Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4772/2023 30.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təqvim günləri də nəzərə alınmaqla dəqiqliklə hesablanması və təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək pensiyasının xx.xx.1997-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi prokurorluq orqanlarında işlədiyi təqvim günləri də nəzərə alınmaqla, 27 fevral 2018-ci il tarixdən prokurorluq orqanlarından təqaüdə çıxdığı günə qədər dəqiqliklə hesablanması və təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təqaüddə olan prokurorluq işçisidir. xx.xx.1997-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi prokurorluq orqanlarında xidmət etmişdir. Həmin vaxt qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinin 8-ci bəndinə əsasən pensiya yaşına çatmış prokurorluq işçilərinə axırıncı iş yerlərində aldıqları istənilən 5 ilin və ya son 2 ilin əmək haqqının 80 faizi miqdarında pensiya təyin edilməli olduğu göstərilmişdir. İddiaçı pensiyasının göstərilən qaydada hesablanması üçün xx.xx.2022-ci il tarixli məktubla cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu tərəfindən 02 noyabr 2022-ci il tarixli məktubla ona orta aylıq əmək haqqının 80 %-i miqdarında pensiyanın təyin edilməsindən imtina edilmişdir. Bununla yanaşı həmin məktubda iddiaçının pensiyasının düzgün hesablanmadığı, ona artıq pensiya təyin edildiyi, artıq ödənilmiş pensiya məbləğinin ondan tutulmasına razılıq verməsi üçün Filiala müraciət etməli olduğu göstərilmişdir. Bundan sonra iddiaçı Filiala yaxınlaşaraq, yazılı ərizə ilə müraciət etmiş və onun iş stajının düzgün hesablanmadığını bildirmişdir. Lakin iddiaçıya şifahi qaydada “Excell” proqramı ilə hesablama aparıldığı və əmək stajının düzgün hesablandığı bildirilmiş, həmçinin, 24 noyabr 2022-ci il tarixli cavab məktubu ilə ona pensiyanın ərizəsində göstərdiyi qaydada, yəni iş stajının 20 il 8 ay 19 gün hesablanmaqla təyin edilməsindən imtina edilmişdir. Halbuki, hətta adi qaydada hesablandıqda belə iddiaçı haqlı olduğunu, Mərkəz tərəfindən əmək stajının hesablanarkən səhvə yol verildiyinin aşkar olduğunu qeyd edir. Belə ki, o, 25 fevral 2018ci il tarixdən deyil, 27 fevral 2018-ci il tarixdən prokurorluq orqanlarından işdən azad olunaraq pensiyaya çıxmışdır. Başqa sözlə fevral ayının tamamlanmasına bir gün qalana qədər işləmiş və həmin 2 gün onun iş stajına daxil edilməlidir. Lakin bu hal nəzərə alınmamış və Filial tərəfindən iddiaçının iş stajının 20 il 8 ay 16 gün kimi hesablanmışdır. Əslində isə onun fevral ayının tamamlanmasına bir gün qalmış təqaüdə çıxması və 1997ci ilin iyun ayının 11-dən prokurorluqda fəaliyyətə başlaması nəzərə alınmaqla, prokurorluqdakı iş stajı ən azı 20 il 8 ay 19 gün hesablanmalıdır. Belə olduqda iddiaçının prokurorluq orqanlarındakı iş stajına uyğun olaraq ona təyin olunan aylıq pensiyanın məbləği orta aylıq əmək haqqı məbləğinin 67 %-ə qədər deyil, təqribən 67.2 %-ə qədər və ya stajındakı 19 gün təqribən 1 ay hesab edilərsə (belə ki, müvafiq qanunda il tamam olmadıqda ayların hesablanmasının göstərildiyini, günlərin göstərilmədiyini nəzərə almaqla, onun stajındakı artıq qalmış 19 gün 1 ayın yarısından çox olduğuna görə təqribən 1 ay hesablandığı halda) 67.25 %-i qədər olmalıdır. Cavabdeh tərəfindən iddiaçıya göndərilən 24 noyabr 2022-ci il tarixli məktubda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8.1 və 20.8.2-ci maddələrinə əsasən prokurorluq orqanlarının əməkdaşına əmək pensiyasının hesablanması zamanı prokurorluq orqanlarında qulluq stajının günlərinə və ya natamam aylarına görə deyil, həmin orqanlarda qulluq stajının hər ilinə görə və il tam olmadıqda isə ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla müvafiq əmək haqqının orta aylıq məbləğinin müəyyən faizi miqdarında qulluq stajına görə əlavələrin verilməsinin nəzərdə tutulması göstərilmiş və qeyd edilən əsasa görə iş stajının 20 il 8 ay 19 gün hesablanmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı əsassız olaraq pensiyanın düzgün hesablanmasından imtina etməklə onun arzuladığı inzibati aktı qəbul etməkdən imtina etmişdir. Cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8.1 və 20.8.2-ci maddələrinə əsasən iddiaçının prokurorluq işçisi kimi pensiya alması üçün tələb olunan əmək stajının hesablanması zamanı işlədiyi günlərin nəzərə alınmaması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8.1 və 20.8.2-ci maddələrində staj hesablanarkən yalnız təqvim ilinin və aylarının hesablanması, iş günlərinin nəzərə alınmaması barədə birbaşa göstəriş yoxdur. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla ödənilir. Qanunvericilikdə birbaşa göstəriş olmadığı üçün iddiaçı hesab edir ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən formal əsaslara görə (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8.1 və 20.8.2-ci maddələrində staj hesablanarkən təqvim günlərinin göstərilməməsi) iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. “İnzibati icraat haqqında” Qanunun 15-ci maddəsi formal tələblərdən sui-istifadənin qadağan olunması prinsipini təsbit edir. Qanunun istinad edilən maddəsinin göstərişinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Cavabdeh təşkilat tərəfindən onun prokurorluq orqanlarındakı əmək stajı hesablanarkən təqvim günlərinin nəzərə alınmaması son nəticədə ona pensiya məbləğinin az təyin edilməsinə və beləliklə də, mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “əmək pensiyasının hesablanması və təyin edilməsi” tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinə əsasən yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçisi olduğu üçün yaşa görə əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.1-ci və 20.8.2-ci maddələrinə əsasən prokurorluq orqanlarında 15 il və ya 15 ildən yuxarı qulluq stajı olan sabiq prokurorluq işçilərinə 15 ilə görə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə həmin Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Göründüyü kimi, qanunvericilikdə prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının hesablanması zamanı prokurorluq orqanlarında qulluq stajının günlərinə və ya natamam aylarına görə deyil, yalnız prokurorluq orqanlarında qulluq stajının hər ilinə görə və il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla müvafiq əmək haqqının orta aylıq məbləğinin müəyyən faizi miqdarında qulluq stajına görə əlavələrin verilməsi nəzərdə tutulub. Vətəndaşın müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixdən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 895,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 402,75 manat, rütbəyə görə əlavə 130,00 manat, digər növ əlavələr 2247,90 manat olmaqla iddiaçının orta aylıq əməkhaqqı 3675,65 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən iddiaçının 20 il 8 ay 16 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (3675,65 manat) 67 faizi- 2462,69 manat məbləğində hesablanmalı olduğu halda, 2483,58 manat müəyyən edilməklə xx.xx.2018-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr müddətində iddiaçıya 1169,84 manat artıq pensiya məbləğinin ödənildiyi aşkar edilmişdir. Həmin artıq ödənilmiş məbləğin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması ilə bağlı yazılı razılığının təqdim olunması üçün xx.xx.2022-ci il tarixli **********6 nömrəli “əmək pensiyasının yenidən hesablanması haqqında” məktubla iddiaçıya məlumat verilmişdir. Mərkəzi filial tərəfindən həmin məktubda cari aydan etibarən iddiaçının əmək pensiyasının 2462,69 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş və 11 dekabr 2017-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.8-ci bəndinin 28-ci misalına görə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 13 may 2022-ci il tarixədək qüvvədə olmuş 4.5.8-ci bəndinə əsasən “Qanunun 20-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əlilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır”. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun olaraq sabiq prokurorluq orqanları işçisinin əmək pensiyasına həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin ödənilməsi bu əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdığı halda mümkün hesab edilmir. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinə əsasən yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi filialın xx.xx.2022 tarixli **********6 nömrəli məktubunda şəxsin əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilməsi hüququnun qazanması üçün minimum qulluq müddətinin tamamlanmasından başqa, yaş həddinin tamamlanması və yaşa görə prokurorluq orqanlarından azad edilməsi tələb edilir. Yuxarıdakı şərtlərin tamamlanması 25 fevral 2018-ci il tarixdən yarandığından iddiaçıya həmin tarixdə qüvvədə olan qanunvericiliyə uyğun əmək pensiyası hesablanmışdır. İddiaçı iddia ərizəsində yaşa görə əmək pensiyası hüququnun yarandığı dövrdə 7 fevral 2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olduğunu qeyd etmişdir. Ancaq iddiaçının pensiya hüququ xidmət illərinə mütənasib olaraq yaşa görə təyin olunmuşdur (25 fevral 2018). Həmin tarixdə isə 10 mart 2017-ci il tarixli dəyişikliklər ilə “Əmək pensiyaları haqqında” Qanun qüvvədə olmuşdur. Qeyd olunan dəyişikliklə həmin Qanunun 20.8.3-cü maddəsi (prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir) ləğv edilmişdir. Buna görə də, qeyd olunan maddənin iddiaçıya tətbiqi qeyri-mümkün hesab edilmişdir. Cavabdeh qeyd etmişdir ki, 1 yanvar 2022-ci il tarixdən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi- 246,27 manat məbləğində maddi yardım ödənilir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını arsaşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçının cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixli müraciətinin məzmunundan görünür ki, iddiaçı ona təyin edilmiş əmək pensiyasının “Əmək pensiyaları haqqında” 07 fevral 2006-cı il tarixli Qanuna 10 mart 2017-ci il tarixli dəyişikliklər edilənə kimi mövcud olan qaydada müvafiq əmək haqqının 80 faizi qədər məbləğlə yenidən hesablanmasını xahiş etmişdir. - Cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya verilmiş 02 noyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 11 oktyabr 2022-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmış və bildirilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Nizami rayon şöbəsi tərəfindən 25 fevral 2018-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 895,00 manat, qulluq stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 402,75 manat, rütbəyə görə əlavə 130,00 manat, digər növ əlavələr 2247,90 manat olmaqla orta aylıq əmək haqqı 3675,65 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 20 il 8 ay 16 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (3675,65 manat) 67 faizi-2462,69 manat məbləğində hesablanmalı olduğu halda, 2483,58 manat müəyyən edilməklə xx.xx.2018xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də həmin dövr müddətində iddiaçıya 1169,84 manat artıq pensiya məbləğinin ödənildiyi aşkar edilmişdir. Həmin artıq ödənilmiş 1169,84 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə iddiaçının əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçıya bildirilmişdir ki, Mərkəzi Filial tərəfindən cari aydan etibarən əmək pensiyasının 2462,69 manat müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülməsi nəzərdə tutulmşdur. Əlavə olaraq bildirilmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun 21 noyabr 2011ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş və 11 dekabr 2017-ci ıl tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.8-ci bəndinin 28ci misalına görə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin hesablanması üçün əsas şərt kimi şəxsin sözügedən maddədə nəzərdə tutulmuş vəzifələrdən azad olunduqdan sonra müraciət etməsi göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 13 may 2022-ci il tarixinədək qüvvədə olmuş 4.5.8-ci bəndinə əsasən “'Qanunun 20-ci maddəsi ilə muəyyən edilmiş şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavələr, Qanunun həmin maddəsi ilə müəyyən edilən vəzifələrdə işləmədikləri halda, onların yaşa görə və İ dərəcə əilliyə görə aldıqları pensiyanın üzərinə hesablanır”. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə uyğun olaraq sabiq prokurorluq orqanları işçisinin əmək pensiyasına həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən qulluq stajına görə əlavənin ödənilməsi bu əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdığı halda mümkün hesab edilmir. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 9.4.2-ci maddəsinə əsasən yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqaniarırıda qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, şəxsin əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilməsi hüququnun qazanması üçün minimum qulluq müddətinin tamamlanmasından başqa, həddinin tamamlanması və yaşa görə prokurorluq orqanlarından azad edilməsi tələb edilir. Qeyd olunanlara əsasən, yuxarıdakı şərtlərin tamamlanması 25 fevral 2018-ci il tarixə yarandığından iddiaçıya həmin tarixdə qüvvədə olan qanunvericiliyə uyğun əmək pensiyası hesablanmşdır. 01 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli 3173 nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-246,27 manat məbləğind maddi yardımın ödənildiyi bildirilmişdir. - İddiaçı cavabdeh inzibati orqana ünvanlamış olduğu xx.xx.2022-ci il tarixli müraciətində bildirmişdir ki, məktubda göstərilən rəqəmlərin bəziləri dəqiq deyil. Belə ki, o 25 fevral 2018-ci il tarixdən deyil, 27 fevral 2018-ci il tarixdən prokurorluq orqanlarından işdən azad olunaraq pensiyaya çıxmışdır. Başqa sözlə fevral ayının tamamlanmasına bir gün qalana qədər işləmiş və həmin 2 gün onun iş stajına daxil edilməlidir. Lakin bu hal nəzərə alınmamış və cavabdehin məktubunda onun iş stajı 20 il 8 ay 16 gün kimi göstərilmişdir. Əslində isə onun fevral ayının tamamlanmasına bir gün qalmış təqaüdə çıxmağı və 1997-ci ilin iyun ayının 11-dən prokurorluqda fəaliyyətə başlaması nəzərə alınmaqla, prokurorluqdakı iş stajı ən azı 20 il 8 ay 19 gün hesablanmalıdır. Belə olduqda onun prokurorluq orqanlarındakı iş stajına uyğun olaraq ona təyin olunan aylıq pensiyanın məbləğinin orta aylıq əmək haqqı məbləğinin 67 %-ə qədər deyil, təqribən 67.2 %-ə qədər və ya stajındakı 19 gün təqribən 1 ay hesab edilərsə (belə ki, müvafiq qanunda il tamam olmadıqda ayların hesablanmasının göstərildiyini, günlərin göstərilmədiyini nəzərə almaqla, onun stajındakı artıq qalmış 19 gün 1 ayın yarısından çox olduğuna görə təqribən 1 ay hesablandığı halda) 67.25 %-i qədər olmalıdır. Belə olan halda onun aylıq pensiyasının məbləği inzibati orqanın məktubunda göstərildiyi kimi 2462.69 manat deyil, bir qədər artıq olmalıdır. Buna müvafiq olaraq ona artıq ödənilmiş, başqa sözlə büdcəyə qaytarılmalı olan məbləğ də bir qədər az olmalıdır. Həm də nəzərə alınmalıdır ki, o, pensiyaya çıxdığı ilk vaxtlar indikindən az məbləğdə pensiya almışdır. - Cavabdeh tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, qanunvericilikdə prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının hesablanması zamanı prokurorluq orqanlarında qulluq stajının günlərinə və ya natamam aylarına görə deyil, yalnız prokurorluq orqanlarında qulluq stajının hər ilinə görə və il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla müvafiq əmək haqqının orta aylıq məbləğinin müəyyən faizi miqdarında qulluq stajına görə əlavələrin verilməsi nəzərdə tutulmuşdur. - Nizami RPİ tərəfindən verilmiş, AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. - iddiaçıya məxsus ИТ-İ № 0518116, saylı xx.xx.1980-cı il tarixdə doldurulmağa başlanılan əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixli 29 nömrəli əmrlə Abşeron rayon Prokurorluğuna stajor vəzifəsinə təyin edilmiş, xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Tərtər rayon prokurorluğunda müstəntiq, xx.xx.2001ci il tarixdən xx.xx.2001-ci il tarixədək Ağdam rayon prokurorluğunda prokuror köməkçisi, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Ağdam rayon prokurorluğunun müstəntiq vəzifəsinin müvəqqəti icraçısı işləmiş, xx.xx.2001-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Ağdam rayon prokurorluğunda müstəntiq, xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Göyçay rayon prokurorluğunda böyük müstəntiq, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Bakı şəhər Prokurorluğunda isintaqa nəzarət şöbəsinin prokuroru vəzifəsini müvəqqəti icra etmiş, xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Kəlbəcər rayon prokurorunun böyük köməkçisi vəzifəsində işləmişdir. xx.xx.2018-ci il tarixdə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 32.2-ci maddəsinə tutduğu vəzifədən azad edilərək prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. - Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********2 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı xx.xx.2018-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyası iddiaçının müraciətinə əsasən yenidən hesablanaraq ona orta aylıq əmək haqqının 67 faizi- 2462,69 manat məbləğində pensiya məbləği müəyyən edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçının müraciəti əsasında onun əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən ona prokurorluq orqanlarındakı iş stajı düzgün hesablanmamışdır, yəni onun prokurorluq orqanlarındakı stajı cavabdeh inzibati orqanın hesabladığı kimi 20 il 8 ay 16 gün deyil, 20 il 8 ay 19 gündür. İş stajındakı 19 təqvim günü 1 ay hesab edilərsə, ona təyin edilən əmək pensiyasının orta aylıq məbləği 67 faiz deyil, 67,25 faiz olmalıdır. Ona görə də ona təyin edilmiş pensiya məbləği 2470 manat ətrafında olmalıdır. İddiaçının müvafiq tələblə cavabdehə müraciəti qanunvericilikdə prokurorluq orqanlarının əməkdaşı kimi əmək pensiyasının hesablanması zamanı prokurorluq orqanlarında qulluq stajının günlərinə və ya natamam aylarına görə deyil, yalnız prokurorluq orqanlarında qulluq stajının hər ilinə görə və il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla müvafiq əmək haqqının orta aylıq məbləğinin müəyyən faizi miqdarında qulluq stajına görə əlavələrin verilməsinin nəzərdə tutulması əsas gətirilməklə təmin edilməmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı prokurorluq işçisi kimi əmək pensiyasına qulluq stajına əlavələr hesablanarkən işlədiyi 19 (on doqquz) təqvim gününün qanunda bu barədə birbaşa göstəriş olmadığı halda nəzərə alınmamasını qanunazidd hesab edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır: 9.4.1. prokurorluq orqanlarında azı 35 il qulluq etmiş prokurorluq işçiləri; 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Həmin Qanunun 20.1-ci, 20.1.5-ci və 20.1.5-1-ci maddəsinə əsasən bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək əlil olmuş prokurorluq işçilərinə qulluq stajına görə əmək pensiyasına əlavələr edilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1.prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 20.8.2-ci maddəsindən göründüyü kimi, prokurorluq orqanlarında qulluq etmiş şəxslərin əmək pensiyasına əlavələr stajın hər ili, il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanması dəqiqliklə təsbit etmiş, təqvim günlərinin sayına görə isə əmək pensiyasına əlavələrin hesablanması nəzərdə tutulmamışdır. Belə olan halda, cavabdeh inzibati orqanın imtinası qanunazidd, iddiaçı isə hazırkı tələbində haqlı sayıla bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt qüvvədə olan hüquqa uyğun olduğundan, onun əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olduğundan və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşdüyündən maddi-hüquqi baxımdan əsaslı hesab edilməlidir. Bu baxımdan, iddiaçının cavabdeh inzibati orqan tərəfindən yalnız formal tələblərlə əməl olunmaqla onun hüquqlarına müdaxilə etməsi ilə bağlı dəlili əsassızdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsəsən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır, odur ki, iddia təmin edilməməlidir. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4772/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4772/2023
30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver