Məhkəmə qərarları › İş №2-1(112)-4774/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4774/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4774/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı (3-cü şəxs: X2) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı1 (bundan sonra – iddiaçı) Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək X1 Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 3-cü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək İddiaçı2 və İddiaçı3 iddiaçı qismində işə cəlb olunmalarına etiraz etmədiyini, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X1 Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsi, ev 14, mənzil 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 2000-ci ildə Malik Məmmədov küçəsi, ev 14, mənzil 1 ünvanındakı mülkü almışdır. Keçmiş gəlini Arzu Quliyevanı (Vəliyevanı) (hazırda o öz qızlıq soyadını daşıyır) 2014-cü ildə ona məxsus mənzilə pasport qeydiyyatına saldırmışdır. X2 oğlu İddiaçı2 ilə 2010-cu ildən 2023-cü ilə kimi rəsmi nikahda olsa da, həmin evdə faktiki 2021-ci ildən yaşamır. X2 “əmlak bolgüsü“ tələbinə dair məhkəmədə iddia qaldırsa da, Nərimanov Rayon Məhkəməsinin 2(005)-599/2024 saylı qətnaməsi ilə iddiası rədd edilmişdir. X2 tərəfindən apellyasiya şikayəti verilmədiyindən qərar qüvvəyə minmişdir. Dəfələrlə onun qeydiyyatdan çıxmasını tələb etsə də bu günə qədər onun mənzilindən qeydiyyatdan çıxmamışdır. 2016-cı ildə oğlu İddiaçı2 20.48 kv.metr, qızı İddiaçı3 19.58 kv.metr öz mənzilindən pay vermişdir. 3-cü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin ona imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə göstərilmişdir ki, İddiaçı1 ünvanından üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları barədə müraciəti Nərimanov RPİ-nə daxil olmuşdur. Tərəfimizdən məktubla ərizəçiyə rəsmi qaydada cavab olaraq bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks halda şəxsin qeydiyyatdan çıxarılması cavabdeh tərəfindən mümkün olmadığını və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməsini məqsədəmüvafiq hesab edildiyi qeyd edilmişdir. Üçüncü şəxs tərəfindən iddia ərizəsinə dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. İddiaçı3, cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsaslanaraq, işə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov küçəsində yerləşən 14 nömrəli ev artıq sökülüb və mövcud deyildir. Lakin, o istəmir ki, keçmiş gəlini ona məxsus evdə qeydiyyatda qalsın. Onun başqa marağı yoxdur. O, yalnız üçüncü şəxsin onun oğlu ilə boşandığı üçün mənzildə qeydiyyatda qalsın. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və eyni zamanda onunla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Göründüyü kimi iddiaçılar paylı mülkiyyətlərində olan mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb edirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır (18.1.). Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (18.2.). Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir (150.1.). İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər (150.2.). İş materialları ilə müəyyən edilir ki, hazırkı mübahisənin predmetini təşkil edən yaşayış sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən 2016-cı ildən iddiaçıların paylı mülkiyyətində olmuşdur. AZ-İ seriyalı,453360 nömrəli Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 ilə üçüncü şəxs arasında bağlanmış nikah Nərimanov Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə pozulmuşdur. Habelə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(005)-599/2024 saylı qətnaməsinə əsasən hazırkı iş üzrə üçüncü şəxsin İddiaçı2 qarşı mübahisəli mənzilin bölgüsü tələbinə dair iddiası təmin edilməmişdir. Lakin həmin qətnamə qanuni qüvvəsini almamışdır. Məhkəmənin sorğusuna 23 yanvar 2025-ci il tarixli cavab məktubunda Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən bildirilmişdir ki, ərazi üzrə 37 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin verdiyi arayışa əsasən ünvan 2 ünvanda yaşayan şəxslər başqa ünvanlara köçürülmüşlər. X1 həmin ünvanda yaşayıb-yaşamaması barəsində onlarda heç bir məlumat yoxdur. Göründüyü kimi iddiaçılar artıq mövcud olmayan bir daşınmaz əmlakdan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələbi barədə iddia qaldırmışlar və bununla da düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişlər. Bu səbəbdən məhkəmə mübahisəni mahiyyəti üzrə araşdırmadan iddianın qeyri-mümkün hesab edilməsi qənaətinə gəlir. Çünki iddianın mümkünlüyü onun əsaslılığının yoxlanmasından daha öncə gələn bir prosedurdur. İddianın predmeti artıq mövcud olmadığı üçün onun əsaslı olub-olmamasını araşdıraraq iddianın təmin və ya rədd olunması qənaətinə gəlmək düzgün olmazdı. Məhkəmə hesab edir ki, hazırkı iddianın mahiyyəti üzrə araşdırılaraq rədd olunması da qanunvericiliyin tələbləri baxımından düzgün olmazdı. Çünki iddianın rədd edilməsi, onun əsassız olması anlamına gəlir ki, bu iddianın əsaslı olduğu təqdirdə təmin olunmalı olduğuna dəlalət edir. Hazırkı iddia üzrə mübahisə predmeti mövcud olmuş olsaydı, bu iddianın yüksək uğurluluq ehtimalının yaranmasına səbəb olacaqdı. İddia predmetinin mövcud olmaması isə onun əsaslı və ya əsassız olmasının araşdırılması zərurətini aradan qaldırır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı (3-cü şəxs: X2) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar