmək pensiyası təyin edilməli olduğu halda, 138,37 manat (indeksləşdirilərək xx.xx.2010-cu il tarixinə 177,28 manat) əmək pensiyası təyin edilərək iddiaçıya ödənilib. Eyni zamanda xx.xx.2010-cu il tarixindən iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyinə görə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 141,25 manat sığorta kapitalına uyğun əmək pensiyasının həmin tarixdən yenidən hesablanmasının düzgün olmadığı müəyyən edilib. Belə ki, 141,25 manat sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 125 aya (144-19 (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçənədək işlədiyi ayların sayı) bölünməklə 1,13 manat (141,25:125) qanuni əmək pensiyasının (168,14 manat) üzərinə əlavə edilərək 169,27 manat (168,14+1,13) (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 353,77 manat) ödənilməli olduğu halda, səhvən 2006-2009-cu illər üzrə düzgün müəyyən edilməmiş 1804,8 manat sığorta kapitalı 96 aya bölünməklə düzgün olmayan pensiya məbləği 183,95 manata (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinə 383,82 manat)) artırılmaqla adıçəkilən şəxsə ödənilib.” İddiaçı hazırda cavabdehin bu qərarını mübahisələndirir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanununa əsasən: - Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. - Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. İşdən görünür ki, ilk dəfə 2009-cu ildə iddiaçıya pensiya təyin edildikdən sonra işləməsi ilə bağlı 2010-ci ildə onun əmək pensiyası yenidən hesablanmış, daha sonra isə 2024-cü ildə yenidən hesablanmışdır. Cavabdeh bu hesablamalar zamanı iddiaçının 2009 və 2010-cu illərdə əmək pnesiyasının məbləğinin hesablanmasının düzgün aparılmadığını, nəticədə isə artıqvermənin yarandığını iddia edir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. Həmin normaya əsasən qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. İşin yuxarıda sadalanan hallarından görünür ki, inzibati aktın dəyişdirilməsini şərtləndirən hal iddiaçının 2009 və 2010-cu illərdə pensiya kapitalının düzgün müəyyən edilməməsidir. Məhkəmə hesab edir ki, həmin hal cavabdeh inzibati orqana məhz həmin tarixlərdə məlum olmuşdur Belə ki, İİQ-nın 67.12-ci maddəsində “aktın ləğv olunmasını şərtləndirən halların məlum olduğu gün” dedikdə, inzibati orqanın həmin halı bildiyi və ya bilməli olduğu gün başa düşülür. Burada inzibati orqanın aktın ləğv olunmasını şərtləndirən halı bildiyi gün, səlahiyyətli şəxs tərəfindən qanun pozuntusunun tam şəkildə aşkar edildiyi gündür. Lakin əgər pozuntu sənədlərdən aşıq-aşkar görünürsə, inzibati orqan lazımi diqqət yetirməklə onu aşkar edə bilərdisə, lakin etinasızlığı nəticəsində həmin səhvi görməyərək qanunsuz inzibati akt qəbul etmişdirsə, burada 1 illik müddət həmin sənədlərin inzibati orqana təqdim edildiyi vaxtdan hesablanır. Yəni inzibati orqanın ehtiyatsızlığı 1 illik müddətin uzadılması üçün əsas ola bilməz. Məhz qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya 2009 və 2010-cu illərdə pensiya təyin edilməsi barədə qərar qəbul edərkən həmin qərarın dəyişdirilməsi üçün əsas olan halı bilməli olduğu halda, lazımı diqqət göstərərək müvafiq qərar qəbul etməmiş, 2024-cü ildə isə həmin aktı dəyişdirmək üçün 1 illik müddəti ötürmüşdür. Buna görə də, göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən qanunvericiliyin tələblərinə uyğun hərəkət etməmişdir, bu səbbədən iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. İşdən görünür ki, cavabdeh iddiaçıya təyin edilmiş əmək pensiyasını yenidən hesablayarkən aşkar etdiyi artıq ödəmə üzrə həmçinin tutma aparmış, 2024-cü ilin noyabr və dekabr aylarında hər bir ay üzrə 47.41 manat məbləği tutmuşdur. Halbuki “Əmək pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qəbul etməklə artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin yuxarıda istinad olunan hallarına əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıya artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub olmamasını araşdırmamış, iddiaçının razılığını almadan ona ödənilməli olan 94.82 manata qədər pensiya ödənişini tutmuşdur. Halbuki cavabdehin iddiaçıya ödənilməli olan pensiyadan tutma aparması üçün birincisi, onun razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına razılığı yoxdur. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən həmin vəsaitin iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmalıdır. Lakin cavabdeh belə bir qərarı təqdim etmədiyindən, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödənilən pensiya məbləğindən tutma aparması qanunsuz olmuşdur. Bu səbəbdən tutulmuş məbləğ də iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyanın yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/3-3- 18619/2024 saylı qərarı ləğv edilsin. İddiaçı təyin edilmiş əmək pensiyasından artıq ödəmə kimi tutulmalar aparılması qanunsuz hesab edilsin və tutulmuş pensiya məbləğinin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar