Məhkəmə qərarları › İş №2-1(112)-4775/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4775/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4775/2024 14.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyat vəsiqəsinin çıxarışla əvəz edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeydiyyat vəqisəsinin çıxarışla əvəz edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 fevral 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş (reyestr kitabı № 6435, inventar işi № 04) qeydiyyat vəsiqəsinə əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu küçəsində yerləşən 4-yaşayış otaqlı, yaşayış sahəsi - 71,2 kv.metr, köməkçi sahəsi - 54,86 kv.metrdən ibarət olan Konserv zavodun yanı, Abşeron rayon İcra Hakimiyyətinin 044 №-li 07 fevral 1996-cı il tarixli qərarı əsasında X2 adına qeydə alınmışdır. İ-ЗЖ 161106 №-li Doğum haqqında Şəhadətnaməyə əsasən X5 xx.xx.1958-ci il tarixdə Ermənistan SSR Axda rayonu, Təkərli kəndində doğulmuşdur. İddiaçı həmin fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixdə müraciət etmiş, cavabdeh xx.xx.2023-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...elektron kadastr məlumatına əsasən texniki pasportla faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Həmçinin təqdim edilmiş sənədlərdə hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. Belə ki, hüquq sahibinin adı etibarnamədə “Sovar” kimi göstərilsə də, qeydiyyat vəsiqəsində və texniki pasportda “Sevər” kimi qeyd olunmuşdur. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda yerləşən 4 yaşayış otaqlı, yaşayış sahəsi 71,2 kv.metr, köməkçi sahəsi 54,86 kv.metr olan fərdi yaşayış evinə dair Azərbaycan SSR Abşeron rayonu Texniki İnventarlaşdırma Bürosu tərəfindən 07 fevral 1996-cı il tarixdə verilmiş reyestr kitabının 6435 vərəqində 04 saylı nömrə ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinin yeni çıxarışla əvəzlənərək, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən cavabdeh tərəfindən yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda qeyd olunan fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərin alınması ilə bağlı cavabdehə təqdim edilməsi üçün Abşeron rayonu Texniki İnventarlaşdırma Bürosu artıq mövcud olmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubları ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu küçəsində yerləşən 4-yaşayış otaqlı, yaşayış sahəsi -71,2 kv.metr, köməkçi sahəsi-54,86 kv.metrdən ibarət olan Konserv zavodun yanı, Abşeron rayon İcra Hakimiyyətinin 044 №-li 07 fevral 1996-cı il tarixli qərarı əsasında X2 adına qeydə alınmışdır. İddiaçı qeyd olunan fərdi yaşayış evinə dair Azərbaycan SSR Abşeron rayonu Texniki İnventarlaşdırma Bürosu tərəfindən 07 fevral 1996-cı il tarixdə verilmiş reyestr kitabının 6435 vərəqində 04 saylı nömrə ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinin yeni çıxarışla əvəzlənərək, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən cavabdeh tərəfindən yeni çıxarışın verilməsi verilməsini xahiş edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; İddiaçının sahiblik və istifadəsində olan iddia predmetini təşkil edən fərdi yaşayış evinin ləğv edilmiş qurum olan Azərbaycan Respublikası Texniki İnventarlaşdırma bürosu tərəfindən qeydə alınması işin mübahisələndirilməyən halıdır. Cavabdeh də həmin sənədin mövcudluğunu mübahisələndirmir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsası vaxtı ilə səlahiyyətli qurum tərəfindən qeydə alınmış hüququnun cavabdeh tərəfindən mülkiyyət hüququna dair çıxarışın verilməsi təşkil etdiyindən iddia tələbinin qanuni əsasını istinad edilən Qanunun 4-cü və 8.0.5-ci maddələri təşkil edir. İddiaçının fərdi yaşayış evinə əvvəlki qeydiyyat orqanı tərəfindən aparılmış mülkiyyət hüquqlarının qeydiyyatı öz qüvvəsini saxladığından və qeydiyyat ləğv olunmadığından, ona həmin əmlaka hüquqlarının qeydiyyata alınması barədə yeni reyestrdən çıxarış da verilməlidir. Nəzərə alınmalıdır ki, mövcud qanunvericilik normaları əvvəlki qeydiyyat orqanları tərəfindən verilmiş qeydiyyat vəsiqələrini daşınmaz əmlak obyektləri ilə bağlı hüquqların qeydiyyatı üçün əsas kimi müəyyən etmişdir. Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1455/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərarında mübahisə ilə bağlı qeyd edilmişdir ki, “...hazırkı iş üzrə fərdi yaşayış evinə münasibətdə nəzərə alınmalıdır ki, yuxarıda istinad olunan normaların mənasına və təfsirinə görə qeydiyyat vəsiqəsi daşınmaz əmlaka hüququn qeydiyyata alınması barədə çıxarışla eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan iddiaçının hüquqi marağı əslində və mahiyyət etibarı ilə hüquqi qüvvəsini saxlayan qeydiyyat vəsiqəsinin yeni nümunəli çıxarışla əvəz olunmasını ehtiva edir. Başqa sözlə, iddiaçı hüququnun yenidən qeydiyyata alınmasını deyil, qeydiyyat vəsiqəsi ilə artıq qeydiyyata alınmış hüququna dair yeni nümunəli çıxarışın verilməsini tələb edir. Digər tərəfdən, yuxarıda istinad olunan normalar anlamında fərdi yaşayış evi üzərində iddiaçının hüququnu təsdiq edən həmin qeydiyyat vəsiqəsi həm də hüquqmüəyyənedici sənəd qismində qəbul olunmalı və qiymətləndirilməlidir. Bununla bağlı nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında tanınmalı və qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı iş üzrə fərdi yaşayış evinə münasibətdə iddiaçıya aid qeydiyyat vəsiqəsinin hər hansı orqan tərəfindən qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməsi, etibarsız hesab edilməsi, ləğv olunması və ya hər hansı səbəbdən qüvvədən düşməsi iş üzrə materiallarla təsdiq olunmur. Yəni fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi öz hüquqi qüvvəsini saxlayır və etibarlıdır”. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən aşağıdakılara istinad etmişdir: 1) Hüquq sahibinin adı etibarnamədə “Sovar” kimi göstərilsə də, qeydiyyat vəsiqəsində və texniki pasportda “Sevər” kimi qeyd olunmuşdur. 2) Elektron kadastr məlumatına əsasən texniki pasportla faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Məhkəmə birinci halla bağlı qeyd edir ki, məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidməti xx.xx.2024-cü il tarixli məktubla İddiaçı və X4 barəsində tərtib edilmiş vətəndaşlıq vəziyyəti haqqında akt qeydlərinin kserosurətləri məhkəməyə təqdim edilmişdir. İddiaçının bütün sənədlərində adı Sovar kimi göstərilsə də, Qeydiyyat Vəsiqəsində soyadının və ata adının eyni olması, və ad hissəsində “Sevər” kimi qeyd edilməsini məhkəmə texniki səhv kimi qəbul edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir”. Hazırkı işdə təqdim edilən sənəddə hər hansı düzəliş, silnmiş, həqiqiliyi təsdiqlənməmiş digər hər hansı bir düzəliş olmamışdır. Məhkəmə ikinci halla bağlı qeyd edir ki, göstərilən hal da iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas sayıla bilməz. Göstərilən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənəd verəcəyi təqdirdə həmin fərqi (uyğunsuzluğu) aradan qaldırmaq, torpaq sahəsinin hüquqmüəyyəndici və texniki sənədlərini torpaq sahəsinin faktiki vəziyyətinə uyğunlaşdırmaq cavabdeh İdarənin vəzifəsidir. Məhkəmə qeyd edir ki, göstərilən hallar fərdi yaşayış evi və onun yerləşdiyi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas deyildir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozunda yerləşən 4 yaşayış otaqlı, yaşayış sahəsi 71,2 kv.metr, köməkçi sahəsi 54,86 kv.metr olan fərdi yaşayış evinə dair Azərbaycan SSR Abşeron rayonu Texniki İnventarlaşdırma Bürosu tərəfindən 07 fevral 1996-cı il tarixdə verilmiş reyestr kitabının 6435 vərəqində 04 saylı nömrə ilə qeyd edilmiş qeydiyyat vəsiqəsinin yeni çıxarışla əvəzlənərək, X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təsdiq edən yeni çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar