Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4763/2021 09.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) 07.10.2020-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********6 nömrəli, 13.11.2020-ci il tarixli imtina məktubunda iddiaçının ümumi iş stajının 20 ildən az (19 il 2 ay 29 gün) təşkil etməsi, fərdi hesabının sığorta hissəsində yetərli pensiya kapitalı olmadığından (59800 manat tələb edildiyi halda cəmi 34814,28 manat pensiya kapitalının olması) ona qanunvericiliyin tələbləri baxımından pensiyanın təyinatının mümkün olmadığını bildirmişdir.
2. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01.09.1985-25.07.1986-cı il tarixlərində Azərbaycan Dövlət Texniki Peşə Təhsili Komitəsi Sumqayıt şəhəri 35 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı müddətin ümumi iş stajına daxil edilməklə ona 05.09.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması
3. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, onun müxtəlif vəzifələrdə çalışmaqla 01.01.2006-cı il tarixədək olan müddət üçün ümumilikdə 20 ildən artıq sosial sığorta stajı var və bu müddətin 10 ildən artıq hissəsini güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir. Onun əmək fəaliyyətinin çox hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın (bundan sonra - 1 nömrəli Siyahı) təsiri altına düşdüyündən onun pensiya təyinatı həmin Siyahıya istinad edilməklə aparılmalıdır.
4. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında İddiaçının müraciətini təmin etməkdən imtina edərkən istinad etdiyi dəlillərə əsaslanmışdır.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verdilər və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi etiraza uyğun çıxış etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi
7. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
8. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
9. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
10. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” (bundan sonra - 1 nömrəli Siyahı) üzrə kişilərə 52 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxslərin 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 10 ildən, ümumi stajı 20 ildən az olmamalıdır.
11. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (AA******* nömrəli şəxsiyyət vəsiqəsinin, НЗ ******* nömrəli hərbi biletin, 07.05.2021-ci il tarixli 288 nömrəli arayışın, ИТ-l ******* nömrəli əmək kitabçasının surətləri) əsasən iddiaçı 05.09.1958-ci il tarixdə anadan olmuş, 01.09.1985-ci il tarixdən 01.07.1986-cı il tarixədək Sumqayıt şəhər 35 nömrəli texniki peşə məktəbində təhsil almış, 11.08.1986-cı ildən 17.11.1986-cı ilədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun Polimir-120 istehsalatının sintez sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru işləmiş, 05.12.1986-28.11.1988-ci illərdə hərbi xidmətdə olmuşdur. 26.12.1988ci il tarixdə “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavoduna (hazırki “Etilen-Polietilen” zavodu) işə qəbul edilmiş, həmin tarixdən 02.07.2000-ci il tarixədək poliefir qətranları sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, 03.07.2000-ci ildən 31.07.2001-ci ilədək dixloretan, epixlorhidrin, qliserin və xlorsulfitləşdirilmiş polietilen sexində energetik, 01.08.2001-15.05.2005-ci il tarixlərində qliserin, ferroxromsulfanat, epixlorhidrin və izobutilen sexində energetik, 16.05.2005-ci ildən 24.08.2005-ci ilədək epoksid qətranları sexində energetik, 25.08.2005-03.11.2008-ci il tarixlərində qliserin, epixlorhidrin və izobutilen sexində energetika sahəsi üzrə baş usta, 04.11.2008-25.06.2013-cü il tarixlərində mexaniki-təmir sexində energetik işləmiş, 27.06.2013-cü il tarixdə “Azərkimya” İstehsalat Birliyinin “Təmir-Tikinti” İdarəsinin avadanlıqların təmiri və xidməti sexinə energetik vəzifəsinə qəbul edilmiş, 30.08.2013-cü il tarixdə işdən azad olunmuşdur. 03.04.2014-cü il tarixdə "xxxx" ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin təmizləyici qurğular sexinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə təyin edilmiş, 07.04.2015-ci ildən bugünədək orada çilingər-elektrik peşəsində işləyir.
12. İddiaçının hərbi xidmətdə olduğu və təhsil aldığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Buna görə də iddiaçının Sumqayıt 35 nömrəli texniki peşə məktəbində təhsil aldığı 01.09.1985-ci ildən 01.07.1986-cı ilədək olan dövr, habelə 05.12.1986-cı ildən 23.11.1988ci ilədək hərbi xidmət olduğu dövr də ümumi iş stajı hesablanarkən nəzərə alınmalıdır. Çünki bu hüquq iddiaçı tərəfindən artıq qazanılmışdır.
13. Beləliklə, iş materiallarına əsasən İddiaçının 2006-cı ilin yanvarın 1-dək 20 il 1 ay 3 gün ümumi iş stajının olduğu müəyyən olunur.
14. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
15. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. Bu arayışlarda İddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir, sənəd məzmunca İddiaçının arayışlarda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir.
16. Belə ki, İddiaçının iş yeri olan “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” X2 tərəfindən verilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair həmin arayışlardan (21.06.2013-cü il tarixli 01/09-972-01/09-977 nömrəli və 03.06.2021-ci il tarixli, 219-225 nömrəli arayışlar) görünür ki, İddiaçı 11 avqust 1986-cı il tarixdən 17 noyabr 1986-cı il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun Polimir-120 istehsalatının sintez sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (kod-1080A010; iş stajı 3 ay, 7 gün) vəzifəsində; - 26 dekabr 1988-ci il tarixdən 02 iyul 2000-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun poliefir qətranları sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (kod-1080A010; iş stajı 11 il, 6 ay, 7 gün) vəzifəsində; - 03 iyul 2000-ci il tarixdən 31 iyul 2001-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun dixloretan, epixlorhidrin, qliserin və xlorsulfitləşdirilmiş polietilen sexində energetik (kod-1080A010; iş stajı 1 il, 29 gün) vəzifəsində; - 01 avqust 2001-ci il tarixdən 15 may 2005-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun qliserin, ferroxromsulfanat, epixlorhidrin və izobutilen sexində energetik (kod-1080A010; iş stajı 3 il, 11 ay, 15 gün) vəzifəsində; - 16 may 2005-ci il tarixdən 24 avqust 2005-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun epoksid qətranları sexində energetik (kod-1080A010; iş stajı 3 ay, 9 gün) vəzifəsində; - 25 avqust 2005-ci il tarixdən 04 noyabr 2008-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun qliserin, epixlorhidrin və izobutilen sexində baş usta (kod-1080A010; iş stajı 3 il, 2 ay, 10 gün) vəzifəsində işləmişdir.
17. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixədək 17 il 3 ay 13 gün güzəştli iş stajı olmuşdur.
18. Beləliklə, işin sadalanan halları ilə iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə (kod-1080A010) işləməsi tam sübuta yetirildiyindən onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən 52 yaşının tamam olduğu 05.09.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir.
19. Cavabdeh İddiaçının güzəştli staja malik olması halını mübahisələndirməmiş, ümumi iş stajının olmamasına və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyinə istinad etmişdir.
20. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmır və qeyd edir ki, yuxarıda istinad olunan «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsindən də müəyyən olunduğu kimi həmin Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edildiyindən və pensiya kapitalı ilə bağlı tələb qanunvericiliyə sonradan (01.07.2017), Qanunun 9.1-ci maddəsinə daxil edildiyindən, 9.8-ci maddədə bununla bağlı hər hansı bir göstəriş olmadığından həmin şərt hazırkı halda iddiaçıya tətbiq edilə bilməz.
21. Bundan başqa, hazırkı qərarın 12-ci hissəsində göstərilənlərdən də göründüyü kimi, iş materiallarında olan Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin 07.05.2021-ci il tarixli 288 nömrəli arayışdan və əmək kitabçasından müəyyən olunur ki, İddiaçı 01.09.1985-ci ildən 01.07.1986-cı ilədək Sumqayıt 35 nömrəli texniki peşə məktəbində təhsil almışdır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının orta ixtisas təhsili müəssisəsində təhsil aldığı bu müddəti sığorta stajına daxil etməməsi əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmin tarixədək qüvvədə olmuş pensiya qanunvericiliyi isə orta ixtisas təhsil müəssisəsində təhsil müddətini əmək stajına aid etmişdir. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı 1985-1986-cı illərdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956- cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslarda, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi).
22. İddiaçının əmək kitabçasında onu təhsil aldığı dövr 01.09.1985-25.07.1986-cı il tarixlərində təhsil alması göstərilsə də, Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzindən verilmiş 07.05.2021-ci il tarixli 288 nömrəli arayışda iddaçının 01.09.1985-ci il tarixdən 01.07.1986cı il tarixədək təhsil aldığı göstərildiyindən təhsil müddəti müəyyən olunarkən arayış əsas götürülməlidir.
23. Beləliklə, işin sadalanan halları ilə 01.01.2006-cı il tarixədək İddiaçının ümumi iş stajının 20 ildən artıq olması tam sübut olunur.
24. «Əmək pensiyaları haqqında» Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 01.09.1985-01.07.1986-cı il tarixlərində Sumqayıt şəhəri 35 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı müddət sosial sığorta stajına daxil edilməklə ona 05.09.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova