Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4772/2022 15.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək Azərbaycan Respublikasının ərazisində Ağdam rayonunda müharibədə döyüşlərdə iştirak etmə faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək Azərbaycan Respublikası torpağlarının Ermənistan işğalçılarından azad edilməsi üçün Bakı şəhər Baş Polis İdarəsi Bakı X3ndə çalışan polis nəfəri kimi 13 saylı əmrlə Ağdam rayonun bir neçə kəndlərində müdafiə dəstələrinin tərkib hissəsində döyüşüb. Müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi Bakı X3nə müraciət edən zaman onun şəxsi işinin şöbədə olmadığı bildirilmişdir. Qeyd etmişdir ki, müharibədə, döyüşlərdə iştirakıyla əlaqədar Cavabdeh Şəxsi Heyət İş İdarəsinə müraciət edərək onun müharibədə iştirakını təsdiq edəcək arxiv sənədlərin təqdim olunmasını xahiş etmiş, lakin xx.xx.2021-ci tarixli, 024-63247H-3221 saylı məktubla onun döyüş bölgəsində iştirakı barəsində hər hansı bir məlumatın olmadığını və buna görə də müharibə veteranı statusununun verilməsinin mümkünsüzlüyü bildirilmişdir. Hal-hazırda onunla birlikdə döyüşlərdə iştirak etmiş döyüş yoldaşlarının müharibə veteranı statusunu alması onun isə müharibə veteranı kimi tanınmamağı onun prosesual hüquqlarını pozur. O, hərbi əməliyyatlarda iştirakı ilə əlaqədar bir sıra güzəşt və imtiyazlardan azad olmuşdur. Buna dair ona xx.xx.1997-ci il tarixli Bakı şəhər Polis İdarəsi Bakı X3 tərəfindən arayış da verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının ərizəsinə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13394/2021 nömrəli, xx.xx.2021-ci il qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmiş, iddia tələbi müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması şəklində icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə verilmiş sorğuya təqdim olunmuş xx.xx.2021-ci il tarixli, 012-16508-1221 nömrəli cavab məktubunda vətəndaş İddiaçı Azərbaycan Respublikasının azadlığı suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi barədə heç bir qeydiyyat aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin tələblərinə əsasən «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş daxili işlər orqanları əməkdaşlarına verilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə infomasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı X3 Arxivinin xx.xx.1997-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, verilir Bakı X2 sabiq polis nəfəri İddiaçı ondan ötrü ki, o, həqiqətən 10 sentyabr - 10 noyabr 1990-cı ilə kimi Respublikanın döyüş bölgəsi olan Ağdamı erməni işğalına qarşı qorumuşdur. Polis şöbəsinin 13 saylı əmri. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh Şəxsi Heyətlə İş İdarəsinin xx.xx.2022-ci il tarixli, 024-1314-1222 nömrəli məktubunda bildirilmişdir ki, sabiq polis əməkdaşı İddiaçı xidmət etdiyi Bakı Metropolitenində PŞ-nin xx.xx.1990-cı il tarixli 13 ş/h və xx.xx.1990-cı il tarixli 13 nömrəli əmrlərində onun döyüş əməliyyatlarında iştirakı barədə məlumatlar müəyyən olunmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Bakı X2 xx.xx.2022-ci il tarixli, 8236-1222 nömrəli məktubunda bildirilmişdir ki, Bakı X2 sabiq əməkdaşı İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək döyüş əməliyyatları aparılan bölgəyə ezam olunmasına dair əmr (əmrdən çıxarış), o cümlədən döyüş əməliyyatlarında iştirak edib-etməməsinə dair hər hansı bir məlumat, eləcə də Polis Şöbəsinin arxivində bunu təsdiq edən sənəd yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 024-63247H-3221 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirakı barədə heç bir məlumat olmadığına görə Sizə “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi qüvvədə olan qanunvericiliyə görə mümkün olmamışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə görə müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə “Müharibə veteranı” adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qanunvericiliyin tələblərinə əsasən müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Cavabdeh, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digər orqanlar tərəfindən verilməsi nəzərdə tutulmuşdir. İş materiallarından, eləcə də Bakı Metropolitenində PŞ-nin polis nəfəri İddiaçı arxiv şəxsi işindən onun xidmət dövründə xx.xx.1990-xx.xx.1990-cı illərdə Ağdam döyüş bölgəsinə ezam olunması barədə hər hansı əmr aşkar olunmamış, bu barədə onun xidmətkeçmə siyahısında hər hansı qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş iddiaçının da adının olduğu Bakı Metropolitenində PŞ-nin xx.xx.1994-cü il tarixli 8 №-li əmrinə gəlincə isə qeyd edilməlidir ki, həmin əmrin adının birinci hissəsi məhz Bakı şəhərində yaranmış ictimai asayişin mühafizəsində tapşırıqların yerinə yetirilməsinə görə bir qrup əməkdaşların stajına xx.xx.1993xx.xx.1993-cü ilədək olan dövr üçün 169 gün staj müddətinin güzəşt olaraq əlavə edilməsi barədədir. Həmin əmrdə hər hansı əməkdaşın, o cümlədən İddiaçı Hüseyn oğlunun döyüş tapşırığını yerinə yetirməsi üçün döyüş bölgəsinə ezam olunduğu və bu səbəbdən ona güzəştlərin edildiyi barədə hər hansı qeyd öz əksini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə döyüş bölgəsinə ezam olunmasına dair əmrlər mövcud olmadığından onun döyüş əməliyyatlarında iştirak etməsi öz təsdiqini tapmamışdır. Belə olan halda hazırkı iş üzrə iddiaçının müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunvericiliyə zidd hesab edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-4772/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4772/2022
15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver