Məhkəmə qərarları › İş №2-1(112)-4768/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4768/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4768/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X4 və nümayəndəsi (qardaşı) X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə (üçüncü şəxs X6) qarşı ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək şəxs X4 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildən Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 9, 8 saylı mənzili alqı-satqı yolu ilə əldə etmiş və həmin mənzilə köçmüşdür. Daha sonra iddiaçının qardaşı X6 da həmin evə köçərək orada yaşamağa başlamış və mənzilə yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. 2006-cı ildə isə X6 mənzili tərk etmiş və geri qayıtmamışdır. İddiaçı 2019-cu ildə həmin mənzildə mülkiyyət hüququnun Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Müraciət əsasında iddiaçının mənzil üzərində mülkiyyət hüquqları **********22-05101-093111 saylı reyestr nömrəsi ilə qeydiyyata alınmış və ona 24.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış təqdim edilmişdir. İddiaçı 2021-ci ilin yanvar ayında cavabdeh orqana müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olan X4 həmin mənzildən qeydiyyatda çıxarılmasını xahiş etmişdir. Cavabdeh 09.02.2021-ci il tarixli məktubla bildirmişdir ki, X4 qeydiyyatdan çıxarılması yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-2338/2024 saylı, 29.11.2004-cü il tarixli qətnaməsinə əsasən Zqrivets Mixail X1 arasında Bakı şəhəri, 2-ci Bulvar Məmmədyarov küçəsindəki 9 saylı evin 8-ci mənzilinə dair 25 avqust 1992-ci il tarixdə Bakı şəhəri 29-cu Dövlət Notariat Kontorunda bağlanılmış alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X4 adına verilmiş 11 noyabr 1992-ci il tarixli 30/6083 saylı qeydiyyat vəsiqəsi etibarsız hesab edilərək ləğv edilsin. Bakı şəhəri, 2-ci Bulvar Məmmədyarov küçəsindəki 9 saylı evin 8-ci mənzilinə dair alqı-satqı müqaviləsi X2 İddiaçı arasında bağlanmış hesab edilsin. Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinə 2-ci Bulvar Məmmədyarov küçəsindəki 9 saylı evin 8-ci mənzilinə İddiaçı adına qeydiyyat vəsiqəsi verilməsi tapşırılmışdır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3283/2021 saylı, 26.05.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X5 qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8199/2021 saylı, 13.10.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3283/2021 saylı, 26.05.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilməmişdir. Həmin qətnaməyə əsasən müəyyən olunur ki: ... tərəflər arasında hüquq münasibətləri 13.01.1993-cü ildə yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 5 nömrəli Mənzil-İstismar sahəsi tərəfindən təqdim edilmiş (Forma 2) arayışdan görünür ki, hazırki iş üzrə cavabdeh X6 13.01.1993-cü il tarixdən mübahisə edilən mənzil üzrə qeydiyyatdadır. Bu isə onu deməyi ehtiva edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri 1993cü ildə yarandığından hazırki tələbə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun baxılaraq yekun hüquqi nəticəyə gəlinməlidir. 1993-cü ildə qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 1993-cü ildə qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddia tələbinə münasibətindən görünür ki, o, tələbi qəbul etmir və bildirir ki, onu zorla mənzildən çıxartmışlar. Hazırda onun qalmağa yeri yoxdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, hüquq münasibətləri yarandığı zaman qüvvədə olan Azərbaycan SSR Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin dizpozisiyasından da göründüyü kimi icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Bütün qeyd olunanlar məhkəmə kollegiyasına onu deməyə əsas verir ki, hazırki verilmiş iddia tələbinin təmini üçün heç bir hüquqi əsas mövcud deyildir...”

6. Şifahi dinləmələr (məhkəmənin baxış iclası) zamanı iştirak edən iddiaçı nümayəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı həmin evdə yaşamır.

7. Şifahi dinləmələr (məhkəmənin baxış iclası) zamanı iştirak edən üçüncü şəxs bildirdi ki, onu zorla mənzildən çıxartmışlar.

8. Cavabdeh Yasamal rayon polis idarəsi tərəfindən məhkəməyə ünvanlanan 14.01.2022ci il tarixli məktubunda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən hazırki iş üzrə məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

II. İddianın növü və mümkünlüyü

9. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

10. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin mülkiyyətçisidir.

11. İddiaçının cavabdeh orqana etdiyi müraciətə cavab olaraq verdiyi 09.02.2021-ci il tarixli cavabında (bundan sonra - cavabdehin imtinası) “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə istinadən həmin ünvan üzrə qeydiyyatdan çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin mülki qaydada məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında mümkünlüyü qeyd edilmişdir.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

12. Məhkəmənin hazırki iş üzrə 29.12.2021-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində cəlb olunmuşdur.

13. Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında 15.12.2021-ci il tarixli arayışdan görünür ki, X6 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

14. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X6 ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

15. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 qeydiyyat tarixi 24.07.2019-cu il olmaqla İddiaçı xüsusi mülkiyyətindədir.

16. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 25.01.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, X4 Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsi, ev 9, mənzil 8-ə dair istifadə hüququnun qeydə alınması ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir.

IV. Məhkəmənin mövqeyi

17. Məhkəmə tərəfindən müəyyən olunur ki, X6 iddiaçının (mülkiyyətçinin) ailə üzvüdür (qardaşıdır).

18. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.09.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

20. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

21. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur...

22. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 23 iyul 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarından: ...hazırkı iş üzrə qəbul edilmiş Konstitusiya Məhkəməsi Plenumunun 14 fevral 2020-ci il tarixli Qərarında məhkəmə aktlarının preyudisiallığı ilə bağlı mövcud prosessual qanunvericiliyə və əvvəlki qərarlarda formalaşdırılmış hüquqi mövqeyə istinad edilərək vurğulanmışdır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. Bunun üçün məhkəmə qərardadı aşağıdakı vacib şərtlərə cavab verməlidir: - qərardad müstəqil məhkəmə icraatı çərçivəsində çıxarılmalı; - həmin qərardad ilə hüquqi faktlar və hüquq münasibətləri müəyyən edilməli; - tərəflərin məhkəmə baxışında iştirakı təmin edilməli; - baxış çəkişmə prinsipinə əməl edilməklə aparılmalı; - belə qərardadın yuxarı instansiya məhkəmələrində mübahisələndirilməsi imkanı olmalıdır. Həmçinin Qərarda qeyd edilmişdir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir.

23. İddiaçı mümkünlük şərtlərinə cavab verən iddia predmeti üzrə inzibati məhkəməyə müraciət etdiyindən arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsini seçmədiyini və konkret halda hüquqi müdafiəyə ehtiyacı olmadığını iddia etmək olmaz. Lakin məhkəmə hesab edir ki, üçüncü şəxs X6 qüvvədə olan məhkəmə aktına əsasən “yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs” hesab olunmadığı üçün cavabdeh qurumun hazırki imtinası qanunsuz deyil.

24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar