Məhkəmə qərarları › İş №2-1(112)-4771/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4771/2021

31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4771/2021 31.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülmə” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşayış yeri üzrə mənzil növbəsinə siyahiya alınması üçün cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ailə üzvləri ilə birlikdə (özü, arvadı, 1 nəfər övladı) mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı 1989-cu il tarixdən həqiqi hərbi xidmətdə olmuş, 1989-1994-cü illərdə Rusiya Federasiyasının Voronej şəhərində yerləşən Ali Hərbi Mühəndis Radioelektron məktəbində təhsil almışdır. 1994-cü ildən 05 oktyabr 2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tabeçiliyində olan hərbi hissələrdə müxtəlif vəzifələrdə xidmət etmişdir. İddiaçı Bakı şəhərində yerləşən N saylı hərbi hissə komandirinin keyfiyyət üzrə müavini vəzifəsində-keyfiyyətə texniki nəzarət şöbəsinin rəisi vəzifəsində, polkovnik-leytenant rütbəsində, 31 il stajla Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 iyun 2020-ci il tarixli 0421 saylı əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “B” bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə yaşa görə əmək pensiyası təyin edilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı təqvim hesabı ilə 31 il silahlı qüvvələrdə xidmət etmişdir. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranıdır. Hərbi xidmət dövründə mənzillə (yaşayış yeri ilə) təmin olunmamışdır. Ailələlidir. Üç övladı var. İddiaçı ailəsi ilə birlikdə kirayədə yaşamış və hal-hazırda da kirayədə yaşayır. İddiaçı ailə üzvləri ilə birlikdə son xidmət yeri üzrə, yəni Suraxanı rayonunun ərazisində, N saylı hərbi hissədə qeydiyyatdadır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 36 saylı 25 dekabr 1991-ci il tarixli Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı ailə üzvləri ilə birlikdə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətində uçota götürülməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən **********80 saylı 06.10.2020-ci il tarixli arayışa əsasən Milli Qeydiyyat Sistemində iddiaçının adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları mövcud deyildir. İddiaçı qeydiyyata alınmaq üçün yaşayış sahəsi olmadığına görə hərbi hissədə qeydiyyatda qalmışdır. İddiaçı yaşa görə ehtiyata buraxılmış zabit kimi yaşayış yeri üzrə mənzil növbəsinə siyahiya alınması ilə əlaqədar 01 fevral 2021-ci il tarixdə ərizə ilə (müvafiq sənədlər əlavə olunmaqla) yaşayış yeri üzrə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Lakin cavabdehin 15 fevral 2021-ci il tarixli məktubu ilə iddiaçıya əsassız və qanunsuz olaraq mənzil növbəsinə siyahiya alınmasından imtina cavabı verilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 14433068 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 14.12.1977-ci il tarixdə Abşeron rayonunda doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus EZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1989-1994-cü illərdə Rusiya Federasiyasının Voronej şəhərində yerləşən Ali Hərbi Mühəndis Radioelektron məktəbində təhsil almış, həmin tarixdən 05 oktyabr 2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin 10 iyun 2020-ci il tarixli 0421 saylı əmri ilə 03.10.2020-ci ildən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “B” bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 25.01.2021-ci il tarixli **********121 nömrəli elektron arayışdan görünür ki, İddiaçı həqiqətən 01.08.1989-12.06.1994-cü ilədək və 06.07.1994-03.10.2020-cü il tarixlərində həqiqi hərbi xidmət keçmişdir. Rütbəsi polkovnikleytenant, ehtiyyata buraxılma səbəbi yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 19.09.2020-ci il tarixli 3798 saylı arayışının surətindən görünür ki, ehtiyatda olan polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. İş materiallarında olan Bülbülə Bələdiyyəsinin 15.09.2020-ci il tarixli 88 saylı arayışının surətindən görünür ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü Mədən küçəsi, N nömrəli hərbi hissədə qeydiyyatda olan İddiaçı, X9, X2 və X5 üçün Bülbülə Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən 26.10.2020-ci il tarixli **********80 saylı arayışının surətindən görünür ki, İddiaçı adına hazırda Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrindən 26.10.2020-ci il tarixli **********62 saylı arayışının surətindən görünür ki, X6 adına hazırda Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. İş materiallarında olan nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən (əsllərinə baxış keçirildi) görünür ki, İddiaçı X1 ilə 07.11.1999-cu il tarixdə nikaha daxil olmuşlar (nikah bağlandıqdan sonra qadına Quliyeva soyadı verilmişdir), onların birgə nikahlarından 08.11.2000-ci il tarixdə X2, 14.02.2002-ci il tarixdə X5, 26.01.2005-ci il tarixdə X8 doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 15.02.2021-ci il tarixli Q-26-068 nömrəli məktubda qeyd olunur: Mənzillə və ya torpaq sahəsi ilə təmin olunmağınıza köməklik göstərilməsi haqqında ərizənizə Suraxanı Rayon İcra Hakimiyyətində baxılmışdır. Bildiririk ki, yaşayış sahəsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.1. maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində yaşayış yeri üzrə uçota alınmış vətəndaşlara verilir. Həmçinin, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.2. maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların (şəhid ailəsi, müharibə əlili və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Həmin kateqoriyalardan birinə aid olduğunuz təqdirdə ilkin olaraq mənzil uçotuna alınmağınız məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etməyiniz tövsiyə olunur. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu və Torpaq Məcəlləsinin 59-cu maddələrinə əsasən 01 yanvar 2001-ci il tarixdən fərdi və kooperativ mənzil, bağ evləri, qaraj tikintisi, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün vətəndaşlara torpaq sahələrinin ayrılması yerli bələdiyyələr tərəfindən həyata keçirilir. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 01.04.2021-ci il tarixli 1/422 nömrəli məktubda qeyd olunur: İddiaçı X3 Suraxanı RİH-ə qarşı “yaşayış yeri üzrə mənzil növbəsinə siyahıya alınma” tələbinə dair icraatınızda olan inzibati işlə bağlı bildiririk ki, Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Bu iş üzrə iddiaçı olan X3 isə ehtiyata buraxılmasına baxmayaraq, hazırda N saylı hərbi hissədə qeydiyyatda olduğundan və özünə yaşayış yeri seçmədiyindən Suraxanı RİH-ə qarşı iddianı əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş edirik. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 01.08.1989-12.06.1994-cü il və 06.07.1994-03.10.2020-cü il tarixlərində həqiqi hərbi xidmət keçmiş, 03.10.2020-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “B” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır (ehtiyata buraxılma səbəbi yaşa görə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda). Göründüyü kimi, iddiaçı 15 ildən çox hərbi xidmətdə olmuşdur. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Məhkəmə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci hissəsi ilə bağlı qeyd edir ki, həmin norma 15 ildən yuxarı xidmət müddəti olan hərbi qulluqçuların belə bir hüquqa malik olduğunu qeyd edir. İddiaçının isə hərbi xidmət müddətinin 15 ildən çox olması iş materialları ilə müəyyən edilir. Həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır, həmçinin iddiaçıya və onun arvadı X7 Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmamışdır, habelə onların adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçının övladlarından 08.11.2000-ci il təvəllüdlü X2 və 14.02.2002-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatmışlar. Məhkəmə hesab edir ki, iddiaçı mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin edilmədiyi üçün yaşayış sahəsi olmayan hesab edilməlidir. Qeyd olunanlar iddiaçının ailə üzvləri ilə birlikdə yaşayış sahəsinə ehtiyacının olduğunu təsdiq edir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçının ailə üzvləri ilə birlikdə (özü, arvadı, 1 nəfər övladı) mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə (özü, arvadı, 1 nəfər övladı) mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar