Məhkəmə qərarları › İş №2-1(112)-4762/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4762/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4762/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 27 yanvar 2021-ci il tarixli rəyi əsasında ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina barədə qərarın ləğv edilməsi və ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 24 avqust 1992-ci il tarixdən 10 oktyabr 1992-ci il tarixə kimi N saylı hərbi hissənin tərkibində, Ağdərə rayonunda, 1-ci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmişdir. 30 avqust 1992-ci il tarixdə döyüş zamanı beyin silkələnməsi və döş qəfəsindən zədə almışdır. Döyüş zamanı aldığı xəsarət səbəbindən 27 noyabr 1992-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. Həmin müddətdə hərbi hospitalda ambulator müalicə almışdır. Daha sonra baş travmasına görə Lənkəran rayon xəstəxanasında müalicə almışdır. 5 il müddətində hər il Həkim-əmək ekspert komissiyasının yoxlanışından keçmişdir. Komissiyanın ona verdiyi arayışlarda, eləcə də AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının arayışlarında “əlilliyin səbəbi” qrafasında “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar” sözləri yazılmış və 2-ci qrup əlil olmağı qeyd edilmişdir. Bundan əlavə AR Müdafiə Nazirliyinin Hərbi Həkim komissiyasının 07 mart 1995-ci il tarixli, 109 saylı sənədindən də görünür ki, baş-beyin silkələnməsi və döş qəfəsi travması səbəbindən N sutka müddətə, xidməti vəzifələrini yerinə yetirilməsindən azad edilmişdir. Azərbaycan Respublikasının müdafiəsi uğrunda döyüşlərdə iştirak edib, döyüş zamanı aldığı xəsarət nəticəsində 2-ci qrup əlil olmuşdur və 1995-ci il tarixdən pensiya alır. Yuxarıda qeyd olunanlara və qanunvericliyə əsasən ona “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. 03.02.2021-ci il tarixli, 1/C-1737 nömrəli cavab məktubunda ona bildirilmişdir ki, göndərdiyi sənədlərə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 27 yanvar 2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim etdiyi sənədlər ona geri qaytarılmışdır. Məktubda həmçinin o da qeyd olunmuşdur ki, Mərkəzi arxivin 18 yanvar 2021-ci il tarixli, 9/2-276 saylı arayışına əsasən hərbi xidmətini təsdiq edən sənəd olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Mərkəzi arxivin 18 yanvar 2021-ci il tarixli, 9/2-276 saylı arayışını araşdıran zaman müəyyən etmişdir ki, N nömrəli hərbi hissə komandirinin 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Təbbi ki, belə olan halda onun hərbi xidməti barədə Arxiv idarəsində məlumat aşkar edilməyəcəkdir. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı ərzəsində hərbi xidməti barədə, 1992-ci il tarixdə N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməyi barədə sübut əhəmiyyəti kəsb edən sənədlər əlavə etmişdir. Lakin “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” onun ərizəsini əsaslı hesab etməmiş və ona “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsindən imtina barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti məhkəmənin 29.03.2021-ci il tarixli sərəncamı ilə cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə göndərdiyi 29.04.2021-ci il tarixli 11/1892 №li iddiaya dair yazılı etirazında göstərmişdir ki, hesab edirlər ki, iddia təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteran və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12- dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsilik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medalla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakultativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. 29.08.1997-ci il tarixli Silahlı Qüvvələrin Baş Qərargah rəsisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısın”dan görünür ki, N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. N nömrəli hərbi hissə 22.04.1992-19.09.1992-ci il və 05.12.1993-cü il-12.05.1994-cü il tarixlərdə döyüş əməlyyatlarında iştirak etmişdir. Bu hal Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin 21.04.2021-ci il tarixli 1/C-9954 nömrəli məktubunda öz əksini tapmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 14.04.2021-ci il tarixli 9/2-3100 nömrəli məktubunda N nömrəli hərbi hissə komandirinin avqust-oktyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin 1992-ci il tarixli əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissə komandirinin 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Cavabdeh inzibati orqan qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin etirazını və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materialları ilə müəyyən edilir ki; İddiaçı xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır (AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsi). İddiaçıya məxsus NZ seriyalı ******* №li 20.10.1982-ci il tarixli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 20 oktyabr 1982-ci il tarixdən 12.11.1984-cü il tarixə qədər həqiqi hərbi xidmətdə olmuş, 24.08.1992-ci il tarixdən 10.10.1992-ci il tarixədək Dağlıq Qarabağ zonasında Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Hərbi biletin 9-cu səhifəsində N №li hərbi hissənin komandiri tərəfindən aparılmış və həmin hərbi hissənin möhürü ilə təsdiq olunmuş 30.08.1992-ci il tarixli qeydlərə əsasən İddiaçı olğlu beyin silkələnməsi, döş qəfəsindən zədə almışdır. Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi tərəfindən verilmiş 13.02.2018-ci il tarixli 006406 nömrəli vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı olğluna müddətsiz 2-ci (ikinci) dərəcə əlillik verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 №-li TSEK tərəfindən verilmiş 122452 saylı arayışından müəyyən olunur ki, İddiaçı əlilliyinin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı yaralanmasıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 18.01.2021-ci il tarixli 9/2-276 saylı arayışında qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin avqust-oktyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin 1992-ci il tarixli əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbinə dair 11/1892 saylı 27.04.2021ci il tarixli etirazına əlavə olunmuş 21.04.2021-ci il tarixli məktubda qeyd olunur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş 09.04.2021-ci il tarixli 11/N17 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, vətəndaş Cangirov (Cahangirov) Ələddin Aşur oğlu komissiyaya 09.01.2021-ci il tarixdə müraciət etmiş, sənədlərinə 27.01.2021-ci il tarixli iclasda baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən qoşmada göstərilən məzmunda cavab verilmişdir. N nömrəli hərbi hissə 22.04.1992-19.09.1992-ci il və 05.12.1993-12.05.1994-cü il tarixlərdə döyüş əməliyyatlarında iştirak edib. Məhkəmənin müvafiq sorğusuna (Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 17.03.1995-ci il tarixli 109 saylı qərarın və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin təqdim olunması ilə bağlı) cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 01.06.2021-ci il tarixli 783 nömrəli məktubu ilə məhkəməyə təqdim olunmuş Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 17.03.1995-ci il tarixli 109 saylı qərarından müəyyən olunur ki, 1964-cü il təvəllüdlü İddiaçı xəsarəti “baş-beyin silkələnməsi”, “döş qəfəsinin zədələnməsi” olmuşdur ki, qeyd olunan səbəbdən o, N saylı hərbi hissənin epiqrizinə əsasən N gün müddətinə hərbi xidmət səlahiyyətlərini həyata keçirməkdən azad olunmuşdur. Xəsarətlər Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Qərarın verilməsinə əsas N saylı hərbi hissənin epiqrizi və N saylı hərbi hissənin arayışı olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən verilmiş HP12/30-5492 saylı 08.06.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Ə.A.Cahangirov barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici material yoxdur. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 03.02.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 27.01.2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin 18.01.2021-ci il tarixli 9/2-276 nömrəli arayışına əsasən hərbi xidmətini təsdiq edən sənəd olmadığına görə ona “Müharibə Veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin üçüncü hissəsinə müvafiq olaraq ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Cavabdehin “imtinasın”da və Mərkəzi Arxivin 18.01.2021-ci il tarixli 9/2-276 nömrəli arayışında iddiaçının hərbi xidmətini təsdiq edən sənəd olmadığı (N №-li hərbi hissə komandirinin avqust-oktyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin 1992-ci il tarixli əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissə komandirinin 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır) qeyd olunsa da, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən məhkəməyə təqdim olunmuş Komissiyanın 17.03.1995-ci il tarixli 109 saylı qərarından və həmin qərarın verilməsinə əsas olmuş sənədlərdən müəyyən olunmuşdur ki, İddiaçı “baş-beyin silkələnməsi”, “döş qəfəsinin zədələnməsi” kimi xəsarətlərə görə N saylı hərbi hissənin epiqrizinə və N saylı hərbi hissənin arayışına əsasən N gün müddətinə hərbi xidmət səlahiyyətlərini həyata keçirməkdən azad olunmuş, xəsarətlər Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərindən də göründüyü kimi, “... xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər”də “Müharibə veteranı adı”nın verilməsi üçün əsaslardan biridir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar