Məhkəmə qərarları › İş №2-1(112)-4773/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4773/2024

12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4773/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 6 saylı Bakı Cavabdehnə qarşı “ölüm haqqında akt qeydinin ləğv edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı 6 saylı Bakı Cavabdehnə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1953-cü il tarixli 3 nömrəli ölüm haqqında akt qeydinə düzəliş edilərək “adı” qrafasında “Çingiz” adının “Şahmurad” adına, “doğulduğu tarix” qrafasında “xx.xx.1952” tarixinin “xx.xx.1947” tarixinə düzəliş edilməsi vəzifəsinin 6 saylı Bakı Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1952-ci ildə İsmayıllı rayonu Pirəbilqasım kəndində anadan olmuşdur. Ailəlidir, xx.xx.1974-cü ildə İsmayıllı rayon VVAQ şöbəsində X7 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Hal-hazırda ünvan 1 ünvanda yerləşən mənzildə qeydiyyatda olmaqla, ailəsi ilə birlikdə yaşayır. O, anadan olarkən İsmayıllı rayon Keyvəndi İcra Nümayəndəliyində atası X6 və anası X8 ona doğum haqqında şəhadətnamə almışlar. Orta və ali təhsil almış, həqiqi hərbi xidmətdə olmuşdur. Uzun illər müxtəlif sahələrdə işləmiş və hazırda təqaüddədir. Bir müddət əvvəl ailə üzvlərindən birinə notariusda etibarnamə vermək üçün müraciət etmişdir. Notariusa şəxsiyyət vəsiqəsini təqdim edərkən ona bildirmişdir ki, onun Ədliyyə Nazirliyin elektron sistemində adı vəfat etmişlərin siyahısındadır və onun adından etibarnamə verilməsi mümkün deyil. O bildirmişdir ki, necə ola bilər ki, o, bu günə kimi bir neçə dəfə şəxsiyyət vəsiqəsi dəyişmişdir, işləmişdir və hazırda dövlət tərəfindən ona təqaüd verilir. Bununla bağlı o, 6 saylı Bakı “Asan Xidmət” X10nə müraçiət etdir. Lakin xx.xx.2023-cü il tarixdə 6 saylı Bakı “Asan Xidmət” X10 tərəfindən ona imtina edərək bildirilmişdir ki, ona xx.xx.1953-cü il tarixdə İsmayıllı rayon Keyvəndi İcra Nümayəndəliyində 03 saylı ölüm haqqında akt qeydi verilmişdir və ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün məhkəmyə müraciət etməlidir. Cavabdeh xx.xx.2024-cü il tarixli iddiaya yazılı münasibətini məhkəməyə təqdim etmiş və göstərmişdir ki, vətəndaş etibarnamə verilməsi üçün 6 saylı Bakı “Asan Xidmət" Mərkəzində notariat ofisinə müraciət etmiş, məlum olmuşdur ki, Əhalinin Dövlət reyestrində ölmüş göstərildiyindən sənəd verilməsi mümkün deyildir. Daha sonra məsələnin araşdırılması məqsədilə İddiaçı qeydiyyat şöbəsinə müraciət etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar yoxlanılarkən İddiaçı ölümünün İsmayıllı rayon Keyvəndi icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1953-cü il tarixli 03 saylı akt qeydi ilə qeydə alındığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların 23-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia akt qeydinin ləğv edilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəlikdə məhkəmə qeyd edir ki, işdə olan işdə olan 7 nömrəli 1948-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, X4 xx.xx.1947-ci ildə doğulmuş, atası X6, anası X8 olmuşdur. 40 nömrəli xx.xx.1952-ci il tarixli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1952-ci ildə doğulmuş, atası X6, anası X8 olmuşdur. 3 nömrəli xx.xx.1953-cü il tarixli ölüm haqqında akt qeydindən görünür ki, X1 xx.xx.1953-cü il tarixində ildırım vurmasından ölməsi faktı qeydə alınmışdır. 3 nömrəli xx.xx.1953-cü il tarixli ölüm haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixində ildırım vurmasından ölməsi faktı qeydə alınmışdır. xx.xx.1953-cü il traixli ********* nömrəli ölüm haqqında akt qeydindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixində ildırımdan ölməsi faktı qeyd alınmışdır. 2602793 nömrəli 1970-ci il tarixli hərbi biletdən görünür ki, İddiaçı 1970-ci ildə hərbi xidmətə getmişdir. xx.xx.1974-cü il tarixli 45 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, xx.xx.1952-ci il təvəllüdlü İddiaçı və xx.xx.1955-ci il təvəllüdlü X7 arasında nikah bağlanmış, tərəflərə 290538 nömrəli nikah haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən ünvan 2 ünvanında İddiaçı qeydiyyatdadır. İşdən görünür ki, iddiaçı müvafiq tələblə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ın 23-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Cavabdeh tərəfindən aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İddiaçı hazırda cavabdehin bu imtinasını mübahisələndirir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: - maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. - maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. - 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. - 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. - 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. - 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. - 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər Məhkəmə qeyd olunan normaların tələblərini işin hallarına tətbiq edərək qeyd edir ki, işin yuxarıda sadalanan hallarından görünür ki, İsmayıllı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1953-cü ildə İddiaçı ölümü haqqında 3 saylı akt qeydi tərtib edilsə də, sonrada həmin şəxsin ölmədiyi məlum olduğundan akt qeydində düzəliş edilmiş, “Çingiz” adına düzəliş edilərək “Şahmurad” adı yazılmışdır. Lakin akt qeydi iki nüsxədə tərtib edildiyindən digər akt qeydinə düzəliş edilməmiş, nəticədə eyni tarixli və nömrəli fərqli şəxslər barəsində tərtib edilmiş akt qeydləri mövcud olmuşdur. İşdə olan Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan da görünür ki, xx.xx.1953-cü ildə İsmayıllı rayonunun Keyvəndi icra nümayəndəliyində tərtib olunmuş ölüm haqqında akt qeydinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində mühafizə olunan nüsxəsində ölən şəxsin adı “Çingiz” kimi yazılmasına baxmayaraq İsmayıllı rayon qeydiyyat şöbəsindəki nüsxədə ad qrafasında qaralama edilərək “Şahmurad”a düzəliş olunmuşdur. İddiaçı ölməməsi, 1970-ci ildə hərbi xidmət keçməsi, 1974-cü ildə nikaha daxil olması və dəfələrlə şəxsiyyət vəsiqəsi alması iş materialları ilə tam təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, vəfat etmiş şəxs İddiaçı deyil, Şahmurad Əhmədovdur, deməli, tərtib edilmiş akt qeydinə müvafiq düzəliş edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. xx.xx.1953-cü il tarixli 3 nömrəli ölüm haqqında akt qeydinə düzəliş edilərək “adı” qrafasında “Çingiz” adının “Şahmurad” adına, “doğulduğu tarix” qrafasında “xx.xx.1952” tarixinin “xx.xx.1947” tarixinə düzəliş edilməsi vəzifəsi 6 saylı Bakı Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar