Məhkəmə qərarları › İş №2-1(112)-477/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-477/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-477/2024 06.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Binəqədi Bələdiyyəsi və X7 cəlb olunmaqla) qarşı “torpağın mülkiyyət növünün xüsusi mülkiyyət kimi göstərilməsi və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanlı 2100 kv.m torpaq sahəsinin mülkiyyət növü haqqında daşınmaz əmlakın dövlət reyestri məlumatlarında mülkiyyət növü kimi “dövlət” qeydinin “bələdiyyə” qeydi ilə əvəz olunması və daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Biləcəri bələdiyyəsinin 281 saylı, 22 iyul 2005-ci il tarixli qərarı ilə vətəndaş X4 adına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 25000 kv.m torpaq sahəsinin 2100 kv.m hissəsi Biləcəri bələdiyyəsinin 19 dekabr 2014-cü il tarixli, 206 saylı qərarı ilə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə notarial qaydada iddiaçının adına rəsmiləşdirilmişdir. Ayrılmış torpaq sahəsində iki mərtəbəli qeyriyaşayış binası inşa etdirmiş, abadlaşdırma və quruculuq işləri həyata keçirilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 18 sentyabr 2017-ci il tarixli, 210 saylı sərəncamı ilə qeyri-yaşayış binasının təqdim edilmiş layihə əsasında mövcud ölçülərlə sənədləşdirilməsi qərara alınmışdır. Torpaq və əmlak vergisi vaxtında və lazımi qaydada ödənilmiş, Biləcəri bələdiyyəsi tərəfindən verilən arayışlarla vergi borcunun olmadığı təsdiq edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququ 18 oktyabr 2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydə alınmışdır. Hazırda iddiaçıya məlum olmuşdur ki, dövlət reyestri xidmətindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın tərtib edilməsi zamanı dövlət reyestri məlumatlarında səhvə yol qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü “dövlət” kimi qeyd edilmişdir. Halbuki, həmin torpaq sahəsi Biləcəri Bələdiyyəsinin 19 dekabr 2014-cü il tarixli, 206 saylı qərarı ilə iddiaçıya verilmiş və qeydiyyata alınmışdır. 01 iyul 2022-ci il tarixli ərizə ilə mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü haqqında daşınmaz əmlakın dövlət reyestri məlumatlarında düzəliş edilməsi və müvafiq düzəlişlərlə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təqdim edilməsi barədə müraciətinə cavabdeh 08 sentyabr 2022-ci ildə iddiaçıya çatmış 05 sentyabr 2022-ci il tarixli, **********05 saylı məktubu ilə səbəb kimi sözügedən torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olması göstərilməklə imtina olunmuşdur. 10 sentyabr 2022-ci ildə Biləcəri bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən torpaq sahəsi üzərində sərəncam vermək hüququnun əsası barədə məlumat verilməsi üçün bələdiyyəyə verdiyi müraciətə Biləcəri bələdiyyəsinin 01.06/02-264 saylı, 14 sentyabr 2022-ci il tarixli cavabında Biləcəri bələdiyyəsinin ərazisinə dair xəritənin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmədiyindən torpaqların növünün müəyyən edilməsinin mümkün olmadığı cavabı verilmişdir. 15 sentyabr 2022-ci il tarixli müraciətlə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən ümumi sahəsi 25000 kv.m torpaq sahəsinin X4 adına ayrılmasına dair sənədlərin (qərar, sərəncam, torpaq ayırma sənədləri və s.) və həmin ünvanda yerləşən 2100 kv.m torpaq sahəsinin İddiaçı adına keçirilməsinə dair sənədlərin (qərar, sərəncam, torpaq ayırma sənədləri və s.) surətlərinin təqdim edilməsi xahiş edilmişdir. Biləcəri Bələdiyyəsinin 22 sentyabr 2022-ci il tarixli, 01.06/02-275 saylı məktubu ilə aşağıdakı sənədlər təqdim edilmişdir: Biləcəri Bələdiyyəsinin hüdudları daxilində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün torpaq sahəsinin ayrılmasına dair X4 Biləcəri Bələdiyyəsinə 14 iyun 2005-ci il tarixli ərizəsi; Biləcəri bələdiyyəsi tərəfindən təsdiq edilmiş X4 adma ayrılan torpaq sahəsinin eskizi; Torpaq sahəsinin eskizinin təsdiq edilməsinə razılıq verilməsi barədə X2 Rayon İcra Hakimiyyətinə 14 iyun 2006-cı il tarixli müraciəti; Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən ümumi sahəsi 25000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X4 adına ayrılması haqqında Biləcəri Bələdiyyəsinin 281 saylı, 22 iyul 2005-ci il tarixli qərarı; Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 2100 kv.m. torpaq sahəsinin İddiaçı adına ayrılmasına dair 18 dekabr 2014-cü il tarixli ərizə; Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 2100 kv.m. torpaq sahəsinin bələdiyyə fonduna qaytarılması və vətəndaş İddiaçı adına keçirilməsinə dair X4 18 dekabr 2014-cü il tarixli notarial ərizəsi; Biləcəri Bələdiyyəsi tərəfindən təsdiq edilmiş İddiaçı adına ayrılan torpaq sahəsinin eskizi. Torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün İddiaçı ayrılması haqqında Biləcəri bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 206 saylı qərarı. Təqdim edilən sənədlərdən aydın olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 25000 kv.m torpaq sahəsi Biləcəri bələdiyyəsinə aid olmuşdur və hazırda da vəziyyət belədir. Torpaq sahəsi Biləcəri Bələdiyyəsinin ərazisində yerləşməklə qeydiyyata alınmışdır və müvafiq qaydada torpaq və əmlak vergisi ödənilir. Beləliklə, iddiaçı istifadəsində olan torpaq sahəsinin dövlət mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrində mövcud olan qeyd səhv aparılmış və iddiaçının mülkiyyət hüququ pozularaq qanuni mənafeyinə toxunulduğundan daşınmaz əmlakın dövlət reyestr məlumatlarında düzəliş edilməli yeni çıxarış verilməlidir. İddiaçı tərəf sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə 18 oktyabr 2019-cu il tarixli qeydlərdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanlı torpaq sahəsinin ölçüsünün 2100 kv.metr, torpağın mülkiyyət növünün “xüsusi mülkiyyət” kimi göstərilməsi və həmin qeydlərə uyğun olaraq İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 18 oktyabr 2022-ci il tarixli qərardadı ilə Binəqədi Bələdiyyəsi və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair verilmiş sənədlərdə müvafiq düzəlişin edilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Göstərilən torpaq sahəsi vahid kadastr məlumatlarına əsasən dövlət mülkiyyətindədir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19.3-cü maddəsinə əsasən binanın, qurğunun, evin, binada və ya evdə yerləşən mənzillərin, otaqların icarəsi haqqında müqavilə üzrə hüquq dövlət qeydiyyatına verildikdə, yerləşməsi və ölçüləri göstərilməklə icarəyə verilən sahələrin planı təqdim olunur. Daşınmaz əmlakın icarəsi (istifadəsi) haqqında müqavilə icarəyə (istifadəyə) verənin hüququnun məhdudlaşdırılması kimi qeydiyyata alınır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1, 9.8-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş üçüncü şəxs X4 nümayəndəsi və vəkili iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********050 saylı məktubdan görünür ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair verilmiş sənədlərdə müvafiq düzəliş edilməsi ilə bağlı müraciətinə baxılmış vahid elektron kadastr bazasına əsasən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin dövlət mülkiyyəti torpağı olduğu qeyd olunaraq təmin edilməsindən imtina edilmişdir. -Bakı şəhəri Binəqədi rayon Biləcəri bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 281 saylı qərarının arxiv surətindən görünür ki, Biləcəri qəsəbəsi yaşayış məntəqəsi hüdudları daxilində 2,5 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə əlavə olunmuş cizgi əsasında X4 istifadəsinə ayrılmış, həmin torpaq sahəsinin cizgisi təsdiq edilmişdir. -Bakı şəhəri Biləcəri bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 206 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 281 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə vətəndaş X4 adına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ayrılmış 25000.0 kv.metr torpaq sahəsinin həmin bələdiyyənin 150/ə saylı xx.xx.2014-cü il tarixli qərarı ilə istifadəsində olan torpaq sahəsindən məhəllədaxili və ara yollara çıxılmaqla faktiki 2500.0 kv.metr torpaq sahəsi öz adında qalmaqla 2100.0 kv.metr torpaq sahəsinin onun adından notarial qaydada qarşılıqlı razılaşmaya əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vətəndaş İddiaçı adına keçirilmiş, həmin torpaq sahəsinin cizgisi təsdiq edilmişdir. -Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti başçısını vətəndaş İddiaçı istifadəsində olan torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış obyektinin mövcud vəziyyətdə sənədləşdirilməsi haqqında 18 sentyabr 2017-ci il tarixli 210 №li Sərəncamından görünür ki, İddiaçı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində olan torpaq sahəsində inşa edilmiş ümumi sahəsi – 1399,2 kv.m. olan 2 (iki) mərtəbəli qeyri-yaşayış obyektinin təqdim edilmiş layihə əsasında sənədləşdirilməsi qərara alınmışdır. -Bakı şəhəri Biləcəri Bələdiyyəsinin xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il xx.xx.2022-ci il və tarixli arayışlarından görünür ki, xx.xx.2017-ci il tarixli, 01/05-01-11/A- 681 saylı Arayışından görünür ki, arayış verilir İddiaçı ondan ötrü ki, həqiqətən Biləcəri bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 206 saylı qərarına əsasən onun adına Biləcəri qəsəbəsi ərazisində 2100,0 kv.metr torpaq sahəsi ayrılmışdır. Arayışın qeyd hissəsində Biləcəri bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 281 saylı qərarı ilə X4 adına ayrılmış 25000,0 kv.metr torpaq sahəsindən 2100,0 kv.metrinin addan-ada keçirilməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etmək üçün verildiyi qeyd edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında yerləşən qeyri yaşayış binası İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda torpaq sahəsinin mülkiyyət növü “dövlət”, hüququn növü “istifadə”, torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar”, ölçüsü 0,146 ha qeyd edilmişdir. Qeyd olunan çıxarışın verilməsi üçün əsaslar və iddiaçının faktiki istifadəsində olan 0,2017 ha torpaq sahəsinə dair sənədlər müvafiq sorğu əsasında cavabdeh DƏDKR PHŞnin 1 saylı Bakı Ərazi İdarəsindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə Biləcəri bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 206 nömrəli qərarı, torpaqların alqı-satqısına dair akt, Bakı şəhər Binəqədi RİHB-nin yuxarıda istinad olunan xx.xx.2017-ci il tarixli, 210 nömrəli sərəncamı, həmin rayon icra hakimiyyəti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 41 nömrəli “İstifadədə olan tikinti obyektinin mövcud vəziyyətdə istismarına icazə” sənədi, qeyri-yaşayış binasının texniki pasportu əlavə edilmişdir. İş üzrə mübahisəli halların araşdırılması üçün xüsusi bilik tələb olunduğu nəzərə alınaraq iddiaçı tərəfin vəsatəti təmin edilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Biləcəri bələdiyyəsinin 281 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə X5 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 25.000 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilsin. 2. Biləcəri bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 206 nömrəli qərarı ilə İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 4 ünvanında ayrılımış 2100 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilsin. 3. Biləcəri bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 206 nömrəli qərarı ilə İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 4 ünvanında ayrılımış 2100 kv.m torpaq sahəsi Biləcəri bələdiyyəsinin 281 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə X5 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yerləşən 25.000 kv.m torpaq sahəsinin hüdudları daxilində yerləşirmi? 4. Biləcəri bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 206 nömrəli qərarı ilə İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 4 ünvanında ayrılımış 2100 kv.m torpaq sahəsinin dövlət mülkiyyəti, yoxsa Biləcəri bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə aid olması müəyyən edilsin. 5. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 4 ünvanında ayrılımış 2100 kv.m torpaq sahəsinin bələdiyyə mülkiyyətində yerləşməsi müəyyən olunarsa həmin ərazinin Biləcəri bələdiyyəsinin ərazisində və həmin bələdiyyə üçün ayrılmış torpaq sahəsi hüdudları daxilində yerləşməsi müəyyən edilsin. Lakin iddiaçı müvafiq xidmət haqqını ödəmədiyindən DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi təqdim edilməmiş, bu əsasla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina edilmişdir. İddiaçının nümayəndəsi və vəkili elektron məhkəmə sistemi vasitəsilə ərizə ünvanlayaraq işə baxılmasının başa çatdırılmasını xahiş etmiş, məhkəmə iclasında ekspertiza keçirilmədən qərar qəbul edilməsini mümkün hesab etdiyini bildirmişdir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xüsusi mülkiyyətindəki qeyri-yaşayış binasına dair dövlət reyestrindən çıxarışda həmin obyektin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 4 ünvanındakı 2100 kv.m torpaq sahəsinin mülkiyyət növünün “xüsusi mülkiyyət” kimi düzəliş edilməsini və bu barədə ona yeni çıxarışın verilməsini istəyir. Tələb çıxarışda torpaq sahəsinin mülkiyyət növünə düzəliş edilməsi kimi qoyulsa da, iddiaçının hüquqi marağı və məqsədi 2100 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından ibarətdir. Bu hal iddiaçı tərəfin dəqiqləşdirilmiş tələb üzrə cavabdeh inzibati orqana ünvanlanmış müraciəti, habelə məhkəmə iclaslarında verdiyi izahatlarla təsdiqini tapmışdır. İddiaçı bu məsələdə iş üzrə üçüncü şəxs X1 fəaliyyəti ilə məşğul olmaq üçün 2,5 ha torpaq sahəsi ayrılmasına dair Biləcəri bələdiyyəsinin 281 saylı, 2005-ci il tarixli qərarına və həmin torpaq sahəsindən ona İbad Kamilovun razılığı nəzərə alınmaqla eyni məqsədlər üçün 2100 kv.m torpaq sahəsi ayrılmasına dair 19 dekabr 2014-cü il tarixli, 206 saylı qərarına istinad edir. Belə olan halda məhkəmə iddia tələbini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbləri çərçivəsində dəyərləndirməyi məqsədəuyğun hesab edir və cavabdehin imtinasının qanunzadidd olmadığı qənaətinə gəlir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunan Qanunun 8.0.1-ci maddəsinə əsaəsn, Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 9.1-ci maddəsinə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən, bələdiyyə torpaqları bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və bu Əsasnamənin 10cu bəndində nəzərdə tutulmuş hallarda Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bilavasitə, digər hallarda hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə, "Torpaq bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələrinə və bu Əsasnaməyə uyğun olaraq verilir. Həmin Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 22-ci bəndinə görə, bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi-qeyd məhkəmənindir) göndərir. Həmin Əsasnamənin 23-cü maddəsində isə təsbit edilmişdir ki, bu Əsasnamənin 10cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma əsaslarının dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Yalnız həmin maddədə göstərilən əsasların mövcudluğu halında şəxsin mülkiyyət hüququ qeydiyyata alına bilər. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının iddiaolunan torpaq sahəsinə dair təqdim etdiyi sənədlər Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlmir. Belə ki, həmin maddənin dispozisiya şərtindən görünür ki, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas saylır. Bu mənada, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunvericiliyin sadalanan müddəalarından göründüyü kimi iddiaçıya mübahisəli torpaq sahəsi ayrılan dövrdə (2014cü ilin dekabr ayında) bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla qalan digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Bələdiyyənin hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilməli idi. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi ayrılması qanunun göstərilən tələblərinə müvafiq qaydada həyata keçirilməmişdir. Çünki Biləcəri bələdiyyəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin müəyyən hissəsini iddiaçının adına rəsmiləşdirərkən, bu barədə müstəqil qərar vermək səlahiyyətinə malik olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd olmadığından iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməməli, iddia əsassız olduğundan təmin edilməməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddia öhdəliyin icrası növünə aid olduğundan qeyd olunan iddialar üzrə həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və İPM-in 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar