Məhkəmə qərarları › İş №2-1(112)-4764/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4764/2024

07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4764/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi, 25 B (Yeni qaydalarla: AZ1034 ünvan 1 ünvan: ünvan 2i olan hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış natamamlığın düzəldilməsi, qeydiyyata alınmamış sahəsi 27,5 kv. m. olan qarajın və 3.2 kv. m. olan sanitar qovşağın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh inzibati orqana həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi, 25B saylı ev, yeni qaydalarla AZ 1034, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İsrafil Cəfərzadə küçəsində (köhnə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 25B) yerləşən paylı mülkiyyət olan 17 saylı ev və həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə ona və X3 məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü ildə və təkrar xx.xx.2015-ci il tarixdə mərhum əri X7 mülkiyyəti kimi adına aparılmış qeydiyyatda ona aid hissə 1 yaşayış otağı (y/s 13,6 kv.m), keçid otağı (13,3 kv. m), giriş (7,2 kv. m), bağlı eyvan (22,8 kv. m), həyətdə sahəsi 27,5 kv.m olan qaraj, sahəsi 3,2 kv.m olan sanitar qovşağından və 0,06527 kv.m torpaq sahəsindən ibarət göstərilmişdir və bu barədə çıxarış verilmişdir. Həmin qeydiyyat 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı əsasında verilmişdir. Həmin qərar ləğv edilməmişdir və qanuni qüvvəsindədir. Lakin sonradan cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışda heç bir əsas olmadan mərhum ərinin adına mülkiyyət kimi qeydə alınmış sahəsi 27,5 kv. m. olan qaraj və 3.2 kv.m sanitar qovşaq qanunsuz olaraq mülkiyyət kimi göstərilməmişdir. Həyat yoldaşının sağlığında öz vəsaiti ilə tikdiyi 22,8 kv.m sahəsi olan bağlı eyvan, 27,5 kv.m sahəsi olan qaraj və 3,2 kv.m sahəsi olan sanitar qovşağ Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının 28 fevral 2005-ci il tarixli,118 saylı sərəncamı ilə ilkin mülkiyyət kimi hüquqi qeydiyyata alınmışdır. Habelə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21 iyun 2012-ci il tarixli, 2in(82)-1077/2012 nömrəli qərarı ilə göstərilən həmin sahələrin ərinə məxsus olması bir mənalı müəyyən olunmuşdur. Məhkəmənin həmin qərarı ləğv edilməmişdir və hazırda qanun qüvvəsindədir. Ərinin vəfatından sonra həmin miras əmlak vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Lakin, cavabdeh orqan heç bir əsas olmadan mərhum ərinin mülkiyyətində olmuş sahəsi 22,5 kv.metr olan qarajı və 3,2 kv.metr sanitar qovşağı heç bir hüquqverici sənəd olmadan əsassız olaraq adına qeydiyyata almamışdır. Qeyd olunanlara əsasən cavabdeh inzibati orqanan 22,5 kv.metr olan qarajı və 3,2 kv.metr sanitar qovşağı üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün müraciət etsə də, müraciəti cavabdeh inzibati orqan tərəfindən təmin olunmamışdır. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinasının əsasları qanunsuzdur və məhkəmə tərəfindən onun qanunla qorunan hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitə ilə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, eyni zamanda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri üçüncü şəxsə təqdim olunaraq, iddiaya qarşı öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə təqdim etmək təklif olunmuşdur. Üçüncü şəxs X2 iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim olunmamışdır. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinə dair verilmiş xx.xx.2023-cü il tarixli, 04/6629 inventar nömrəli texniki pasport Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-191/2022 saylı məhkəmə qərarına əsasən qanunamüvafiq qaydada icra edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, üçüncü şəxsisə məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Bakı şəhəri Sabunçu (keçmiş Lenin) Rayon Məhkəməsinin 1969-cu il 31 mart tarixli, 2-207/1969 nömrəli qanuni qüvvəsini aldığı mübahisələndirilməyən qətnaməsi ilə iddiaçı X7 iş üzrə cavabdeh X13 qarşı nikahın pozulması və əmlakın bölünməsi tələbi təmin edilərək, onların nikahları pozulmuş və Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Anaşkin küçəsi, 25B saylı ev bölünərək: - evin yan sağ hissəsi, yəni, sahəsi 13,6 və 13,33 kv.m olan iki otaq, sahəsi 7,36 kv.m olan otaq, habelə evin arakəsməsi istiqaməti boyunca 1305 kv.m olan torpaq sahəsinin yan hissəsi X7; - evin yan sol hissəsi, yəni, sahələri 13,28 kv.m və 20,91 kv.m iki otaq, sahəsi 7,48 kv.m olan mətbəx, sahəsi 2,3 kv.m olan vanna otağı, habelə evin arakəsməsi istiqaməti boyunca 1305 kv.m olan torpaq sahəsinin yan hissəsi X11 istifadəsində saxlanılmışdır. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyətinin “vətəndaş X9 məxsus Sabunçu qəsəbəsi, Anaşkin (Proletar) küçəsi 25B saylı yerdə yerləşən tikilmiş fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması barədə” 118 saylı xx.xx.2005-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri, Sabunçu qəsəbəsi, Anaşkin küçəsində X14 tərəfindən tikilmiş birmərtəbəli, kürsülü, üç yaşayış otağından sahəsi 47.8 kv.m, köməkçi sahəsi 31.7 kv.m, bağlı eyvan sahəsi 22.8 kv.m, torpaq sahəsində tikili qaraj sahəsi 275 kv.m, ayaqyolu sahəsi 4.0 kv.m, torpaq sahəsi 1305.4 kv.m. olan yaşayış evinin Sabunçu qəsəbəsi, Anaşkin küçəsi 25 b saylı yerdə hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, № 2in(82)- 1077/2021 saylı Qərarının təsdiq olunmuş surətindən müəyyən olunur ki, iddiaçı X12 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə və üçüncü şəxs X4 qarşı Bakı şəhəri Sabunçu qəsəbəsi Anaşkin küçəsi 25 “B” saylı evlə bağlı daşınmaz əmlakın dövlət reyestrində yol verilmiş yanlışlığın düzəldilməsinin, həmin evin sahəsi 13,33 kv.metr, 3,6 kv.metr olan iki otağının, sahəsi 7,36 kv.metr olan keçid otağının, ümumi sahəsi 1305,4 kv.metr olan torpaq sahəsinin yarısının, sahəsi 22,8 kv.metr olan bağlı eyvanın, sahəsi 27,5 kv.metr olan ayrıca qarajın və sahəsi 4,0 kv. metr olan ayrıca ayaqyolunun iddiaçının adma hüquqi qeydiyyatdan keçirilməsinin və iddiaçıya müvafiq çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, № 2in(82)- 1077/2012 saylı Qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi, 25 “B” saylı evlə bağlı daşınmaz əmlakın dövlət reyestrində yol verilmiş yanlışlığın düzəldilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsi, 25 “B” saylı evin sahəsi 13.33 kv.metr, 13.6 kv.metr olan iki otağının, sahəsi 7,36 kv.metr olan keçid otağının, sahəsi 22,8 kv.metr olan bağlı evyanın, sahəsi 27,5 kv.metr olan ayrıca qarajın və sahəsi 4.0 kv.metr olan ayrıca ayaqyolunun, həmin evin ümumi sahəsi 1305,4 kv.metr olan həyətyanı torpaq sahəsinin yarısının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi və iddiaçıya müvafiq çıxarışın və texniki pasportun verilməsi cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2021-ci il tarixli, № 2-1inz(103)-932/2012 saylı qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, № 2in(82)-1077/2021 saylı Qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2013-cü il tarixli, № 2-2(102)-206/2013 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2021-ci il tarixli, № 2-1inz(103)- 932/2012 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, № ******* və № ******* saylı çıxarışların surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən № **********10- 10301 reyestr nömrəli daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın dövlət reyerstrində 304 nömrəli reyestr kitabının 28372 nömrəli vərəqində aşağıda qeyd olunan paylarla qeydiyyata alınmışdır: - 665.0 kv.metr torpaq sahəsi, ü/s 56,9 kv.metr (1 yaşayış otağı (y/s 13.6 kv.metr), keçid otağı (13.3 kv.metr), giriş (7.2 kv.metr), bağlı eyvan (22.8 kv.metr)) və qaraj 27.5 kv.metr sanitar qovşağı 3.2 kv.metr üzərində X7 xüsusi mülkiyyət hüquqları xx.xx.2015-ci il tarixdə № ********** qeydiyyat nömrəsilə; - ü/s 45.4 kv.metr (1, 3, 5, 6 saylı sahələr) üzərində X2 xx.xx.2010-cu il tarixdə № ********** qeydiyyat nömrəsilə. İddiaçı ilə X14 arasındakı münasibətləri və mübahisəli əmlaka dair hüquqlar əldə etməsi aşağıdakılarla ehtiva olunur: - Bakı şəhəri Nərimanov Rayon VVAQ şöbəsi tərəfindən verilmiş 452019 saylı nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən 01 may 1997-ci il il tarixində iddiaçı X14 ilə rəsmi nikah bağlamış və ərinin soyadını qəbul etmişdir. - Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17 dekabr 2020-ci il tarixli 127392 saylı ölüm haqqında şəhadətnaməyə əsasən iddiaçının əri X14 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. - 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notoariat ofisinin xüsusi notariusu X15 tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən mərhum X8 qalmış əmlak tam hissədə pay iddiaçıya, yəni İddiaçı keçmişdir. İddiaçının əri X10 ölümündən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev (keçmiş İvan Anaşkin) küçəsi, ev 25B (yeni qaydalarla: AZ1034, ünvan 4 ünvanında yerləşən № **********10-10301 reyestr nömrəli daşınmaz əmlak üzərində xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın dövlət reyerstrində aşağıda qeyd olunan paylarla qeydiyyata alınmışdır: - ü/s : 59.3 kv.metr (1, 3, 5, 6 saylı sahələr, 8 saylı sahədən 13.8 kv.metr) və 0.06527 ha torpaq sahəsi üzərində X2 xx.xx.2018-ci il tarixdə № ********** qeydiyyat nömrəsilə. - ü/s : 43.1 kv.metr ( 2, 4, 7 saylı sahələr, 8 saylı sahədən 9.0 kv.metr) və 0.06527 ha torpaq sahəsi üzərində İddiaçı xx.xx.2021-ci il tarixdə № ********** qeydiyyat nömrəsilə. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********07 №-li cavab məktubunda qeyd olunmuşdur ki, fərdi yaşayış evinə dair verilmiş xx.xx.2023-cü il tarixli, 04/6629 inventar nömrəli texniki pasport məhkəmə qərarına əsasən qanunamüvafiq qaydada icra edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ... Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. ... Maddə 149. Daşınmaz əmlaka hüquqların əsassız qeydə alınması 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. ... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: ... Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. ... 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; ... Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina.

15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:

... Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:

... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;

... Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar

... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

… Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz.

… Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

… Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı

... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi, 25 B (Yeni qaydalarla: AZ1034 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İsrayıl Cəfərzadə küçəsi 17) saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış natamamlığın düzəldilməsi və qeydiyyata alınmamış sahəsi 27,5 kv.m olan qarajın və 3.2 kv.m olan sanitar qovşağın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Məhkəmə ilk öncə işin faktiki hallarına münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi, 25 B (Yeni qaydalarla: AZ1034 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İsrayıl Cəfərzadə küçəsi 17) ünvanda yerləşən fərdi yaşayış evini vərəsəlik qaydasında əldə etmiş və sözügedən əmlak isə iddiaçıdan əvvəl onun mərhum əri X7 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında isə müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən № **********10-10301 reyestr nömrəli daşınmaz əmlakın “665.0 kv.metr torpaq sahəsi, ü/s 56,9 kv.metr (1 yaşayış otağı (y/s 13.6 kv.metr), keçid otağı (13.3 kv.metr), giriş (7.2 kv.metr), bağlı eyvan (22.8 kv.metr)) və qaraj 27.5 kv.metr sanitar qovşağı 3.2 kv.metr” payı üzərində X7 xüsusi mülkiyyət hüquqları xx.xx.2015-ci il tarixdə № ********** qeydiyyat nömrəsilə Daşınmaz əmlakın dövlət reyerstrində 304 nömrəli reyestr kitabının 28372 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçının mərhum ərinin ünvan 3 ünvanında yerləşən № **********10-10301 reyestr nömrəli daşınmaz əmlakın “665.0 kv.metr torpaq sahəsi, ü/s 56,9 kv.metr (1 yaşayış otağı (y/s 13.6 kv.metr), keçid otağı (13.3 kv.metr), giriş (7.2 kv.metr), bağlı eyvan (22.8 kv.metr)) və qaraj 27.5 kv.metr sanitar qovşağı 3.2 kv.metr” payı üzərində xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın dövlət reyerstrində qeydə alınmasının əsası qismində isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, № 2in(82)-1077/2012 saylı Qərarı olmuşdur. Məhkəmə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, № 2in(82)-1077/2012 saylı Qərarının hüquqi qüvvəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Beləliklə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiallıq institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Daha sonra iddiaçı tərəfindən vərəsəlik qaydasında Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi, 25 B (Yeni qaydalarla: AZ1034 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İsrayıl Cəfərzadə küçəsi 17) ünvanda yerləşən fərdi yaşayış evini qəbul etdikdən cavabdeh tərəfindən həmin əmlak üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarış verilmişdir. Həmin çıxarışla isə iddiaçının Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi, 25 B (Yeni qaydalarla: AZ1034 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İsrayıl Cəfərzadə küçəsi 17) ünvanda yerləşən fərdi yaşayış evi üzərində isə sadəcə 43.1 kv.metr hissədə ( 2, 4, 7 saylı sahələr, 8 saylı sahədən 9.0 kv.metr) və 0.06527 ha torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda isə məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi, 25 B (Yeni qaydalarla: AZ1034 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İsrayıl Cəfərzadə küçəsi 17) ünvanda yerləşən fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən cavabdeh onun üzərinə düşən vəzifələri qüsurlu icra edərək, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əməl etməmişdir. Bu konteksdə qeyd edilməlidir ki, N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir: “Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur”. Belə olan halda hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınması zamanı həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş əvvəlki çıxarışa etibar etmişdir. Qeyd olunmalıdır ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını də nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Beləliklə, cavabdehin imtinasında və iddia tələbinə dair yazılı etirazda istinad etdiyi əsaslarla bağlı məhkəmə qeyd edir ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Torpaq Məcəlləsinin 65-ci maddəsinin müddəalarına əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (1). Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır (3). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (5). Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması” Qaydalarının 23-cü bəndinin (Bina və qurğularla bağlı xüsusi məlumatların daxil edilməsi) müddəalarına görə, İ fəslin “İnventar nömrəsi” və “Liter" qrafalarında bina və qurğuların texniki uçot pasportlarındakı müvafiq eyniləşdirmə nömrələri göstərilir (23.1). İ fəslin “Mərtəbə” və “Yeraltı mərtəbə” qrafalarında müvafiq olaraq bina və qurğuların mərtəbələrinin və zirzəmidəki səviyyələrin sayı göstərilir. Bundan başqa, “Mərtəbə” qrafasında müvafiq sahənin (mənzilin) yerləşdiyi mərtəbənin (mərtəbələrin) nömrəsi qeyd edilir (23.2). İ fəslin “Mərtəbələr üzrə plandakı nömrələr” qrafası yalnız binanın və ya qurğunun mərtəbələr üzrə planındakı nömrələrindən başqa, heç bir ayrı nömrəsi olmayan sahələrə olan hüquqların qeydiyyatı zamanı doldurulur (23.3). Daşınmaz əmlak obyektində əsaslı dəyişikliklər (yenidənqurma işləri, obyektin birləşməsi, bölünməsi, ayrılması) aparılmadığı hallarda, obyektin mülkiyyətçisi, icarəçisi və ya istifadəçisi dəyişdirildikdə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka yeni yaranan hüquqların dövlət qeydiyyatı yeni texniki pasport tərtib edilmədən, mövcud texniki pasportun göstəriciləri nəzərə alınmaqla aparılır. Daşınmaz əmlak obyektinin texniki pasportu dövlət texniki inventarlaşdırma orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”nın 4.2-ci bəndinə əsasən, mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin 3.1, 3.1.16-cı bəndlərinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq DƏDKR-in vəzifələrinə aid edilmişdir. Normaların əlaqəli təhlilindən göründüyü kimi, daşınmaz əmlak kimi bina və qurğulara münasibətdə “texniki pasport”, torpaq sahələrinə münasibətdə isə “torpaq sahəsinin planı və ölçüsü” tərtib edilir. Hazırkı halda, iddiaçının iddiası torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından ibarət olduğundan, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi”nin müddəalarına əsasən mübahisəli torpaq sahəsinə dair onun adına “torpaq sahəsinin planı və ölçüsü”də tərtib edilməlidir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi, 25 B (Yeni qaydalarla: AZ1034 ünvan 1 ünvan: ünvan 2i olan hissəsinə dair İddiaçı hüquqlarına dair Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyddə natamamlığın düzəldilməsi, qeydiyyata alınmamış sahəsi 27,5 kv. m. olan qarajın və 3.2 kv. m. olan sanitar qovşağın xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar