Məhkəmə qərarları › İş №2-1(112)-4767/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4767/2022

18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4767/2022 18.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhər Xəzər Rayon Polis İdarəsinə (üçüncü şəxslər: X7 və X6) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 16.10.2021-ci il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı MMC-nin (bundan sonra – İddiaçı) mülkiyyətindədir.

2. Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, ünvan 1 ünvanında X7 və X6 qeydiyyatdadır.

3. İddiaçı ərizə ilə Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək ünvan 1 ünvanından X7 və X2 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh 055-22810R-3221 nömrəli, 05.11.2021-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə əsasən qeydiyyatdan çıxarılma ilə əlaqədar məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur.

5. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən X7 və X2 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin 30.12.2021-ci il tarixli qərardadı ilə X7 və X6 (bundan sonra üçüncü şəxslər) üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması:

7. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 08.12.2017-ci il tarixli, 2(005)-471/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" lizinq şirkəti QSC-nin cavabdehlər X7 və X3 qarşı pul tələbi və evin mülkiyyətçiyə qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq, X5 istifadəsindən alınıb "xxxx" QSC-yə qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10.04.2018-ci il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 08.12.2017-ci il tarixli 2(005)-471/2017 saylı qətnaməsi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq, X5 istifadəsindən alınıb "xxxx" QSC-yə qaytarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən "xxxx" lizinq şirkəti QSC-nin hüquqi varisi “Direkt Kredi" MMC-nin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ qeydə alınmışdır. Bundan sonra məlum olmuşdur ki, X7 və X6 həmin ünvanda qeydiyyatdadır. Bu isə İddiaçı MMC-yə mülkiyyətçi kimi həmin əmlak üzərində hüquqlarını həyata keçirməsində maneə yaradır.

8. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim etməmişdir.

9. Üçüncü şəxs T.Əliyev 14.03.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi etirazında qeyd etmişdir ki, uzun müddət biznes fəaliyyəti ilə məşğul olmuş, sonradan müəyyən səbəblərdən müflis olmuş, dünyada və ölkədə olan mövcud pandemiya ilə əlaqədar iş fəaliyyətini yenidən bərpa edə bilməmişdir. Lakin hazırda düşdüyü pis vəziyyətdən çıxmış və iddiaçı "xxxx" lizinq şirkəti QSC-nin hüquqi varisi olan İddiaçı MMC ilə razılığa gəlmək istədiyini bildirmişdir. O, götürdüyü kredit üzrə əsas məbləği ödəməyə hazırdır, bu şərtlə ki, kredit üzrə əvvəllər ona məxsus olan, indi isə iddiaçı MMC-nin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üçüncü şəxsə qaytarılsın. T.Əliyev ”Unileasing” lizinq şirkəti QSC-nin hüquqi varisi olan İddiaçı MMC ilə hüquqi barışıq əldə etmək üçün ona şərait yaradılmasını və İddiaçı MMC ilə barışıq əldə etdikdən sonra isə iş üzrə iddia tələbini təmin etməyərək xitam verilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. 11.Cavabdeh 29.03.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

13. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

14. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

15. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

16. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

17. Hazırkı iddia üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.

18. İddia həm də əsaslıdır. Çünki işdə olan 04.09.2014-cü il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı X7 ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 326.5 kv.metr olan fərdi yaşayış evini alıcı "xxxx" Lizinq Şirkəti QSC-nin mülkiyyətinə vermişdir. Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, 14-cü maddəsinə əsasən isə müqavilə notariat qaydasında təsdiq olunduqdan sonra 04.10.2014-cü il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür.

19. 24.09.2014-cu il tarixli ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsində yerləşən 108A saylı fərdi yaşayış evi "xxxx" Lizinq Şirkəti QSC-nin mülkiyyətindədir.

20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 22.02.2022-ci il tarixli **********33 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 3 saylı fərdi yaşayış evi 24.05.2014-cü il tarixində X5 adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri, 38 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, 04.09.2014-cü il tarixli 4ə-278 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" QSC-nin (İddiaçı MMC-nin) adına özgəninkiləşdirilmişdir. ünvan 3 saylı fərdi yaşayış evinə dair mülkiyyət, istifadə və ya digər məhdud əşya hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir.

21. 09.08.2018-ci il tarixli kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Lizinq Şirkəti QSC təşkilatı hüquqi formasını dəyişərək İddiaçı MMC-yə çevrilmişdir.

22. ********** qeydiyyat nömrəli, 16.10.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 16.10.2021-cı il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır.

23. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.

24. Hazırkı iş üzrə bu əsaslardan biri, yaşayış sahəsindən çıxarılma barədə məhkəmə qərarı mövcuddur. Belə ki, işdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.12.2017-ci il tarixli, 2(005)-471/2017 saylı qətnaməsindən görünür ki, "xxxx" Lizinq Şirkəti QSC ilə cavabdeh X8 arasında bağlanmış 04.09.2014-cü il tarixli, 2508D/14/B nömrəli X12 Müqaviləsi ləğv edilmiş, həmin müqaviləyə əsasən əsas məbləğdən qalıq borc 57.895,91 ABŞ dolları, mükafat borcu 61.885,92 ABŞ dolları, 930 ABŞ dolları hesablanmış dəbbə pulu, cəmi 120.711,83 ABŞ dollarının ödəniş günü manata məzənnə ilə manatla və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər X4 və X1 tutularaq iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-yə ödənilməsi, 04.09.2014-cü il tarixli 2508D/14D saylı daxili lizinq müqaviləsinə əsasən "xxxx" QSC-nin mülkiyyətində olan cavabdeh X5 istifadəsində olan ünvan 4 ünvanında olan fərdi yaşayış evinin boşaldılaraq mülkiyyətçisi “Unileasing" Lizinq Şirkəti QSC-yə qaytarılması qət edilmişdir.

25. Həmin qətnamədən X7 tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3406/2018 saylı, 10.04.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilməklə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-471/2017 saylı 08 dekabr 2017-ci il tarixli qətnaməsinin borcun tutulması hissəsində ləğv edilməsi, cavabdehlər X4 və X1 müştərək qaydada 49805 manat əsas məbləğ üzrə borc, 50343,49 manat mükafat məbləği (faiz) üzrə borc, 892 manat sığorta pulu, 10150 manat dəbbə pulu, cəmi 111190,49 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" Lizinq Şirkəti QSC-yə ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə, o cümlədən ünvan 4 ünvanında olan fərdi yaşayış evinin boşaldılaraq mülkiyyətçisi “Unileasing" Lizinq Şirkəti QSC-yə qaytarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

26. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə üçüncü şəxs T.Əliyevin mübahisəli yaşayış sahəsini boşaltması, yəni mənzildən çıxması və əmlakın iddiaçının hüquqi varisi olduğu “Unileasing" Lizinq Şirkəti QSC-yə qaytarılması qət edilmişdir.

27. Digər üçüncü şəxs N.Əliyevaya gəldikdə, işdən görünür ki, o, 08.09.2014-cü il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatmayan şəxsdir. Onun anası X9 ünvan 5 ünvanında qeydiyyatdadır. Atası T.Əliyevin isə mübahisəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması qət olunmuşdur.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar.

29. Buna görə də məhkəmə hesab edir ki, N.Əliyevanın mübahisəli fərdi yaşayış evində qeydiyyatda qalması üçün əsas yoxdur. Bir halda ki, onun həmin əmlaka hər hansı hüququnun olması sübuta yetirilmir.

30. O da qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”

31. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

33. Hazırkı məhkəmə qərarının 17-25-ci bəndlərində sadalanan sübutlara əsasn üçüncü şəxslər T.Əliyev və onun yetkinlik yaşına çatmayan uşağı N.Əliyevanın ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə hər hansı bir hüquqları mövcud olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı: İddia təmin olunsun. 07.03.1971-ci il təvəllüdlü X5 və 08.09.2014-cü il təvəllüdlü X2 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Xəzər Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar