Məhkəmə qərarları › İş №2-1(112)-4764/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4764/2021

31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4764/2021 31.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv olunması və əvvəlki vəzifəyə bərpa olunma” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Dövlət Sərhəd Xidmətinin qəbul etdiyi əmrin ləğv edilməsi və əvvəlki vəzifəyə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, 1984-cü ildə Neftçala şəhərində doğulub, orta məktəbi 8-ci sinfə kimi orada oxuyub, 2000-2003-cü illərdə Bakı, C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-ci ildən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində zabit kimi qulluq etməyə başlayıb. 2007-ci ildən 2016-cı ilin aprel ayına kimi həmin yerdə işləyib, Vətənə xidmət edib, bu illər ərzində Azərbaycan Respublikasında və ölkədən kənarda müxtəlif kurslarda və bir şox xüsusi hərbi əməliyyatlarda iştirak edib. İlk dəfə 2014-cü ildə səhhətində narahatlıq yarandığını hiss etdi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına müraciət etdikdə ona bel və onurğa nahiyyəsində kiçik yırtıqların olduğunun müşahidə olunduğunu bildirdilər. Bir neçə fizioterapiya tətbiq edilsə də, bu müalicə ona kömək etmədi. Həmin vaxtı müalicə almaqla yanaşı, öz xidməti vəzifəsini də davam etdirirdi. 2015-ci ilin iyun ayında növbəti dəfə əsəb-sinir sistemimin pozulması ilə bağlı hərbi hospitala yenidən müraciət etdi və müalicə üçün dərhal hospitala yatırılsa da, diqqət göstərilmədi. Bununla bağlı şikayət etdikdə onu Azərbaycan Respublikası Neyrocərrahlıq Xəstəxanasına göndərdilər. Burada ona onurğanın ikinci mərhələ skoliozu, dural kisənin və sinir kökcüyünün sıxılması ilə C6-C7 fəqərələrarası diskin yırtığı və protruziyası diaqnozu qoyuldu. O öz hesabına 2016-cı ilin yanvar ayına kimi müalicə və müayinə olunub. Lakin maddi sıxıntılar yaşadığı üçün xidmət etdiyi N saylı hərbi hissənin rəhbərliyinə müraciət edərək xüsusi təyinatlı xidmətçilərə ayrılan müalicə pulu və öz hesabıba məzuniyyət istədi. Ona müalicə pulu ayrılmadığı üçün məzuniyyət dövründə maddi sıxıntı səbəbindən müalicə ala bilmədi, nəticədə vəziyyəti daha da pisləşdi. Bu səbəbdən hərbi hospitala yenidən müraciət edəndə ona bildirdilər ki, hospitalda stasionar müalicə üçün yer yoxdur. Buna görə də o, 10 gün ev şəraitində müalicə almalı oldu. 2016-cı ilin fevral ayında ona xidmət etdiyim N saylı hərbi hissədən zəng vuraraq xəstəliyilə əlaqədar olaraq, hərbi xidməti vəzifəsini yerinə yetirə bilməyəcəyi və xidmətə yararsız olduğu üçün iş yerini dəyişib başqa N saylı hərbi hissəyə göndərildiyi barədə məlumat verdilər. Azərbaycan Respublikası Neyrocərrahlıq Xəstəxanasına göndərildim. Orada bir neçə dəfə MRT müayinəsindən keçdikdən sonra məlum oldu ki, onda fəqərəarası disklərin degenerativ dəyişiklikləri, yəni yırtıqlar, şmorl düyünləri və protruziyaları, Th-1 fəqərəsində (5,0 x 3,0) öçüsündə hemangioma aşkarlanmışdır. Onun bu cür ağır xəstəliyinin əsas səbəbi hospitalda ona laqeyd yanaşılma və düzgün müalicə edilməməsidir. Səhhətindəki problemlər ciddi nəzərə alınsa idi, o öz xidmət göstərdiyi hərbi hissədə vəzifəsini indi davam etdirərdi. Xidmət göstərdiyi illərdə üzərinə düşən bütün öhdəlikləri layiqincə və şərəflə yerinə yetirmiş, hər zaman intizamlı olmaqla yanaşı, hərbçi şərəfini hər şeydən uca tutmuş və bu peşəyə xələl gətirən heç bir qüsurlu hərəkət etməyib. Xidmətə başladığı gündən barəsində hərbi intizamın pozulmasına görə İntizam Nizamnaməsində nəzərdə tutulmuş hər hansı cəza tədbiri tətbiq edilməmiş, əksinə Ali Baş Komandanımız dəfələrlə onu “Vətən uğrunda” və “Hərbi xidmətə görə” medallarla təltif etmişdir. 2014-cü il tarixdə Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci il dönümü münasibətilə “Heydər Əliyev” və “İlham Əliyev” zirvələrinə yürüş zamanı yüksək səy və əzmkarlıq göstərərək qarşıya qoyulmuş tapşırıqların icrasına nail olduğuna görə Elçin Quliyev tərəfindən “Fəxri Fərman”la təltif olunub. Hesab edir ki, cavabdehin xidməti vəzifəsini dəyişmə barədə verdiyi əmr onun hüquqlarını pozmuş və qeyd olunan əmr məhkəmə qaydasında ləğv edilməli və əvvəlki vəzifəsinə bərpa edilməlidir.

3. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, əmrin ləğv olunmasında məqsədi daha yüksək pensiya ilə təmin olunma istəyidir. Belə ki, Sahil Mühafizəsinə qərargahın qoşun hazırlığı bölməsinin baş zabiti vəzifəsi daha aşağı vəzifədir və həmin vəzifədən tərxis olunmuşdur.

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edilərək bildirilmişdir ki, iddiaçı 21.08.2007-ci ildə Dövlət Sərhəd Xidmətinə hərbi hərbi xidmətə qəbul edilərək X2 2021№-li hərbi hissəsində müvafiq vəzifəyə təyin edilmiş və 08.02.2016-cı ilədək bu hərbi hissədə müxtəlif vəzifələrdə xidmət etmişdir. İddiaçı səhhəti ilə əlaqədar DSX hərbi hospitalında uzun müddət müalicələrdə olmuş və DSX MHHK tərəfindən şəhadətləndirilərək (MHHK-nın 13.08.2015-ci il taixli 931 №-li arayışı) sıradankənar hərbi xidmətə yararlı diaqnozu verilmişdir. Hərbi qulluqçunun xidmət keçdiyi hərbi hissədə fiziki cəhətdən sağlam və hazırlıqlı hərbi qulluqçulara zərurət olduğundan DSX MHHK-nın qərarı əsasında barəsində müvafiq təqdimat sənədləri DSX rəisinə məruzə edilmiş və hərbi qulluqçunun xidməti yeri 08.02.2016-cı il tarixdə Sahil Mühafizəsinə qərargahın qoşun hazırlığı bölməsinin baş zabiti vəzifəsinə dəyişdirilmişdir. Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi- Həkim Komissiyasının 23.04.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 66 “c”, 26 “c”, 60 “b”, 17 “ç” maddələrinin İİİ qrafasına əsasən iddiaçı sıradankənar hərbi xidmətə yararlıdır, xəstəliyin (travmanın) səbəb əlaqəsi: xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. İddiaçı 02.05.2016-cı il tarixdə raportla müraciət edərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması haqqında yuxarı komandanlıq qarşısında vəsatət qaldıraraq səhhətilə əlaqədar Mərkəzi Hərbi Həkim Komissiyasında şəhadətlənməyə ehtiyacı olduğunu bildirmişdir, 30.07.2016-cı il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli əmri ilə təsdiq edilmiş “Xəstəliklər cədvəlinin” 66 “c”, 26 “c” maddələrinin İİİ qrafasına əsasən iddiaçı sıradankənar hərbi xidmətə yararlıdır, xəstəliyin (travmanın) səbəb əlaqəsi: xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Dövlət Sərhəd Xidmətinin rəisi-X1 04.11.2016-cı il tarixli 1945 ş/h №-li əmri ilə qeyd olunan maddə ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.

5. Məhkəmənin hazırlıq icraatı üzrə növbəti iclasında iştirak edən iddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin baxılmadan geri götürdüyünü bildirmişdir.

II. İddianın geri götürülmüş sayılması

6. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

8. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarı).

9. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

10. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

11. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

12. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

13. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

14. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

15. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

16. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

17. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

18. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

19. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından (bax 5-ci bənd) prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.

20. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar