Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4768/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “müharibə veteranı adının və müharibə veteranı vəsiqəsinin verilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrdə ümumilkdə 24 il 5 ay müddətdə xidmət etmişdir. DSX-nin Sahil Mühafizəsindən (2N nömrəli hərbi hissə) hərbi hissə komandirinin müvafiq əmri illə bölmə rəisi (polkovnik-leytenant rütbəsində) vəzifəsindən azad olmaqla ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla 31 may 2009-cu ildə Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. 1-ci Qarabağ müharibəsi dövründə 1993-cü ilin iyun-iyul aylarında Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsinin Maliyyə Plan Şöbəsinin təftiş inspektoru vəzifəsində olarkən N №-li hərbi hissəyə ezam olunmuşdur. İddiaçı ilə birgə eyni əmrlə X10 və X3 həmin Sərhəd dəstəsinə (Horadiz) ezam olunmuşdur. Ezamiyyət günləri təxminən 25 gün olmuşdur. Həmin müddətdə onlar aktiv döyüş aparan mövqelərdə olmuşdurlar. Adları yuxarıda qeyd olunan zabitlərə döyüş aparan mövqelərdə ezamiyyətdə olduqları üçün müharibə veteranı adı verilmişdir. Lakin iddiaçı həmin hüquqdan kənarda qalmışdır. İddiaçı hazırki tələblə cavabdehə müraciət etsə də, sonuncu onun müraciəti üzrə rəsmi cavab verməmişdir. İddiaçı hesab edir ki, bu hal onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdehin məhkəməyə təqdim edilmiş yazılı münasibətində iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, iddiaçı müraciətində 1993-cü ilin iyun-iyul ayları ərzində keçmiş MTN Sərhəd Qoşunları İdarəsində maliyyə-plan şöbəsində xidmət edərkən həmin şöbədə xidmət etmiş sabiq hərbi qulluqçular, Ağamehdi İmanov və Sədrəddin Məmmədovla birlikdə Horadiz şəhərində yerləşən N №-li hərbi hissəyə (keçmiş MTN SQ N Ns-li h/h) ezam olunduğunu qeyd etmişdir. Bununla əlaqədar Katibliyə və N nömrəli hərbi hissəyə sorğular göndərilmiş və bu barədə məlumatın omadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” və bu Əsasnaməyə xx.xx.2018-ci il tarixli 422 nömrəli Qərarla edilmiş dəyişikliklərin tələblərinə əsasən “Müharibə veteranı” adı və onun vəsiqəsi yalnız döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən (döyüş əməliyyatlarında iştirak etmək məqsədilə döyüş zonasına ezam olunma və ezamiyyətdən geri qaytarılma) bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma/kontuzıya travma) almış hərbi qulluqçulara verilir. xx.xx.2024-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin “Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası”nda baxılmış və komissiyanın qərarına əsasən xidmət müddəti ərzində döyüş əməliyyatlarında iştirakı barədə məlumatlar (döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı döyüş zonasına ezam olunma və ezamiyyətdən geri qayıtma) mövcud olmadığından İddiaçı Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mümkün olmamışdır. İddiaçı xidmət etdiyi müddət ərzində döyüş əməliyyatlarında iştirakı əmrlərlə (döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı döyüş zonasına ezam olunma və ezamiyyətdən geri qaytarılma) təsdiq olunmadığından ona «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Bu məqsədlə əvvəlcə cavabdeh inaibti orqana müraciət etmiş, məqsədinə nail ola bilmədikdən sonra cavabdehə qarşı məhkəmədə iddia qaldırmışdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə, məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. -X9, X7 və X5 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, onlar iddiaçının 1992-ci il və 1993-cü illərdə N saylı hərbi hissəyə döyüş təminatını yoxlamağa ezam olunduğunu, aktiv döyüş aparan mövqelərdə olduğunu bildirmişdirlər. -Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 04 may 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı daxil olmuş müraciəti hazırda icraatdadır. Barəsində aidiyyəti üzrə (xidmət keçməsi, döyüş əməliyyatlarında iştirak etməsi və s.) sorğular göndərilmiş və daxil olacaq sənədlərə (arxiv əmrlərinə) Dövlət Sərhəd Xidmətinin “Veteran adlarının və vəsiqələrinin verilməsi komissiyası”nda baxılması nəzərdə tutulmuşdur. Bu barədə vətəndaşa xx.xx.2024-cü il tarixli 3-38-4/2-A-146/2024 NQ-İİ məktubla ünvan üzrə məlumat verilmişdir. Həmçinin qeyd edilmişdir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı işlərin nomenklatur üzrə saxlanma müddəti 10 (on) il nəzərdə tutulduğundan və keçmiş MTN-nin Sərhəd Qoşunlarının həmin dövrdə döyüş əməliyyatlarında iştirak etmiş əməkdaşlarına “Müharibə veteram” vəsiqəsi MTN tərəfindən (1995-1999-cu illərdə) verildiyindən sorğuda adları qeyd edilmiş X10 və X3 barədə sənədlərin təqdim edilməsi imkan xaricindədir Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş 03 oktyabr 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmət etmiş əməkdaşının şəxsi işləri, həmçinin onlara Azərbaycan Respublikasının “Müharibə veteranı” adının və müvafiq vəsiqələrin verilməsinə əsas olmuş aidiyyəti sənədlər, protokollar, vəsiqələrin qeydiyyatı jurnalları və sair MTN-in Sərhəd Qoşunları Baş İdarəsində saxlanılırdı. Dövlət Sərhəd Xidməti (DSX) yarandıqdan sonra həmin materiallar, o cümlədən arxiv şəxsi işləri DSX-nin balansına keçirilmişdir. -Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 03 oktyabr 2024cü il tarixli sorğuya cavab məktubundan görünür ki, N №-li hərbi hissə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissəsi olmadığından həmin hərbi hissənin 1993cü ilin iyun-iyul aylarında döyüş əməliyyatları aparan hərbi hissə olub-olmaması barədə məlumat verilməsi mümkün olmamışdır. -N №-li hərbi hissə tərəfindən verilmiş məktubundan görünür ki, İddiaçı qeyd etdiyi 1993-cü ilin iyun və iyul aylarında özünün və adları 3-38-16/2-6832-24 nömrəli sənəddə qeyd olunan digər şəxslərin N nömrəli hərbi hissəyə ezam olunması barədə nizami hissə üzrə əmrdən çıxarışlar mövcud deyildir. Məhkəmə aşağıda göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Normalardan məzmunundan aydın olur ki, iddiaçıya o halda müharibə veteranı adı və vəsiqəsi verilə bilər ki, o, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş olsun və ya döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş olsun. Hüquqi perspektiv baxımından nəzərə alınmalıdır ki, iddiaçı xidmət etdiyi və ya ezam olunduğu hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. Bu mənada hazırkı mübahisəyə münasibətdə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənildiyi iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, nə iddiaçının özü tərəfindən, nə də məhkəmə araşdırması zamanı iddiaçının N №-li hərbi hissəyə ezam olunması, orada xidmət etməsi, döyüş əməliyyatlarında iştirak etməsi və ezamiyyətdən geri qayıtmasını təsdiq edən sübutlar təqdim olunmamışdır. Bundan başqa məhkəmə, iddiaçı tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş notarial qaydada təsdiq olunmuş şahid ifadəsini əks etdirən ərizələrə münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, X9, X7 və X5 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizələr ilə iddiaçının 1992-ci il və 1993-cü illərdə N saylı hərbi hissəyə döyüş təminanatının yoxlamağa ezam olunduğunu, aktiv döyüş aparan mövqelərdə olduğunu bildirmişdirlər. Məhkəmə qeyd edir ki, yalnız şahid ifadələri əsasında iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Odur ki, əgər qanunvericilik imperativ qaydada işin konkret halının rəsmi sənədlə təsdiq edilməli olduğunu tələb edirsə, həmin hal şahid ifadələri ilə təsdiq oluna bilməz. Məhkəmə hesab edir ki, şahid ifadəsi yalnız o zaman vəziyyəti iddiaçının xeyrinə dəyişə bilərdi ki, əgər şahid ifadəsi ilə yanaşı iddiaçının xidmət etməsi barədə nizami hissə üzrə əmrlərində məlumat və onun qanuni əsaslar ilə ehtiyata buraxılması barədə məlumat olsun. Hazırki halda bu sübutlar məhkəmə icraatı zamanı müəyyən olunmamışdır. Halbuki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin müddəaları baxımından müharibə veteranı adının verilməsi üçün iddiaçının həmin dövrdə həm də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı tələb də ödənilmiş olmalıdır. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə isə iddiaçı arzuladığı aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4768/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4768/2024
05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver