Məhkəmə qərarları › İş №2-1(112)-4762/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4762/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4762/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2019-cu il tarixə yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının xx.xx.2013-xx.xx.2019-cu il tarixlər arası illik yenidən hesablama aparılması, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubundan məlum olur ki, ona 2015-ci ildə pensiya təyin edilərkən pensiya məbləği düzgün hesablanmamışdır. Belə ki, xx.xx.2006-cı ilədək ümumi iş stajı 12 il 6 ay 16 gün təşkil etmişdir. xx.xx.2006-cı ilədək iş stajına uyğun olaraq pensiyasının sığorta hissəsi hesablanaraq xx.xx.2015-ci il tarixinə indeksləşdirilib 27,47 manat müəyyən edilmişdir, xx.xx.2006-xx.xx.2015-ci il tarixləri arasında işlədiyi dövr ərzində fərdi hesabının siğorta hissəsində qeydə alınmış 73496,16 manat sığorta kapitalına uyğun 510,39 manat və baza hissəsi (100 manat) üzərinə əlavə edilməklə 637,86 manat ödənilməli olduğu müəyyən edilmişdir (indeksləşdirilərək xx.xx.2021-ci il tarixədək 1044.69 manat). Qeyd olunanları nəzərə alaraq, pensiya təyin olunduqdan sonra işlədiyi 6 il ərzində qazandığı 176689.17 manat pensiya kapitalına görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq (176689.17:261 ay (65 il - 49 il 4 ay =189 ay + (144 ay-72 ay) = 676.97 manat) əmək pensiyası xx.xx.2021-ci ildə yenidən hesablanaraq 1044.69 manatdan 1721.66 manata (1044.69+676.97) artırılmışdır. (xx.xx.2023-cü il tarixə indeksləşdirilməklə 2041.88 manat). Bu hal aşkar olunması ilə əlaqədar artıq ödənilmiş pensiya məbləği müəyyən edilmişdir və artıq ödənilmiş məbləğ müvafiq olaraq iddiaçının pensiyasından tutulmuşdur. Növbəti dəfə iddiaçıya xx.xx.2023cü il tarixli məktubla cavab verilmişdir. Həmin məktubdan məlum olur ki, iddiaçıya pensiya iş stajının tamam olduğu xx.xx.2013-cü il tarixində təyin olunmalı olduğu halda qanunazidd olaraq xx.xx.2015-ci il tarixdən təyin edilmişdir. Belə ki, xx.xx.2006-cı ilədək ümumi iş stajı 12 il 6 ay 16 gün təşkil etmişdir. xx.xx.2006-cı ilədək iş stajına uyğun olaraq pensiyasının siğorta hissəsi hesablanaraq xx.xx.2013- cü il tarixinə indeksləşdirilib 26.46 manat müəyyən edilib, xx.xx.2006-xx.xx.2013-cü il tarixləri arasında işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 55 614.24 manat sığorta kapitalına uyğun 386,21 manat və baza hissəsi (100 manat) üzərinə əlavə edilməklə 512.67 manat ödənilməli olduğu müəyyən edilmişdir, (indeksləşdirilərək xx.xx.2021-ci il tarixədək 863.88 manat). İddiaçının xx.xx.2019-cu il tarixə yenidən hesablanma ilə əlaqədar təkrar müraciətinə xx.xx.2023-cü il tarixli imtina məktubu verilmişdir. Sonuncu imtinada da növbəti dəfə xx.xx.2021-ci il tarixdən sonra 6 il işlədiyində və ya işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə baxıla biləcəyi qeyd edilmişdir. xx.xx.2013-cü il tarixində təyin olunmalı olduğu halda cavabdeh orqanın səhvi ucbatından pensiyası gec təyin olunub, nəticə etibarilə yenidən hesablanma müddəti xx.xx.2013-cü ildən etibarən 6 il sonra yəni 2019-cu ildə deyil, 2021-ci ildə həyata keçirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçıya 16 mart 2015-ci il tarixindən Fondun Bakı şəhər Xətai rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılmış araşdırma zamanı iddiaçıya vaxtilə əmək pensiyası təyin edilərkən pensiya hüququnun və pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçınpın cavabdehə 17 aprel 2023-cü il tarixli müraciəti ilə əlaqədar cavabdehin müvafiq sorğusuna "xxxx" ASC-nin 5 iyun 2023-cü il tarixli 13-2/2-11/2871/2023 nömrəli məktubunda onun uçuş işinin bütün dövrü ərzində tələb olunan 5400 uçuş saatının 2013-cü il tarixində tamam olduğu qeyd olunmuşdur. Nəticədə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası güzəştli iş stajının tamam olduğu xx.xx.2013-cü il tarixində təyin olunmalı olduğu halda, səhvən xx.xx.2015-ci il tarixində təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə həmin tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun xx.xx.2013-cü il tarixinədək ümumi iş stajı 12 il 6 ay 16 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 14,81 manat (12,54 il x 170 manat :144 ay) hesablanaraq xx.xx.2013-cü il tarixinə indeksləşdirilib 26,46 manat müəyyən edilərək, xx.xx.2006-xx.xx.2013-cü il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 55614,24 manat sığorta kapitalına uyğun 386,21 manat (55614,24:144) sığorta hissəsi və baza hissəsi (100,00 manat) üzərinə əlavə edilməklə 512,67 manat (26,46+386,21+ 100,00 (baza hissəsi)) ödənilməli olduğu halda (indeksləşdirilərək xx.xx.2021 -ci il tarixinədək 863,88 manat), xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq həmin tarixə pensiyasının sığorta hissəsi 14,81 manat hesablanaraq xx.xx.2015-ci il tarixinə indeksləşdirilərək 24,47 manat müəyyən edilmiş və xx.xx.2006-xx.xx.2015-ci il tarixləri arasındakı dövr üzrə düzgün müəyyən edilməmiş 74876,37 manat sığorta kapitalına görə pensiyasının sığorta hissəsi 519,97 manat (74876,37:144) hesablanaraq, baza hissəsi (100,00 manat) üzərinə əlavə edilməklə 647,41 manat (27,44 + 519,97 + 100,00 (baza hissəsi)) məbləğində əmək pensiyası hesablanaraq (indeksləşdirilərək xx.xx.2021 -ci il tarixinədək 1060,53 manat) 16 mart 2015-ci il tarixindən ödənilmişdir. İddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 211957,60 manat sığorta kapitalına görə Qanunun 37.3.1 -ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (211957,60:265 ay (65 il-48 il 11 ay= 193 ay+(144 ay - 72 ay)=799,84 manat) əmək pensiyası xx.xx.2021-ci il tarixindən yenidən hesablanaraq 863,88 manatdan 1663,72 manata (863,88+799,84) artırılmalı (xx.xx.2023-cü il tarixinə indeksləşdirməklə 1992,29 manat) olduğu halda, qanunvericiliyə zidd olaraq həmin tarixə 1721,66 manat (01.01,2023-cü il tarixinə indeksləşdirməklə 2060,99 manat) hesablanaraq ödənilmişdir. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona 492,66 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş pul vəsaiti cari ilin avqust ayından etibarən iddiaçının əmək pensiyasından hissə-hissə (199,23 manat) tutularaq büdcəyə bərpa edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək, həmçinin bildirdi ki, 2013-cü ildə onun uçuş saatı 5400 saat olduğu üçün ona artıq pensiya təyin edilməli idi. Lakin, ona həmin vaxt deyil 2015-ci ildə pensiya təyin edilib. Ona 2015-ci ildə pensiya təyin edilsə də, hesablama onun pensiya hüququnun yarandığı 2013-cü ildən aparılmalıydı. 2021-ci ildə onun 72 ayı tamam olduğu üçün pensiyasını yenidən hesablayıblar. 2023-cü ildə isə cavabdehə məlum olub ki, onun 5400 uçuş saatı 2013-cü ildə tamam olub. Bundan sonra onun pensiyası yenidən hesablandı və 03 ay geriyə çəkildi. O, yenidən hesablama ilə razı deyil. Qyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza uyğun çıxış edərək, həmçinin bildirdi ki, iddiaçıya pensiya 2013-cü ildən təyin olunmalı olduğu halda, 2015-ci ildə təyin edilmişdir. Bu səbəbdən onun işləyən pensiyaçı kimi 72 ay stajı 2021-ci ildə tamam olmuş və pensiyası yenidən hesablanmışdır. Lakin, 2023-cü ildə məlum olub ki, iddiaçının pensiya hüququ 2015-ci ildə deyil, 2013-cü ildə yaranıb. Belə olan halda iddiaçının 72 ayı 2019-cu ildə tamam olduğu üçün pensiyası həmin vaxt yenidən hesablanmalı idi. Növbəti hesablama isə 2025-ci ildə aparıla bilərdi. Lakin, iddiaçının 2019-cu ildə yenidən hesablama ilə bağlı müraciəti olmayıb. 2023-cü ildə isə müəyyən edilib ki, 2021-ci ildə hesablama aparılarkən iddiaçının gözlənilən pensiya müddəti aylarının sayında səhv olub. Belə ki, 2021-ci ildə 65 yaşdan 48 il 11 ay çıxılmalı, alınan 193 ayın üzərinə isə 144 aydan 72 ayı çıxıb alınan 72 rəqəmini əlavə edilməli idi ki, burdan 265 ay alınır. İddiaçının həmin dövrdə pensiya kapitalı 211 967 manat 60 qəpik olub. Həmin kapital 265 aya bölünüb pensiya müəyyən edilməli idi. Lakin, 2021-ci ildə pensiya yaşı kimi 49 il 04 ay götürülüb. Eyni zamanda pensiya 2019-cu ildən hesablanmalı olduğu üçün hesablamanın yalnız xx.xx.2021-ci ildən aparılması mümkün olub. Eyni zamanda iddiaçıya 2013-2015-ci illər ərzində ödənilməyən pensiya məbləğinin ğödənilməsi mümkün deyildir. Çünki iddiaçının bununla bağlı müraciəti olmayıb. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1972-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. ИТ-İ № ******* nömrəli, 25 sentyabr 1983-cü il tarixli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1989-cu ildə leytenant Şmidt adına zavodun 12 nömrəli MÇS-nə fəhlə qəbul edilmişdir. xx.xx.1990-cı ildə hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə Tikinti mexanizmləri sexinə sürücü qəbul edilmişdir. xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Daxili işlər orqanlarında 10 ay, 10 gün xidmət etmişdir. xx.xx.1994-cü il tarixdən 280 nömrəli məktəbə qaravulçu vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Aviasiya Akademiyasında təhsil almışdır. xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" Milli Aviasiya şirkətində ikinci pilot vəzifəsində işləmiş, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Əlahiddə aviaeskadrilyasının jak-40 hava gəmisinin 2-ci təyyarəçi vəzifəsində işləmişdir. xx.xx.2000-ci il tarixdə "xxxx" Milli Aviasiya şirkətinə ikinci pilot vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.2008-ci il tarixdə "xxxx" Dövlət Konserninin yenidən təşkil edilməsi məqsədi ilə onun əsasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar "xxxx" Milli Aviasiya Şirkətinə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Aviasiya Şirkəti adı verilmişdir). Hal-hazırda Boinq- 787 hava gəmisinin kapitanı vəzifəsində çalışır. Cavabdehin 04 dekabr 2023-cü il tarixli, 20 aprel 2023-cü il tarixli, 22 avqust 2023-cü il tarixli məktublarında etirazda göstərilən əsaslar qeyd edilmişdir. İddiaçının pensiya işindən görünür ki: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası 6 il və daha çox işlədiyi üçün yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən ömürlük 1716,98 manat təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq ona xx.xx.2023-cü il tarixdən ömürlük 2060,99 manat pensiya təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq ona xx.xx.2023-cü il tarixdən ömürlük 2060,99 manat pensiya təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının (pensiyanın təyin olunduğu tarix xx.xx.2013-cü il göstərilməklə) əmək pensiyası yenidən hesablanaraq ona xx.xx.2023-cü il tarixdən ömürlük 1992,29 manat pensiya təyin edilmişdir. İşdə olan "xxxx" QSJ-nin uçuş heyətləri vəzifələrində uçuş saatları barəsində xx.xx.2023-cü il tarixli arayışa əsasən iddiaçının uçuş işində xidmət illərinə görə əmək stajı 25 il 00 ay 2013-cü ildə tamam olmuşdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının xx.xx.2013-xx.xx.2019-cu il tarixlər arasında yenidən hesablaması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə mübahisələndirmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azəbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəinə əsasənb bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.3.). Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (22.3.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda göstərilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); komanda-uçuş heyəti, müvafıq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qrupları (2. ). "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür (3.). Göründüyü kimi iddiaçı mülki aviasiya uçuş heyətində işləyən şəxs olduğu üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2013-cü ildə (41 yaş 09 ay) yaranmışdır. Lakin, ona həmin vaxtdan əmək pensiyası təyin edilməli olduğu halda cavabdehin səhvi ucbatından təyin edilməmiş, yalnız 2015-ci ildə iddiaçıya əmək pensiyası təyin edilmişdir. Qeyd edilən hal məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunda həmçinin göstərilmişdir ki, işləyən əmək pensiyaçılarına: yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (37.3.1.). İşdən göründüyü kimi iddiaçı işləyən əmək pensiyaçısı olduğu üçün onun işlədiyi 72 aylıq müddət əslində 2019-cü ildə tamam olduğu üçün əmək pensiyası həmin vaxt yenidən hesablanmalı idi. Lakin, iddiaçıya pensiya 2015-ci ildə təyin edildiyi üçün onun 72 aylıq stajının 2021-ci ildə tamam olması nəzərə alınaraq pensiyası cavabdeh tərəfindən həmin vaxt hesablanmışdır. Sonradan iddiaçının müraciətinə əsasən cavabdeh müəyyən etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası əslində 2013-cü ildə təyin edilməli və 2019-cu ildə yenidən hesablanmalı idi. Belə olan halda xx.xx.2023-cü il tarixli qərarla iddiaçının əmək pensiyası yenidən hesblanmışdır. Lakin, hesablama vaxtı xx.xx.2021-ci ildən götürülmüş, yəni iddiaçının yenidən hesablama yaşı 48 il 11 ay nəzərə alınmış, pensiya yaşı olan 65 ildən 48 il 11 ay çıxılmışdır. Alınan 193 aylıq müddətlə gözlənilən pensiya yaşı müddəti olan 144 aydan 72 ay çıxılmaqla alınan 72 rəqəmi toplanmış və nəticədə 265 ay alınmışdır. İddiaçının həmin tarixə olan pensiya kapitalı 211 967 manat 60 qəpik həmin rəqəmə bölünməklə iddiaçıya pensiya təyin edilib. Lakin, cavabdeh iddiaçıya 2013-cü ildən pensiya təyin edilməli və 2019-cu ildə yenidən hesablanmalı olması ilə razı olduğu halda, iddiaçının pensiya məblğini xx.xx.2021-ci ildən yox, xx.xx.2019-cu ildən yenidən hesablamalı idi. Belə olan halda iddiaçının pensiya yaşı 47 il 09 ay 65 ildən çıxılmalı, alınan 207 ay isə 72 ayla (144-72) toplanmalı, iddiaçının həmin tarixə olan pensiya kapitalı alınan 279 aya bölünməli idi. Bundan sonra isə iddiaçının hesabına pensiya kapitalının toplanması davam etməli idi. İddiaçı öz tələbində pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanmasını xahiş etsə də, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Çünki cavabdehin üzərinə iddiaçının pensiyasının Qanunun müvafiq maddəsinə əsasən hesablanması vəzifəsinin qoyulması məqsədə müvafiq deyil. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının xx.xx.2013-xx.xx.2019-cu il tarixlər arası yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar