Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4764/2022 31.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin texniki səhv kimi ona təhsil müddəti nəzərə alınmaqla xx.xx.2018-xx.xx.2021-ci illər üzrə hesablanaraq 640,70 manat pulun artıq ödənilməsi barədə tələbinin əsassız hesab edilməsi, ali təhsil müddətini sığorta stajına təkrar daxil edərək, heç bir müddət məhdudiyyəti qoyulmadan bütün iş, sığorta stajı dövrləri üçün yenidən hesablanıb ona ödənlməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək SSRİ silahlı qüvvələrində müddətli hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixindən xx.xx.1989-cu il tarixinədək Ukrayna SSR, Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutunda 5 il 6 ay əyani bölmədə ali təhsil almış, xx.xx.1989-cu il tarixindən hal-hazıradək Azərbaycan Hava Yolları Mülki Aviasiya İdarəsinin Bakı və Naxçıvan şəhər aeroportlarında, “X6” MMC və "xxxx" MMC-də stajçı, mühəndis, təyyarələrə texniki xidmət sahəsinin rəisi, növbə rəisi, növbə mühəndisi, aparıcı mühəndis vəzifələrində çalışıb hava gəmilərinə operativ və vaxtaşırı texniki xidməti təmin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarının 21.3 maddəsinin tələbinə müvafiq olaraq, mülki aviasiyada hava gəmilərinə texniki xidmət göstərən mühəndis texniki heyəti kimi ağır və zərərli iş şəraitinə görə xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə təqaüd alır. xx.xx.2021-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı Operativ Sosial Təminat Agentliyinin 2 saylı Bakı şəhəri Xəzər “DOST’ Mərkəzinə ərizə ilə xx.xx.1983-cü il tarixindən xx.xx.1989-cu il tarixinədək Ukrayna SSR, Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutunda əyani bölmədə ali təhsil müddətinin ümumi pensiya stajına daxil olunması və pensiyasının yenidən hesablanması və hesabına köçürülməsi barədə müraciət etmişdir. xx.xx.2021-ci il tarixində hesabına 431.44 manat, xx.xx.2021-ci il tarixində saat 09:40-da 480.63 manat və həmin gün saat 13:30-da 49.18 manat, növbəti dəfə xx.xx.2021-ci il tarixində 2 saylı Bakı şəhəri Xəzər “DOST” Mərkəzinə ərizə ilə müraciətindən sonra xx.xx.2021-ci il tarixində saat 18:14-də 521.18 manat və həmin gün saat 21:01-də 409.86 manat, xx.xx.2021-ci il tarixində isə 931.04 manat köçürülmüşdür. Keçən 3 il üçün (xx.xx.2018-xx.xx.2021-ci illər) yenidən hesablamaq yolu ilə alınan 1229.58 manat məbləğində pensiya kapitalı xx.xx.2021-ci il tarixli ərizəsindən sonra hesablanaraq hissə-hissə mart, aprel və may ayları ərzində hesabına köçürülmüşdür. Ancaq bu məbləğin keçən dövr ərzində yaranma mənşəyi, nə vaxt və necə hesablanaraq ortaya çıxarıldığı, niyə ümumi pensiya məbləğinə keçən 3 il ərzində əlavə olunaraq, ümumi məbləğin indekslənmədiyi haqqında məlumat verilməmişdir. Müraciətlərinə əsasən aldığı cavabların heç birində qeyd edilən məbləğin vaxtlı-vaxtında nəzərə alınaraq pensiyasına niyə daxil edilməməsi barədə məlumatlar qeyd edilməmişdir. AR ƏƏSMN tabeliyində olan DSMF XŞTMF-nin xx.xx.2021-ci il tarixli məktubunda bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesabanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. ...Bu səbəbdən də əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada təhsil müddəti nəzərə alınmadan tərəflərindən yenidən hesablanaraq 521,18 manatdan 502,98 manata azaldılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, 30 iyun 2016-cı il tarixdən Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsi tərəfindən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsində nəzərdə tutulmuşdur. Qanunun qeyd olunan maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1983-1989-cu illərdə əyani təhsil aldığı müddətin sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablanması və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən 3 il əvvələ, xx.xx.2018-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuş, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2144 A saylı bağ evində qeydiyyatdadır; HB № 870573 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, X2 1983-cü il tarixdə Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutuna daxil olmuş və 1989-cu il tarixdə həmin institutun aviasiya radioelektron avadanlıqların istismarı ixtisası üzrə tam kursunu bitirmişdir; DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2016-cı il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixində cavablandırılmış müraciətinə əlavə olaraq bir daha bildirilmişdir ki, xx.xx.2021-ci il tarixli müraciətinə əsasən əyani təhsil müddəti nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 23 il 8 ay sığorta stajına və 2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 36183.0 manat pensiya kapitalına əsasən iddiaçıya yenidən yaşa görə əmək pensiyası hesablanmışdır. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən əmək pensiyası indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 521.18 manata çatdırılmışdır. Qanunun 32.1- 1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən ötən dövr üzrə yaranmış fərq məbləği cari pensiyasına əlavə edilməklə növbəti aylarda iddiaçıya ödəniləcəkdir; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunda ali təhsil müddətinin hazırda qüvvədə olan qanunvericiliklə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsi nəzərdə tutulmamışdır. Lakin buna baxmayaraq DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanladığı 6 yanvar 2021-ci il tarixli ərizəsinə əsasən texniki səhv səbəbindən xx.xx.2006-cı il tarixinədək təhsil illəri nəzərə alınmaqla pensiya məbləği yenidən hesablanaraq 431,44 manatdan 467,85 manata (xx.xx.2021-ci il tarixinə indeksləşdirilərək 521,18 manat) artırılmış, həmçinin keçmiş üç il müddət üçün 1229,58 manat fərq məbləği müəyyən edilmişdir. Qeyd olunan fərq məbləği xx.xx.2021-xx.xx.2021ci il tarixləri arasındakı dövr ərzində pensiyanın üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də iddiaçıya xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 1302,38 manat artıq pul vəsaiti ödənilib. Bu səbəbdən də əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun qaydada təhsil müddəti nəzərə alınmadan tərəflərindən yenidən hesablanaraq 521,18 manatdan 502,98 manata azaldılmışdır. Qeyd edilənləri nəzərə alaraq, iddiaçıya xx.xx.2016-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində əskik ödənilmiş pensiya məbləği (661,68 manat) xx.xx.2021xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində artıq ödənilmiş vəsaitdən (1302,38 manat) çıxarılaraq, iddiaçıya artıq ödənilmiş 640,70 manat pul vəsaitinin olduğu müəyyən edilmişdir. Həmin pul vəsaitinin büdcəyə qaytarılması ilə əlaqədar əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir. Əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun qaydada xx.xx.2021-ci il tarixindən etibarən 502,98 manat məbləğində olmaqla iddiaçıya ödənilir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 16 fevral 2022-ci il tarixli məktubuna əlavə edilmiş pensiya işinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir; DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında 29 yanvar 2021-ci il tarixli, **********3 nömrəli qərarından görünür ki, İddiaçı təhsil əlavəsi nəzərə alınmaqla yenidən hesablanmış pensiya məbləği 467.85 manat olmuşdur; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında 04 avqust 2021-ci il tarixli, **********0 nömrəli qərarından görünür ki, İddiaçı əmək pensiyası yenidən hesablanmış pensiya məbləği 521.18 manatdan 502.98 manatadək azaldılmışdır; İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, iddiaçıya xx.xx.2016-cı il tarixdə əmək pensiyası təyin edilmişdir. İddiaçının ərizəsi əsasında 1983- 1989-cu illərdə Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutunda təhsil aldığı dövr nəzərə alınmaqla pensiya məbləği yenidən hesablanaraq 431,44 manatdan 467,85 manata (xx.xx.2021-ci il tarixinə indeksləşdirilərək 521,18 manat) artırılmışdır. Lakin 04 avqust 2021-ci il tarixli, **********0 nömrəli qərarla iddiaçının təhsil müddəti nəzərə alınmadan əmək pensiyası yenidən hesablanaraq 521,18 manatdan 502,98 manata azaldılmışdır. Hazırda iddiaçı 1983-1989-cu illərdə əyani təhsil aldığı müddətin sığorta stajına daxil edilməklə pensiyasının yenidən hesablanması və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən 3 il əvvələ, xx.xx.2018-ci il tarixdən hesablanıb ödənilməsi tələbini irəli sürmüşdür. Cavabdeh inzibati orqan iddiaçının əyani təhsil illərinin sığorta stajına daxil edilməsindən imtina edərkən ali təhsl müddətinin hazırda qüvvədə olan qanunvericiliklə əmək pensiyası hüququ müəyyən edilmiş şəxslərin sığorta stajının hesablanması zamanı əmək fəaliyyəti müddətinə daxil edilməsinin nəzərdə tutulmadığını əsas gətirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində (yenidən hesablanmasında) nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 1044 saylı, 04 avqust 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 1983-1989-cu illərdə əyani təhsil aldığı müddət sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1983-1989-cu illərdə əyani təhsil aldığı müddət sığorta stajına daxil edilməklə, ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, müraciət edilən tarixdən (xx.xx.2021-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-4764/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4764/2022
31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver