Məhkəmə qərarları › İş №2-1(112)-4771/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4771/2022

02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4771/2022 02.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs "xxxx" X3 nümayəndəsi Vəkil2, Üçüncü şəxs “X8” MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər "xxxx" X5, “X8” MMC və "xxxx" MMC) qarşı “çıxarışa dair qeydin və texniki pasportun qismən ləğv olunması və mənzilin mülkiyyətə verilməsinə dair müvafiq qeydin aparılması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2021-ci il tarixdə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmış xx.xx.2018-ci il tarixli RX ******* nömrəli Çıxarış və texniki pasportun ona 05 avqust 2013-cü il tarixdə ’‘X8" MMC ilə bağlanmış GZEİM-A-64/2013 saylı müqavilə ilə satılmış Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilə nisbətdə ləğv edilməsini və ona həmin mənzilə dair müvafiq çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********24 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd olunan mənzil daşınmaz əmlakın dövlət reyestrində "xxxx" Elmi-İstehsalat Müəssisəsinin adına qeydiyyata alınmışdır. ünvan 2 ünvanda inşa edilmiş binada yerləşən 64 saylı mənzilin iddiaçı tərəfindən əldə edilməsinə dair notarial qaydada təsdiq edilmiş müqavilə təqdim ediləcəyi təqdirdə qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışa dair qeyd və texniki pasportun Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilə nisbətdə ləğv edilməsi və mənzilin onun mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydin aparılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" X5 və “X8” MMC, xx.xx.2022ci il tarixli qərardadı ilə isə "xxxx" MMC hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Kazımovski küçəsi, bina 54-56, blok A, mənzil 64 ünvanında ailə üzvləri ilə birgə yaşayır. Həmin mənzili 05 avqust 2013-cü il tarixdə “X8" MMC ilə aralarında bağlanmış GZEİM-A-64/2013 saylı müqavilə ilə əldə etmişdir. Həmin müqavilənin birinci bölməsindən göründüyü kimi “X8" MMC "xxxx" MMC tərəfindən ona verilmiş 10 iyul 2013-cü il tarixli etibarnamə əsasında "xxxx" X5 tərəfindən tikilən müvafiq mənzili iddiaçıya satmışdır. xx.xx.2021-ci il tarixdə "xxxx" X5 (EİM) iddiaçının və ailə üzvlərinin 64 saylı mənzildən köçürülməsi və mənzilin boşaldılması tələbi barədə Binəqədi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə "xxxx" EİM iddia həcminin artırılmasına dair ərizə verərək ilkin iddia tələbi ilə bərabər 05 avqust 2013cü il tarixdə “X8” MMC ilə İddiaçı arasında bağlanmış GZEİM-A-64/2013 saylı müqavilənin etibarsız hesab olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddianın əsası kimi "xxxx" EİM Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Mirmahmud Kazımovski küçəsi, bina 54-56 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına tam mülkiyyət hüququ əldə etməyə imkan verən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən alınmış xx.xx.2018-ci il tarixli. RX ******* nömrəli çıxarışı göstərmişdir. Həmin çıxarış qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, "xxxx" EİM qeyd olunan mənzilin “X8” MMC tərəfindən müvafiq müqavilə ilə satılmasından xəbərsiz olduğunu bildirsə də, mübahisə predmeti olan binanın mənzillərinin yarısının “X8” MMC tərəfindən satılması, bununla bağlı “Zaman" EİM ilə “X8” MMC arasında müqavilənin və müvafiq etibarnamənin mövcud olmasından bina sakinlərinin əksəriyyətinin məlumatı olmuşdur. Əks halda binaya ümumi nəzarəti həyata keçirən "xxxx" EİM 8 ildən artıq müddətdə həmin vətəndaşların mənzilləri təmir edib məskunlaşmasına, orada yaşamasına imkan verməzdi. Eyni zamanda bu sakinlər, eləcə də İddiaçı mütəmadi olaraq kommunal ödənişlər etmiş və "xxxx" EİM həmin mənzildə yaşamalarına dair arayışlar əldə edərək müvafiq orqanlara təqdim etmişdir. “Zaman" EİM mənzillərin “X8" MMC tərəfindən satılmasından xəbərdar olmuş və hərəkətsizlik nümayiş etdirməklə razılığını bildirmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncu şəxs "xxxx" X3 nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs “X8” MMC-nin nümayəndəsi isə məsəslənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbədar edilməsinə baxmayaraq, digər üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia üçüncü şəxsə dair qeydin qismən ləğv edilməklə mənzilə dair mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iddia tələbi iki hissədən ibarətdir:

1. xx.xx.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışa dair qeyd və texniki pasportun Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 64 saylı mənzilə nisbətdə ləğv edilməsi;

2. 64 saylı mənzilin iddiaçının mülkiyyətinə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydin aparılması. Məhkəmə qeyd edir ki, iddiaçının birinci tələbinin həlli ikinci tələbinin müsbət həllindən asılıdır. Buna görə də ilk öncə ikinci tələbə qiymət verilməsi məqsədəmüvafiqdir. İİ tələb üzrə məhkəmənin mövqeyi İş materiallarında olan xx.xx.2009-cu il tarixli birgə fəaliyyət müqaviləsindən görünür ki, müqavilənin predmeti - Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 159 ünvanda "xxxx" EİM (Müəssisə) tərəfindən inşa edilmiş 13223 kv.metr sahəsi olan hündür mərtəbəli binanın gələcəkdə köçürülməsi məqsədilə M.Ə.Rəsulzadə qəsəbəsində, ATS-in qərbində müvafiq qaydada tikinti üçün ayrılmış torpaq sahəsində "xxxx" MMC-nin (tərəfdaş) sifarişi və maliyyə vəsaiti hesabına "xxxx" EİM tərəfindən çoxmərtəli yaşayış binasının inşası məqsədilə birgə fəaliyyətin həyata keçirilməsi olmuşdur. Müqavilənin 2-ci hissəsinə əsasən: "xxxx" EİM aşağıda göstərilənləri öhdəsinə götürmüşdür: - Müqavilənin 1-ci bəndində göstərilən ünvanda tikinti üçün torpaq sahəsinin ayrılmasına dair Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının alınması; - Tikinti-quraşdırma işlərinin həyata keçirilməsi; - Müqavilənin digər bəndlərində nəzərdə tutulan öhdəliklərin tam yerinə yetirilməsi; "xxxx" MMC aşağıda göstərilənləri öhdəsinə götürmüşdür: - Müqavilənin 1-ci bəndində göstərilən ünvanda çoxmərtəbəli yaşayış binasının inşasının maliyyələşdirilməsi; - Layihə-smeta sənədlərinin müvafiq qaydada hazırlanması, razılaşdırılması, dövlət ekspertizasından keçirilməsi və təsdiqi; - Tikinti-quraşdırma işlərinin başlanmasına icazənin və digər tələb olunan sənədlərin müvafiq qaydada alınması; - Obyektin müvafiq qaydada istismara qəbul olunmasının təmin edilməsi. Müqavilənin 3.1-ci bəndinə əsasən birgə fəaliyyət üçün istifadə edilən əmlak, o cümlədən həmin fəaliyyət çərçivəsində yaradılan daşınmaz əmlak bu müqavilədə ayrı qayda nəzərdə tutulmadığı hallarda "xxxx" MMC-nin mülkiyyətini təşkil edir. Müqavilənin 3.2-ci bəndinə əsasən tərəflərin biri digərinin əmlakından istifadəsi ümumi razılıq əsasında həyata keçirilir. Müqavilənin 5.1-ci bəndinə əsasən birgə fəaliyyət nəticəsində inşa olunan yaşayış binasının sahəsi hazırkı müqavilənin 1 saylı əlavəsində göstərilən surətdə bölüşdürüləcəkdir. Müqaviləyə 1 saylı əlavədə göstərilmişdir ki, inşa olunan iki bloklu yaşayış binasının sahəsinin müqavilənin 5.1-ci bəndinə əsasən bölündüyünü, bölgü nəticəsində detalları aşağıda göstərilmiş, “A” blokunda 4820,64 kv.metr yaşayış və 1556 kv.metr qeyri-yaşayış, “B” blokunda isə 3649,52 kv. metr yaşayış sahəsi olmaqla, ümumilikdə 10026,16 kv.metr daşınmaz əmlak sahəsinə "xxxx" MMC-nin müqavilənin 2.2, 3.1 və 4.3-cü bəndlərinə əsasən özünün bütün öhdəliklərini tam yerinə yetirdikdən sonra mülkiyyət hüququ əldə etdiyini, binanın yerdə qalan sahələrinə isə "xxxx" EİM mülkiyyət hüququnu qəbul və təsdiq edirlər. "xxxx" MMC-yə keçən “A” blokundakı yaşayış sahəsində sahəsi 102.02 kv.metr olan 64 saylı mənzil də qeyd olunmuşdur. İşdə olan “X8” MMC (icraçı) və İddiaçı (sifarişçi) arasında bağlanmış xx.xx.2013-cü il tarixli GZEİM-A-64/2013 saylı müqavilədən görünür ki, icraçı xx.xx.2013-cü il tarixli "xxxx" MMC tərəfindən verilmiş etibarnaməyə əsasən "xxxx" Elmi-İstehsalat Müəssisəsinin Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində ATS-nin qərbində tikintisini həyata keçirdiyi 19 mərtəbəli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətə müqaviləyə əlavə edilən 1 nömrəli texniki şərtlərə uyğun tikilmiş halda sifarişçiyə satmağı, sifarişçi isə aldığı mənzilin dəyərini müqaviləyə əlavə edilən 2 saylı öhdəliyə uyğun sifarişçinin ödəniş qrafikinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci bəndinə əsasən icraçının sifarişçi ilə tikintisini razılaşdığı yer 19 mərtəbəli, 2 bloklu bina, “A” bloklu, 14-cü mərtəbə, 64 nömrəli mənzildə yerləşməklə razılaşma qiyməti ümumi dəyəri 73500 manat, ümumi satış sahəsi 102.02 kv.metr, 1 ədəd 2 otaqdan ibarət mənzildir. Müqavilənin 3-cü bəndinə əsasən: “İcraçı" aşağıdakıları öhdəsinə götürür: - Müqaviləyə 1 Saylı əlavədə göstərilən texniki şərtlərə uyğun olaraq yaşayış binasını tikib istifadəyə vermək; - Tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün Sənədlərini “Sifarişçi”yə təhvil vermək. “Sifarişçi" aşağıdakıları öhdəsinə götürür: - Bu müqaviləyə və ona 2 Nömrəli əlavəyə uyğun olaraq mənzilin müəyyən edilmiş dəyərini “İcraçı"ya ödəmək; - Aldığı mənzilin onun adına sənədləşdirilməsi üçün lazım olan bütün sənədlərin əslini və ya onların notarial qaydada təsdiq edilmiş surətlərini “İcraçı”nın tələbinə uyğun hazırlayıb təqdim etmək. - Sənədləşmə zamanı yaranacaq bütün notarial və digər xərcləri ödəmək. Müqaviləyə əlavə edilmiş sifarişçinin öhdəliyi adlı 2 saylı əlavədən görünür ki, mənzilin ümumi dəyəri 73500 manat təşkil edir, iddiaçı 8000 manat ödəniş etmişdir, ödənilməmiş məbləğ 65500 manat təşkil etmişdir. İdidaçı hazıra 64 saylı mənzilə mülkiyyət hüququnun yarandığını iddia edərək bu hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2013-cü il tarixli GZEİM-A-64/2013 saylı müqavilədə tərəflərin necə adlandırmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Lakin əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyri-yaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər hansı səbəbdən MTK ilə MMC-ni fərqləndirə bilmirsə, onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda onların bu niyyətinə üstünlük veriməli və yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə MTK yaşayış evlərində yerləşən mənzillər kimi yanaşılmalıdır (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). Belə olan halda aydın olur ki, iddiaçının xx.xx.2013-cü il tarixli GZEİM-A-64/2013 saylı müqaviləyə əsasən 64 saylı mənzilə hüququnun yaranması üçün ilk əvvəl onun həmin mənzilə dair pay haqqını tam ödəməsi zəruridir. Lakin işdən görünür ki, iddiaçı 73500 manat ödəniş etməyi öhdəsinə götürdüyü müqavilə üzrə cəmi 8000 manat ödəniş etmişdir. Belə olan halda aydındır ki, onun xx.xx.2013-cü il tarixli GZEİM-A-64/2013 saylı müqavilə üzrə 64 saylı mənzilə mülkiyyət hüququ yaranmamışdır. Buna görə də həmin mənzil üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması barədə hazırkı tələbi əsaslı sayıla bilməz. İ tələb üzrə məhkəmənin mövqeyi: İşdə olan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli sərəncamından görünür ki, "xxxx" Elmi-İstehsalat Müəssisəsinin xx.xx.2015-ci il tarixli, 13 saylı müraciəti nəzərə alınaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli, 295 saylı sərəncamı ilə ünvan 5 ünvanda "xxxx" Elmi-İstehsalat Müəssisəsinə ayrılmış ərazidə körpü və yeraltı tunelin tikintisi ilə əlaqədar tikintisi nəzərdə tutulan yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli, 295 saylı sərəncamına əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi, 3123-cü məhəllədə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 267 saylı sərəncamı ilə həmin müəssisəyə ayrılmış torpaq sahəsində mövcud olan binaların (2 ədəd 1 qirişli) şərq hissəsində inşa olunaraq (1 ədəd 2 qirişli), onun həyətyani ərazisinin yaradılması, kommunal və mühəndisi qurğularının tikintisi məqsədilə əraziyə bitişik torpaq sahəsinin "xxxx" EİM-in icarə əsasında istifadəsinə verilməsi və torpaq sahəsinin ölçülərinin dəqiqləşdirilərək “0,8916 ha” müəyyən edilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli sərəncamına əsasən "xxxx" Elmi-İstehsalat Müəssisəsinin xx.xx.2015-ci il tarixli, 45 saylı müraciəti (BŞİH-nin xx.xx.2015-ci il tarixli, 7-4299/17 saylı qeydiyyatı) və sonradan iş qaydasında təqdim edilmiş tikinti sənədləri nəzərə alınaraq, Bakı şəhəri, ünvan 6 ünvanda "xxxx" Elmi- İstehsalat Müəssisəsinin sifarişi ilə, tikintisi qeydiyyatdan keçirilmədən və tikintiquraşdırma işlərinin aparılmasına icazə sənədi alınmadan 2008-2011-ci illərdə inşa olunmuş və istismara qəbul edilmədən artıq məskunlaşdırılmış 19 (+mansarda) mərtəbəli 2 girişli yaşayış binasının (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi yeraltı avtodayanacaq) müstəsna hal kimi mövcud vəziyyətdə istismarına icazə verilmiş və «Tikinti obyektinin istismarına icazənin vahid formasının» təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetipin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarına uyğun qaydada müvafiq icazə sənədinin hazırlanması qərara alınmışdır. xx.xx.2015-ci il tarixli 0027 nömrəli tikinti obyektinin istismarına icazə sənədindən görünür ki, sifarişçi "xxxx" Elmi-İstehsalat Müəssisəsinin M.Ə.Rəsulzadə qəsəbəsindəki yaşayış binasının istismarına xx.xx.2015-ci il tarixdən icazə verilmişdir. İşdə olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2018-ci ildə "xxxx" X4 ünvan 7 ünvanında yerləşən 22821 kv.metr sahəsi olan çoxmərtəbəli yaşayış binasın dair mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. İddiaçı hazırda həmin əmlaka "xxxx" EİM-nin mülkiyyət hüququ barədə aparılmış qeydin 64 saylı mənzilə münasibətdə ləğv edilməsini xahiş edir, bu zaman həmin mənzilin ona məxsus olduğunu iddia edir. Lakin yuxarıda istinad olunanlardan görünür ki, iddiaçı həmin əmlakın dəyərini tam olaraq ödəməmiş, bununla da onun mənzilə mülkiyyət hüququ yaranmamışdır. Digər tərəfdən, xx.xx.2009-cu il tarixli birgə fəaliyyət müqaviləsində “A” blokunda 4820,64 kv.metr yaşayış və 1556 kv.metr qeyri-yaşayış, “B” blokunda isə 3649,52 kv. metr yaşayış sahəsi olmaqla, ümumilikdə 10026,16 kv.metr daşınmaz əmlak sahəsinə "xxxx" MMC-nin müqavilənin 2.2, 3.1 və 4.3-cü bəndlərinə əsasən özünün bütün öhdəliklərini tam yerinə yetirdikdən sonra "xxxx" MMC-nin mülkiyyətini təşkil edəcəyi göstərilsə də, işdən müəyyən olunur ki, həmin əmlaka "xxxx" MMC-nin deyil, "xxxx" EİM-in mülkiyyət hüququ qeydə alınmış, "xxxx" MMC bu halı mübahisələndirməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı mübahisəli əmlaka hüququnun yaranmasını təsdiq edən Qanunla müəyyən edilmiş sənədi məhkəməyə təqdim etmədiyindən onun ikinci tələbi təmin oluna bilməz. İkinci tələbin rədd edilməsi isə onun ilkin tələbinin təmin olunmasını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,

qərara aldı:

İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar